Azərbaycan Prezidenti Heydər Əliyevin ATƏT-in hazırkı sədri Bronislav Geremeklə birgə mətbuat konfransında bəyanatı - 25 noyabr 1998-ci il


Hörmətli xanımlar, cənablar!

Hörmətli mətbuat nümayəndələri!

Siz hamınız bizim danışıqlarımızda, yəni ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri cənab Geremek və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə danışıqlarımızda iştirak etmisiniz. Ona görə də eşitdiyiniz sözləri yenidən təkrar etməyə ehtiyac yoxdur.

Özünüz eşitdiniz və bilirsiniz ki, bizim danışıqlarımızda əsas yeri Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu həll olunmasına dair ATƏT-in Minsk qrupunun təklifləri və bu barədə Azərbaycanın mövqeyinin bildirilməsi tutmuşdur. Mən danışıqlarımızdan məmnunam və ümidvaram ki, ATƏT-in fəaliyyətdə olan sədri cənab Geremek Azərbaycanın mövqeyini qəbul edəcək və bəyan etdiyi kimi, bunları gələcək işlərdə nəzərə alacaqdır. Sizin şahidliyinizlə ATƏT ilə Azərbaycan arasında bir memorandum imzaladıq. Bu memorandum da ATƏT ilə gələcək əməkdaşlığımızın əsas istiqamətlərini müəyyən edir. Hesab edirəm, bu da Azərbaycan üçün əlamətdar hadisədir.

Biz Polşa-Azərbaycan əlaqələri haqqında da ətraflı danışdıq və ümid edirəm ki, əlaqələrimiz gələcəkdə də daha sürətlə inkişaf edəcəkdir.

Azərbaycana göstərdiyi diqqətə və bu səfərə görə ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri cənab Geremekə və onun rəhbərlik etdiyi nümayəndə heyətinə bir daha təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 28 noyabr 1998-ci il.