Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Livan Respublikası Baş nazirinin şəxsi nümayəndəsi, parlamentin üzvü Əkbər Şuheyb ilə görüşdə söhbəti - Prezident sarayı, 30 may 2001-ci il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz. Mənə dedilər ki, dostum, Livanın Baş naziri cənab Həririnin tapşırığı ilə Azərbaycana gəlmisiniz. Buyurun, sizi dinləyirəm.

Əkbər Şuheyb: Cənab Prezident, hər şeydən əvvəl, bizi qəbul etmək üçün vaxt ayırdığınıza görə Sizə təşəkkür edirəm. Mən eşitdiyimə görə, Siz səfərə hazırlaşırsınız. Belə məhdud vaxt çərçivəsində məni qəbul etdiyinizə görə Sizə minnətdaram və səfərinizdə Sizə uğurlar diləyirəm. Eyni zamanda, Sizin razılığınız olmasına baxmayaraq, bu görüşə gecikdiyimizə görə üzr istəyirik. Çünki bizim regionda yaranmış vəziyyət bura gəlməyimizə bir qədər mane oldu.

Mən Baş nazir cənab Həririnin tapşırığı ilə onun məktubunu Sizə təqdim etmək üçün Azərbaycana gəlmişəm. Eyni zamanda, cənab Həririnin təşəkkürünü Sizə yetirmək istəyirəm. Cənab Həririnin hakimiyyətdə olub-olmamasından asılı olmayaraq, Siz daim onu diqqət və qayğı ilə əhatə etmisiniz. Biz bunu həqiqi dostluğun və xoş münasibətlərin təzahürü kimi qəbul edirik. Eyni zamanda, fürsətdən istifadə edib, cənab Həririnin Sizə Livana səfər etmək barədə dəvətini çatdırmaq istəyirəm. Cənab Həriri də yaxın zamanlarda Azərbaycana gəlmək niyyətindədir. Amma eyni zamanda, onun Sizi də Livanda görmək arzusunda olduğunu bildirirəm. Təbii ki, bu səfərlər xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin, dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edəcəkdir.

Baş nazir Həriri regionumuzda yaranmış vəziyyətlə bağlı son dərəcə məşğuldur. Bilirsiniz ki, Yaxın Şərqdə vəziyyət çox təhlükəlidir. O, bununla yanaşı, Parisdə keçirilmiş birinci görüşdən sonra orada keçiriləcək ikinci görüşə hazırlıq işləri ilə məşğuldur. Paris görüşləri, əsasən, müharibədən sonra Livanda yaranmış çətin vəziyyətdə ölkəyə sərmayə qoyuluşu, investisiyaların cəlb olunması məqsədini daşıyır. Bu həmin görüşlərin bizə aid olan hissəsidir.

Digər bir məsələ ilə də bağlı cənab Həririnin sözlərini Sizə çatdırmaq istəyirəm. Biz Azərbaycanın qanunlarına son dərəcə böyük hörmətlə yanaşırıq. Bildiyiniz kimi, Azərbaycanda bir neçə gənc Livan vətəndaşı həbs olunmuşdur. Onların valideynləri Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərirlər. Onlar böyük investorlardır. Bu gənclər Azərbaycana gələn ilk livanlılardır. Təbiidir ki, müəyyən problemlər yaranmış və onlar da Azərbaycanın qanunlarına hörmətlə yanaşmamışlar. Onlar indiyədək saxlanılırlar.

Cənab Prezident, Baş nazir Həriri Sizdən xahiş edir ki, bu məsələyə humanizm mövqeyindən yanaşaraq, mümkün olan köməyi göstərəsiniz. Eyni zamanda, cənab Həriri onlara göstərilən diqqətə və xoş rəftara görə təşəkkürünü bildirir. Təbiidir ki, bu Sizin üçün yeni bir hadisə deyildir. Mən göstərəcəyiniz mərhəmətə görə Sizə bir daha təşəkkürümü bildirirəm.

Heydər Əliyev: Təşəkkür edirəm. Mən çox məmnunam ki, dostum cənab Həriridən mənə salamlar və məktub gətirmisiniz. Mən onun dəvətini qəbul edib Livana mütləq ziyarətə gələcəyəm. Eyni zamanda, mən bir daha onu Azərbaycana dəvət edirəm və bundan çox məmnun olardım. Bilirsiniz ki, o bir dəfə burada olubdur, biz görüşmüşük və çox yaxşı danışıqlar aparmışıq. Mən onun məktubunu diqqətlə oxuyacağam. Tezliklə bu məktuba cavab verəcəyəm.

Sizin qaldırdığınız məsələ haqqında məndə heç bir məlumat yoxdur. Bir halda ki, Siz bu məsələni qaldırırsınız və mən belə başa düşdüm ki, sizin Baş nazir bu barədə narahatdır. Mən müvafiq orqanlara mütləq göstəriş verəcəyəm ki, onlar, birincisi, bunu araşdırsınlar, həmin adamlar nə üçün cəzalandırılıblar. İkincisi, onların vəziyyətini yüngülləşdirmək və yaxud onları bu cəzadan azad etmək üçün nə etmək olar. Hər halda, hamısı qanun çərçivəsində olmalıdır. Mən prezident kimi, qanunu poza bilmərəm. Qanun məndən yüksəkdir. Ancaq, hər halda, qanun çərçivəsində çalışarıq ki, edək.

Sağ olun. Sizə bir də təşəkkür edirəm. Mənim salamlarımı və xoş arzularımı dostum Həririyə çatdırın.

Əkbər Şuheyb: Cənab Prezident, bir məsələ qaldı.

Heydər Əliyev: Bəli.

Əkbər Şuheyb: Bir məsələni də qeyd etmək istəyirəm ki, mən parlamentdə Valid Cumbulatın təmsil etdiyi partiyanın nümayəndəsiyəm.

Heydər Əliyev: Hə...

Əkbər Şuheyb: Cənab Prezident, onun atası Kamal Cumbulat idi. Valid Cumbulat Sizə salam yetirməyi mənə tapşırıbdır.

Heydər Əliyev: Kamal Cumbulatı mən tanıyırdım. Çox sağ olun. Mənim də salamlarımı yetirin.

Şibli Şəfiqəl-Misri (Qonaqla birlikdə Azərbaycana gəlmiş tərcüməçi): Cənab Prezident, icazə verin, Sizə tərcüməçi kimi müraciət edim. Mən Sizi çoxdan tanıyanlardanam. Mən Sovet İttifaqına 1973-cü ildə gəlmişdim. Hələ o zaman Sizin adınız kifayət qədər məşhur idi. Ancaq Sizin kimi güclü, müdrik insan, siyasətçi hakimiyyət sükanı arxasında bu qədər uzun müddət dura bilərdi. Mən Sizə, Sizin həyat təcrübənizə, müdrikliyinizə dərin hörmətimi bildirirəm. Buraya cənab Həririnin nümayəndəsi kimi, biz Sizin köməyinizə ümidlə gəlmişik. Xalqlarımızın tarixində ümumi cəhətlər çoxdur. Düşünürəm ki, biz çətinlikləri birlikdə dəf edəcəyik. Sizə və Sizin rəhbərliyinizlə Azərbaycana böyük gələcək arzulayırıq.

Heydər Əliyev: Sağ olun. Belə başa düşdüm ki, Siz Livan vətəndaşısınız, amma rus dilini bilirsiniz.

Şibli Şəfiqəl - Misri: Mən livanlıyam, amma Moskvada oxumuşam, Həririnin müşaviriyəm.

Heydər Əliyev: Siz Sovetlər İttifaqına 1973-cü ildə gəlmişdiniz?

Şibli Şəfiqəl - Misri: Mən Sovetlər İttifaqına 1973-cü ildə gəlmiş və oradan 1984-cü ildə getmişəm.

Heydər Əliyev: Bəs harada oxumusunuz?

Şibli Şəfiqəl-Misri: Mən Moskva Baytarlıq Akademiyasında oxumuşam, hələ o vaxtlar siyasi fəaliyyətlə məşğul olurdum.

Heydər Əliyev: Çox xoşdur. Zənnimcə, Cumbulat məhz 1973-cü ildə burada olmuşdu. Biz burada görüşmüşdük. Sonralar mən onun fəaliyyətini izləyirdim. Sonra o, dünyasını dəyişdi. Yerinə qardaşı keçdi. Xoş sözlərinizə görə Sizə təşəkkür edirəm, uğurlar arzulayıram. İstədiyiniz vaxt Azərbaycana gəlin.

Şibli Şəfiqəl-Misri: Bizim üçün çox əhəmiyyətli olan bu görüşə görə təşəkkür edirəm.

Heydər Əliyev: Sağ olun.