Azərbaycan Prezidenti Heydər Əliyevin Almaniyanın milli bayramı- Birləşmə Günü münasibətilə Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqi - 3 oktyabr 1997-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanımlar və cənablar!

Mən sizi milli bayram - Almaniyanın birləşməsinin 7-ci ildönümü münasibətilə təbrik edirəm. Alman xalqına sülh, əmin-amanlıq və səadət arzulayıram.

Almaniyanın yeddi il bundan əvvəl birləşməsi bu ölkənin tarixində, alman xalqının həyatında çox əlamətdar bir hadisə olmuşdur. Bu hadisə Avropanın və demək olar ki, bütün dünyanın həyatında çox əlamətdar bir hadisə olmuşdur. Bu hadisə, nəhayət, bütün almanların istək və arzularını yerinə yetirmişdir. Eyni zamanda Almaniyada sülhün, əmin-amanlığın möhkəmlənməsi üçün çox yararlı və çox əhəmiyyətli bir hadisə olmuşdur.

Azərbaycan xalqı parçalanmanın, ayrılmanın xalq üçün nə qədər əzab-əziyyətli olduğunu həmişə dərk edərək, Almaniyanın birləşməsini böyük ruh yüksəkliyi ilə qarşılamış və bu gün mən sizi bütün Azərbaycan xalqı adından bu bayram münasibətilə bir daha təbrik edirəm.

Yeddi il ərzində artıq vahid, birləşmiş Almaniyanın həyatında, xüsusən, onun şərq hissəsində böyük, ciddi iqtisadi, siyasi və ictimai dəyişikliklər olmuşdur.

Mən bütün almanları bu nailiyyətlər münasibətilə təbrik edirəm. Bildirmək istəyirəm ki, biz daim Almaniyanı Avropanın mərkəzində vahid, qüdrətli bir dövlət kimi görmək istəyirik. Eyni zamanda inanırıq ki, Almaniya və alman xalqı bundan sonra da daim bəşəri dəyərlərə sadiq olacaqdır, demokratiya prinsiplərinə sadiq olacaqdır, insan hüquqlarının qorunması prinsiplərinə sadiq olacaqdır və Avropada, dünyada sülhün, əmin-amanlığın qorunması keşiyində duracaqdır.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Almaniya ilə Azərbaycan arasında diplomatik əlaqələr yaranmışdır. Məmnuniyyətlə eyd edirəm ki, həqiqətən, bundan az sonra Almaniya dövləti Azərbaycanda öz səfirliyini açıbdır və indi Azərbaycanda Almaniya səfirliyi, həm də Almaniyada Azərbaycan səfirliyi çox uğurlu fəaliyyət göstərir. Bunların nəticəsində Almaniya ilə müstəqil Azərbaycan arasında demək olar ki, bütün sahələrdə sıx əməkdaşlıq mövcuddur. Biz bu əməkdaşlığı yüksək qiymətləndiririk, gələcəkdə də bunun daha geniş olmasına çalışacağıq.

Ötən ilin may yayında mənim Almaniyaya rəsmi səfərim zamanı apardığım danışıqlar, əldə olunan razılıqlar və Almaniyanın federal kansleri cənab Helmut Kol ilə, federal prezidenti cənab Roman Hersoq ilə, federal xarici işlər naziri cənab Kinkel ilə bir neçə dəfə görüşlərimiz və danşıqlarımız həm Almaniyada, həm beynəlxalq təşkilatlarda, həm də Azərbaycanda əlaqələrimizin inkişaf etməsində çox mühüm rol oynamışdır. Dünya Birliyinə daxil olan hər bir ölkənin suverenliyinin, ərazi bütövlüyünün, müstəqilliyinin toxunulmaz olması haqqında Almaniya dövlətinin dəyişməz siyasəti və dəyişməz mövqeyi bizi həmişə sevindirir. Xüsusən, Ermənistan-Azərbaycan münaqişəsi haqqında da Almaniyanın ədalətli, prinsipial, beynəlxalq hüquq normalarına uyğun olan mövqeyini bu sahədə Azərbaycana verdiyi dəstəyi də biz yüksək qiymətləndiririk. ATƏT-in Minsk qrupunun üzvü kimi Almaniya Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasına səy göstərir. Mən son vaxtlar Almaniya hökumətinin bu məsələyə diqqətini və qayğısını bu gün bir daha xüsusi qeyd edirəm.

ATƏT-in Lissabon Zirvə görüşündə Almaniya hökuməti ilə bizim əməkdaşlığımız əlaqələrimizdə xüsusi yer tutur. Məhz bu əməkdaşlıq və Almaniya hökumətinin dəstəyi nəticəsində Lissabon Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həll olunması barəsində prinsiplər qəbul edilmişdi. Mən çox məmnunam ki, bu prinsiplərin dəyişməz olduğunu Almaniya hökuməti də son vaxtlarda da daim qeyd edir. Bu gün yüksək əhval-ruhiyyə ilə qeyd etmək olar ki, ATƏT-in Lissabon Zirvə görüşündən sonra Minsk qrupunun həmsədrləri - Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Fransa bu sahədə xeyli işlər görüblər və yeni təkliflər veriblər. Bu təkliflərin həyata keçirilməsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi sahəsində ciddi müsbət nəticələr verə bilər. Şübhə etmirik ki, bu məsələnin, yəni Azərbaycan üçün ən vacib olan Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasında Almaniya bizimlə bundan sonra da daim əməkdaşlıq edəcək və biz Almaniyanın bu dəstəyindən istifadə edəcəyik.

Ölkələrimiz arasındakı iqtisadi əlaqələrin bugünkü vəziyyəti də razılıq hissi doğurur. Ancaq biz bunu həm Almaniya, həm də Azərbaycanın imkanları ilə müqayisə etsək bu əlaqələr hələ ki, istənilən səviyyədə deyil. Hesab edirəm ki, hər iki tərəf mövcud olan imkanlardan daha da səmərəli istifadə etməlidir. Biz bu sahədə lazımi tədbirlər görürük və bundan sonra da görəcəyik.

"Demineks"Şirkətinin Azərbaycanın neft yataqlarının birində başqa şirkətlərlə birlikdə fəaliyyət göstərməyə başlaması çox əlamətdar hadisədir. Güman edirəm ki, Almaniyanın başqa şirkətləri ilə də apardığımız danışıqlar müsbət nəticəsini verəcəkdir və iqtisadi əməkdaşlığımız bundan sonra daha da genişlənəcəkdir. Almaniya-Azərbaycan əlaqələrinin böyük gələcəyi var. Biz buna inanırıq və Azərbaycanda bu gələcəyi gerçəkliyə çevirmək üçün əlimizdən gələni edəcəyik.

Hörmətli səfir, siz 3 oktyabr gününün mənim üçün də əlamətdar olduğunu xatırlatdınız. Bu, həqiqətən belədir. Mənim həyatımda əlamətdar günlər çoxdur. Ancaq bunlardan ikisi ən əlamətdar gündür. Bunlar da dünyada baş vermiş böyük hadisələrə təsadüf edir. Bunlardan birincisi 14 iyul Fransa inqilabı, Bastiliya günü ilə eyni gündür. İkincisi də 3 oktyabr günüdür. Bu da Almaniyanın birləşməsi ilə bir günə düşür. Güman edirəm ki, bu təsadüf yaxşı təsadüfdür. Çünki həm Framsa inqilabına- Bastiliya gününə, həm də Almaniyanın birləşməsi gününə böyük hörmətim var. Həyatımdakı əlamətdar günlərin məhz bu günləri üst-üstə düşməsi məni yalnız sevindirə bilər. Mən təşəkkür edirəm.

Buraya toplaşan Almaniyanın dostlarını və alman xalqını bu böyük bayram münasibətilə təbrik edirəm. Sizin hər birinizə cansağlığı, səadət arzulayıram. Alman xalqına, Almaniyanın hökumətinə qarşısında duran bütün məsələlərin həll olunmasında uğurlar diləyirəm. Sağ olun.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - XII cild Azərnəşr, Bakı - 1998, səh.268