Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri cənab Toni Bleyrə - Bakı şəhəri, 16 iyun 2001-ci il


Hörmətli cənab Baş nazir!

2001-ci il iyunun 5-8-də Bakıda keçirilmiş ənənəvi “Xəzər neft, qaz, neftayırma və neft kimyası VIII beynəlxalq sərgi və konfrans” ilə əlaqədar mənə göndərdiyiniz və Böyük Britaniya hökumətinin Azərbaycana olan marağını və dəstəyini bir daha təsdiq edən dərin məzmunlu məktuba görə Sizə təşəkkür edirəm.

Həmişə olduğu kimi, dünyanın müxtəlif ölkələrini təmsil edən çoxsaylı şirkətlərin və yüksək səviyyəli qonaqların iştirak etdiyi bu dəfəki sərgi və konfrans da çox uğurlu keçdi. Əvvəlki illərdə olduğu kimi, bu tədbirdə də Britaniya şirkətləri geniş təmsil olunmuşdular.

Haqlısınız ki, Britaniya şirkətləri Azərbaycanda fəaliyyət göstərən digər Qərb ölkələrinin şirkətləri arasında aparıcı yer tutur. Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Böyük Britaniyanın güclü şirkətləri Azərbaycanda neft sənayesi ilə yanaşı, bank, sığorta, telekommunikasiya, mühəndislik, xidmət və digər sahələrdə də müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Hesab edirəm ki, onların bu fəaliyyəti Azərbaycanın etibarlı partnyor olduğunu sübut etməklə bərabər, digər Britaniya şirkətləri üçün nümunədir və onların ölkəmizə sərmayə qoyması, faydalı iş görməsi üçün Azərbaycanda əlverişli biznes mühiti və geniş imkanlar olduğundan xəbər verir.

Son dövrlər ölkəmizin iqtisadiyyatının inkişaf etdirilməsi sahəsində əldə etdiyimiz nailiyyətlərə verdiyiniz yüksək qiymət məni məmnun etdi. Biz müstəqil Azərbaycanın beynəlxalq təşkilatlarda təmsil olunmasına, onların işində səmərəli fəaliyyət göstərməsinə və imkanlarından faydalanmasına Böyük Britaniyanın daim verdiyi dəstəyi yüksək qiymətləndiririk. Bu baxımdan cari ilin əvvəlində Azərbaycanın Avropa Şurasına qəbul olunmasına, Ümumavropa ailəsinin bərabər-hüquqlu üzvünə çevrilməsinə verdiyiniz dəstək və bu münasibətlə mənə göndərdiyiniz məktub bizi çox ruhlandırdı. İndi isə Azərbaycanın dünya ticarət təşkilatına daxil olması üçün, habelə Ermənistan ilə münaqişədə sülh əldə edilərsə, Böyük Britaniya hökumətinin və sizin Avropa Birliyindəki tərəfdaşlarınızın ölkəmizə hər cür yardım göstərməyə hazır olduğunu bildirirsiniz. Bütün bunlara görə Sizə təşəkkür edirəm.

Biz Böyük Britaniya ilə əlaqələrimizin bütün sahələrdə inkişaf etdirilməsinə olduqca böyük əhəmiyyət veririk. Sevindirici haldır ki, neft və qaz sənayesindəki əməkdaşlığımız uğurla davam edir. Məmnuniyyətlə qeyd edirəm ki, əsası 1994-cü ilin sentyabrında bizim tərəfimizdən qoyulmuş və artıq Xəzər dənizinin əməkdaşlıq üçün bütün dünyaya açılması ilə nəticələnən, onun zəngin neft və qaz ehtiyatlarının Qərbin aparıcı enerji şirkətləri ilə birgə işlənilməsinə, bu resursların dünya bazarına çoxşaxəli, təhlükəsiz və etibarlı yollarla ixrac olunmasına yol açan müstəqil Azərbaycanın yeni neft strategiyası ardıcıl surətdə və müvəffəqiyyətlə həyata keçirilməkdədir.

1994-cü ildən bəri biz artıq dünyanın 14 ölkəsini təmsil edən 32 böyük neft və qaz şirkəti ilə müqavilələr bağlamışıq. Lap yaxın dövrlərə qədər bəzilərinin röya kimi baxdığı Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin, habelə Azərbaycanın zəngin qaz ehtiyatlarını Türkiyə və Avropaya nəql edəcək qaz kəmərinin çəkilməsi üçün çox böyük işlər görülmüş və xeyli tərəqqi əldə edilmişdir. Heç şübhə etmirəm ki, bir neçə ildən sonra biz sizinlə birlikdə bu nəhəng layihələrin reallığa çevrildiyi günü məmnuniyyətlə bayram edəcəyik. Məmnunam ki, prezident Putinin bu ilin əvvəlində Bakıya səfəri zamanı biz Xəzərin hüquqi statusunun müəyyən olunması istiqamətində də mühüm irəliləyiş əldə etdik. Biz bu sahədəki səylərimizi bundan sonra da davam etdirəcəyik.

Azərbaycanın yeni neft strategiyası ölkəmizin iqtisadi cəhətdən çiçəklənməsi, dövlətimizin suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsi üçün təminat yaratmaqla bərabər, bütün Xəzər regionunun iqtisadi dirçəlişi və təhlükəsizliyi üçün də yaxşı imkanlar açır. Bu strategiyanın həyata keçirilməsində Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən şirkətlərinin ən parlaq və fəal nümayəndəsi, Azərbaycanın neft və qaz sənayesində artıq xüsusi çəkiyə malik olan, ölkəmizin iqtisadi və sosial həyatında mühüm rol oynayan bp şirkətinin əhəmiyyətli yeri var. Bir neçə həftə bundan əvvəl mən BP şirkətinin Azərbaycandakı rəhbərlərini qəbul edərək, onların gördüyü işlərlə yenidən şəxsən maraqlandım. Onların mənə verdiyi məlumat-lardan sonra bir daha əmin oldum ki, bizim əməkdaşlığımızın həm Böyük Britaniya, həm də Azərbaycan üçün qarşılıqlı fayda gətirəcək çox böyük perspektivləri vardır. Əmin ola bilərsiniz ki, biz bu sahədəki ardıcıl və qətiyyətli siyasətimizi davam etdirəcək və Böyük Britaniya hökuməti və şirkətləri ilə sıx əməkdaşlığımızı bundan sonra daha da artıracağıq.

Ümidvaram ki, biz Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də sülh yolu ilə həllinə nail ola biləcəyik. Bildiyiniz kimi, 1999-cu ildən bəri Ermənistan prezidenti ilə bir neçə dəfə təkbətək görüşüb danışıqlar aparmışıq və ATƏT-in Minsk qrupu həmsədrlərinin köməyi ilə münaqişənin dinc yolla aradan qaldırılmasına çalışırıq. Təəssüf ki, Ermənistan müvəqqəti hərbi üstünlüyündən, Azərbaycanın torpaqlarının 20 faizini işğal etməsindən, etnik təmizləmə apararaq bir milyondan çox azərbaycanlını öz yurd-yuvasından zorla qovub onları qaçqın düşərgələrində dözülməz şəraitdə yaşamağa məcbur etməsindən sui-istifadə edərək, danışıqlarda qeyri-konstruktiv mövqe tutur. Sülhün əldə edilməsi üçün biz bundan sonra da səylər qoyacaq və yorulmadan çalışacağıq. Bununla belə, Avropanın və dünyanın ən nüfuzlu, ən qüdrətli dövlətlərindən biri kimi, Böyük Britaniyanın da köməyinə ehtiyacımız var.

Hörmətli cənab Baş nazir! Mənə göndərdiyiniz məktuba görə təkrar təşəkkür edirəm. Seçkilərdə əldə etdiyiniz parlaq qələbə münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Sizə dərin hörmət və ehtiramımı bildirirəm. Əminəm ki, xalqlarımızın mənafeyi, rifahı və regionumuzun tərəqqisi naminə Sizinlə və hökumətinizlə sıx əməkdaşlıq edərək, dövlətlərimiz arasındakı strateji tərəfdaşlıq, dostluq və əməkdaşlıq münasibətlərini keyfiyyətcə yeni mərhələyə qaldıra biləcəyik.

Səmimiyyətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa