Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurası Parlament Assambleyasının sədri Lord Rassel Conston ilə görüşdə söhbəti - Strasburq, Avropa sarayı, 25 yanvar 2001-ci il


Rassel Conston: Xoş gördük Sizi, cənab Prezident. Sizinlə hər bir görüşdən məmnun qaldığımı bildirirəm. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması münasibətilə respublikanızın rəhbərliyini və xalqınızı səmimi-qəlbdən təbrik edirəm. Azərbaycanın Avropa ölkələri ailəsində özünə layiq yer tutmasını tarixi hadisə kimi dəyərləndirirəm.

Heydər Əliyev: Səmimi sözlərə və ölkəmizin Avropa Şurasına qəbul olunmasına göstərdiyiniz dəstəyə görə AŞPA-nın sədri kimi, Sizə təşəkkürümü bildirirəm. Onu da vurğulayım ki, burada keçirdiyim görüşlərə, apardığım danışıqlara böyük əhəmiyyət verirəm.

Azərbaycan prezidenti Heydər Əliyevin Avropa Şurası Parlament Assambleyasının fəxri qonaqlar kitabına yazdığı ürək sözləri:  "Azərbaycanın bu gün Avropa Şurasına qəbul olunması müstəqil ölkəmiz üçün tarixi hadisədir. Azərbaycan prezidenti kimi, mən bütün xalqımızın iftixar hissini ifadə edirəm. Demokratik, hüquqi, dünyəvi Azərbaycan Avropa dəyərlərinə daim sadiq olacaqdır.

Azərbaycan Respublikasının Prezidenti

Heydər Əliyev

25 yanvar 2001-ci il "

Sonra cənab Rassel Conston Avropa Şurası Parlament Assambleyası adından Azərbaycan prezidenti Heydər Əliyevə üzərində Strasburq şəhərinin təsviri olan xatirə hədiyyəsi təqdim etdi.

Rassel Conston: Cənab Prezident! Sizin Strasburqa gəlişiniz mühüm hadisə kimi qiymətləndirilməlidir. Əmin olduğumu bildirirəm ki, prezident Heydər Əliyev bu gözəl şəhərlə yaxından tanışlığa imkan tapacaqdır.

Heydər Əliyev: Buraya ikinci dəfədir səfərə gəlmişəm. Strasburq həqiqətən gözəl şəhərdir.

"Avropa Şurası və Azərbaycan: sülh, əmin-amanlıq və demokratiya naminə" kitabını Sizə təqdim edirəm. Azərbaycan Avropa Şurasına qonaq statusu ilə dəvət olunandan indiyə qədərki əməkdaşlığımızın tarixi bu kitabda öz əksini tapmışdır. Cənab Rassel Conston, bu kitabda həmçinin sizin Azərbaycana səfəriniz zamanı keçirdiyimiz görüş barədə gözəl bir fotoşəkil vardır.

Rassel Conston: Gözəl tərtibatı olan və yüksək keyfiyyətlə çap edilmiş bu kitaba görə Sizə minnətdarlığımı bildirirəm. Azərbaycana səfərim zamanı keçirdiyim görüşləri, apardığım danışıqları həmişə böyük məmnunluqla yada salıram.

Cənab Prezident, bu gün mənim üçün çox xoş bir gündür. Ümidvaram ki, Azərbaycanı Avropa Şurasında təmsil edəcək nümayəndə heyəti Parlament Assambleyasının bütün fəaliyyətində hərtərəfli iştirak edəcəkdir.

Heydər Əliyev: AŞPA-nın sədri kimi, Sizin Azərbaycana səfərinizi mən də yaxşı xatırlayıram.  Mən Bakıda sizinlə çox geniş söhbət etdim. Güman edirəm, siz unutmamısınız ki, biz Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasını çox istəyirdik. Mən təşəkkür edirəm ki, siz ölkəmizin Avropa Şurasına üzv qəbul edilməsinə həmişə dəstək vermisiniz və bu sahədə böyük səylər göstərmisiniz. Ümidvaram ki, bizim əməkdaşlığımız bundan sonra daha da möhkəmlənəcəkdir. Azərbaycanın nümayəndə heyəti də Avropa Şurası Parlament Assambleyasının işində daim iştirak edəcəkdir.