Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Pakistan Prezidenti Fərrux Əhməd Xan Leqari ilə Azərbaycan Milli Məclisi üzvlərinin görüşündə nitqi - 10 oktyabr 1995-ci il


Hörmətli cənab prezident!

Hörmətli Milli Məclis, hörmətli xanımlar və cənablar!

Biz Pakistan Respublikasının prezidenti, hörmətli cənab Fərrux Əhməd xan Leqarinin Azərbaycan Respublikasının parlamentində nitqini böyük diqqətlə və ehtiram hissi ilə dinlədik. Cənab prezident, Pakistan İslam Respublikasının keçdiyi yol haqqında və dövlət quruculuğu sahəsində, demokratiya sahəsində əldə etdiyi nailiyyətlər, təcrübələr haqqında Azərbaycan parlamentinə verdiyiniz məlumatlar bizim üçün fövqəladə dərəcədə maraqlı və əhəmiyyətlidir. Pakistan xalqının milli azadlıq yolunda, müstəqillik yolunda apardığı mübarizə ona böyük xoşbəxtlik gətiribdir.

Pakistan 1947-ci ildə dövlət müstəqilliyini əldə edib. 1950-ci ildən isə tam müstəqil bir dövlət kimi yaşayır və hörmətli cənab prezidentin burada söylədiyi nitqdən biz daha aydın hiss etdik ki, onlar demokratiya yolunu tutublar və öz dövlətini, öz həyatını demokratik prinsiplər əsasında qururlar. Pakistan xalqı ilə Azərbaycan xalqının tarixi keçmişində, adətənənələrində çox bənzərlik var və bizim bir dinə mənsub olmağımız xalqlarımızı bir-birinə daim yaxın edib. Bu gün bunların əsasında Pakistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və sıx əməkdaşlıq əlaqələri mövcuddur.

Pakistan xalqı 1947-ci ildən milli azadlığa çıxıb, dövlət müstəqilliyini əldə edib, indiyə qədər hüquqi demokratik dövlət qurmaq yolu ilə gedir. Əldə etdiyi nailiyyətlərlə yanaşı, bir çox problemlərlə, çətinliklərlə də rastlaşır. Azərbaycan xalqı öz milli azadlığını, dövlət müstəqilliyini dörd il bundan öncə əldə edib və bu dörd ildə milli azadlığı, müstəqilliyi möhkəmləndirməklə bərabər, həm də çox çətin, ağır daxili problemlərlə, eyni zamanda Ermənistanın hərbi təcavüzü ilə rastlaşıbdır.

Pakistan öz tarixi təcrübəsinə əsaslanaraq, bu təcrübədən istifadə edərək yaxşı bilir ki, müstəqil Azərbaycanda bu dörd il müddətində bizim getdiyimiz yol nə qədər ağır, çətin yoldur, eyni zamanda çox şərəfli yoldur. Güman edirəm ki, məhz buna görə də Azərbaycan öz dövlət müstəqilliyini elan edən kimi Pakistan onun səsinə səs vermişdir, Azərbaycanın müstəqilliyini tanımışdır və sonrakı dövrdə Azərbaycanla dostluq, əməkdaşlıq əlaqələri qurmağa, yaratmağa, Azərbaycanın mənafeyini beynəlxalq təşkilatlarda daim müdafiə etməyə çalışmışdır. Biz çox məmnunuq ki, Pakistan məsafə etibarilə bizdən uzaqda olsa da, Azərbaycan üçün çox yaxındır, Azərbaycanın həm daxili vəziyyətini, burada gedən prosesləri izləyir, həm də ölkəmizin beynəlxalq aləmdə olan vəziyyətinə diqqət yetirir.

Hörmətli prezident, siz Azərbaycanda demokratik proseslərin inkişaf etməsi haqqında, bazar iqtisadiyyatının inkişafı, Azərbaycanın demokratiya yolu ilə getməsi haqqında və yaxın vaxtlarda ölkəmizdə yeni, demokratik parlament seçkilərinin keçiriləcəyi barədə çox dəyərli sözlər dediniz. Əmin ola bilərsiniz və bütün dünya ictimaiyyəti də əmin ola bilər ki, Azərbaycan Respublikası tutduğu yolla daim irəliləyəcək, Azərbaycanda demokratik hüquqi, sivilizasiyalı dövlət quruculuğu davam edəcək, ölkəmiz bazar iqtisadiyyatı yolu ilə gedəcək, iqtisadi islahatları ardıcıl surətdə həyata keçirəcək, dünya birliyində öz layiqli yerini tutmağa çalışacaqdır.

Bu mühüm və taleyüklü məsələlərin həll olunmasında biz dünya ölkələrinin hamısının təcrübəsindən istifadə edirik və dost Pakistan dövlətinin, Pakistan Respublikasının təcrübəsindən mütləq istifadə etməyə çalışacağıq. Azərbaycan Respublikasının ən çətin problemi Ermənistanın ölkəmizə qarşı təcavüzü nəticəsində yaranmış ağır vəziyyətdir. Ermənistanın hərbi təcavüzü Azərbaycan Respublikasına çox böyük, ağır zərbələr vurubdur. Azərbaycan Respublikasının ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş, bu ərazilərdən bir milyondan çox vətəndaşımız zorla çıxarılmış və hazırda onlar ağır şəraitdə yaşayırlar.

Müharibəni biz başlamamışıq, Azərbaycan sülh istəyir, Azərbaycan xalqı daim sülhsevər duyğularla yaşayıbdır. Ona görə də biz məsələnin sülh yolu ilə həll olunmasına çalışırıq. Bu məqsədlə də 16 ay bundan öncə atəşkəs haqqında saziş imzalamışıq və o vaxtdan indiyə qədər atəşkəs rejiminin saxlanmasına riayət edirik. Ancaq Azərbaycan xalqı heç vaxt bu ədalətsizliyə - Azərbaycana qarşı olan təcavüzə dözməyəcəkdir. Azərbaycan xalqı işğal olunmuş torpaqların azad edilməsi uğrunda çalışır və çalışacaqdır. Ölkəmizin ərazi bütövlüyünün, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi bizim üçün ən ali məqsəddir.

Ermənistan - Azərbaycan münaqişəsi məsələsi, Ermənistanın Azərbaycana qarşı təcavüz etməsi məsələsi beynəlxalq təşkilatlarda dəfələrlə müzakirə olunubdur və bu gün bu fürsətdən istifadə edərək hörmətli prezident, sizə və Pakistan dövlətinə, hökumətinə Azərbaycan xalqının təşəkkürünü bildirirəm. Pakistan daim Azərbaycan Respublikasının mövqeyini müdafiə edibdir, Azərbaycana qarşı olan hərbi təcavüzü pisləyibdir. Cənab prezident, siz bu gün burada, Azərbaycan parlamentində Pakıstanın bu mövqeyini bir daha bəyan etdiniz. Ona görə mən sizə təşəkkür edirəm.

Biz Pakistan üçün çox mühüm əhəmiyyəti olan Kəşmir məsələsinin də sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Bu məsələnin beynəlxalq təşkilatlarda müzakirəsi zamanı Azərbaycan daim Pakistanın mövqeyini, onun hüquqlarını müdafiə edib və bundan sonra da müdafiə edəcəkdir. Hörməth cənab prezident! Siz ikinci gündür ki, Azərbaycan torpağındasınız, Azərbaycan xalqının bugünkü həyatı, vəziyyəti ilə tanış olursunuz. Güman edirəm ki, bunlar Azərbaycana ilk dəfə gəlmiş Pakistan prezidenti üçün və ümumiyyətlə Pakistan dövləti, respublikası üçün Azərbaycanı daha yaxından tanımaqdan ötrü yaxşı vasitədir. Mən sizinlə apardığımız danışıqları səmərəli hesab edirəm. Pakistan ilə Azərbaycan arasında ilk dəfə imzalanmış sənədləri çox mühüm sayıram və belə hesab edirəm ki, bu sənədlər Pakistan - Azərbaycan əlaqələrinin sürətlə inkişaf etməsi üçün yaxşı əsas yaradır.

Azərbaycan xalqı Pakistanı və onun xalqını özü üçün dost ölkə, dost xalq kimi qəbul edibdir və bizim bu görüşlərimiz bu dostluğun daha da möhkəmlənməsinə, daha da inkişafına xidmət edəcəkdir. Pakistan xalqına Azərbaycan xalqının hörmət və ehtiramını, hərarətli salamlarını çatdırıram və Pakistan xalqına səadət, xoşbəxtlik arzulayıram. Ümidvaram ki, dövlətlərarası əlaqələrimiz bundan sonra daha da sürətlə inkişaf edəcək, görüşlərimiz davam edəcəkdir.

Pakistanın baş naziri hörmətli xanım Bənəzir Bhutto ilə beynəlxalq məclislərdə iştirak edərkən bir neçə dəfə görüşüb ətraflı danışıqlar aparmışam. Bu danışıqlardan çox məmnun olduğumu bildirmək istəyirəm. Bu günlərdə Pakistanın prezidenti ilə də şəxsi tanışlığım baş verdi. Bir də qeyd edirəm, bunlar hamısı bizim gələcəyimiz üçün yaxşı əsas yaradır. Hörmətli cənab prezident, rica edirəm, mənim bir daha dəvətimi Pakistanın baş naziri, hörmətli xanım Bənəzir Bhuttoya çatdırasınız. Biz onu Azərbaycanda görməkdən məmnun olacağıq. Sizin də məni Pakistana dəvət etməyinizi məmnuniyyətlə qəbul edirəm və hesab edirəm ki, belə görüşlər həm Pakistan, həm də Azərbaycan üçün çox faydalı olacaqdır. Bir daha Pakistan xalqına səadət, xoşbəxtlik arzu edir, müstəqillik yolunda ona uğurlar diləyirəm.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış