Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfiri Ross Uilsonu qəbul edərkən söhbətindən - Prezident sarayı, 14 iyun 2003-cü il


Heydər Əliyev: Çox təəssüf hissi keçirirəm ki, Siz Azərbaycanı tərk edirsiniz. Biz son illər dostluq, strateji tərəfdaşlıq prinsipləri əsasında Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında münasibətlərimizi xeyli yüksəklərə qaldırmışıq. Amerika-Azərbaycan əlaqələrində qısa bir müddətdə çox işlər görülübdür. Hamısını demək mümkün deyildir. Amma bir neçəsini yada salmaq lazımdır. Xəzər dənizində Azərbaycanın gördüyü işləri Amerika Birləşmiş Ştatları həmişə dəstəkləyib, özü də çox dəyərli dəstəkləyibdir. Bunun nəticəsində biz bu işləri apara bilmişik. Bakı-Tbilisi-Ceyhan böyük bir layihədir. Biz artıq onu həyata keçiririk və bu sahədə Amerika Birləşmiş Ştatlarının dəstəyini daim hiss etmişik. Xüsusən keçən ilin sentyabrında Bakı-Tbilisi-Ceyhan xəttinin təməlini qoyanda prezident Corc Buş bizə məktub göndərdi və bizi dəstəklədi. İndi biz bu işi uğurla aparırıq.

Mən çox məmnunam ki, bizim başqa nazirliklərlə də Amerika Birləşmiş Ştatları arasında əlaqələr inkişaf edibdir. Azərbaycanın Sərhəd Xidməti qoşunları sizin çox yardımınızı alıbdır və bu, bizim sərhəd xəttinin, sərhəd dəstələrinin möhkəmlənməsinə kömək edibdir. Bilirəm ki, Amerika Birləşmiş Ştatları bu barədə Azərbaycana bundan sonra da kömək edəcəkdir.

Müdafiə Nazirliyinin də Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi ilə əlaqələri inkişaf edibdir. Bəzi məsələlərdə biz sizdən kömək almışıq. Mən bunu da müsbət qiymətləndirirəm. Azərbaycan hərbçilərinin vaxtilə Kosovoda sülhməramlı işlərdə fəaliyyət göstərməsi, hesab edirəm ki, bizim münasibətlərimizin yaxşı bir göstəricisidir. Sonra Əfqanıstanda biz bu münasibətlərimizi genişləndirdik. Nəhayət, İraq problemi zamanı, - hansı ki, dünyada çox çətin bir problem idi, - biz dərhal Amerika Birləşmiş Ştatlarının başçılıq etdiyi koalisiyaya daxil olduq və öz xidmətlərimizi təqdim etdik. Güman edirəm ki, bu yaxınlarda bizim hərbi kontingent İraqa gedəcək, orada lazımi xidmətlər göstərəcəkdir. Bizim bu hərbi əməliyyatlarda iştirak etməyimiz özü, mənə elə gəlir ki, xüsusi qiymətə layiqdir.

Cənab səfir, siz bizimlə birlikdə bu işləri praktiki həyata keçirənsiniz. Buna görə mən sizə təşəkkür edirəm. Ancaq sizin bizimlə birgə fəaliyyətiniz, əməkdaşlığınız bunlarla qurtarmır. Azərbaycanda demokratiyanın inkişafında, mətbuatın daha da azad olmasında, insan hüquqlarının qorunması problemində bizə siz çox yardım etmisiniz. Mən buna görə də təşəkkür edirəm.

Mən bu gün istəmirəm bu barədə böyük bir məruzə edim. Bu dediyim sözlər, sadəcə, bizim bu qısa zamanda əməkdaşlığımızın ən yüksək göstəriciləridir. Buna görə də mən, bizim hökumətimiz sizə təşəkkür edir və sizə gələcək işlərinizdə uğurlar arzulayırıq.

Siz Azərbaycanda Amerika Birləşmiş Ştatlarının səfiri kimi öz fəaliyyətinizlə yaxşı hörmət qazanmısınız. Təəssüf ki, əvvəlki vaxtlarda biz bunu müşahidə edə bilməmişik. Ona görə də Azərbaycanı sizin tərk etməyiniz tək məni təəssüfləndirmir, eyni zamanda çox adamları, bizim xalqımızı təəssüfləndirir.

Hər halda, mən istərdim ki, Amerika Birləşmiş Ştatları ilə əlaqələrimizdə sizin kimi adamlar çox olsun. O cümlədən Amerika Birləşmiş Ştatlarının gələcəkdə fəaliyyət göstərəcək səfirləri də bu səviyyədə olsun.

Mən dedim ki, təəssüf edirəm, məhz bunlara görə təəssüf edirəm. Çünki biz sizinlə çox səmərəli əməkdaşlıq etmişik. Mən bunu bir dəfə sizə dedim, amma siz dediniz ki, Dövlət Departamentinin qərarıdır. Dövlət Departamentinin qərarının əleyhinə çıxmaq olmaz. Onsuz da bu "qorxulu" təşkilatdır, götürüb bir bəyanat verər, qurtardı getdi, bütün işlərimiz korlanar. Ona görə biz Amerika Birləşmiş Ştatlarının qəbul etdiyi qərara tabe olmalıyıq. Ancaq təəssüf edirəm. Güman edirəm ki, sizinlə bizim əlaqələrimiz gələcəkdə də davam edəcək, hər halda, yollarımız kəsişəcəkdir. Mən bunu arzulayardım.

Beləliklə, burada olduğunuz müddətdə sizin fəaliyyətiniz, sizinlə olan şəxsi münasibətlərimiz, mənim sizinlə şəxsi münasibətim - bunların hamısı böyük bir işdir. Güman edirəm ki, bunlar vaxtilə, diplomatiya tarixində öz yerini tapacaqlar. İndi isə mən məcburam, qəbul edilmiş qərara tabe olum. Ancaq mən də qərar qəbul etmişəm, fərman vermişəm, sizi Azərbaycandakı xidmətlərinizə görə Azərbaycanın yüksək ordeni - "Şöhrət" ordeni ilə təltif etmişəm. Bu, Azərbaycanın təcrübəsində ilk haldır ki, Azərbaycan dövləti xarici dövlətin səfirini, diplomatik nümayəndəsini təltif edir. Bu, birinci sizə nəsib olubdur. Hər şeyin birincisi var, burada da birinci sizsiniz. Beləliklə, gələcəyə yaxşı yol göstərirsiniz.

Mən böyük məmnuniyyət hissi ilə ordeni sizə təqdim etmək istəyirəm. Hesab edirəm ki, siz bu ordeni almaq üçün mənəvi cəhətdən hər şeyi qazanmısınız.

(Heydər Əliyev səfirə ordeni, onun vəsiqəsini və təltif haqqında fərmanı təqdim etdi).

Ross Uilson: Cənab prezident, sağ olun. Mənim üçün bunu Azərbaycandan və xüsusən də şəxsən Sizdən qəbul etmək çox böyük şərəfdir.

Cənab prezident, bu gözlənilməz, lakin başucalığı gətirən bir təsadüf oldu. Həm Sizin tərəfinizdən, həm də Azərbaycan Respublikası tərəfindən mənə verilən bu şərəfə görə Sizə minnətdaram.

Amerika Birləşmiş Ştatlarını Azərbaycanda təmsil etmək mənim üçün başucalığı və böyük şərəf idi. Eyni zamanda, Sizinlə birlikdə işləmək, Sizin hökumətinizlə çalışmaq, Sizin xalqınızla təmasda olmaq və qarşılıqlı maraq kəsb edən məsələləri irəli çəkmək mənim üçün, həqiqətən, böyük xoşbəxtlik idi. İki il yarım müddətində Sizinlə yaradılmış əlaqələrə, münasibətlərə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Ölkələrimiz arasında münasibətlərin daha irəli getməsinə, yaratdığınız münasibətlərə görə Sizə minnətdaram. Lakin xüsusilə, aramızda yaranmış şəxsi münasibətlərə görə Sizə minnətdaram. İki il yarımdan bir qədər çoxdur ki, yəni 2000-ci ilin oktyabrında mən etimadnaməmi Sizə təqdim etmişdim, amma mənə elə gəlir ki, bu, cəmi bir neçə həftə bundan əvvəl baş vermiş hadisədir.

Lakin bu, həm də uzun müddət idi. Çünki, ötən müddət ərzində bizim münasibətlərimiz, həqiqətən, dəyişdi və bu, yaxşılığa doğru gedən fundamental dəyişiklik idi. Münasibətlərimiz ölkələrimiz arasında xoş münasibətlərə doğru, dövlətlərimizin maraqlarına xidmət etməyə doğru dəyişdi.

Cənab prezident, xatirinizdədirsə, 2001-ci il sentyabrın 11-də Sizin mənə etdiyiniz telefon zəngi, həqiqətən, mənə güc verdi. Səfirliyimizin əməkdaşlarına güc verdi, ümumiyyətlə, səfirliyimizin qüvvəsini daha da artırdı. Siz bu zənglə bizimlə birlikdə olduğunuzu, bu hücumlara qarşı çıxdığınızı bildirdiniz. Daha sonra bizim Kosova mövzusunda, Əfqanıstan mövzusunda, İraq məsələsində əməkdaşlığımız daha da artdı və bütün bunlara görə mən Sizə minnətdarlığımı bildirirəm. Mənim hökumətimin ən yüksək səviyyəsində buna hörmətlə yanaşılır.

Mən buraya gələrkən bizim planlaşdırdığımız "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi, "Şahdəniz" layihəsi və digər Transxəzər layihələri yalnız konsepsiya şəklində mövcud idi. Biz bunları işləyərək, həqiqətən, reallığa çevirə bildik. Bu, Sizin aydın, uzaqgörən siyasətinizin nəticəsi idi. Eyni zamanda, bizim ölkəmizin Sizə olan, Azərbaycanın, habelə Gürcüstanın və regionda olan digər ölkələrin müstəqilliyinə, onların inkişafına və çiçəklənməsinə dəstəyi, "Şərq-Qərb" enerji dəhlizinin inkişafına dəstəyi idi.

Mən buraya gələrkən Azərbaycanın beynəlxalq maliyyə təsisatları ilə münasibətləri heç də xoşagələn deyildi. Qərbdə bir çoxları sual edirdilər ki, Azərbaycan həqiqətən bazar iqtisadiyyatı islahatlarına sadiqdir, yoxsa yox? Mən Sizə etimadnaməmi təqdim etdikdən dərhal sonra, oktyabr ayının sonunda bu məsələyə toxundum. O zamandan etibarən Azərbaycan beynəlxalq maliyyə təsisatları ilə münasibətlərini tamamilə dəyişə bildi, ölkədə iqtisadi islahatlar sürətlə aparılmağa başladı. Bütün bunların nəticəsində ölkəyə sərmayələrin cəlb olunması, biznesin inkişaf etməsi üçün yaxşı şərait yarandı. Sizin yaratdığınız neft strategiyası nəticəsində ölkəyə firavanlıq gəlməyə başladı.

Cənab prezident, Sizin əhali qarşısında etdiyiniz bəyanatlar və eləcə də mənimlə təkbətək görüşlərinizdəki bəyanatlarınız, yəni demokratiyaya sadiq olmağınız, mətbuat azadlığına, din azadlığına, seçki azadlığına, insan haqlarına, söz azadlığına sadiq olmağınız bizim hökumətimiz tərəfindən çox yüksək qiymətləndirilib və bu, bizim əlaqələrimizin əsasını təşkil edir.

Ümidvaram ki, 2003-cü ilin prezident seçkilərində adını çəkdiyim bütün mövzular üzrə tərəqqi əldə olunacaqdır.

Eyni zamanda, ölkədə sabitlik və təhlükəsizlik qorunub saxlanılacaqdır.

Bizə elə gəlir ki, bütün bu sahələrdə ölkələrimiz lap yüksək səviyyəyə çatmışdır, amma bununla belə, görüləcək işlər hələ çoxdur. Elə bilirəm ki, məndən sonra gələcək səfirin də hələ burada görəsi işləri çoxdur.

Məni məyus edən bir məsələ vardır, elə bilirəm ki, bu, Sizi məndən də çox məyus edir. Bu da ki, Qarabağ məsələsində indiyədək sülh əldə edə bilməməyimizdir. Mən buraya böyük ümidlərlə gəlmişdim, çox şey gözləyirdim. Gözləyirdim ki, səfirliyim müddətində bunların öhdəsindən gələ biləcəyik. Çox məyusam ki, ötən müddət ərzində bu məsələ həll oluna bilmədi. Lakin eyni zamanda, mənim hökumətim Sizin apardığınız sülh danışıqları siyasətini tam dəstəkləyir. Biz ümid edirik ki, danışıqlar vasitəsilə Ermənistan ilə Azərbaycan arasında sülh əldə olunacaqdır. Cənubi Qafqaz regionuna uzunmüddətli sabitlik gələcəkdir.

Cənab prezident, Sizə və Sizin vasitənizlə bütün Azərbaycan xalqına minnətdarlığımı bildirmək istəyirəm. Burada mənə göstərilən münasibətə, qonaqpərvərliyə görə, səmimiyyətə görə minnətdaram. Minnətdarlığımı bildirirəm ki, biz bu müddət ərzində qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında işləyərək, onları uğurla həyata keçirə bilmişik.

Cənab prezident, biz tərəqqi etmiş ölkəyik, Azərbaycan tərəqqidə olan ölkədir. Mən ümid edirəm ki, haradasa 5, 10, 15 ildən sonra buraya gələcəyəm və Azərbaycanı lap irəli getmiş bir ölkə kimi görəcəyəm. Siz də Vaşinqtona, Amerika Birləşmiş Ştatlarına səfər etmək qərarına gələrsinizsə, orada Sizinlə görüşməkdən çox məmnun olaram.

Heydər Əliyev: Təşəkkür edirəm. Bir də sizə təşəkkür edirəm. Sizi Azərbaycanın bu yüksək ordeni ilə təltif olunmağınız münasibətilə təbrik edirəm. Sizə və ailənizə cansağlığı, səadət, gələcək işlərinizdə uğurlar arzulayıram.

"Azərbaycan" qəzeti, 15 iyun 2003-cü il.