Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan – Qazaxıstan dövlətlərarası və hökumətlərarası sənədlər imzalandıqdan sonra birgə mətbuat konfransında bəyanatı - 10 iyun 1997-ci il


Hörmətli prezident Nursultan Nazarbayev! 

Qazaxıstana gəlmək, Qazaxıstan Respublikasına rəsmi səfər etmək dəvətinə görə Sizə təşəkkürümü bildirirəm və bunu Qazaxıstan-Azərbaycan münasibətlərində, Azərbaycanın həyatında mühüm hadisə hesab edirəm. Hörmətli Nursultan Abişoviç, Sizin ötən ilin sentyabrında Azərbaycana rəsmi səfəriniz Qazaxıstan ilə Azərbaycan arasında yeni münasibətlərin həqiqətən bünövrəsini qoydu. Xalqlarımız ümumi tarixi köklərə, zəngin birgə tarixə, zəngin yaxın və oxşar ənənələrə malikdirlər. Bizi keçmişlə birgə tariximizdə olanlar da birləşdirir. Lakin Qazaxıstan və Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ölkələrimizin həyatında və xalqlarımızın həyatında tamamilə yeni mərhələ başlandı. Nursultan Abişoviç, bu yeni mərhələdə Sizin Azərbaycana səfəriniz ölkələrimiz arasında, dövlətlərimiz arasında bütün sahələrdə fəal əməkdaşlığın yeni dövrü oldu. 

O vaxtlar Bakıda imzalanmış mühüm sənədlər indi işləyir, əməkdaşlığımıza xidmət edir. Burada, Qazaxıstanda, Almatıda bugünkü görüş də Sizin Azərbaycana səfərinizlə əlaqədar başlanmış işin davamıdır. 

Nursultan Abişoviç, mən Sizinlə tamamilə razıyam ki, biz bütün sahələrdə, xüsusən iqtisadi sahədə fəal əməkdaşlıq üçün böyük imkanlara malikik. Xəzər vasitəsilə ümumi sərhədimiz vəkeçmiş iqtisadi əlaqələrimiz Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi əməkdaşlıq bizə olduqca çox imkanlar verir, bundan ötrü çox yaxşı zəmin yaradır. Elə bu gün imzalanmış sənədlər də məhz bu işə xidmət edir. Mən Qazaxıstan prezidenti və Azərbaycan prezidenti tərəfindən imzalanmış iki sənədə daha böyük əhəmiyyət verirəm. Əlbəttə, digər sənədlərin də çox böyük əhəmiyyəti var və ümumiyyətlə, Sizin əlavəniz nəzərə alınaraq 16 deyil, 17 sənəd imzalandı. Artıq bu, əməkdaşlığımızın müqavilə-hüquqi əsası üçün böyük potensialdır və mən əminəm ki, hər iki tərəf bu imkanlardan əməkdaşlığın inkişafı və dərinləşməsi üçün fəal istifadə edəcəkdir.

Nursultan Abişoviç, mən Sizin fıkirlərinizlə tamamilə razıyam ki, bir çox beynəlxalq məsələlərdə, regional məsələlərdə, MDB-də və MDB ətrafında həll edilən problemlərdə Azərbaycanla Qazaxıstan eyni mövqeyə malikdirlər və bu eyni mövqe bizə öz milli məsələlərimizi həqiqətən həll etməyə və eyni zamanda istər Avrasiya regionunda, istərsə də MDB məkanında əməkdaşlığa fəal kömək göstərməyə imkan verir. 

Qazaxıstana dəvət olunduğuma görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm və ümidvaram ki, bu gün də, sabah da qarşıdakı saatlar ölkələrimiz üçün, xalqlarımız üçün daha çox yeniliklər və yaxşılıqlar gətirəcəkdir. 

Sual: Cənab Nazarbayev, Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq nə ilə əlaqədardır və yenicə imzaladığınız bəyannamə nə kimi perspektivlər açır? İqtisadi prosesləri ləngidən Qarabağ münaqişəsinin həllı bütün regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsi nə nə kimi töhfə verə bilər? 

Nursultan Nazarbayev: Əvvəla, dövlətlər kimi Qazaxıstanla Azərbaycan arasında, xalqlarımız arasında heç bir səbəb yoxdur ki, dostluq etməyək. Bizim heç bir əsasımız yoxdur ki, nədəsə, haradasa birbirimizdən narazı olaq. Biz bir-birini tamamlayan iqtisadiyyatlara malikik. Tutaq ki, Azərbaycanın neft hasilatı, neft məhsullarının emalı, neft avadanlığı və texnologiyası istehsalı, xüsusən dənizdə neft çıxarılması sahəsində çox böyük təcrübəsi var. Qazaxıstanlılar neftin birgə kəşfiyyatı və emalı zamanı, neft maşınqayırmasında bu çox böyük təcrübədən niyə də istifadə etməsinlər? Biz çoxlu kimya məhsulları alırdıq, bəzi ərzaq malları istehsal edirdik və Azərbaycana daim taxıl, ət məhsulları, əlvan metallar xammalı, ferroərintilər və sair göndərirdik. İndi bu əlaqələr qırılmışdır, ticarətin həcmi cəmi təxminən 40 milyon dollardır. Biz bu həcmi on dəfə, yüz dəfə artırmalıyıq. Bizim buna imkanlarımız var, ən əvvəl neft sahəsində. 

Gələn əsrdə, XXI əsrin elə birinci onilliyində Qazaxıstanın dünya bazarına çıxmaq üçün Şimali Qafqaz neft kəmərindən savayı, daha iki-üç neft kəmərinə ehtiyacı olacaqdır. Buna görə də mən Aşqabadda olarkən biz yüklərimizin Qafqaz dəhlizi ilə daşınmasına tamamilə tərəfdar çıxdıq. Öyrəndik ki, indi bu dəhliz ilə təxminən 200 min ton Qazaxıstan nefti nəql edilmişdir. Gələcəkdə biz Bakı vasitəsilə Qara dəniz sahillərinə, Turkiyə yaxınlığına neft nəql etmək istəyirik. Biz Qazaxıstan neftinin bilavasitə öz sərhədimizdən Xəzər dənizinin dibi ilə Bakıyadək və oradan Aralıq dənizinədək nəql olunması məsələlərini nəzərdən keçirməyə və bu sahədə əməkdaşlıq etməyə hazırıq. Yəni, maliyyə məsələsi həll edilərkən bütün bu variantlar hökmən qazaxıstanlıların iştirakı ilə nəzərdən keçiriləcəkdir, çünki belə layihələr üçün çoxlu neft gərəkdir. 

Neft Azərbaycanda da çoxdur. Lakin sərmayədarlar istisma r üçün daha uzunmüddətli imkan tələb edəcəklər. Odur ki, bizim olduqca böyük marağımız iqtisadi baxımdan məhz bundan ibarətdir. 

Bəs təhlükəsizlik nədir? Təhlükəsizlik o zaman olur ki, dövlətlər öz aralarında, tutaq ki, Azərbaycan Qazaxıstanla və ya Qazaxıstan Özbəkistanla, Qazaxıstan Rusiya ilə, Qazaxıstan Çinlə ticarət edir. Bu dövlətlər arasında yaxşı ticarət olduqda, yaxşı iqtisadi əlaqələr olduqda hər iki dövlət istəyəcəkdir ki, bu əlaqələr və ticarət davam etdirilsin. Deməli, yaxşı ticarət edən dövlətlər qonşu dövlətlərə sabitlik, sülh və əməkdaşlıq arzulayacaqdır. Buna görə də sizin dediklərinizin hamısı danışıqlarımızda var və hamı tərəfindən qarşılıqlı anlaşma, razılıqla qarşılanır. 

Sual: Cənab Nazarbayev, siz MDB-nin axırıncı zirvə toplantısında çox fəal çıxış edərək, MDB ölkələri arasında münasibətlər haqqında fikrinizi kəskin şəkildə söylədiniz. Məlum olduğu kimi, elə həmin toplantıda Rusiya silahlarının Ermənistana təmənnasız göndərilməsi məsələsi də müzakirə edildi. Siz Ermənistan - Azərbaycan münaqişəsini nəzərə almadan, həmin məsələyə necə baxırsınız? Çox sağ olun. 

Nursultan Nazarbayev: MDB ölkələrinin kütləvi informasiya vasitələri mənim mövqeyimi yaxşı bilirlər. Əgər siz Qarabağ hadisələrini nəzərdə tutursunuzsa, biz hamımız, MDB üzvləri, həm də ATƏT-in üzvləriyik. ATƏT-in Helsinki aktında və Paris xartiyasında əsas bənd dövlətlərin ərazi bütövlüyündən ibarətdir, onlar separatçılığın əleyhinə çıxırlar. Əgər separatçılıq bütün yer üzündə inkişaf etsəydi, onda elə bir dövlət tapılmazdı ki, o, müharibə alovlarına bürünməmiş olsun. Buna görə də mən separatçılığın hər hansı növlərinin qəti əleyhinəyəm. Bilirəm ki, Rusiya rəhbərliyi də separatçılığın əleyhinə çıxır. Odur ki, bu məsələdə mənim mövqeyim sizə məlum idi. Belə hesab edirəm ki, MDB daxilində, - əgər biz dövlətlər birliyiyiksə, - münaqişələr olmamalıdır. Ötən zirvə toplantısında, iclasın qapalı hissəsində mən təklif irəli sürdüm ki, MDB daxilində - MDB dövlətləri arasında və MDB daxilində bütün münaqişələri aradan qaldırmaq üçün dövlət başçıları arasında xüsusi komitə yaradılsın. Mən hesab edirəm ki belə münaqişələri aradan qaldırmaq üçün potensial var. Biz bunu edə bilsək bu, dövlətlərimizin daha çox yaxınlaşmasına xidmət edər. Üstəlik, birlik dövlətlərindən birinin zərərinə olaraq digərinə ayrılıqda və ya gizlicə, kontrobanda yolu ilə silah verilməsi yaxşı hal deyil, bu heç əndazəyə sığmır. Ümidvaram ki, Rusiya rəhbərliyinin etirafı öz nəticələrini verəcəkdir. Rusiya rəhbərliyi söz vermişdir ki, onlar bu işlə məşğul olacaqlar və prokurorluq məşğul olur. Düşünürəm ki, biz hamımız bu hadisələrin son nəticələrindən nə vaxtsa xəbər tutacağıq. S u a l: Sual Azərbaycan prezidentinədir. Aydındır ki, bu gün siz neftin nəql olunması məsələlərini həll etdiniz, habelə bir sıra sazişlər imzaladınız. Siz iqtisadiyyatın daha hansı sahələrində öz aranızda əməkdaşlıq edəcəksiniz? Mən Xəzər dənizinin statusu məsələsini də nəzərdə tuturam. 

Heydər Əliyev: Bunlar bir-biri ilə bağlıdır. Biz elə Xəzər dənizinin statusu məsələsində əməkdaşlıq edirik və deməliyəm ki, Xəzər dənizi məsələsində Qazaxıstanla Azərbaycanın mövqeləri oxşardır. Son iki ildən artıqdır ki, Xəzər dənizinin statusunu müəyyənləşdirmək üçün müxtəlif məslələtəşmələr, görüşlər keçirilir, danışıqlar aparılır. Xəzər dənizinin statusunu prinsipcə müəyyən etmək lazımdır, lakin eyni zamanda artıq çox şey müəyyən olunmuşdur. Hələ Sovet İttifaqı dövründə, Xəzər dənizi əslində tamamilə Sovet İttifaqına məxsus olan dövrdə Xəzər dənizinin sektorları müəyyən edilmişdir - bu dəniz Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya, İran sektolarına bölünmüşdür. Biz belə hesab edirik ki, hər bir Xəzəryanı dövlət işi, xüsusən Xəzər dənizinin dibindəki mineral ehtiyatlardan istifadə olunması işini bu sektorlar daxilində aparmalıdır. Təkrar edirəm, şadam ki, bu baxımdan Qazaxıstanla Azərbaycanın mövqeyi uyğun gəlir. Düşünürəm ki, biz bu məsələni gələcəkdə də birgə səylərimizlə həll edə biləcəyik. 

O ki qaldı digər sahələrdə əməkdaşlığa, bu gün biz 17 sənəd imzaladıq. Prezident Nazarbayev Bakıda olarkən 12 sənəd imzalamışdıq. Bu sənədlər həm Qazaxıstanın, həm də Azərbaycanın həyatının müxtəlif sahələrinə aiddir və əməkdaşlığı zəruriyyətə çevirir. Odur ki, biz bu əməkdaşlığı həyata keçirəcəyik. 

Sual: Türkdilli xalqların və dövlətlərin birliyi, o cümlədən Dağlıq Qarabağdakı vəziyyət haqqında nə deyə bilərsiniz? 

Heydər Əliyev: Şübhəsiz ki, birlik olmalıdır. Siz bunu istəyirsiniz, hə? Hesab edirəm ki, hazırda türkdilli xalqlar tarixi ənənələr, dil birliyi əsasında, bir çox mədəni dəyərlərin, mənəvi dəyərlərin ümumiliyi əsasında əməkdaşlıq etmək üçün böyük imkan əldə ediblər. Bu iş türkdilli dövlətlərin başçılarının görüşləri çərçivəsində görülür və mən buna böyük əhəmiyyət verirəm. Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Azərbaycanın dövlət müstəqilliyi əldə etməsi böyük tarixi hadisədir və məhz bu, artıq müstəqil, suveren dövlətlər olan türkdilli dövlətlərə öz aralarında bilavasitə münasibətlər yaratmaq, əməkdaşlıq etmək və türkhəmrəyliyinə nail olmaq imkanı verir. Mən bu cür prinsipləri tamamilə dəstəkləyirəm və öz siyasətimdə bundan sonra da bu yolla gedəcəyəm. 

Nursultan Nazarbayev: Mən demək istərdim ki, biz əvvəl-axır sosialist sindromundan imtina etməliyik. Əgər Minskdə görüşürlərsə, deməli, slavyanlardır. Əgər Almatıda, yaxud Bakıda görüşürlərsə, bundan - Pantürkizm və ya Panislamizim havası gəlir. Bu, büsbütün cəfəngiyatdır. Dövlətlətimizdən heç biri bir imperiyadan çıxdıqdan sonra başqa bir imperiyaya girmək fikrində deyildir. Başqa məsələdir ki, totalitar sistem bizi ümumi köklərimizdən ayrı salmışdı və sadəcə olaraq bizi məcbur edirdi ki, eyni mənşədən olduğumuzu unudaq. Təbii ki, bu xalqlar bir-birinə meyl edirlər. Gəlin xatırlayaq ki, əl-Fərabidən və ya Füzulidən başlayaraq bütün məşhur şəxsiyyətlər bu xalqların hamısının xadimləridir. Onlar hamıya nıəxsusdurlar. "Qorqud baba" bütün türk dünyasına məxsusdur. Bax, bu tarixə nəzər salaraq, vahid kök, vahid tarix, vahid mədəniyyət əsasında insanların onların böyük qrupunun yaxınlaşmasına nəyin xidmət etdiyini yada salın. Ona görə də bu cür istənilən birlik ümumən bütün MDB xalqlarının bir-birinə yaxınlaşmasına xidmət etməlidir. Asiya inteqrasiyası, Avropa inteqrasiyası - axı heç kim demir ki, onlar hansısa prinsip üzrə görüşürlər. Ona görə bu cür istənilən görüşlər, istənilən sazişlər, hər hansı ehtiram hissləri, məhrəm hisslər bütünlükdə bəşəriyyətə xidmət edir, mənim fikrimcə, insanların yaxınlaşmasına və hər cür gələcək münaqişələrə qarşı qoruyucu işə xidmət edir.

Sual: İndi siz neftin nəqli sahəsində əməkdaşlıq haqqında memorandum imzaladınız. Deyə bilməzdinizmi, nefti Azərbaycan ərazisi vasitəsilə necə göndərməyi planlaşdırırsınız? Yeni boru kəməri çəkməyi planlaşdırırsınızmı və Azərbaycan bundan nə kimi mənfəət götürəcəkdir? Siz hər il nə qədər neft göndərməyi nəzərdə tutursunuz? 

Nursultan Nazarbayev: Sovet İttifaqı mövcud olanda Qazaxıstan Xəzər dənizi vasitəsilə Bakıya 7 milyon ton neft göndərirdi. İndi heç biriniz bunu bilmirsiniz, unutmusunuz. Hazırda biz Aktau limanını bərpa edirik, bundan ötrü xususi vəsait ayrılacaq, burada Bərə nəqliyyatı və iri tankerlər üçün neftdoldurma qurğuları işləyəcəkdir. Biz dənizlə 10 milyon tonadək neft göndərməyi nəzərdə tuturuq. Onu Qafqaz dəhlizi vasitəsilə Qara dəniz sahilinə nəql etmək üçün Bakıya göndərmək lazımdır. Bu neftin istehlakçısı kim olacaq - Bolqarıstan, Ukrayna, bəlkə də Türkiyə olacaq, bəlkə də Bosfor vasitəsilə aparılacaq. Zənnimcə, nefti qəbul etmək üçün Supsa limanı da yenidən qurulur, burada böyük terminal tikilir. Bu, bir məsələdir. 

Bunun özü də azdır, çünki Qazaxıstan böyük neft hasilatçısı olmaq fikrindədir. Ona görə də nefti əvvəl beləcə, indi dediyimiz kimi göndərməkdən söhbət gedir, sonra isə birbaşa Qazaxıstanın sərhədindən Bakıya tərəf Xəzər dənizinin dibi ilə boru kəməri çəkmək lazımdır. Bütün dünyada belə edilir. Orada Xəzərin dərinliyi 100 metrdir. Heç kimə əsla mane olmur. Yəni birbaşa boru kəməri çəkmək və sonra neftin Türkiyə, Aralıq dənizi vasitəsilə, yaxud yenə də Qara dəniz vasitəsilə nəqli məsələsini həll etmək gərəkdir - bizi istənilən variant qane edir. Biz sənəd imzalamışıq ki, belə variantı dəstəkləyirik, başqa sözlə, dünya sərmayədarlarına işarə edirik ki, belə şey mümkündür və həmin boru kəmərində böyük neft olacaqdır. Bu, hamı üçün faydalı olacaqdır. Faydaya gəldikdə isə, bu, beynəlxalq aləmdə olduğu kimidir. Kimin ərazisindən nə qədər neft keçir, hər barrel üçün nə qədər ödənilməlidir - bunlar da məlumdur. 

Sual: Haqqında danışdığınız o planlarda Rusiyaya hansı yer verilmişdir?

Nursultan Nazarbayev: Əvvəla, Xəzər dənizinin şelfindən istifadə üçün tenderə bütün dövlətlərlə birlikdə ən əvvəl Rusiya şirkətləri dəvət edilirlər. Onlar bilməlidirlər ki, bu gün Rusiyanın "LUKoyl" şirkəti Tengiz layihəsinin 200 milyon dollara alınmış bir hissəsinə malikdir. İndi "Lukoyl" Şirkətinin Qazaxıstanda təxminən yarım milyard Amerika dolları məbləğində mülkiyyəti var və bu mülkiyyəti o, tenderlərdə udmuşdur. Xəzər boru kəməri konsorsiumunda (XBK) Qazaxıstan, Rusiya, Oman və başqa dövlətlər iştirak edirlər. Məsələn, mən əminəm ki, neft kəmərlərinin məhz bu Cənub qollarından da, XBK-dən də Rusiya tamamilə istifadə edə bilər. Qazaxıstan ərazisi ilə çəkilmiş istənilən qaz kəmərlərindən rusiyalılar olduqca böyük fayda ilə tam istifadə edə bilərlər. İndi Sərəxs-İran-İran körfəzi marşrutu ilə keçən dəmir yolundan artıq Rusiya da istifadə edir. Rusiya yükləri "Drujba" stansiyasından keçib gedir. Bir sözlə, biz Azərbaycan və Qazaxıstandan danışırıq, çünki biz buradayıq, əgər hamı burada olsaydı, onda hamının haqqında söhbət açardıq. Burada heç bir təklənmə yoxdur, əksinədir. Siz ki, Qazaxıstanın siyasətini bilirsiniz - qapılarımız hamının üzünə açıqdır. 

Heydər Əliyev: Mən də hesab edirəm ki, Rusiyaya bütün bu işlərdə və layihələrdə böyük yer verilmişdir. Məsələn, biz 1994-cü ilin sentyabrında xarici şirkətlərlə imzalanmış kontrakt üzrə ilkin neftin ixracı üçün Rusiya ərazisi ilə Novorossiysk limanına xüsusi neft kəməri çəkmişik. Deməliyəm ki, bu neft kəməri Azərbaycan ərazisində artıq bir neçə ay bundan əvvəl hazır olmuşdur, Rusiya ərazisində isə hələlik hazır deyildir, halbuki bizim razılaşmaya görə, biz həmin neft kəməri ilə neftin ixracına artıq başlamalı idik. Biz Rusiya rəhbərliyi ilə bu barədə danışıqlar apardıq. Onlar söz verdilər ki, neft kəməri oktyabr ayınadək hazır olacaqdır. Odur ki, konsorsiumun kontraktı üzrə ilkin neftin ixracı üçün ilk neft kəməri məhz Rusiya ərazisi ilə Qara dəniz sahilindəki Novorossiysk limanına yönəldi. Azərbaycanda neft şirkətlərinin beynəlxalq konsorsiumları ilə beş kontrakt imzalanmışdır. Bu kontraktlarda Rusiyanın iri neft şirkəti olan "LUKoyl" fəal iştirak edir, böyük paya malikdir. Bu yaxınlarda "Rosneft" şirkəti bizə müraciət etmişdir və biz "Rosneft" in və Rusiyanın digər neft Şirkətinin bu işlərdə iştirakı haqqında danışıqlar aparırıq. Müxtəsəri, Rusiya tamamilə təmsil olunmuşdur. 

Sual: Siz sənədlərin ümumi paketinə daxil edilmişəlavədən danışdınız. Söhbət nədən gedirdi? 

Nursultan Nazarbayev: Neft maşınqayırmasında əməkdaşlıqdan. Məlum olduğu kimi, bütün Sovet İttifaqında ən güclü, ən yaxşı neft maşınqayırma müəssisəsi orada, Bakıda idi. Bu sahəni biz özümüz də inkişaf etdiririk. Amma bir-birinə mütəxəssislər, texnologiya göndərilməsi, lazımi ehtiyat hissələri və neft hasilatı üçün maşınlar alınması çox vacibdir. Mən belə hesab edirəm.

Sual: Siz "Komsomolskaya pravda"nın müxbiri ilə müsahibənizdə demişdiniz ki, Qazaxıstanda sərmayədarlara son dərəcə əlverişli şərait yaradılıb. Deyə bilərsinizmi, nə kimi şərait yaradılıb? 

Nursultan Nazarbayev: Bizimkilərin hamısı bilir, buna görə də vaxtı çox almaq istəməzdim. İqtisadiyyat üzrə köməkçim buradadır. O, xarici sərmayələrə aid qanunlarımızı sizə verər. Bizim üçün üstün olan obyektlərdə işləyəcək xarici sərmayədarlara güzəştlər veririk. Bu, neft və qaza, digər faydalı qazıntılara da aiddir. 

Sual: Xəzərin statusunun müəyyən olunması prosesi getsə də, Qazaxıstan və Azərbaycan Xəzər dənizində özlərinin hesab etdikləri sektorlarda kifayət qədər fəal işləyirlər. Heydər Əliyeviç, xahiş edirəm deyəsiniz, Xəzər dənizinin sektorlarını müəyyənləşdirmək üstündə Türkmənistanla aranızda düşmüş mübahisələr sizə mane olur, ya yox? 

Heydər Əliyev: Mübahisələr var, ola da bilər, lakin mübahisələr bizə mane olmur və ola bilməz. Çünki biz öz sektorumuzu tanıyırıq və bilin ki, hələ 40-cı illərdən başlayaraq Xəzər dənizində Azərbaycan neftçiləri, alimləri, geoloqları əsas yataqları kəşf etmiş və Azərbaycanda hansı yatağın harada, hansı sektorda olduğunu dəqiq bilirlər. Buna görə də mübahisələr ola bilər, lakin onlar bizə maneçilik törətmir.