Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin paytaxt sakinləri qarşısında nitqi - Bakı, Nizami rayonu, 21 avqust 2002-ci il


Əziz bacılar, qardaşlar!

Hörmətli xanımlar və cənablar!

Mən sizi, Nizami rayonunun sakinlərini, Bakının bütün sakinlərini səmimi-qəlbdən salamlayıram. Sizin hər birinizə cansağlığı, səadət və işlərinizdə uğurlar arzulayıram. Bu gün işin sonunda mən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla telefonla danışırdım. O mənə dedi ki, biz vaxtaşırı parklarda – Milli Parkda, başqa parklarda açıq havada böyük konsertlər təşkil edirik, bunlar da bizim vətəndaşlarımızın yaxşı istirahətinə kömək edir. Mən dedim ki, bu çox yaxşı şeydir. Hərdən bunu televiziya ilə görürəm,  mənə dedi ki, bu gün Nizami rayonundakı parkda belə bir konsert olacaqdır, bunu "Space" özəl televiziya kanalı təşkil edibdir.

Maraqlandım və dedim ki, əgər imkan tapsam, gələrəm. Amma sonra həvəsim daha da artdı və gəldim. Bu əhval-ruhiyyəni, bu mənzərəni, sizi, Azərbaycanın bu gözəl insanlarını görəndə, təbiidir ki, daha da sevindim. Mən çox məmnunam ki, siz belə yaxşı istirahət edirsiniz. Bizim incəsənət ustaları sizə istirahət etmək üçün xidmət edirlər. Mən də bu gün sizinlə bərabər bu istirahəti keçirirəm. Xatırlayıram, dörd il bundan öncə – 1998-ci ildə mən burada sizinlə görüşmüşdüm. Onda bu park yenicə yaranmışdı. Məni buraya dəvət etdilər. O vaxt da burada indiki kimi həddindən artıq insan toplaşmışdı, konsert vardı. Mən də o vaxt Nizami rayonunun sakinləri ilə birlikdə bu konsertdə oldum. Hətta çıxış edərək bəzi fikirlərimi də bildirdim. O vaxtdan dörd il keçibdir. Dörd il o qədər də böyük bir zaman deyildir. Amma bu illərdə Azərbaycan ardıcıl surətdə inkişaf edib, insanlarımızın rifahı yaxşılaşıb, həyat daha da gözəlləşibdir. Bu park da artıq dörd il bundan öncəki park deyildir. Görürəm, ağaclar böyüyüb, çiçəklər, güllər var. Bunların hamısı insanlar, Azərbaycanın vətəndaşları üçündür. Son illər Bakıda belə parkların yaranması çox əhəmiyyətli haldır. Çünki biz indi görürük ki, Bakıda dənizkənarı bulvardan – Milli Parkdan əlavə, mikrorayonlarda onlarca park yaranıb və onlar vətəndaşların istirahətinə şərait yaradır. Mən o vaxt da bu təşəbbüsü dəstəkləmişdim. Çünki yəqin siz unutmamısınız, mən hələ 1970-ci illərdə Azərbaycanın, xüsusən Bakının yaşıllaşdırılması proqramını irəli sürmüşdüm. O proqramı ardıcıl surətdə həyata keçirirdim. O illərdə, təxminən 25–30 il bundan öncə bizim basdırdığımız kiçik ağaclar indi böyüyüb, şəhərin müxtəlif küçələrini, prospektlərini, parklarını bəzəyir. Bu çox gözəl, xeyirxah işdir. Bu təkcə gözəllik üçün deyildir. Bakının belə yaşıllaşdırılması respublika paytaxtının iqliminin daha da yaxşılaşmasına, havasının təmizlənməsinə çox kömək edir. Bəlkə də hər insan bunu bir dəqiqədə hiss etmir. Ancaq bu həqiqətdir və aparılan müşahidələr bunu göstərir.

Son ildə Bakıda görülən işlər – müxtəlif, yaddan çıxmış guşələrdə, bağçalarda, parklarda yeni-yeni əyləncə və istirahət yerlərinin yaranması, fəvvarələrin yaranması, küçələrin, prospektlərin təmizliyinə diqqət yetirilməsi və başqa abadlıq işləri sizi də, məni də sevindirir. Mən bunları daim izləyirəm. Hər bir belə müsbət addıma çox yüksək qiymət verirəm. Amma eyni zamanda bu hələ o demək deyildir ki, Bakıda biz hər yeri təmizləmişik. Mən bir dəfə Azərbaycan televiziyasının sədri Xudiyevə dedim ki, siz şəhərin müxtəlif yerlərini gəzin, baxın. Çoxlu çatışmazlıqlar, nöqsanlar, antisanitariya halları taparsınız. O mənim bu məsləhətimə qulaq asdı. İndi Azərbaycan televiziyasının "Xəbərlər" proqramında hərdən baxıram ki, gedib bir yerdə çox antisanitariya vəziyyətində olan guşəni tapırlar, çəkirlər, orada olan insanlarla danışırlar, onların səsini yazırlar. İnsanlar öz narazılığını, etirazını bildirirlər. Televiziyanın bu işi çox yaxşı haldır – tapır, göstərir. Ondan sonra isə bizim icra orqanları, rayon və şəhər icra hakimiyyəti orqanları mütləq gedib o yerləri sahmana salmalıdırlar. Bakı böyük şəhərdir.

Təəssüflər ki, burada 10–15 il içərisində pərakəndəlik olub, şəhərsalma prinsipləri çox yerdə pozulubdur. Bunlar da belə hallara gətirib çıxarıbdır. Amma bunların hamısını deyərkən, güman edirəm, razı olarsınız ki, bu gün bizim hamımız bir səslə deyək: son aylarda, son ildə Bakıda çox gözəl işlər görülür, biz bunu dəstəkləyirik və ümidvarıq ki, bu işlər davam edəcəkdir. Bu günlər 1993-cü ildə olan bəzi hadisələri, Azərbaycanın parçalanması, dağılması ilə əlaqədar olan bəzi hadisələri televiziya göstərir və bir də hamının yadına salır ki, Azərbaycan nə vəziyyətdə idi. Təəssüflər olsun ki, 1991,1992,1993-cü illərdə Azərbaycanda hərc-mərclik, hakimiyyətsizlik və insanlara çox mənfi münasibət baş alıb gedirdi. O vaxtdan 9 il keçibdir. Amma indi görürsünüz, təkcə Bakıda deyil, Azərbaycanın hər yerində əmin-amanlıq, rahatlıq var. İnsanlar rahat istirahət edə bilirlər. İnsanların yaşaması üçün şərait yaranıbdır. Bunlar bizim əldə etdiyimiz nailiyyətlərdir. Ancaq biz heç də demirik ki, hər şey edilibdir. Yox. Bundan sonra hələ çox işlər görülməlidir. Azərbaycanda işsizlik problemi var, bu, həll olunmalıdır. Digər problemlər var, həll olunmalıdır. Bu axşam istirahət saatlarında sizin vaxtınızı alıb sizə narahatçılıq gətirmək istəmirəm. Ancaq sizə bildirmək istəyirəm ki, bizim ölkəmizdəki nöqsanları, çatışmazlıqları hakimiyyət orqanları, xüsusən prezident görür, onların aradan qaldırılması üçün lazımi tədbirlər görülür.

Bizim hamımızın bir böyük dərdi var – Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək, yerindən-yurdundan didərgin düşmüş soydaşlarımızı öz elinə, obasına qaytarmaq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək və bölgədə sülh yaratmaq. Siz bilirsiniz ki, ötən illər biz ardıcıl olaraq bu işlə məşğul olmuşuq. Bu günlərdə, avqustun 14-də mən Ermənistan–Azərbaycan sərhədində – Naxçıvan Muxtar Respublikasında, Sədərəkdə Ermənistan prezidenti Köçəryanla yenidən görüşdüm. Biz əvvəllər də görüşmüşdük. Biz dörd saat danışıq apardıq, məsələləri müzakirə etdik. Onun da, mənim də fikrim budur ki, məsələ sülh yolu ilə həll olunmalıdır. Ancaq nə cür həll olunmalıdır – bunda çətinliklər var. Amma buna baxmayaraq, mən bəyan etdim və bu gün sizə də bildirmək istəyirəm ki, bu danışıqlar və Minsk qrupunun həmsədrləri tərəfindən aparılan işlər davam etdirilməlidir, biz məsələnin sülh yolu ilə həll olunmasına çalışmalıyıq. İnanıram ki, buna biz nail olacağıq. İşğal olunmuş torpaqlarımız azad ediləçəkdir. Əziz dostlar, mən bu axşam vaxtı sizə bir sual vermək istəyirəm. Avqustun 24-də, şənbə günü Azərbaycanda nə baş verəcək?

Yerdən səslər: Referendum!

Heydər Əliyev: Yox, bir də təkrar edin, mən yaxşı eşitmədim.

Yerdən səslər: Referendum!

Heydər Əliyev: Referendum, yaxşı bilirsiniz. Bu referendum nə üçündür?

Yerdən səslər: Azərbaycan Konstitusiyasında bəzi dəyişikliklər etmək üçün.

Heydər Əliyev: Bu dəyişikliklər nəyə lazımdır?

Yerdən səslər: Lazımdır.

Heydər Əliyev: Sizə bildirmək istəyirəm ki, müstəqil dövlət kimi, Azərbaycan 1995-ci ildə öz Konstitusiyasını ümumxalq səsverməsi, referendum vasitəsilə qəbul etdi. Mənim xatirimdədir ki, biz bu Konstitusiyanın layihəsini necə ağır və çətin şəraitdə hazırlayırdıq. Bu Konstitusiyanın əleyhinə çıxanlar da, bəyənməyənlər də var idi. Ancaq biz Konstitusiya layihəsini ümumxalq səsverməsinə çıxardıq və xalq bizim təqdim etdiyimiz layihəyə "hə" dedi, onun lehinə səs verdi və Konstitusiya xalq tərəfindən qəbul olundu. Biz 7 ildir ki, bu Konstitusiyanın müddəalarından istifadə edərək, bu Konstitusiyaya riayət edərək, bu Konstitusiyanın göstərdiyi yolla gedərək Azərbaycanı inkişaf etdiririk. Bu Konstitusiya əsasında yüzlərlə qanun qəbul olunubdur. Onlar müstəqil Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu prosesinin həyata keçirilməsi üçün öz xidmətlərini göstəriblər.

Ölkəmizin iqtisadiyyatında aparılan islahatlar, struktur dəyişiklikləri, bir çox digər tədbirlər – bunlar hamısı Azərbaycanın Əsas Qanunu, Konstitusiyası əsasında həyata keçirilir. Ancaq illər keçir, dünyada və respublikamızda dəyişikliklər əmələ gəlir, bunlar da Konstitusiyanın bəzi maddələrində vaxtaşırı dəyişiklik etmək zərurətini meydana çıxarır. Amma Azərbaycanın Konstitusiyası referendum vasitəsilə qəbul olunduğuna görə, biz xalqın ixtiyarı olmadan Konstitusiyanın heç bir müddəasını, maddəsini dəyişə bilmərik. Ona görə də mən Azərbaycan prezidentinə Konstitusiya ilə verilmiş səlahiyyətlərdən istifadə edərək, iyunun 22-də Konstitusiyada bəzi dəyişikliklər olunmasına dair referendum aktı layihəsinin

müzakirəyə verilməsi haqqında fərman imzaladım. İki aya yaxındır ki, hər yerdə müzakirələr gedir. Radio, televiziya, qəzetlər və digər kütləvi informasiya vasitələri bu dəyişiklikləri izah ediblər və edirlər. Mən əminəm ki, bu dəyişikliklərin tam əksəriyyətini Azərbaycanın səsvermə hüququna malik olan vətəndaşları artıq bilirlər. Avqustun 24-də referendum keçiriləcək və həmin dəyişikliklərə səs veriləcəkdir.

Ümidvaram ki, Azərbaycan vətəndaşlarının tam əksəriyyəti mənim təqdim etdiyim bu dəyişikliklərə səs verəcək və referendum uğurla keçəcəkdir. Bilirsiniz ki, bu referendumun keçirilməsinə və nəzərdə tutulan bəzi dəyişikliklərin aparılmasının əleyhinə çıxanlar da var. Onlar kimlərdir? Müxalifət partiyaları, müxalifət təşkilatları. Başqa bu dəyişikliklərin əleyhinə çıxanlar yoxdur. Müxalifət partiyaları Konstitusiyaya dəyişikliklərin nə üçün əleyhinə çıxırlar? Orada əleyhinə çıxılası bir şey yoxdur. O dəyişikliklər birinci növbədə, Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının daha da yaxşı təmin edilməsinə həsr olunmuşdur. Bu bizim Konstitusiyanın əsas məqsədidir. Konstitusiyanın üçdə bir hissəsi Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının təmin edilməsinə həsr olunubdur. İndi bu hüquq və azadlıqları daha da etibarlı təmin etmək üçün həmin dəyişikliklər təklif edilir. Bir neçə başqa dəyişikliklər də var. Əgər prezident fəaliyyətini həyata keçirə bilməsə, səlahiyyətlərini kimə – Milli Məclisin sədrinə və ya Baş nazirə verməlidir? Vətəndaş üçün bunun nə fərqi var?! Heç bir fərqi yoxdur. Amma bunun əleyhinə çıxanlar, sadəcə, hər şeyin əleyhinə çıxırlar. Əgər mən əksinə düzəlişlər versəydim, onlar yenə də əleyhinə çıxacaqdılar. Çünki təəssüflər olsun ki, Azərbaycanda formalaşmış müxalifət çox gücsüz bir müxalifətdir. Həm də müxalifət iqtidar münasibətlərinə aid olan yüksək mədəniyyət səviyyəsinə qalxa bilməyiblər. 

Otuz müxalifət partiyası avqustun 20-də Bakıda "20 Yanvar" metrosundan "Qələbə" kinoteatrının qarşısına qədər yürüş-mitinq keçiriblər. Nə üçün? Bu referendumun əleyhinə çıxırlar. Həmin otuz partiya cəmisi iki minə qədər adam toplaya bilibdir. Əgər siz bu qədər çalışıb öz kütləvi aksiyanıza iki mindən artıq adam toplaya bilmirsinizsə, bu millətə, bu xalqa mane olmayın! Qoy insanlar rahat yaşasınlar! Qoyun, biz bütün bu proqramları yerinə yetirək! Mən belə deyəndə, siz düşünməyin ki, biz onların, bəzi müxalifətqüvvələrinin belə hərəkətlərinə görə işimizi görə bilmirik. Biz işimizi görürük və görəcəyik. Bizə indiyə qədər heç kəs mane ola bilməyib və bundan sonra da mane ola bilməyəcəkdir. Ancaq baxıram, bu gün burada – bu parkda neçə min adam var. Vallah, mənə dedilər ki, parkda 25–30 min adam var. Sizdən soruşuram, burada nə qədər adam var?

Yerdən səslər: 30 minədək.

Heydər Əliyev: Bu tədbiri "Space" telekanalı təşkil edibdir. Onlar deyirlər ki, 30 min adam var. Amma 30 müxalifət partiyası yürüş-mitinqə iki min adam çıxartdı. Ancaq təkcə "Space" telekanalının dəvəti ilə bu gün bu parka 30 min adam toplaşıbdır. Çünki niyə? Ona görə ki, bu adamların hamısı bir amalla – Azərbaycanın dövlətçiliyini möhkəmləndirmək, Azərbaycanın müstəqilliyini möhkəmləndirmək, Azərbaycanın qarşısında duran problemləri həll etmək, Azərbaycanı inkişaf etdirmək amalları ilə yaşayırlar. 

Əziz dostlar! 

Mən Azərbaycan vətəndaşlarından həddindən artıq razıyam. Çünki bu 9 ildə həyata keçirdiyim tədbirlərin hamısında mən Azərbaycan vətəndaşlarının dəstəyini almışam və bu dəstəyə görə də 9 ildir ki, Azərbaycanın prezidenti vəzifəsini həyata keçirirəm. Ümidvaram ki, bu dəstəyi mən sizdən bundan sonra da alacağam. Beləliklə, mən heç şübhə etmirəm ki, ayın 24-də hamınız tezdən seçki məntəqələrinə gedəcək və referenduma çıxarılan dəyişikliklərə səs verəcəksiniz. 

Yaşasın qəhrəman Azərbaycan xalqı!

Yaşasın müstəqil Azərbaycan, Azərbaycan, Azərbaycan!

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış