Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Yaponiyanın xarici işlər naziri Keyzo Obuçi ilə görüşdəki söhbətindən - Tokio, Azərbaycan Prezidentinin iqamətgahı, 26 fevral 1998-ci il


Cənab nazir, hörmətli Keyzo Obuçi!

Səmimi sözlərə və qonaqpərvərliyinizə görə çox sağ olun. Baş nazir cənab Haşimotonun dəvəti ilə Yaponiyaya etdiyim ilk rəsmi səfərin Azərbaycan-Yaponiya əməkdaşlığının inkişafında yeni mərhələ açacağına ümidvar olduğumu bildirirəm.

Yaponiyaya səfərimə bir daha yüksək qiymət verir, keçirdiyim çoxsaylı görüşlərdə hər iki ölkə üçün qarşılıqlı surətdə faydalı əlaqələrin daha da sıxlaşdırılması barədə müzakirələrin çox uğurlu keçdiyini nəzərə çarpdırmaq istəyirəm.

Son illər müstəqil Azərbaycan Respublikasında hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu və islahatların müvəffəqiyyətlə aparılması sahəsində nailiyyətlər əldə olunmuş, bazar münasibətləri yolunu seçmiş, öz qapılarını xarici iş adamlarının üzünə geniş açmış ölkəmiz dünyanın ən nüfuzlu şirkətləri ilə bütün sahələrdə çox six əlaqələr qurmuşdur.

Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi üçün 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"nin konkret nəticələr verdiyi, ötən ilin noyabrında "Çıraq" yatağından ilkin neft hasil edilməsi təntənə ilə qeyd olundu.

Dünyanın 12 ölkəsinin 20-dən çox nüfuzlu şirkətinin iştirak etdiyi böyük əhamiyyətli neft müqavilələri imzalandı.

Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının birgə işlənilməsi üçün bağlanmış müqavilələrin həyata keçirilməsində "İtoçu" və "Mitsui" şirkətlərinin yaxından iştirak etdiyini razılıqla bildirirəm. Yaponiyanın digər şirkətlərinin də respublikamızda geniş fəaliyyətə böyük maraq göstərmələrini yüksək qiymətləndirirəm.

Yaponiyanın Baş nazirinin elan etdiyi və Cənubi Qafqaz, Mərkəzi Asiya dövlətləri ilə hərtərəfli münasibətlərin inkişaf etdirilməsini nəzərdə tutan "İpək yolu diplomatiyası"nı da yüksək qiymətləndirirəm. Bir vaxtlar Asiyadan Avropaya uzanan həmin yolun üzərində indi 33 ölkə yerləşir və biz "İpək yolu"nun dirçəldilməsi ilə bağlı məsələləri müzakirə etmək üçün bu ilin may ayında Bakıda Avropa Birliyinin iştirakı ilə həmin ölkələrin nümayəndələrinin beynəlxalq konfransını keçirməyi qərara almışıq.

Trans-Avropa-Asiya dəhlizinin böyük perspektivləri vardır. Bu nəqliyyat dəhlizinin normal fəaliyyət göstərməsi üçün Azərbaycan bir sıra mühüm işlər görmüş, sazişlər imzalamışdır.

Azərbaycanın Yaponiya ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsinə dövlətimiz xüsusi əhəmiyyət verir, beynəlxalq təşkilatlarda və toplantılarda ölkələrimizin əməkdaşlığının daha da möhkəmləndirilməsinin zəruri olduğunu bildirmək istəyirəm.

Ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan münaqişəsindən, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən, 1 milyondan çox vətəndaşımızın yerindən-yurdundan didərgin salınmasıdır. Bu münaqişənin sülh yolu ilə həlli üçün 1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə əsas prinsiplər qəbul olundu, Minsk qrupu çərçivəsində danışıqlar aparıldı va həmsədrlər - Rusiya, ABŞ, Fransa bu münaqişənin sülh yolu ilə həll edilməsi haqqında təkliflər irəli sürdülər.

Azərbaycan-Yaponiya əməkdaşlığının ardıcıl surətdə inkişaf etdirilməsi, ölkələrimizin diplomatik münasibətlərinin daha da yaxşılaşdırılması və bir sıra digər məsələlərə bundan sonra daha ciddi diqqət yetiriləcəkdir.