Azərbaycan Prezidenti Heydər Əliyevin İran Islam Respublikası xarici işlər nazirinin Avropa və Amerika məsələləri üzrə müavini və İranın Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Əli Əhani ilə görüşdə söhbətindən - 28 avqust 2001-ci il


Heydər Əliyev: Hörmətli cənab Əhani!

Hörmətli nümayəndə heyəti!

Hörmətli qonaqlar!

Sizi Azərbaycanda yenidən görməyimdən məmnunam. Düşünürəm, siz də razı olacaqsınız ki, bu səfər, bu görüş bizim tərəfimizdən olan təşəbbüsün nəticəsidir. Yəni biz sizi dəvət etmişik. Hesab edirəm ki, görüşlər tez-tez olmalıdır və İran-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün lazımi tədbirlər görülməlidir.

Mən bilirəm ki, siz bu gün səhərdən görüşlər keçirmisiniz. Düşünürəm ki, bu xeyirlidir və gələcəkdə də belə görüşlər olmalıdır. Beləliklə, biz ölkələrimiz arasındakı əlaqələri daha da inkişaf etdirə bilərik.

İran-Azərbaycan əlaqələri bizim üçün çox əhəmiyyətli və əzizdir. Bu əlaqələrin daha da inkişaf etməsi bizim xarici siyasətimizin əsas sahələrindən biridir. Buyurun, sizi dinləyirəm.

Əli Əhani: Cənab prezident, mənə ayırdığınız vaxta görə çox təşəkkür edirəm. Mən cənab prezident Xatəminin səmimi salamlarını Sizə çatdırıram. Sizə məhəbbətli sözlərinizə görə də minnətdarlığımı bildirirəm.

Cənabınızın və Azərbaycan rəsmi şəxslərinin dəvəti bizim tərəfimizdən böyük həvəslə qəbul edildi. Bu da sizlər kimi, bizim də ölkələrimiz arasında münasibətlərə verdiyiniz qiymətin göstəricisidir. Mənim bu səfərim çox əhəmiyyətlidir və bir ara rəsmi şəxslərlə olduqca faydalı, konstruktiv danışıqlar apardıq.

Cənabınızın son günlərdə göstərdiyi uzaqgörənlik əlaqələrimizin düşmənlərinin nakam qalması istiqamətində çox təqdirəlayiqdir. Çünki bir çoxları böyük maraq və şadyanalıqla İran-Azərbaycan arasında uçurum, əlaqələrdə fasilə yaranmağı gözləyirdilər. İki ölkənin birgə iqtisadi əməkdaşlıq komissiyasına yeni sədr təyin etmək barədə cənabınızın qəbul etdiyi qərar çox əhəmiyyətli idi. Bu da bizim əlaqələrimizin müxtəlif cəhətlərini daha sürətlə inkişaf etdirməyə imkan verir.

Mən bu gün sizin iqtisadi inkişaf naziri və xarici işlər nazirinizlə çox faydalı danışıqlar apardım. Bu görüşlər cənabınızın İrana səfərini daha yüksək səviyyədə təşkil etməyə kömək edəcəkdir. Bu səfərin tarixi səfər olması üçün hər iki tərəf onun yüksək nəticələrlə müşayiət edilməsinə çalışmalıdır. İranla Azərbaycan bir-birinə qonşu olmaqla bərabər, bir sıra ortaq xüsusiyyətlərə və maraqlara malikdirlər. Bir sıra məsələlərdə, o cümlədən Xəzər məsələsində fikir ayrılığı iki xalq arasında düşmənçilik demək deyildir. Bizim 750 kilometrdən artıq birgə sərhədlərimiz var. Tarixi, mədəni, dini ortaqlıqlarımız var. Təbiidir ki, istənilən fikir ayrılığı danışıqlar şəraitində səmimi şəkildə araşdırılıb həll olunmalıdır. Biz danışıqların və məsləhətləşmələrin davam etdirilməsini dəstəkləyirik.

İki gündən sonra birgə komissiyanın məsul şəxslərinin və nazirlərin iştirakı ilə Biləsuvar sərhəd bazarının açılış mərasimi olacaqdır. Keçirilən görüşlərdə mümkün olan bəzi layihələrin yekunlaşdırılması barədə qəti razılıq əldə edilməsi sahəsində çalışmaq qərara alındı. Şübhəsiz, iki ölkənin rəsmi şəxslərinin təkidləri ilə əlaqələrimizin gözəl bir mənzərəsi yaranmaqdadır. Cənabınızın dəstəyi və yardımı ilə ölkələrimiz arasında əlaqələrin gücləndirilməsi sahəsində yeni addımlar ata bilərik.

Xarici işlər naziri və onun müavini ilə olan görüşlərimizdə ikitərəfli, regional əməkdaşlıq, eyni zamanda, beynəlxalq səviyyələrdə işbirliyi haqqında faydalı danışıqlarımız oldu. Bu razılığa gəldik ki, siyasi müzakirələrdən əlavə, Xəzər dənizinə aid məsələlərdə texniki ekspert müzakirələri də ciddi şəkildə davam etdirilsin. Bu danışıqlar ölkələrimizin mövqeyini, baxışlarını bir-birinə daha sürətlə yaxınlaşdırmağa kömək edəcəkdir. İranla Azərbaycanın Xəzər məsələsində mövqeyinin yaxınlaşması Xəzəryanı ölkələrin bu dənizin hüquqi statusu məsələsində razılaşmasına kömək edəcəkdir. Əməkdaşlığın inkişafına göstərdiyiniz dəstəyə və yardıma görə cənabınıza təşəkkürümü bildirirəm. Mənim üçün ayırdığınız vaxta görə hədsiz minnətdaram.

Heydər Əliyev: Təşəkkür edirəm. Əvvəla, prezident cənab Xatəmidən mənə gətirdiyiniz salama görə təşəkkür edirəm. Xahiş edirəm, mənim salamımı, hörmət və ehtiramımı prezident Xatəmiyə çatdırasınız.

Biz məmnuniyyətlə bildik ki, prezident seçkilərindən sonra sizin ölkədə hökumətin formalaşması tamamilə başa çatıbdır və hökumət artıq yeni tərkibdə öz fəaliyyətinə başlayıbdır. Hesab edirəm ki, bu çox mühüm mərhələni keçəndən sonra İran İslam Respublikası, onun hökuməti və prezident cənab Xatəmi başqa işlərlə daha da dərindən məşğul olmaq üçün imkanlar əldə edibdir.

Təbiidir ki, hər bir ölkənin müxtəlif problemləri var. Azərbaycanın da problemləri var. İranın da problemləri var. Ancaq hər hökumət öz ölkəsində olan problemlərin tezliklə həll olunmasına çalışır. Bu sırada təbiidir ki, qonşu ölkələrlə əlaqələr xüsusi yer tutur.

Siz İranla Azərbaycanın qonşuluğu haqqında qeyd etdiniz. Bizim böyük sərhədimiz var. Biz İrana dost, qonşu ölkə münasibəti bəsləyirik. Çox yaxşı ki, siz də qeyd etdiniz, bizim tarixi əlaqələrimiz, ənənələrimiz, ortaq mənəvi dəyərlərimiz var. Bunlar qonşuluqda olan ölkələrin, İran-Azərbaycan əlaqələrinin səmimi, mehriban, dost olması və daim inkişaf etməsi üçün çox mühüm əsasdır. Güman edirəm ki, İranın qonşularından, yəni sərhədyanı qonşularından tarixi nöqteyi-nəzərdən, dil, din, mənəvi dəyərlər nöqteyi-nəzərindən ona Azərbaycan kimi yaxın ölkə, Azərbaycan xalqı kimi yaxın xalq yoxdur.

Biz bunu belə hesab edirik və ona görə də düşünürük ki, bu, müasir zamanda, indi dövlətlərarası əlaqələrimizin daim inkişaf etməsi üçün çox dəyərli əsasdır. Ona görə burada fikir ayrılığı yoxdur. Amma məsələnin ikinci tərəfi bu arzuları, istəkləri, fikirləri nə cür həyata keçirməkdən ibarətdir. Bu sahədə hər iki tərəfdən lazımi səylər göstərilməlidir. Təbiidir ki, meydana çıxan problemlər, yaxud çətinliklər bunlar qarşılıqlı anlaşma, danışıqlar yolu ilə həll olunmalıdır.

Biz kiçik bir dövlətik. Bilirsiniz ki, özümüzün də Ermənistan-Azərbaycan münaqişəsi ilə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi və ərazi bütövlüyümüzün pozulması ilə əlaqədar, bir milyondan artıq vətəndaşımızın qaçqın vəziyyətində yaşaması ilə əlaqədar çox problemlərimiz var. Ona görə də təbii ki, biz heç bir qonşumuzla hansısa məsələni güc işlətmək yolu ilə həll etmək niyyətində ola bilmərik. Ancaq danışıqlar, ancaq qarşılıqlı anlaşma.

İran böyük dövlətdir, qüdrətli dövlətdir. Amma İran da öz qonşularına qarşı, xüsusən Azərbaycana qarşı həmişə diqqətli olmalıdır və heç vaxt güc, yaxud da zor nümayiş etdirməməlidir. Hesab edirəm ki, bu prinsiplər əsasında biz dostluq, qonşuluq, əməkdaşlıq əlaqələrimizi bundan sonra daha da sürətlə inkişaf etdirə bilərik.

İran-Azərbaycan müştərək iqtisadi əlaqələr komissiyası vaxtilə müəyyən işlər görübdür. Amma son zamanlar onların işi zəifləyibdir. Siz bilirsiniz ki, mən onun tərkibini dəyişdim və onun sədrini də dəyişdim. Mən belə başa düşdüm ki, sizin tərəfinizdə də sədr dəyişilib. Siz nə üçün dəyişmisiniz, mən bilmirəm. Amma mənim apardığım dəyişikliyin məqsədi ondan ibarətdir ki, son struktur islahatları ilə əlaqədar bizdə yaranmış İqtisadi İnkişaf Nazirliyi bir çox keçmiş nazirliklərin vəzifəsini yerinə yetirir. Ona görə də bu işə belə bir nazirliyin, belə bir nazirin cəlb olunmasını və nazirin bu komissiyaya sədr qoyulmasını mən bu məqsədlə etmişəm ki, iqtisadi əlaqələri genişləndirmək üçün, yəni bunu dərindən anlamaq üçün, təhlil etmək üçün yaxşı imkanlar yaradır.

Xeyli vaxtdır ki, Biləsuvar bölgəsində, İran-Azərbaycan sərhədində müştərək sərhədyanı bazarın təşkil olunması üçün işlər görülübdür. Ayın 30-da onun rəsmi açılışı olacaqdır. Mən göstəriş vermişəm ki, oraya həm iqtisadi inkişaf naziri, həm Gömrük Komitəsinin sədri, həm də başqa yüksək vəzifəli şəxslər getsinlər, açılışda iştirak etsinlər. Beləliklə, bu hadisəyə həm nəzər-diqqət cəlb olunsun, eyni zamanda, İran-Azərbaycan əlaqələrinin inkişafında bir addım kimi nümayiş etdirilsin.

Biz Xəzər hövzəsində bütün Xəzəryanı ölkələrlə beynəlxalq hüquq normalarına istinad edərək həmişə sıx əməkdaşlıq etmək niyyətində olmuşuq, bu gün də bu niyyətdəyik. Bilirsiniz ki, Azərbaycan hələ 1949-cu ildən Xəzərdə suyun dərinliklərindən, Neft Daşlarında neft hasil edir. O vaxt biz bu işə başlayanda, ondan sonra keçən illərdə dünyada yeganə bir ölkə idik ki, dənizin dərinliklərindən neft hasil edirdik. Onda bu, Şimal dənizində də yox idi, Fars körfəzində, Meksika körfəzində də yox idi. Ancaq təkcə Azərbaycanda idi, sahildən 100 kilometr uzaqlıqda.

Güman edirəm, siz bilirsiniz ki, Azərbaycan qədim neft ölkəsi olduğuna görə və burada çox böyük elmi potensial olduğuna görə 50-ci illərdən başlayaraq, - çünki 1949-cu ildə biz ilk dəfə suyun dərinliklərindən neft hasil etməyə başladıq, - bizim alimlər, geoloqlar Xəzər dənizinin müxtəlif yerlərində neft və qaz yataqlarının aşkar edilməsi, axtarılması ilə daim məşğul olmuşlar. Mən qətiyyətlə deyə bilirəm ki, Xəzər dənizində indi neft və qaz yataqları kimi məşhur və məlum olan nöqtələrin hamısı Azərbaycan alimləri tərəfindən kəşf olunubdur. Həm Azərbaycan sektorunda, həm Türkmənistan, həm Qazaxıstan, həm də Rusiya sektorunda - hamısında.

Məsələn, indi Qazaxıstan sektorunda böyük "Kaşaqan" neft yatağı açılıbdır. O vaxt Qazaxıstan Xəzər dənizində bu işlə məşğul olmayıbdır. Biz də bununla müstəqil dövlət kimi məşğul olmurduq, sadəcə, hamımız SSRİ-nin tərkibində olduğumuza görə, SSRİ-nin iş bölgüsünə görə Xəzər dənizinin hər yerində bütün kəşfiyyat işlərini Azərbaycan aparırdı.

Məsələn, indi bizim o vaxtdan işləyən adamlarımız var. O cümlədən Xoşbəxt Yusifzadə. Onlar söyləyirlər və mənim də xatirimə gəlir ki, o vaxtlar neftçilər hamı bir idi, SSRİ-nin neftçiləri idilər. Həmin "Kasaqan" yatağında qazma işləri aparmaq istəyirdilər. Ancaq o vaxtlar Sovet İttifaqının Ekologiya üzrə Nazirliyi Xəzərin o hissəsində hansısa belə işin aparılmasına icazə vermirdi.

Rusiyada "LUKoyl" şirkəti indi Xəzərin şimalında, Rusiyanın sektorunda yeni bir quyu qazıbdır və oradan da çox böyük neft hasilatı gözləyirlər. Ancaq yenə də deyirəm, o vaxtlar oralarda qazma işləri aparmaq qadağan idi. Bu işlər ancaq Azərbaycan sektorunda gedirdi. Ona görə də biz 1994-cü ildə əvvəldən gördüyümüz həmin bu işlərdən yenidən, müstəqil dövlət kimi özümüz üçün səmərəli istifadə etməyə başladıq.

Məsələn, indi bizim "Azəri", "Çıraq", "Günəşli" yataqlarımız var. Xatirimdədir, mən 1970-ci illərdə Azərbaycanın rəhbəri olan zaman, - ondan sonra Moskvaya getdim - orada bizim qazma işlərimiz başlanmışdı. Xüsusən, "Çıraq" yatağında. Həmin o "Çıraq"da indi qurulmuş platforma elə o vaxt yaranmışdı. Amma indi onu yenidən düzəltdilər, tamam modernləşdirdilər.

Məsələn, suyun dərinliklərində quyu qazmaq üçün o vaxtlar, - əlbəttə ki, Sovet İttifaqı istehsal edirdi, - bizdə 7 dənə üzən qazma qurğusu vardı: "Şelf-1", "Şelf-2", "Şelf-3", "Şelf-4"... Yaxud, indi burada dərin dəniz özülləri zavodu var. Mənim xatirimdədir, 70-ci illərdə Sovet İttifaqının Neft Nazirliyi ilə birlikdə bu zavodun tikilməsini qərara aldıq və Sovet İttifaqının vəsaiti hesabına, onda bizdə valyuta yox idi, müstəqil deyildik, ona 400 milyon dollar xərcləndi. Amerika-Fransa şirkəti var idi, zavodu onlardan aldıq, gətirdik və burada qurduq. Azərbaycanda suyun dərinliklərindən neft, qaz hasil etmək üçün olan böyük maddi-texniki baza və elmi potensial heç bir yerdə yox idi.

Yadımdadır, 80-ci illərdə İran hökumətinin xahişi ilə bizim neftçilər İranın sahilində də iki quyu qazırdılar. Mən bununla onu demək istəyirəm ki, bizim 1994-cü ildən etibarən gördüyümüz işlər boş yerdən başlanmayıbdır. Bizim on illərlə gördüyümüz işin davamıdır. Bu işə dünyanın bir çox şirkətləri dəvət olundu. Hansı ki, həm maddi, yəni maliyyə imkanları var, həm də müasir texnikası var.

O cümlədən, biz İranı da dəvət etdik. Məsələn, birinci müqavilədən sonra, 1996-cı ildə bağlanmış ikinci müqavilədə İranın "OİK" şirkəti iştirak edir və onun orada 10 faiz payı var. Onu da bilməlisiniz ki, bu, mənim təşəbbüsümlə olubdur. Bilmirəm, onda burada cənab Bikdeli işləyirdi, yoxsa başqa adam işləyirdi, İran şirkətini buraya gətirmək mənim təşəbbüsümlə olubdur. Mən bu məsələnin tarixindən bir az bildiklərimi demək istədim. Çünki bu məsələnin tarixini yəqin ki, neft şirkətindən bir neçə adamdan savayı, mənim kimi bilən olmaz.

Son illərdə Xəzərin statusunun müəyyən olunması problemi meydana çıxıbdır. Bu, təbiidir. Biz həmişə Xəzərin hüquqi statusunun təyin olunmasının tərəfdarıyıq. Ona görə də bizim ekspertlərimiz, nümayəndə heyətlərimiz bir neçə dəfə İranda olublar, Türkmənistanda olublar. Türkmənistanlılar Azərbaycana gəliblər, Moskvada görüşüblər. Yəni bir neçə ildir ki, bu görüşlər keçirilir. Bu məsələni həll etmək, bəlkə, o qədər də asan deyildir. Ancaq mən hesab etmirəm ki, bu, həlledilməz məsələ deyildir, həll etmək olar və etmək də lazımdır. Biz bunun tərəfdarıyıq.

Məsələn, son hadisələr oldu. Üç ildir ki, bizim "Alov", "Şərq" və "Araz" yataqları ilə əlaqədar müqavilə bağlanıbdır. Orada kəşfiyyat işləri gedir. Siz orada hərəkətlər etdiniz - gəmi, təyyarə, filan. Ancaq biz o mövqedə durduq ki, danışıq olmalıdır. Xəzərin statusunun müəyyən olunması bir daha gündəliyə gəlməlidir. Ondan sonra siz Rusiyaya getdiniz, Türkmənistana getdiniz. Amma gördüm ki, Azərbaycandan yan keçirsiniz. Ona görə dedim ki, bu, ədalətli deyil. Bir halda ki, Rusiyaya, Türkmənistana gedirlər, demək, bizi saymırlar, nədir. Ona görə dedim ki, dəvət edək, gəlin, burada danışaq.

Mən bir daha məmnunam ki, siz gəlmisiniz. Mən xəbərdarlıq etmişdim ki, mütəxəssislər də gəlsinlər. Bilirsiniz, biri var xarici işlər nazirinin müavini Xələfovdur, ya başqasıdır, elə mənim özümü də götürək, amma biri də var ki, bunu müəyyən etmək üçün mütəxəssis lazımdır. Sizdə də çoxlu mütəxəssislər var, bizdə də var, Rusiyada da var. Yəqin, Türkmənistanda da var. Var, yox, bunu bilmirəm, amma olmalıdır. Qazaxıstanda da var. Ona görə də bunlar hamısı işləməlidir. Bir tərəfdən mütəxəssislər işləməlidir, ikinci tərəfdən də diplomatlar işləməlidir. Beləliklə, biz ümumi yekdil nəticəyə gələ bilərik. Hesab etmirəm ki, bu, elə məsələdir ki, biz Xəzəryanı dövlətlər bunu həll edə bilməyək.

Bir daha deyirəm, məmnunam ki, siz gəlmisiniz. Mən siyahıya baxıb gördüm ki, mütəxəssisləriniz də gəlibdir. Çox gözəl. İndi onlar da bizim neft şirkətində işləyirlər. Siz də danışıqlar aparırsınız. Mən də öz fikirlərimi sizə dedim. Gəlin bunun əsasında işimizi davam etdirək.

Mənim səfərimi də siz ləngidirsiniz. Əvvəlcə dediniz, seçkilər olacaq, gözləyin. Seçki olandan sonra deyirəm, yaxşı, indi nədir? Gərək indi hökumət formalaşsın. İndi hökumət formalaşıb, güman edirəm, başqa bir problem qalmayıbdır. Problem odur ki, prezident Xatəminin mənə verdiyi dəvəti həyata keçirim.

Bilirsiniz ki, məndən qabaq bizim milli təhlükəsizlik naziri sizin ölkənizə gələcəkdir. Sonra hesab edirəm ki, indi müştərək iqtisadi əməkdaşlıq komissiyası yeni tərkibdə görüşməlidir və müəyyən etməlidir ki, hansı məsələləri birinci, ikinci, üçüncü növbədə həll etmək olar. Beləliklə, bizim qarşımızda böyük proqram var. Biz bu proqramı sizinlə bir yerdə yerinə yetirməyə hazırıq.

Əli Əhani: Cənab prezident, verdiyiniz məlumata görə təşəkkür edirəm. İcazə versəydiniz, çıxışınızla bağlı bir neçə kəlmə deyərdim.

Heydər Əliyev: Buyurun.

Əli Əhani: Biz cənabınızın Tehrana səfərə gələcəyinizi alqışlayırıq. Sizin İrana səfəriniz məsələsi ciddi şəkildə qoyulduğu vaxtdan etibarən biz planlaşdırma işlərinə başlamışıq.

Cənab Xatəmi Sizin səfərinizin təklif etdiyiniz zamanda reallaşmasını yüksək qiymətləndirmişdir. Əgər məsləhət bilsəydiniz, səfərdən iki-üç gün öncə hazırlıq məqsədilə ilkin nümayəndə heyəti Tehrana gələrdi.

Heydər Əliyev: Ola bilər.

Əli Əhani: Birgə komissiyanın iranlı həmsədri, kooperasiya naziri dəyişdiyinə görə, onun yerinə cənab Sufi təyin olunmuşdur. O, əvvəllər Gilanın ostandarı olubdur və Azərbaycan bölgəsi ilə yaxından tanışdır.

Heydər Əliyev: O, deyəsən, buraya gəlibdir.

Əhəd Qəzai: (İranın ölkəmizdəki səfiri): Cənab prezident, buraya gələn əvvəlki ostandar idi.

Heydər Əliyev: Bu, sonrakıdır, burada olmayıbdır?

Əhəd Qəzai: Xeyr.

Əli Əhani: Biz də müzakirələrə başlamaq üçün komissiyanın tərkibini İran tərəfdən gücləndirmək fikrindəyik. Ümidvaram ki, cümə axşamı Biləsuvarda azərbaycanlı həmkarları ilə görüşdə onlar yeni planları, layihələri nəzərdən keçirə biləcəklər.

Siz Xəzərdə təcrübə haqqında mühüm məqamlara toxundunuz. Bizim onlar haqqında məlumatımız var. Hər ikimizin malik olduğumuz zəngin təcrübəyə görə ölkələrimizin bu sahədə işbirliyini və əməkdaşlığını müdafiə edirik. Biz də Xəzərdə baş verən hadisədən çox təsirləndik. Heç vəchlə bunu gözləmirdik ki, üç gün öncə verdiyimiz notalara baxmayaraq, Azərbaycan gəmiləri yenidən mübahisəli sulara daxil olacaqdır. Bu diqqətsizlik və səhv addım bizim maraqlı olmadığımız, lakin öz hüquqlarımızı qorumaq üçün hərbi gücdən istifadə edərək, onları həmin zonadan geri çəkilməyə məcbur etməyimizə səbəb oldu. Biz də Sizin kimi bunu vurğulayırıq ki, ixtilaflar danışıqlar yolu ilə həll olunmalıdır. Buna görə də Sizin dəvətinizi dərhal qəbul etdik, yüksək qiymətləndirdik və geniş texniki ekspert heyəti ilə birgə buraya gəldik.

Əlbəttə, Bakıya səfərimin gecikməsinin səbəbi o idi ki, biz cənab Xələfovu Tehranda gözləyirdik. Onun növbəsi idi. Lakin biz cənabınızın təşəbbüsünü yüksək qiymətləndiririk və buna görə təşəkkür edirik.

Cənabınızın da məlumatı vardır ki, son 10 ildə, SSRİ-nin dağılmasından sonra, xüsusilə ölkəniz müstəqillik qazandıqdan sonra qeyd etməliyəm ki, İran ölkənizin müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuşdur. Xəzər dənizində yeni şərait formalaşmışdır. Biz buna inanırıq ki, beş sahilyanı ölkə bərabər, qarşılıqlı prinsiplər əsasında dənizin ehtiyatlarından ədalətli şəkildə istifadə edə bilməlidir. Ona görə də texniki nümayəndə heyətlərindən xahiş etdik ki, müzakirəyə başlasınlar. İndi onların arasında müzakirələr gedir. İnanırıq ki, biz və siz anlaşmaya çalışsaq, bu, digər Xəzəryanı ölkələrin də anlaşmasına kömək edəcəkdir.

Mən cənabınızın diqqətinə və bizə ayırdığınız vaxta görə bir daha təşəkkür edirəm.

Heydər Əliyev: Sağ olun.

Birincisi, hesab edirəm ki, güc işlətmək düzgün deyildir. Siz hərbi gücünüzdən istifadə etməməliydiniz. Bunun üçün danışıqlar lazım idi. Ümumiyyətlə, mən əvvəldən məsələni belə qoymuşam ki, Xəzərin statusu müzakirə olunan zaman Xəzər dənizi tamamilə demilitarizə olmalıdır. Xəzər dənizində hansısa bir Xəzəryanı ölkənin hərbi donanmasının saxlanmasına ehtiyac yoxdur. Güman etmirəm ki, burada hansısa ölkələr bir-biri ilə müharibə aparacaq və hərbi gəmilərdən istifadə edəcəkdir. Biz bu mövqeyin üzərində qəti dururuq ki, Xəzər dənizi sülh, qardaşlıq, birgə əməkdaşlıq dənizi olmalıdır. Burada hərbi qüvvələr olmamalıdır. Ona görə, sadəcə, kəşfiyyat gəmisinin orada olduğuna görə hərbi qüvvədən istifadə olunmasını, hesab edirəm, məqsədəuyğun qəbul etmək olmaz.

Bir də bəyan edirəm, qoy indi bizim ekspertlər işləsinlər. Səhv etmirəmsə, sentyabrda Astanada beş Xəzəryanı dövlət...

Xələf Xələfov: Cənab prezident, sentyabrın 18-20-də Astanada beş Xəzəryanı dövlətin xarici işlər nazirləri müavinlərinin görüşü olacaqdır.

Heydər Əliyev: Yəqin, mütəxəssislər də olacaqdır.

Xələf Xələfov: Bəli.

Heydər Əliyev: Biz buna hazırıq. Əgər ekspertlər, nümayəndə heyətləri hansısa bir layihə hazırlasalar, biz harada olur-olsun, beş Xəzəryanı dövlətin başçılarının toplaşdığı yerə getməyə hazırıq.

Türkmənistan prezidenti hörmətli Türkmənbaşı elan etmişdi ki, oktyabr ayının 27-də, yaxud neçəsindəsə orada Xəzəryanı dövlət başçılarının görüşü, sammiti olacaqdır. Amma bu gün mətbuat məlumat verir ki, o, bəyan edib ki, yox, olmayacaqdır. Biz Türkmənistan kimi təşəbbüsü ələ almaq istəmirik. Biz özümüzü həmişə təvazökar aparmışıq. Heç bir iddiamız yoxdur. Məsələnin həll olunması üçün harada lazım olsa, orada görüşməyə hazırıq.

Bir də qeyd edirəm ki, biz məsələnin, Xəzər dənizinin statusunun ən tez zamanda danışıqlar vasitəsilə, qarşılıqlı anlaşma vasitəsilə, beynəlxalq hüquq normaları prinsipi əsasında müəyyən olunmasının tərəfdarıyıq. Çünki biz əməli iş görürük. Bizim sektorumuzun 10-15 milyard dollar sərmayə qoyulubdur. Ona görə də biz hamıdan çox maraqlıyıq ki, bu məsələ tezliklə həll olunsun.

Mənim səfərimlə əlaqədar sizin təklifinizlə razıyam. Yəqin ki, biz bunun vaxtını müəyyən edərik. Mən oraya gəlməmişdən qabaq, bizim diplomat qruplarımızı göndərməyə hazıram. İstəsəniz, sizinkilər də buraya gələ bilərlər. Hər halda, bu məsələni də həll etmək lazımdır.

Əli Əhani: Cənab prezident, çox təşəkkür edirəm. Biz Sizin səfərinizin, proqramın hazırlanmasına yüksək qiymət veririk. Cənab Xatəmi də bunu vurğulayır ki, beş Xəzəryanı dövlət başçılarının iclası elə bir şəraitdə keçirilməlidir ki, ilkin hazırlıq işləri olsun və uğurlarla müşayiət edilsin. Qeyd etdiyiniz tarixlə əlaqədar deyə bilərəm ki, bunu Türkmənistan dövləti birtərəfli olaraq elan etmişdi və bununla əlaqədar ekspert məsləhətləşmələri aparılmamışdı. Güman edirik ki, Astanada xarici işlər nazirləri müavinlərinin görüşü bu istiqamətdə daha müsbət şərait yaradılmasına kömək edəcəkdir.

Sizin kimi, cənab Xatəmi də Xəzər dənizinin hərbiləşməsinin qəti əleyhinədir və vurğulayır ki, bütün sahilyanı ölkələr əməkdaşlıq etməlidirlər. Elə şərait yaratmağa çalışmalıdırlar ki, danışıqlar yolu ilə razılıq, anlaşma əldə olunsun. Diqqətinizə və ayırdığınız vaxta görə çox təşəkkür edirəm.

Heydər Əliyev: Çox yaxşı.


"Azərbaycan" qəzeti, 29 avqust 2001-ci il.