Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ dövlət katibinin yeni müstəqillik qazanmış dövlətlər üzrə xüsusi müşaviri, geniş səlahiyyətli səfir Stefan Sestanoviç və ATƏT-in Minsk qrupunun ABŞ tərəfindən həmsədri Kerri Kavano ilə görüşdə söhbətindən - Bakı, 22 yanvar 2000-ci il


Heydər Əliyev: Hörmətli cənab Sestanoviç!

Hörmətli cənab Kavano!

Hörmətli cənab Eskudero!

Hörmətli qonaqlar!

Azərbaycana xoş gəlmisiniz! Mən sizinlə yenidən görüşməkdən məmnunam və güman edirəm və buna inanıram ki, bizim bu görüşlərimiz qarşımızda duran çox mühüm məsələlərin həll olunmasına yardım edir.

Son günlər burada, Azərbaycanda Amerika Birləşmiş Ştatlarının bir çox nümayəndələri ilə çox əhəmiyyətli və maraqlı görüşlər keçirildi. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyində Xəzəryanı və bizim bölgə - Qafqaz böləsinin səfirləri, nümayəndələri və ətraf ölkələrdə olan Birləşmiş Ştatların nümayəndəliklərinin, bəzi iş adamlarının iştirakı ilə çox əhəmiyyətli bir konfrans keçirilmişdir. Mənim üçün çox maraqlı oldu ki, konfransın bütün iştirakçıları ilə görüşdüm və ətraflı söhbət etdim, onları dinlədim və öz fikirlərimi onlara çatdırdım.

Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığa aid müştərək komissiya barəsində burada sənəd imzalandı və bunu Azərbaycan tərəfindən maliyyə naziri, Amerika Birləşmiş Ştatları tərəfindən isə səfir cənab Teylor imzaladılar. Amerika Birləşmiş Ştatlarının Ticarət Palatasının burada ofisinin açılması mərasimi oldu. Bu gün siz Azərbaycana təşrif gətirmisiniz. Beləliklə, axıra çatan bu həftə Azərbaycanda Amerika Birləşmiş Ştatları həftəsidir.

Düzdür, bu günlər bizim üçün böyük matəm günləridir. Biz 1990-cı il yanvar ayının 20-də Azərbaycan xalqına qarşı sovet sosialist hakimiyyəti, kommunist rejimi tərfindən törədilmiş terrorun, təcavüzün, faciənin 10-cu ildönümünü qeyd etdik. İnsanlar bunu unutmayıb və heç vaxt unuda bilməz. Yanvar ayında keçirilən müxtəlif tədbirlər və o cümlədən yanvarın 19-da bizim Respublika sarayındakı mərasim, yanvarın 20-də Şəhidlər xiyabanına yüz minlərlə insanın axını və onların hamısının gəlib öz münasibətlərini bildirməsi bir tərəfdən onu göstərir ki, xalqımızın tarixinin bu faciəli, eyni zamanda qəhrəmanlıq səhifəsini unutmayıbdır. İkinci tərəfdən bu, bizim xalqımızın birliyini göstərir. Çünki çox böyük birlik, mütəşəkkillik nümayiş etdirildi.

Mən bir daha sizi salamlayıram və sözü sizə verirəm.

Stefen Sestanoviç: Cənab prezident, bizi salamladığınıza və qəbul etdiyinizə görə Sizə təşəkkürümüzü bildiririk. Çoxsaylı nümayəndə heyətlərindən sonra axırıncı ziyarət etmək həmişə təhlükəli olubdur. Lakin mən fürsətdən istifadə edərək, buranı ziyarət edən bütün amerikalılara göstərdiyiniz qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirirəm və bu görüş üçün bir daha minnətdarlıq edirəm.

1990-cı ilin hadisələrini Sizin xatırlamağınız bizim üçün də önəmlidir. Çünki bu, son on ildə hansı işlərin görüldüyünə bir daha nəzər salmağa adamı sövq edir. 1990-cı ilin yanvarı doğrudan da çox narahatedici dövr idi. O zaman bizim baxışlarımız əski rejimin çökməsinə yönəlmişdi.

On il geriyə baxaraq və qarşıdan gələn on ili göz önünə gətirərk biz dünyada yeni nizamın yaranmasında əldə edilmiş tərəqqinin nə qədər böyük və əhəmiyyətli olduğunu görməyə bilmərik.

Əslində, bu həftə Azərbyacanı ziyarət edən çoxsaylı amerikalı qonaqların ziyarətini, həmçinin dünyanın bu yeni düzümündə Azərbaycanın oynadığı rolu olduğu kimi qəbul etmək lazımdır. Bu region dövlətlərində Amerika Birləşmiş Ştatlarının səfirlərinin olması faktının özü elə onu göstərir ki, bu dövlətlər artıq müstəqildirlər və onlar öz müstəqil həyatlarında sosial, iqtisadi, siyasi təsisatların qurulması ilə məşğuldur.

Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında iqtisadi sahədə əməkdaşlığı genişləndirmək üçün işçi qrupunun yaradılması ilə əlaqədar səfir Teylorun imzalaqığı saziş, eləcə də cənab səfir Vulfun Bakı-Ceyhan ilə əlaqədar burada keçirdiyi son danışıqlar bir daha onu göstərir ki, ölkələrimiz arasındakı iqtisadi münasibətləri genişləndirmək üçün hələ çox böyük, geniş imkanlar vardır. Ölkələrimiz arasında ikitərəfli münasibətlər günü-gündən inkişaf etməkdədir və ragional məsələlərdə əməkdaşlıq baxımından da imkanları birgə araşdırırıq.

Siz prezident Klinton ilə İstanbulda görüşərkən müzakirə etdiyiniz məsələlər ikitərəfli Amerika-Azərbaycan münasibətləri ilə məhdudlaşmayıb, regional əməkdaşlıq sahələrini də əhatə etdi. Mən fürsətdən istifadə edərək prezident Klintonun salamlarını Sizə yetirirəm və Sizinlə görüşü zamanı onun söylədiyi sözləri bir daha xatırladıram. Prezident Klinton sizə bildirdi ki, o, hakimiyyətdə olduğu dövrün qalan hissəsini də və çox böyük miqdarda vaxtını da sərf etməyə hazırdır ki, sizin regionunzda sülh əbədi bərqərar olsun.

Hətta biz Sizin Azərbaycan xalqına Yeni il təbrikinizi eşidəndə özlüyümüzdə belə düşündük ki, prezident Klintonun o sözləri Sizə əsas verdi ki, belə əminliklə Azərbaycan xalqına 2000-ci ilin Dağlıq Qarabağ probleminin həlli ili olacağına inamınızı bildirdiniz. Şübhəsiz ki, bu sahədə tərəqqi əldə etmək üçün Amerika Birləşmiş Ştatları heç də tək səy göstərmir.

Səfir Kavano ATƏT-in Minsk qrupunda bizim həmsədrimizdir. Yəqin məlumatınız vardır ki, Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə tənzimlənməsi üçün yeni təklif üzərində çalışır. Keçən həftə mən cənab Kavano ilə bərabər Birləşmiş Millətlər Təşkilatında, Dünya Bankında və digər təsisatlarda yüksək səviyyədə görüşlər keçirmişik ki, bu münaqişənin tənzimlənməsinə nail olarıqsa, onların bu işin həyata keçirilməsinə hansı vasitələrlə yardımcı ola biləcəklərini araşdıraq. Biz bu görüşlər zamanı həmin qurumların rəhbərlərindən tam aydınlıqla belə bir məlumat almışıq ki, onlar bu bərpa işləri üçün və ümumiyyətlə, bu tənzimləmənin həyata keçirilməsinə dəstək vermək üçün lazım olan resursların miqyasını aydın surətdə dərk edirlər. Öz növbəmizdə isə bəyan edirik ki, biz onlarla bərabər çalışaraq Sizə kömək etməyə hazırlığımızı bildiririk ki, bu münaqişə tezliklə həll olunarsa, onun nəticələrinin aradan qaldırılması işində Sizə yardımçı olaq. İcazə verin, bir daha bildirim ki, son həftə ərzində Sizin çoxsaylı Amerika nümayəndə heyətlərini, amerikalıları qəbul etməyiniz, o cümlədən bugünkü görüşümüz və ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin indiki durumu onu deməyə əsas verir ki, son on ildə çox böyük nailiyyətlər əldə olunubdur və bütün bu görüşlər də həmin o əldə edilmiş tərəqqinin əlamətləridir.

Mən çıxışımı, sözlərimi Sizə bir vəd verməklə bitirmək istəyirəm. Söz verirəm ki, gələn həftə Sizi bizdən ziyarət edən olmayacaqdır. Cənab prezident, bizi qəbul etdiyinizə görə Sizə bir daha təşəkkürümüzü bildirirk.

Heydər Əliyev: Mən gələn həftə burada olmayacağam. Cənab Sestanoviç, sözlərinizə, fikirlərinizə görə sizə təşəkkür edirəm. Prezident cənab Bill Klintonun mənə çatdırdığınız salamları mənim üçün çox əzizdir, əhəmiyyətlidir. Xahiş edirəm, mənim salamımı, səmim dostluq münasibətimi və xoş arzularımı prezident Bill Klintona çatdırasınız. Bilirsiniz ki, 1994-cü ildən indiyə qədər prezident cənab Bill Klintonla bizim bir çox görüşlərimiz olubdur. Ancaq 1999-cu ilin aprel ayında Vaşinqtonda, Ağ evdə görüşümüz zamanı o, mənə dedi ki, mən prezidentlik səlahiyyətim sona çatana qədər Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan münaqişəsini mütləq həll edəcəyəm. Həmin sözləri noyabr ayının 19-da İstanbuldakı görüşümüzdə də dedi və siz də o görüşdə iştirak edirdiniz. Mən çox məmnunam ki, prezident Bill Klinton dediyi bu sözün üzərində durur. Bu, bizə ümid verir ki, həqiqətən, 2000-ci ildə bu münaqişəni sülh yolu ilə həll etməyə biz nail ola biləcəyik.

Siz tamamilə doğru buyurdunuz ki, məhz bu fikirlərə əsaslanaraq mən Azərbaycan vətəndaşlarını, Azərbaycan xalqını yeni il münasibətilə təbrik edərkən bəyan etdim ki, 2000-ci ildə münaqişə sülh yolu ilə həll olunacaq və yerindən, yurdundan didərgin düşmüş, ağır vəziyyətdə çadırlarda yaşayan soydaşlarımız öz evlərinə qayıdacaqlar.

Sizə deyə bilərəm ki, mənim bu sözlərim bizim ictimaiyyətin tam əksəriyyətində böyük ruh yüksəkliyi əmələ gətiribdir, böyük inam, böyük ümid əmələ gətiribdir. Bəziləri isə buna inanmırlar, hətta məni tənqid edirlər ki, mən əsassız olaraq belə bəyanat verirəm. Ancaq mən inanıram və güman edirəm ki, sizin, bizim, Minsk qrupunun - hamımızın birlikdə səyləri nəticəsində 2000-ci ildə bu məsələni həll edə bilərik.

Mən səfir Kavanonun Minsk qtupu çərçivəsində apardığı işləri də yüksək qiymətləndirirəm. Ümumiyyətlə, Amerika Birləşmiş Ştatlarının son aylarda həm Minsk qrupu çərçivəsində, həm də bizimlə ikitərəfli danışıqlarda və başqa tərəflərlə də danışıqlarda bu məsələnin həll olunması üçün ciddi səylər göstərməsini biz müşahidə edirik və bunları çox yüksək qiymətləndiririk.

Təbiidir ki, Minsk qrupu həmsədrlərinin yeni təklifi gərək elə təklif olsun ki, o, danışıqlar prosesini sürətləndirsin və yenidən bu prosesi soyutmasın. Mən bunu xüsusi qeyd edirəm ona görə ki, keçmiş zamanlarda bəzən Minsk qrupunun təklifləri bizim sülh prosesinə yardım etmək əvəzinə onu geriyə salmış olmuşdur. Amma eyni zamanda, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında bu məsələ ilə əlaqədar ikitərəfli aparılan danışıqlar bizim üçün çox əhəmiyyətlidir və bizim üçün müstəsna əhəmiyyət kəsb edir.

Amerika Birləşmiş Ştatları hökumətinin, o cümlədən şəxsən sizin, cənab Sestanoviç, cənab Kavanonun və başqa şəxslərin son vaxtlarda - yəqin ki, bu, təxminən bir-iki aydır - artıq işğal olunmuş torpaqların azad ediləndən sonra bərpa olunması ilə əlaqədar atdığınız praktiki addımlar çox dəyərlidir. Münaqişənin həll edilməsi üçün Minsk qrupu yaranandan indiyə qədər yeddi il müddətində çox görüşlər, çox danışıqlar olubdur. Amma işğaldan azad edilmiş yerlərin bərpa olnuması haqqında heç vaxt heç bir təklif irəli sürülməyibdir. Ancaq indi sizin tərəfinizdən bu barədə əməli işlər görülür. Bu, bizdə böyük təşəkkür hissi doğurur və bir də onu göstərir ki, siz də inanırsınız, bilirsiniz və əsasınız var ki, işğal olunmuş torpaqlar tezliklə azad ediləcək, ona görə də orada bərpa işləri üçün lazımi hazırlıqlar görmək zəruridir.

Biz dərk edirik ki, işğal edilmiş torpaqların bərpa olunması üçün - bərpa da deyəndə orada hər şey yenidən yaranmalıdır. Çünki bilirsiniz, keçən dəfə cənab Kavano Ağdam rayonunda olmuşdu, orada o rayonlar tamamilə viran olub - onların bərpa edilməsi üçün həddindən çox iş görmək lazım olacaqdır.

Bu işdə də Amerika Birləşmiş Ştatları hökumətinin, Dünya Bankının və beynəlxalq maliyyə mərkəzlərinin şübhəsiz ki, böyük yardımları olmalıdır. Əgər onlar olmasa heç bir şey etmək mümkün olmayacaqdır. Mən sizin bu fəaliyyətinizi yüksək qiymətləndirirəm və düşünürəm ki, indi biz gərək tezliklə sülh yaradaq və tezliklə bərpa işlərinə başlayaq.

Stefen Sestanoviç: Cənab prezident, men Sizinlə tamamilə razıyam ki, qaçqınların öz yurd-yuvalarına qayıtması üçün çoxlu sayda görülməli işlərə hazır olmağın özü çox böyük əhəmiyyət kəsb edir. Belə ki, bu qaçqınlar uzun müddət öz evlərindən kənar düşüblər, onların gündəlik həyatının yenidən bərpa edilməsi üçün çoxlu yardıma ehtiyacları olacaqdır.

Əslində, bu münaqişə həll edilərsə ona ən böyük dəstək, məhz biz düşündük ki, o insanlarda inamın olmasıdır. Onlar evlərinə dönəndən sonra yardım göstəriləcəkdir, onların həyatı yenidən bərpa ediləcəkdir və beləliklə, onlar əvvəlki həyatlarını bərpa edib öz axarına salacaqlar. Məhz buna görə biz bu məsələyə tənzimləmənin bir hissəsi kimi baxır və özü də çox önəmli hissəsi kimi baxırıq. Ona görə çalışırıq ki, bu məsələyə hazırlığımızı yüksək səviyyəyə qaldıraq. Şübhəsiz ki, bu məsələdə realist olmaq gərəkdir və bu, qısa bir zamanı əhatə edəcək bir proses olmayacaqdır. Sizə bu görüş üçün bir daha təşəkkürümü bildirirəm.

Heydər Əliyev: Təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 23 yanvar 2000-ci il