Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Fransada keçirilən İkinci Zirvə Görüşünə gəlmiş Azərbaycan Prezidentini müşayiət edən Azərbaycan nümayəndə heyətinin üzvləri və respublikamızın kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə görüşdə söhbətindən - Strasburq, “Sofitel” oteli, 10 oktyabr 1997-ci il


Həsən Həsənov (Azərbaycan Respublikasının Xarici İşlər Naziri): Azərbaycan Respublikasının möhtərəm prezidenti cənab Heydər Əliyev! İcazə verin Sizi bu gün Fransa torpağında işə başlayan Avropa Şurasının üzvü olan ölkələrin mötəbər məclisində - ikinci zirvə görüşündə iştirak etmək üçün gəlişiniz münasibətilə görüş iştirakçıları adından səmimi qəlbdən təbrik edim, Sizə möhkəm can-sağlığı, müstəqil dövlətimizin, xalqımızın işıqlı gələcəyi naminə yorulmaz fəaliyyətinizdə daha böyük uğurlar arzulayım.

Mənim üçün bunu da xüsusilə qeyd etmək xoşdur ki, Sizin bu görüşə gəlməyiniz ən əlamətdar günlərdən birinə - Azərbaycan Prezidenti kimi and içdiyiniz bir günə təsadüf edir. Mən bu münasibətlə də Sizi təbrik edirəm və bir daha qeyd etmək istəyirəm ki, sizin prezidentliyinizin, xalq qarşısında andiçmə mərasiminizin düz dörd ili tamam olur. Çox əlamətdardır ki, dörd il əvvəl and içdiyiniz zaman xalqa verdiyiniz vədlərin həyata keçirilməsinin hamımız bu gün şahidiyik.

Dörd il ərzində Azərbaycanın keçdiyi yol nəticəsində Siz indi Avropanın ən görkəmli siyasi xadimisiniz, Azərbaycan Avropanın ən məşhur dövlətidir. Əgər dörd il bundan əvvəl Azərbaycanda xarici siyasət sıfırdan başlayırdısa, bu gün demək olar ki, Azərbaycanın xarici siyasətini bütün dünya hamılıqla qəbul edir və bəyənir.

Mən bu gün İsveçrənin Xarici İşlər Naziri Kutti ilə söhbət etmişəm. O dedi ki, bir neçə il bundan əvvəl Avropada Azərbaycanın imici mənfi idi. Kimsə Azərbaycanı nə tanıyır, nə də normal dövlət kimi qəbul edirdi. Dörd il ərzində keçdiyiniz yol nəticəsində bu gün Azərbaycan Avropanın ən qabaqcıl dövlətlərindəndir. Heydər Əliyev Avropanın ən görkəmli siyasi xadimlərindən biridir. Bu, sadə söz deyil, bir il ərzində ATƏT-ə sədrlik etmiş şəxsin sözüdür. Bitərəfliyi, obyektivliyi ilə tarixə düşən dövlətin prezidenti olmuş bir şəxsin sözüdür. Hazırda İsveçrənin Xarici İşlər Naziri kimi o, dediyi sözün nəinki məsuliyyətini, həm də dərinliyini və tarixi mənasını tam dərk edərək bunu söyləyir. Ola bilsin, bunu biz öz sözlərimizlə də deyə bilərdik. Amma Strasburqda məhz onun sözü ilə demək istədim.

Cənab Prezident, Siz daha çox sözlərə layiqsiniz və bəlkə də hamı ürək sözlərini demək istəyir. Sizi bir daha ürəkdən təbrik edir, Sizə cansağlığı, uğurlar arzulayıram. Biz fəxr edirik ki, Heydər Əliyevin yanındayıq. Fəxr edirik ki, Heydər Əliyevin zəmanəsində fəaliyyət göstəririk. Fəxr edirik ki, sizin arxanızca addımlayırıq, Sizin göstərişlərinizi həyata keçiririk.

Heydər Əliyev: Mənim haqqımda deyilən səmimi sözlərə görə ürəkdən təşəkkür edirəm.

Bu gün doğrudan da əlamətdar gündür, ancaq mən istəmirdim ki, siz zəhmət çəkib gələsiniz. Bir halda ki, gəlmisiniz, sağ olun.

Bir şey deyə bilərəm ki, bəli, dörd il bundan öncə həmin bu gün mən xalqın qarşısında and içmişəm və xoşbəxtəm ki, andıma sadiqəm. Verdiyim sözlərin hamısını yerinə yetirmişəm və yetirirəm. Əgər bu gün biz dünyada, Avropada indi mövcud olan yeri tuturuqsa və respublikanın qarşısında duran vəzifələri bu səviyyədə yerinə yetirə biliriksə, demək, mən içdiyim anda əməl edirəm, onu əməli surətdə həyata keçirirəm və bundan sonra da həyata keçirəcəyəm. Sağ olun.

 Sadman Hüseynov (Milli Məclisin deputatı): Cənab Prezident, mən də həmin sözlərə qoşuluram. Biz sizin xarici siyasətdə əldə etdiyiniz uğurlara sevinir və xarici siyasətinizi dəstəkləyirik. Sizə cansağlığı arzulayırıq. Arzumuz budur ki, belə uğurlu səfərləriniz çox olsun və normal müxalifətin nümayəndələri də həmişə Sizin yanınızda olsunlar.

Heydər Əliyev: Mən dörd ildə təkcə bir şeyə hələ ki nail ola bilməmişəm. Şübhəsiz ki, bu məndən asılı deyildir. Ancaq mən çalışmışam ki, Azərbaycanda normal müxalifət olsun. Əgər biz demokratik dövlətiksə, şübhəsiz, bizdə müxalifət də olmalıdır. Müxalifət də normal olmalıdır. Ümummilli dəyərlər, ümummilli mənafe uğrunda bütün xalq, müxalifət də, iqtidar da birləşməlidir. Ancaq bəzi məsələlərdə, ola bilər, bir çox məsələlərdə müxalifətin fikri iqtidarın fikri ilə uyğun olmasın, yaxud üst-üstə düşməsin. Bu təbiidir və belə də ola bilərə əgər müxalifət normal olarsa, bu, cəmiyyətin xeyrinədir, iqtidarın da xeyrinədir. Ona görə də mən çox arzu edirəm, görürəm, bu da olacaqdır. Başqa yolu yoxdur, çünki Azərbaycanda ilk demokratiya addımları atılanda həm iqtidar tərəfindən, həm də müxalifət tərəfindən çox səhvlərə yol verilibdir. Ona görə də normal müxalifət hələ ki, istənilən qədər formalaşmayıbdır. Mən çox arzu edirəm ki, formalaşsın. Onda müxalifət həmişə prezidentin yanında olacaqdır. İnşallah, bu da olacaqdır. Azərbaycanda hər şey olacaqdır, narahat olmayın.