Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in İstanbul Zirvə görüşünün yekunlarına həsr olunmuş toplantıda giriş və yekun nitqi - 24 noyabr 1999-cu il


Heydər Əliyev: Hörmətli xanımlar və cənablar!

Bugünkü respublika toplantısı ATƏT-in İstanbul sammitinin yekunlarını müzakirə etmək üçün çağırılıbdır. ATƏT-in İstanbul sammiti XX əsrin ən böyük hadisələrindən biridir. ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının XX əsrin sonunda, XXI əsrin astanasında bir yerə toplaşıb, gələcək haqqında müzakirələr aparıb çox vacib sənədlər qəbul etməsi, təbiidir ki, təkcə Avropa üçün, ATƏT-ə daxil olan ölkələr üçün yox, eyni zamanda, bütün dünya üçün, beynəlxalq aləm üçün çox vacibdir.

Deyə bilərəm ki, sammit çox yüksək səviyyədə keçdi və onun qarşısında duran vəzifələri uğurla həll etdi. İstanbul sammiti haqqında kütləvi informasiya orqanları geniş məlumatlar veriblər. Türkiyənin və başqa ölkələrin televiziya kanalları, Azərbaycan dövlət televiziyası sammitin gedişini yayıblar və Azərbaycan ictimaiyyətinin bu barədə həm təsəvvürü, həm də məlumatı vardır. Ancaq eyni zamanda, bu sammit çox böyük əhəmiyyət daşıdığına görə və sammitdə qəbul edilmiş sənədlərin Azərbaycanda həyata keçirilməsi, icra olunması üçün bizim bugünkü toplantının keçirilməsi zəruridir. Mən də ona görə sizi dəvət etmişəm.

Bilirsiniz ki, sammitdə keçirilən dövrə yekun vurulubdur və XXI əsrdə ölkələrin təhlükəsizliyi, sülhün təmin olunması, demokratiyanın inkişaf etdirilməsi və bunlarla əlaqədar olan bir çox məsələlər müzakirə olunubdur. Hər dövlət öz fikrini, mülahizələrini bildiribdir və bunların nəticəsində də sammitin İstanbul xartiyası qəbul edilibdir, Avropada adi silahlar haqqında müqavilə imzalanıbdır, hər sammitdə olduğu kimi siyasi bəyannamə qəbul edilibdir. Bu sənədlərin hər biri öz-özlüyündə tarixi xarakter daşıyır. Dediyim kimi, sammit özü çox böyük tarixi əhəmiyyət kəsb edir.

Bizim üçün, Azərbaycan üçün və bizə dost olan bir neçə ölkələr, dövlətlər üçün İstanbul sammiti başqa bir tarixi hadisə ilə də özünü göstəribdir. O da sizə məlumdur: İstanbul sammiti zamanı, sammitin keçirildiyi günlərdə, oradakı şəraitdə Azərbaycan neftinin dünya bazarlarına ixrac edilməsi üçün əsas neft kəməri - Bakı-Ceyhan neft kəməri haqqında müqavilələr imzalanıbdır.

Bununla bərabər, Xəzər qaz kəməri haqqında da, yəni Türkmənistan qazının Xəzər dənizindən, Azərbaycandan, Gürcüstandan Türkiyəyə keçməsi haqqında da sənədlər imzalanıbdır. Buna görə də İstanbul sammiti Avropa üçün, dünya üçün böyük tarixi hadisə olaraq, eyni zamanda Azərbaycan üçün ikiqat tarixi hadisədir. Çünki birincisi, şübhəsiz ki, biz ATƏT-in üzvü olaraq, XX əsrin sonunda bu qədər yüksək səviyyəli, məzmunlu və nəticəli zirvə görüşünün keçirilməsini tarixi hadisə hesab edirik. Ancaq Azərbaycan üçün, Türkiyə üçün, Gürcüstan üçün, Türkmənistan üçün, Amerika Birləşmiş Ştatları üçün və Azərbaycanla əməkdaşlıq edən başqa ölkələr üçün Bakı-Ceyhan neft kəməri haqqında müqavilələrin imzalanması, təbiidir ki, tarixi hadisədir.

Qeyd etdim ki, bu barədə sizin və ictimaiyyətin məlumatları vardır. Ancaq hesab edirəm ki, bu gün biz həm sizə, həm də ictimaiyyətə daha da geniş məlumatlar verməliyik, bir çox məsələləri izah etməliyik, eyni zamanda ATƏT-in sammitinin qəbul etdiyi sənədlərin Azərbaycanda icra olunması, həyata keçirilməsi üçün tədbirləri müzakirə etməliyik. Bakı-Ceyhan neft kəməri haqqında müqavilə imzalandığına görə indi onun icrası mərhələsi başlayır və bunun icrası üçün gələcək işlər barədə fikir mübadiləsi aparmalıyıq. Təbiidir ki, sonra xüsusi sənədlər qəbul olunacaqdır. ATƏT-in zirvə görüşündə qəbul olunmuş sənədlərlə əlaqədar Azərbaycanın görəcəyi işlər barədə də xüsusi sənədlər hazırlanıb imzalanacaqdır.

Bütün bunlara görə də bugünkü bu toplantının keçirilməsi çox zəruridir. Hesab edirəm ki, eyni zamanda ictimaiyyətə, vətəndaşlarımıza İstanbul sammiti haqqında və Bakı-Ceyhan neft kəməri haqqında daha da geniş məlumatlar almağa imkan verəcəkdir. Təbiidir ki, bu məsələlərin tarixi əhəmiyyətini hər bir Azərbaycan vətəndaşının qiymətləndirilməsi üçün əsas olacaqdır.

Yekun nitqi

Hörmətli xanımlar və cənablar!

ATƏT-in İstanbul Zirvə görüşü XX əsrin sonunda XXI əsrə güclü bir projektor kimi işıq saçan tarixi hadisədir. İstanbul zirvə görüşü və onun qəbul etdiyi qərarlar, sənədlər XXI əsrdə Avropa dövlətlərinin, xalqlarının və ATƏT-in tərkibində olan başqa dövlətlərin, xalqların inkişafı üçün çox böyük əsas yaratmışdır. Mən cəsarətlə deyə bilərəm ki, İstanbul zirvə görüşü ATƏT-in 1975-ci ildə əsası qoyulmuş və sonra keçirilmiş zirvə görüşlərinin hamısından yüksəkdə durur. Birinci ona görə ki, ATƏT 25 ilə yaxın bir zamanda fəaliyyət göstəribdir, böyük təcrübə toplayıbdır, təkmilləşibdir, zənginləşibdir və dünyada baş vermiş böyük qlobal dəyişiklikləri əks etdirərək XXI əsrə yol göstərir.

Azərbaycan ATƏT-in İstanbul Zirvə görüşündə iştirak etməsini və təmsil olunmasını böyük hadisə hesab edir, tarixi hadisə hesab edir. Biz müstəqil dövlət olaraq ATƏT-in zirvə görüşlərində 1992-ci ildən iştirak edirik. 1992-ci ildə Azərbaycan nümayəndə heyəti Helsinkidə keçirilən zirvə görüşündə başda Azərbaycan Prezidenti olmaqla iştirak edibdir. Ancaq təəssüflər olsun ki, biz ondan bir iz tapa bilmirik: bu iştirak nədən ibarət olubdur, nə fəaliyyət göstərilibdir, nə işlər görülübdür? Burada tamamilə doğru deyildi ki, 1992-ci il Azərbaycan üçün çox ağır və çətin bir il idi. Birincisi, Azərbaycan yenicə müstəqillik əldə etmişdi. İkincisi də, Ermənistan-Azərbaycan münaqişəsi 1992-ci ildə demək olar ki, ən dəhşətli bir səviyyəyə gəlib çatmışdı. Belə bir zamanda ATƏT-in zirvə görüşündən, şübhəsiz ki, səmərəli istifadə etmək mümkün olardı. Ancaq hər halda görünür ki, bu olmayıbdır.

ATƏT-in 1994-cü ildə Budapeştdə keçirilən zirvə görüşündə, 1996-cı ildə Lissabonda keçirilən zirvə görüşündə isə Azərbaycan nümayəndə heyəti fəal iştirak edibdir və siz yaxşı bilirsiniz ki, Azərbaycana aid, xüsusən Azərbaycan üçün ən ağır və ən çətin, ən əsas problem olan Ermənistan-Azərbaycan münaqişəsinə aid orada lazımi sənədlər əldə olunmuşdur.

ATƏT-in İstanbul zirvə görüşü - mən sadəcə keçmişdəki zirvə görüşləri ilə müqayisə etmək istəyirəm - mənim şəxsən gördüyüm bütün zirvə görüşlərindən çox-çox yüksəkdə durur. Həm tərkibinə görə, həm ölkələrin nümayəndələrinin səviyyəsinə görə, həm qəbul etdiyi sənədlərin məzmununa, mənasına görə, həm də zirvə görüşünün işinin təşkil olunmasına görə. Cəsarətlə deyə bilərəm ki, - müqayisə edərək demək olar, - İstanbul zirvə görüşü əvvəlki zirvə görüşlərindən təşkilat nöqteyi-nəzərindən, iş şəraiti nöqteyi-nəzərindən, nümayəndə heyətlərinin səmərəli fəaliyyət göstərməsi nöqteyi-nəzərindən və bütün başqa amillərə görə ən gözəl təşkil olunmuş beynəlxalq görüş idi, ən gözəl təşkil olunmuş zirvə görüşü idi.

Bizim üçün, Azərbaycan üçün bu, böyük iftixar hissi doğurur. Çünki XX əsrin sonunda, yəni bu əsrdə ATƏT-in son zirvə görüşünün Türkiyədə, İstanbulda keçirilməsi və qardaş türk xalqının avqust ayında böyük zəlzələ nəticəsində problemlərlə üzləşməsinə baxmayaraq zirvə görüşünün İstanbulda yüksək səviyyədə, gözəl təşkil olunması, həyata keçirilməsi və yaxşı nəticələrlə qurtarması Türkiyə Cümhuriyyətini, bizim dost, qardaş türk xalqını şübhəsiz ki, dünya miqyasında daha da hörmətləndirir. Yenə də deyirəm, qardaş ölkə olaraq biz bununla fəxr edirik. Mən bunu Türkiyə Cümhuriyyətinin Prezidenti əziz dostum, qardaşım, hörmətli Süleyman Dəmirəl ilə ayın 19-da axşam İstanbulda görüşərkən də demişdim və bir də burada deyirəm. Biz hamımız, Azərbaycan xalqı Türkiyə Cümhuriyyətini, qardaş türk xalqını, Türkiyənin bütün vətəndaşlarını bu böyük uğur münasibətilə təbrik edirik.

Xarici işlər naziri Vilayət Quliyevin, Dövlət Neft Şirkətinin Prezidenti Natiq Əliyevin məruzələrində və çıxışlarda İstanbul zirvə görüşü haqqında və bu zirvə görüşü zamanı Bakı-Ceyhan neft kəməri, Transxəzər qaz kəməri ilə bağlı imzalanmış sənədlər haqqında ətraflı məlumatlar verildi. Mən çox məmnunam ki, bugünkü toplantının iştirakçıları İstanbul zirvə görüşünün gedişini diqqətlə izləyiblər və ona böyük maraq göstəriblər. Bəlkə də keçmiş sammitlərdən fərqli olaraq hər şeyi daha yaxşı bilirlər və qiymətləndirə bilirlər.

Mənə məlumdur ki, Azərbaycanın ictimaiyyəti, yəni bizim vətəndaşlarımız Türkiyə televiziyasının və Azərbaycan dövlət televiziyasının kanallarından istifadə edərək, zirvə görüşünün prosesini və zirvə görüşü zamanı Bakı-Ceyhan neft kəməri barədə sənədlərin imzalanması mərasimini görüblər, hər kəsin şəxsi təsəvvürü vardır. Çox məmnunam ki, xalqımız da - bizə gələn məlumatlardan görünür - bu zirvə görüşünü və Azərbaycan nümayəndə heyətinin fəaliyyətini yüksək qiymətləndirir. Bu gün buradakı çıxışlarda da həm zirvə görüşünə, həm Bakı-Ceyhan neft kəməri müqaviləsinin imzalanmasına, həm də Azərbaycan nümayəndə heyətinin gördüyü işlərə yüksək qiymət verilir.

Burada deyildiyi kimi, İstanbul zirvə görüşündə qəbul edilmiş əsas sənəd İstanbul xartiyasıdır. Bu da tarixi hadisədir ki, 1990-cı ildə Parisdə imzalanmış xartiyadan sonra dünyada baş vermiş böyük dəyişikliklərin öz əksini tapdığı növbəti xartiya məhz İstanbulda imzalanıbdır. İstanbul xartiyası adlanır. İstanbulda eyni zamanda Avropada adi silahlar haqqında müqavilə və siyasi bəyannamə imzalanıbdır.

Azərbaycan ATƏT-in zirvə görüşündə iştirakı ilə və oradakı sənədlərin hazırlanmasında gördüyü işlərlə, nəhayət, zirvə görüşündə Azərbaycanın mövqelərini açıq-aydın bəyan etməklə və zirvə görüşünün iştirakçılarına təqdim olunmuş sənədləri imzalamaqla Azərbaycanın dövlət müstəqilliyini bir daha, bir daha sübut etdi və dünyaya nümayiş etdirdi.

İstanbul xartiyasını, adi silahlar haqqında sənədi imzalayarkən, siyasi bəyannaməyə razılıq verərkən mən Azərbaycan xalqının verdiyi mandatı həyata keçirirdim. Mən Azərbaycan xalqının adından o tarixi sənədlərə imzamı qoymuşam. O sənədlər tarixdə yaşayacaqdır. Gələcək nəsillər onları qiymətləndirəcəkdir. Bu gün isə bizim üçün bunun ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan xalqı azad xalqdır, sərbəst daxili və xarici siyasət aparır, Azərbaycan xalqı öz müstəqilliyi ilə fəxr edir, müstəqil Azərbaycan öz imzasını belə tarixi sənədlərə qoymağa imkan alıbdır. Bunlar hamısı məndə də, güman edirəm, sizdə də böyük ruh yüksəkliyi doğurur. Eyni zamanda bunlar bizim üzərimizə böyük vəzifələr qoyur. Biz bu vəzifələri ardıcıl surətdə həyata keçirməliyik.

ATƏT-in zirvə görüşündəki sənədləri imzalamaqla biz bir daha təsdiq edirik ki, Azərbaycan müstəqil dövlətdir, Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulur, bu proses sürətlə inkişaf edir. Azərbaycan xalqların bütün azadlıqlarını təmin edir, insan haqlarını qoruyur, söz, vicdan, mətbuat azadlığını təmin edir. Azərbaycan dünyəvi dövlətdir, öz milli ənənələri ilə bərabər, ümumbəşəri dəyərləri də qəbul edir və onlardan istifadə edir. Azərbaycan öz iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparır, iqtisadi islahatlar həyata keçirir, öz iqtisadiyyatının dünya iqtisadiyyatı ilə sıx inteqrasiyası prosesini həyata keçirir və beləliklə, dünyanın iqtisadi cəhətdən inkişaf etmiş, sosial problemləri diqqət mərkəzində saxlayan sivil dövlətləri sırasına daxil olur. Bu sözlərlə mən onu demək istəyirəm ki, bizim indiyə qədər - dövlət müstəqilliyi əldə edəndən sonra ötən səkkiz il ərzində gördüyümüz işlər bizi bu yola gətirib çıxarıbdır. Bu yol bizim strateji yolumuzdur və ATƏT-in İstanbul zirvə görüşündəki sənədlərə imza atmağımız bir daha, bir daha həm dünyaya nümayiş etdirir, həm də bütün millətimiz, xalqımız üçün təsdiq edir ki, biz bu yol ilə gedəcəyik və heç vaxt bu yoldan dönməyəcəyik.

Qarşımızda duran vəzifələr böyükdür. Nəzərdə tutulur ki, biz İstanbul zirvə görüşünün nəticələri ilə əlaqədar müvafiq sənədlər imzalamalıyıq və bu sənədlərdə həm xartiyadan, həm də zirvə görüşünün qəbul etdiyi başqa qərarlardan ölkəmiz üçün irəli gələn vəzifələrin konkret, praktiki həll olunması məsələlərini əks etdirməliyik.

Yəni sizə və bütün ictimaiyyətə bildirmək istəyirəm ki, İstanbul zirvə görüşü böyük bir mərhələdir, Avropa dövlətləri üçün, ATƏT üzvləri üçün yeni bir mərhələnin başlanğıcıdır. Ona görə də biz bu yola konkret işlərimizlə başlamalıyıq.

Konkret işlərimizdə, şübhəsiz ki, birincisi, indiyə qədər gördüyümüz, həyata keçirdiyimiz işləri təkmilləşdirməliyik. Amma eyni zamanda, bütün bu deyilən sahələrdə olan nöqsanları, çatışmazlıqları aradan qaldırmalıyıq. ATƏT-in sənədlərinə zidd olan və ölkəmizə, xalqımıza zərər gətirən bəzi mənfi halları aradan qaldırmalıyıq, cəmiyyətimizi daha da birləşdirməliyik. Cəmiyyətimiz isə məhz bu prinsiplər əsasında daha da sıx birləşməlidir. Güman edirəm ki, Azərbaycanın hər bir vətəndaşı və xüsusən Azərbaycanın dövlət, hökumət orqanlarında, ictimai təşkilatlarda çalışanlar bu zirvə görüşünün yekunları ilə əlaqədar hərə öz vəzifələrini, məsuliyyətini dərk etməlidir və onların həyata keçirilməsi ilə ciddi məşğul olmalıdır.

ATƏT-in zirvə görüşü zamanı Azərbaycan üçün ikinci bir tarixi hadisə də baş verdi. Bu, Bakı-Ceyhan neft kəməri haqqında son illər böyük çətinliklərlə hazırlanan müqavilələrin imzalanmasıdır. Bu da həqiqətən çox böyük tarixi əhəmiyyət kəsb edən hadisədir. Təsadüfi deyil ki, bu hadisə dünyanın bir çox ölkələrində, bir çox dairələrində - həm bizə yaxın ölkələrdə, həm uzaq olan ölkələrdə çox böyük əks-səda doğurubdur və müxtəlif münasibətlər meydana gəlməsinə səbəb olubdur.

Azərbaycan 1993-1994-cü illərdən başlayaraq öz müstəqilliyini möhkəmləndirmək üçün, iqtisadiyyatını inkişaf etdirmək üçün, onu dünya iqtisadiyyatı prinsipləri əsasında, bazar iqtisadiyyatı prinsipləri əsasında qurmaq üçün bir çox tədbirlər həyata keçirir və onlar da öz nəticəsini verir. Bu tədbirlərin içərisində ötən beş il içərisində ən görkəmli yer tutan - neft və qaz sərvətlərimizdən səmərəli istifadə etməyimiz üçün dünyanın böyük neft şirkətləri ilə müştərək iş görməyimizdir. Bu, dövlətimizin yeni neft strategiyasıdır.

Azərbaycan qədimdən neft ölkəsidir. Sovet hakimiyyəti dövründə də Azərbaycanı həmişə neft ölkəsi kimi tanımışlar. Məlumdur ki, 60-cı illərin sonuna qədər Azərbaycanda sənayenin başqa sahələrinə lazımi fikir verilmirdi. Bir tərəfdən ona görə ki, Azərbaycan həmişə neftlə məşğul olmuşdu və neftlə əlaqədar sənaye sahələri ilə məşğul olmuşdu. İkinci tərəfdən də, Sovetlər İttifaqının mərkəzi dövləti hər bir regiondan, hər bir respublikadan ümumittifaq üçün lazım olan şeyləri cəlb edirdi. Azərbaycan üçün isə artıq bir çox vaxt bundan öncə lazım idi ki, neft sənayesi ilə yanaşı, sənayenin başqa sahələrini də inkişaf etdirsin. Biz bunu etdik. 70-80-ci illərdə bu sahədə böyük işlər görüldü. Sənayenin bir çox yeni sahələri yarandı, onlar Azərbaycana çox böyük faydalar verdi. Kənd təsərrüfatında, Azərbaycanın torpaqlarından istifadə olunması, təbii sərvətlərindən istifadə olunması sahəsində çox böyük işlər görüldü. Ancaq bunlara baxmayaraq, yenə də neft və qaz sərvətlərimiz bizim bütün imkanlarımız, bütün sərvətlərimiz içərisində daha da böyük rol oynayır.

Hesab edirəm ki, Azərbaycan xoşbəxt bir ölkədir və Allah tərəfindən ona bəxş edilən təbii sərvətlər Azərbaycanın həyatı üçün həmişə böyük əhəmiyyətli olubdur və gələcəkdə də əhəmiyyətli olacaqdır.

Azərbaycanın zəngin təbii sərvətləri və geostrateji vəziyyəti xalqımızın milli sərvətidir. Biz bunları qorumalıyıq, biz bunlardan səmərəli istifadə etməliyik. Bu milli sərvət - bir də təkrar edirəm, Azərbaycanın geostrateji vəziyyəti və təbii sərvətləri, yəni neft və qaz yataqları nəinki bu gün, nəinki XXI əsrdə, hələ gələcək əsrlərdə də Azərbaycan xalqı üçün əsas sərvətdir.

Məlumdur ki, dünyada, yəni yer kürəsində yeraltı sərvətlər çoxdur. Qara metallar da var, başqa metallar da var, başqa yanacaq növləri də var, qızıl da var, almaz da var, başqa şeylər də vardır. Yer kürəsinin çox ölkələrində bu sərvətlər vardır. Amma bütün bu yeraltı sərvətlərin içərisində neft və qaz yataqları müasir dünyada birinci yerdə durur və hansı ölkələrin belə sərvətləri varsa, şübhəsiz ki, o ölkənin, xalqın həyatı üçün, sosial vəziyyəti üçün və ölkənin iqtisadi inkişafı üçün böyük bir amildir. Yenə də deyirəm, xoşbəxt millətik ki, bizim belə sərvətlərimiz vardır və bu sərvətlərdən biz indi daha da səmərəli istifadə etməyə başlamışıq. Buna görə də təbiidir ki, indi dünyanın müxtəlif böyük şirkətləri, başqa ölkələrdə sərmayə qoymaq, iş görmək üçün can atan, fəaliyyət göstərən şirkətlər dünyanın, yer kürəsinin hər yerində özünə münasib istiqamətdə hərəkət edirlər və burada birinci yerdə yenə də neft və qaz sərvətləri olan ölkələr durur.

Götürün böyük Rusiyanı. Orada yeraltı faydalı qazıntılar çoxdur: dəmir də var, daş kömür də var, qızıl da var, almaz da var, başqaları da vardır, amma bu gün Rusiyanın iqtisadiyyatının ən əsas dayağı onun zəngin neft və qaz yataqlarıdır. Bu gün yox, mən sizə bunu keçmiş tariximiz haqqında məlumat verərək deyə bilərəm. Sovet İttifaqı dövründə və xüsusən 70-ci illərin sonunda və 80-ci illərin əvvəllərində, Sovet İttifaqında ümumiyyətlə istehsal zəif inkişaf etdiyi bir zamanda və ölkənin taxıl ilə təminatı çox çətin bir halda olduğu zamanda Sovet İttifaqını bu çətinliklərdən xilas edən iki şey var idi: biri neft, hansını ki, satırdı, biri də qaz.

Bəli, Uzaq Sibirdən Avropanın müxtəlif ölkələrinə qaz kəmərinin çəkilməsi o vaxt tarixi bir hadisə idi. Çünki iqtisadi və maliyyə vəziyyəti artıq zəifləmiş Sovet İttifaqında bu iki sərvət demək olar ki, bütün başqa sahələrdən gələn gəlirlərin hamısından üstün idi və ölkəyə böyük fayda gətirirdi.

Yaxın Şərqdə kiçik ölkələr vardır ki, böyük neft, qaz sərvətləri sayəsində ən kasıb ölkələrdən 20-25 il içərisində indi ən dövlətli ölkələrin səviyyəsinə gəlib çatıbdır.

Yəni bununla onu demək istəyirəm ki, Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir. Buna görə də, məsələn, indi Azərbaycana xarici investisiya birinci növbədə neft və qaz sahəsinə gəlir. Başqa yerlərə də gəlir, amma əsas bu sahəyə gəlir.

Bəzi diletantlar orda-burda danışırlar ki, "bəli, bu sahə yaxşıdır, amma o biri sahələrə də fikir verin". Axı, onlar bu işlə məşğul olmurlar. Mən bu gün onlara, hamıya bildirmək istəyirəm ki, biz dövlət olaraq bütün sahələrə fikir veririk, bütün sahələrə xarici sərmayəni cəlb etmək istəyirik, bütün sahələrdə zəngin xarici şirkətlərlə əməkdaşlıq etmək istəyirik. Ancaq bu, təkcə bizdən asılı deyildir. Bu, eyni zamanda hər bir ölkənin o böyük, zəngin şirkətlərinin hər bir ölkənin sərvətlərinə olan marağından asılıdır. Qeyd etdiyim kimi, indi dünyada neft və qaz məhsulları birinci yerdə durduğuna görə təkcə bir yanacaq vasitəsi kimi yox, eyni zamanda sənayenin bir çox sahələrinin, yeni yaranmış sahələrinin təmin edilməsi üçün, xammal kimi istifadə olunması üçün dünyanın böyük şirkətləri şübhəsiz ki, birinci növbədə diqqətlərini neft və qaz yataqları olan ölkələrə yönəldirlər və oraya sərmayə qoymağa çalışırlar. Budur, indi son illərdə Azərbaycanda bu vəziyyət vardır.

Ancaq bir var ki, kimsə gəlib bu sərvətlərimizdən istifadə etmək istəyir, yəni müştərək iş görmək istəyir, - bu, şübhəsiz ki, təbii haldır. İkinci tərəfi isə ondan ibarətdir ki, Azərbaycan öz milli sərvətlərindən öz milli mənafeyi üçün səmərəli istifadə edə bilir, yoxsa edə bilmir. Bax, bu sahədə Azərbaycanın yeni neft strategiyası təkcə ötən beş il üçün yox, böyük gələcək üçün bizim ən böyük nailiyyətimizdir.

Burada artıq deyildi, - sentyabr ayının 20-də "Əsrin müqaviləsi"nin beşinci ildönümünü qeyd edərkən bu barədə çox ətraflı danışdıq ki, biz birinci müqaviləni çox ağılla, səriştə ilə, milli mənafelərimizi tam təmin etmək yolu ilə və məqsədi ilə hazırladıq, imzaladıq və bununla da Azərbaycanın yeni neft strategiyasının əsasını qoyduq, bununla da dünyanın bir çox başqa neft şirkətlərinin diqqətini Azərbaycana cəlb etdik və onların nəticəsində indi beş il müddətində 18 müqavilə imzalanıbdır. Onlar haqqında bu gün Natiq Əliyev məlumat verdi və onların hamısı gələcəyə yönəlibdir.

Xatirimdədir, bizim ilk müqavilələr Milli Məclisdə təsdiq edilən zaman bəzi deputatlar - təbiidir ki, onların əksəriyyəti müxalifətdən olan deputatlar idi - bunlara etiraz edirdilər: "Nə üçün bunları edirsiniz, niyə tələsirsiniz? Bunları gələcək nəsillərə saxlamaq lazımdır. Niyə başqa şirkətlərlə edirsiniz bunları? Gözləyin, birinci müqavilədən gəlir aldıqdan sonra o birilərini ancaq özümüz edəcəyik". Belə səviyyəsiz, yenə də deyirəm, diletant sözlərlə bizim gördüyümüz bu işlərə etiraz edirdilər. Bu, təbii ki, bir tərəfdən işi bilməməyin nəticəsidir, ikinci tərəfdən də, sadəcə, dövlətin gördüyü işlərə maneçilik etmək məqsədi daşıyır. Ancaq biz gördüyümüz işin nə olduğunu yaxşı bilirdik. Ona görə də "Əsrin müqaviləsi"ni imzalayıb əməli işə başlayandan sonra həm Xəzər dənizinin Azərbaycan sektorunda, həm Azərbaycanın quru hissəsində olan yataqlara xarici şirkətlərin maraqlarını müzakirə etdik, təhlil etdik və yeni müqavilələr imzaladıq. Bilmək lazımdır, beş il müddətində bu işlərin görülməsi böyük bir nailiyyətdir və bu işləri də biz Azərbaycanın gələcəyi üçün, gələcək nəsillər üçün görürük.

Bu müqavilələrin ardıcıl surətdə hazırlanması və imzalanması bir tərəfdən xarici şirkətlərin gəlib burada iş görmək istəyi ilə bağlı olmuşdur, ikinci tərəfdən isə bizim özümüzün neft strategiyamızın tərkib hissəsidir. Çünki, - burada Natiq Əliyev dedi, - hər bir müqavilə imzalanandan sonra onun üç il kəşfiyyat dövrü vardır. Üç ildən, kəşfiyyat dövründən sonra artıq istehsal prosesləri gəlir. Demək, hər bir müqavilənin həyata keçməsi üçün və ilkin nəticələrin alınması üçün neçə illər lazımdır.

Bax, biz bunları edərək Azərbaycanın gələcəyi - 2010, 2015, 2020-ci illər üçün ardıcıl olaraq işlər görürük. Əgər birini, ikisini imzaladıq, qalanlarının üstünü basdırıb otursaq ki, bunlar gələcək üçün qalsın, bəlkə gələcəkdə buna heç maraq olmayacaqdır. Bir də ki, burada deyildi, hətta müqavilənin imzalanmasında və ilkin işlərin görülməsindən Azərbaycana nə qədər gəlirlər gəlir. Bunlar hamısı bu gün üçün lazımdır. Amma biz "Əsrin müqaviləsi"nin həyata keçirilməsindən artıq 2000-ci ildə 100 milyon dollardan artıq konkret mənfəət alacağıq - və bu, hər il artacaqdır.

Digər müqavilələr işə düşəndən sonra, yanaşı olaraq - məsələn, burada "Şahdəniz" müqaviləsi haqqında danışıldı - orada işlər gedəcəkdir və bunlar da bir-birinə heç mane olan deyil, əksinə, bir-birinə yardım edəcəkdir. Məsələn, "Əsrin müqaviləsi"nə və "Şahdəniz" müqaviləsinə görə biz iki qazma qurğusunu - "Dədə Qorqud" yarımdalma və "İstiqlal" qurğularını bərpa etdik. "İstiqlal" qurğusuna 200 milyon dollardan artıq vəsait qoyulubdur. Bunlar xarici sərmayədir, amma bu, Azərbaycanın mülkiyyətidir.

"Dədə Qorqud" qurğusunun bərpasına təxminən 60-70 milyon dollar vəsait qoyulmuşdur. İndi isə keçmişdə "Şelf" adlanan yeni tipli bir qazma qurğusu var, o hazırlanır, həmin qurğu da modernləşdiriləcəkdir. Bunlar hamısı Azərbaycanda gələcəkdə işlərin daha da uğurla, müvəffəqiyyətlə getməsi üçün edilir.

Ancaq biz keçən dövrdə görülən işləri heç vaxt unutmamalıyıq. Məsələn, əgər biz vaxtında, 1970-ci illərin sonunda dərin özüllər zavodunu - mən sizə deyə bilərəm ki, o zaman onu ittifaq dövlətindən böyük çətinliklərlə aldıq, bu zavodun tikintisinə Sovet hökumətinin büdcəsindən 400 milyon dollar sərf olundu - alıb gətirib burada qurmasaydıq, indi biz bu işləri görə bilməzdik. Amma həmin zavod da hələ bu gün bizim istədiyimiz səviyyədə deyildir. Onu inkişaf etdirmək, modernləşdirmək lazımdır. Həmin zavod Xəzərin təkcə Azərbaycan sektorunda yox, indi başqa sektorlarında da görülən işlər üçün çox əhəmiyyətli olacaqdır.

Məsələn, Qazaxıstan Prezidenti öz çıxışında - yəqin sənədlər imzalanarkən onun çıxışını eşitdiniz - dedi ki, biz bir kəşfiyyat quyusu qazırıq, artıq üç min metr qazmışıq. Öz sektorlarında qazarlar, taparlar, əgər görsələr ki, onlarda çox neft ehtiyatı var, demək, qazma qurğusu lazımdır. Bu qurğu da Xəzər dənizində hələ yalnız Azərbaycandadır, başqa yerdə yoxdur.

Biz keçmişdə bu gün üçün böyük baza yaratmışıq. Bunu bilmək lazımdır, heç vaxt unutmaq olmaz. Ona görə də indi "İstiqlal", "Dədə Qorqud" qurğuları vardır.

Əgər biz "Şahdəniz" yatağının birgə işlənilməsi barədə müqaviləni imzalamasaydıq, "İstiqlal" qurğusu da olmayacaqdı. Çünki "İstiqlal" qurğusu "Şahdəniz" müqaviləsinin hesabına yaranıbdır. Bax, mən bununla bir daha onu qeyd etmək istəyirəm ki, bu beş il müddətində bizim imzaladığımız 18 müqavilə Azərbaycanın gələcək həyatının böyük təməlini qoyubdur. Bu, elə bir təməldir ki, Azərbaycanı on illərlə inkişaf etdirəcəkdir.

Mən bunu İstanbulda da dedim, aydındır ki, əgər biz "Əsrin müqaviləsi"ni imzalamasaydıq və ondan sonrakı müqavilələri imzalamasaydıq, Bakı-Ceyhan neft kəməri heç vaxt reallaşmazdı. Məlumdur ki, biz "Əsrin müqaviləsi"ni imzalayanda orada yazılmışdı ki, əsas ixrac neft kəməri tikilməlidir və onun da müddəti 54-56 ay müəyyən olunmuşdu. Bunlar o vaxt yazılmışdı. Amma sonrakı reallıq nəyi göstərdi? Sonrakı reallıq onu göstərdi ki, biz Bakı-Novorossiysk neft kəmərini yaratdıq, 1997-ci ilin noyabr ayında "Çıraq" yatağından neft çıxdı və biz bu nefti həmin kəmərlə ixrac etməyə başladıq. Ancaq biz bununla qane olmadıq. Bizə alternativ kəmər lazım idi. Ondan sonra biz Bakı-Supsa kəmərini yaratmağa başladıq. Bu ilin aprel ayında həmin kəmər də, terminal da istifadəyə verildi. Artıq Bakı-Supsa vasitəsilə 3 milyon ton neft ixrac olunubdur.

Təbiidir ki, bu iki neft kəmərinin yaranması Bakı-Ceyhan neft kəmərinin vaxtını uzadır və uzatdı. Şübhəsiz ki, neft şirkətləri və onlarla birlikdə biz gördüyümüz işlərin səmərəsini tezliklə əldə etmək istəyirik. Kapital qoyulursa, demək o, həm xarici şirkətlər üçün, həm də Azərbaycan üçün gəlir gətirməlidir. Amma əgər gəlir gəlmirsə, kapital qoyulur, gəlirin gəlməsi gecikirsə, şübhəsiz ki, bu, heç kəs üçün faydalı ola bilməz.

Yenə də deyirəm, Bakı-Supsa kəmərinin yaranması Bakı-Ceyhanı təxirə saldı və bəlkə də onun vaxtını tamamilə uzadardı. Əgər biz başqa müqavilələri imzalamasaydıq, əgər Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti başqa müqavilələrin icra olunması ilə əlaqədar həm öz sahəsindən, həm də başqa müqavilələr sahəsindən həqiqətən çox neft hasil edilməsinə inanmasaydı, onlar Bakı-Ceyhan neft kəmərinin çəkilməsinə razılıq verməyəcəkdilər. Siz bilirsiniz, bilmirsinizsə bilin, - onlar buna razılıq vermirdilər də. Çünki onlar deyirdilər ki, kommersiya marağı bizim üçün hər şeydən üstün olmalıdır. Biz də belə hesab edirik ki, kommersiya marağı hər şeydən üstün olmalıdır. Amma bizim bütün bu beş ildə gördüyümüz işlər, məhz gördüyümüz işlər Bakı-Ceyhanı reallaşdırdı. 1998-ci ilin oktyabr ayında biz Ankarada siyasi bəyannaməni imzalayandan sonra bir il müddətində çox böyük işlər görüldü. Amma ağır, çətin işlər görüldü. Türkiyə ilə Azərbaycan arasında aylarla danışıqlar aparıldı. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə Türkiyə dövləti, yaxud şirkətləri arasında danışıqlar gedirdi. Gürcüstan ilə danışıqlar aparılırdı. Amma şübhəsiz ki, məsələnin əsas həlli Azərbaycan ilə Türkiyə arasında gedən danışıqlar çərçivəsində idi.

Xatirinizdədir ki, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Bakı-Ceyhan neft kəmərinin qiymətini 3,7 milyard dollara qaldırmışdı. Görülən işlər sübut etdi ki, bu düzgün rəqəm deyildir. Nəhayət, həmin rəqəm 2,4 milyard dollar oldu. Amma burada deyildiyi kimi, bunun da riski vardır. Türkiyə öz ərazisində olan riski öz üzərinə götürüb, Beynəlxalq Əməliyyat Şirkəti isə Azərbaycan və Gürcüstan ərazilərində olan riski öz üzərinə götürübdür. Beləliklə də Bakı-Ceyhan neft kəməri reallaşdı və onun sənədləri İstanbulda çox təntənəli şəraitdə, yüksək səviyyədə imzalandı.

Mən bunu dəfələrlə demişəm, bu gün bir daha bildirmək istəyirəm ki, həm "Əsrin müqaviləsi"nin hazırlanmasında və imzalanmasında, həm də sonra gördüyümüz işlərdə, elə Bakı-Supsa və Bakı-Ceyhan neft kəmərlərinin yaranmasında Amerika Birləşmiş Ştatlarının daim diqqəti, dəstəyi, qayğısı olmuşdur. Şəxsən Prezident cənab Bill Klintonun bu məsələyə xüsusi münasibəti olmuşdur. Bilirsiniz ki, o bu problem üzrə Prezidentin xüsusi səlahiyyətli səfirini təyin edibdir və həmin səfir vaxtaşırı Azərbaycana gəlirdi, Türkiyəyə, Gürcüstana gedirdi, bərabər işləyirdi. Yəni Bakı-Ceyhana Türkiyə və bizim kimi, eyni zamanda Amerika Birləşmiş Ştatları da maraqlı olmuşdur. Amerika Birləşmiş Ştatlarının bu məsələyə xüsusi münasibəti, verdiyi dəstək və göstərdiyi yardım, bir daha qeyd edirəm, şəxsən Prezident Bill Klintonun bu məsələ ilə məşğul olması, onu dəstəkləməsi nəhayət, bütün problemləri aradan qaldırdı və biz Bakı-Ceyhan neft kəməri haqqında müqaviləni imzaladıq.

Bilirsiniz ki, Bakı-Ceyhan neft kəməri haqqında Azərbaycandan çox Türkiyədə düşünürdülər. Türkiyədə belə bir ictimai rəy yaranmışdı ki, bu, Türkiyə üçün bir nömrəli problemdir. Bakı-Ceyhan anlayışı, demək olar ki, Türkiyənin hər bir vətəndaşının beynində idi. Mən bunun dəfələrlə şahidi olmuşam. Azərbaycana gələn jurnalistlərlə görüşümdə, Türkiyədə olarkən həm jurnalistlərlə, dövlət adamları ilə, həm də adi vətəndaşlarla görüşlərimdə həmişə birinci sual Bakı-Ceyhan barədə olubdur. Bəlkə də adi vətəndaşların bir qismi bunun mənasını həqiqətən heç bilmir. Ancaq bu, Türkiyə Cümhuriyyəti vətəndaşlarının beyninə bir ideal kimi həkk olunmuşdu. Ona görə də bu, bizim üçün nə qədər əhəmiyyətlidirsə, Türkiyə üçün ondan da çox əhəmiyyətlidir. Bakı-Ceyhan neft kəməri haqqında müqavilənin imzalanması, şübhəsiz ki, həm Türkiyə üçün, həm də bizim üçün çox böyük nailiyyətdir.

Təbiidir ki, burada Gürcüstan da çox böyük fayda götürəcəkdir. Prezident Eduard Şevardnadze imzalanma mərasimində dedi ki, Gürcüstanın nə nefti var, nə də qazı. O, qazı və nefti öz ərazisindən ya keçirə bilər, ya da keçirməyə bilər. Amma keçirmək keçirməməkdən faydalıdır, çünki keçirəndə fayda, gəlir götürəcəkdir.

Beləliklə, biz qardaş Türkiyə ilə beş il müddətində gördüyümüz işi başa çatdırdıq və imzalanma mərasimi çox yüksək səviyyədə keçdi. İmzalanma mərasimində Amerika Prezidentinin iştirak etməsi və iki sənədə şəxsən imza atması, təbiidir ki, bu müqavilənin həm qiymətini, həm mahiyyətini qaldırıb, həm də onun həyata keçirilməsi üçün çox böyük imkanlar yaradıbdır.

Biz bu gün bu məsələni müzakirə edərkən deməliyəm ki, Azərbaycan neftçiləri Azərbaycan tarixində həmişə böyük xidmətlər göstəriblər. Noyabrın 7-də Neft daşlarının 50 illiyi tamam oldu. Onlar bunu Neft daşlarında təntənəli surətdə qeyd ediblər. Amma mən söz vermişəm ki, bunu respublika miqyasında qeyd edəcəyik və bu gün də bu sözlərimi təsdiq edirəm. Çünki bugünkü günlərin əsası o vaxt qoyulubdur. Bəli, indi biz haqqında müqavilələr imzaladığımız həmin o neft-qaz yataqları ötən 50 il müddətində Azərbaycanın alimləri, geoloqları, neftçiləri tərəfindən kəşf olunubdur. Bu, bir tərəfdən. İkinci tərəfdən isə 50 il müddətində Xəzər dənizində neft hasilatı ilə məşğul olan Azərbaycan neftçiləri əvvələn, böyük bir maddi-texniki bazanın yaranmasına səbəb olublar, - bunu onlar yaratmayıblar, amma onların iştirakı ilə bunu keçmişdə Azərbaycan dövləti, hökuməti yaradıbdır, - ikincisi isə çox yüksək səviyyəli mütəxəssislər hazırlanıbdır. O vaxt yaranmış maddi-texniki baza, çox yüksək səviyyəli neft-qaz sənayesi mütəxəssisləri - bunlar hamısı bizim bu gün gördüyümüz işlərin vaxtilə əsasını qoyubdur.

Ona görə də mən bu gün Azərbaycan neftçilərinə bir daha təşəkkürümü bildirirəm və bu "Əsrin müqaviləsi"nin və sonrakı müqavilələrin hazırlanıb imzalanmasında, xüsusən Bakı-Ceyhan neft kəməri barədə müqavilənin hazırlanmasında və nəhayət, həyata keçirilməsində Azərbaycan Dövlət Neft Şirkətinin xidmətlərini xüsusi qeyd edirəm. Neft şirkətinin prezidenti Natiq Əliyevin, birinci vitse-prezident İlham Əliyevin, vitse-prezident Xoşbəxt Yusifzadənin, Valeh Ələsgərovun xidmətlərini xüsusi qeyd edirəm.

İndi bizim qarşımızda yeni vəzifələr durur. Biz indiyə qədər çalışırdıq ki, müqavilə imzalansın. İndi isə bunu həyata keçirmək lazımdır. Təbiidir, mən bu sahədə göstərişlər vermişəm. Bu gün Natiq Əliyev məruzə etdi ki, onlar Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə artıq dünən danışıqlar aparıblar. Müəyyən sənədlər hazırlanmalıdır və böyük bir proqram tərtib edib həyata keçirməliyik.

İndi Qazaxıstanın da Bakı-Ceyhan neft kəmərinə qoşulması çox böyük bir hadisədir. Burada deyildi ki, Qazaxıstan öz neftini ixrac etmək üçün hələ 1990-1991-ci illərdən Qara dənizə neft kəməri çəkmək istəyir. Hələ indiyə qədər həmin kəməri çəkə bilməyibdir. Amma çəksələr də indi Bosfor boğazından onlar istədiyi qədər neft keçirmək mümkün olmayacaqdır. Ona görə də Qazaxıstan Bakı-Ceyhan neft kəmərinin reallığını artıq hiss edərək ona qoşuldu və Prezident Nursultan Nazarbayev İstanbulda bir sənədi imzaladı.

Burada artıq qeyd olundu, - biz elə bu kəmərsiz də Qazaxıstan neftini tankerlərlə, dəmir yolu vasitəsilə son neçə ildə buradan Qara dənizə çıxarırıq. Beləliklə, həm Qazaxıstana kömək edirik, həm də Azərbaycana gəlir gətiririk.

Mən qaz kəməri haqqında da demək istəyirəm. Bunun da çox böyük əhəmiyyəti vardır. Türkmənistan Prezidenti Saparmurad Niyazov imzalanma mərasimində açıqcasına dedi ki, onlar bu kəmərin çəkilməsi üçün 8 ildir alternativ yollar axtarırlar. Onlar bu qaz kəmərini bir neçə ölkədən keçirmək istəmişlər, amma bunların hamısı uğursuz olmuşdur. Lakin kəməri bu istiqamətdə keçirməyi həm istəyirdilər, həm də bir o qədər istəmirdilər. Nəhayət, gördülər ki, onlar üçün bundan uğurlu, faydalı yol yoxdur.

Təbiidir ki, Amerika Birləşmiş Ştatlarının bu barədə onlara çox böyük köməyi oldu. Nəhayət, onlar son qərara gəldilər və Transxəzər qaz kəməri haqqında da sənədlər imzalandı. Bu Azərbaycan üçün faydalıdır. Həm ona görə ki, bu xətt üzrə biz gələcəkdə Azərbaycanda ixrac oluna bilən miqdarda qazı ixrac edə biləcəyik. Biz eyni zamanda Türkiyə ilə xüsusi bir sənəd imzaladıq ki, gələcəkdə Türkiyə Azərbaycan qazının həm Türkiyəyə keçirilməsi, həm də Avropaya keçirilməsi haqqında öz üzərinə öhdəlik götürür.

Mən Azərbaycanın geostrateji vəziyyətini deyəndə, bax, qaz kəməri - budur. Amma təkcə bu deyil. Məsələn, indi Qazaxıstanın Azərbaycandan neft məhsulları keçirməsi, Bakı-Ceyhana qoşulması, Türkmənistan qazının Azərbaycandan keçməsi və Böyük İpək Yolunun bərpası ilə əlaqədar bir çox başqa işlər görülməsi, şübhəsiz ki, Azərbaycanın nə qədər əhəmiyyətli geostrateji mövqeyi, vəziyyəti olduğunu göstərir. Məhz buna görə də mən deyirəm ki, Azərbaycanın milli, təbii sərvətləri qaz və neft, bir də Azərbaycanın geostrateji vəziyyətidir.

Biz İpək yolunun bərpası ilə əlaqədar çox işlər görmüşük. 1998-ci ilin sentyabr ayında Azərbaycanda beynəlxalq konfrans keçirildi. Bu sahədə tədbirlər həyata keçirilir. Beləliklə, Azərbaycanda bütün kommunikasiya xətləri daha da çox yüklənəcəkdir. Bu, Azərbaycanda yeni iş yerləri açacaq və ölkəmizə yeni-yeni gəlirlər gətirəcəkdir.

Bunlar həm bu gün üçündür, ancaq ən çox gələcək üçün, gələcək nəsillər üçündür. Mən çox xoşbəxtəm ki, bizim üzərimizə, şəxsən mənim üzərimə bu gün Azərbaycanın müstəqilliyini qorumaq, saxlamaq, inkişaf etdirmək və xalqımızın gələcək nəsillərində xoşbəxt, firavan, sülh şəraitində olan bir həyat yaratmaq üçün belə bir missiya düşübdür.

Təbiidir ki, Bakı-Ceyhan neft və Xəzər qaz kəmərlərinin siyasi əhəmiyyəti də vardır. Biz bunu inkar etmirik. Elə bu həm iqtisadi, həm də siyasi maraqlara görə bizim imzaladığımız bu sənədlər bəzi ölkələrdə çox etiraz hissi ilə qəbul olunubdur. Bəziləri hesab edirlər ki, bunun əsası yoxdur. İndi onlar belə düşünülməmiş bəyanatlar verirlər. Əgər əsası olmasaydı, dünya onun üzərində bu qədər çalışardımı? Bunu təkcə biz etməmişik. Söyləyirlər ki, bunun əsası yoxdur və sair. Bəziləri narazıdır ki, bu kəmər niyə onun ölkəsindən keçməyibdir. Yenə də deyirəm, - birincisi, bu, kommersiya prinsiplərinə söykənir. Şübhəsiz ki, ikincisi də, bunun siyasi əhəmiyyəti vardır. Bu, Azərbaycanın müstəqilliyini bir daha nümayiş etdirir. Azərbaycanın müstəqilliyinin dönməzliyini nümayiş etdirir və Azərbaycanın müstəqil siyasət aparmasını nümayiş etdirir.

Bu müqavilə eyni zamanda regionda sülhün və təhlükəsizliyin yaranmasına xidmət edəcəkdir. Xatirinizdədir, Prezident Bill Klinton imzalanma mərasimində öz çıxışında həm müstəqillik ilə, həm də regionda sülhün, təhlükəsizliyin yaranması ilə əlaqədar bunu xüsusi vurğuladı. Bu, həqiqətən də belədir. Dövlətlərarası, ölkələrarası nə qədər belə kommunikasiyalar yaransa və bu, Avropa ilə Mərkəzi Asiyanı birləşdirən kommunikasiyalar olsa həm Qafqazda, həm də Mərkəzi Asiyada sülhün yaranmasına, təhlükəsizliyin təmin olunmasına o qədər təminat yaradacaqdır. Bizim üçün isə bu, hər şeydən əhəmiyyətlidir, hər şeydən önəmlidir.

Bilirsiniz ki, İstanbul zirvə görüşündə ümumi toplantılardan başqa, mənim fərdi görüşlərim də çox olmuşdur. Birincisi, çox məmnunam ki, siz - burada çıxış edənlər mənim Azərbaycan dövləti haqqında orada dediyim sözləri, nitqimi qiymətləndirirsiniz. Həqiqətən də, orada reqlamentin az olmasına baxmayaraq, mən Azərbaycan üçün çox əhəmiyyətli olan fikirləri o qısa zamanda irəli sürdüm. Tamamilə düz deyirsiniz ki, bu fikirlərin içərisində Cənubi Qafqazda sülh və təhlükəsizlik və əməkdaşlıq paktının yaradılması fikri çox dəyərli təklifdir. Ona görə demirəm ki, bunu mən etmişəm. Ancaq bu, təkcə bizim üçün yox, bütün Cənubi Qafqaz üçün lazımdır. Biz bu sahədə öz işimizi aparacağıq. Mən orada həm Amerika Birləşmiş Ştatlarına, həm Avropa Birliyinə daxil olan ölkələrə, həm də Rusiyaya, Türkiyəyə, Gürcüstana, Ermənistana və ATƏT-in marağı olan bütün digər üzvlərinə müraciət etdim ki, onlar hər bir paktın yaranmasında iştirak etsinlər, ona qoşulsunlar. Təbiidir ki, bu fikir gərək həzm olunsun, təhlil edilsin, gərək onun yolları araşdırılsın. Amma hesab edirəm ki, bu, Cənubi Qafqazın, ümumiyyətlə Qafqazın gələcəyi üçün çox əhəmiyyətli bir təklifdir və sammitdə çox yaxşı qarşılanmışdır.

Adi silahlar haqqında müqavilənin imzalanması barədə burada məlumat verildi. Mən sammitdən əvvəl də bu barədə vəziyyəti demişdim. Onu bildirmək istəyirəm ki, bizim ekspertlərimiz, xarici işlər nazirliyinin əməkdaşları Vyanada - ATƏT-in hazırlıq qərargahı orada idi - son günə qədər mübahisə aparıblar. Yəni biz dörd ildir ki, müqavilənin imzalanmasını öz müqavimətimizlə saxlamışıq.

İndi bəziləri deyir ki, bəs niyə razılıq verdiniz? Belə vəziyyətdə, - mən öz nitqimdə demişdim, - bizim bölgədə böyük hərbləşmə, silahlanma getdiyi bir zamanda və Dağlıq Qarabağda nəzarətsiz silahların olduğu bir zamanda, Azərbaycanın kvotasının da az olduğu halda biz bu müqavilənin imzalanmasına razılıq veririk. Çünki bilin ki, - burada deyildi, - 92-ci ildə Azərbaycana edilmiş xəyanəti aradan götürmək, sadəcə, mümkün deyildir. Əgər bu, təkcə bizimlə hansısa ölkənin arasında olsaydı, mümkün idi. Mən bunu izah etmişəm, çünki əsas müqavilə vaxtilə NATO ilə Varşava paktı arasında olubdur. Sonra isə bütün bu danışıqlar Qərblə Rusiya arasında gedir. Biz bu dəfə də müqavimət göstərsəydik, müqaviləni imzalamasaydıq, ola bilər, imzalanmayaydı. Yaxud da imzalanardı, amma bizim imzasız, çünki buna bəlkə də konsensus lazım deyildir.

Ancaq nə udacaqdıq? Mən bunu demişəm, yenə də deyirəm: bu müqavilənin imzalanması müasir şəraitdə adi silahlara nəzarət üçün və onların harada yerləşməsinə, cinah prinsiplərinə əsasən yerləşməsinə nəzarət üçün lazımdır. Ona görə də biz imzaladıq. Ancaq əgər 92-ci ildə, Azərbaycanın sahibsiz olduğu bir zamanda, - 92-ci ilin mayında Azərbaycan sahibsiz, hakimiyyətsiz vəziyyətdə olarkən, - üç nəfər adam, yəni Rəhim Qazıyev, Əzizbəyov, - onu bu gün heç tanıyan da yoxdur, - gedib Azərbaycanın adından imza ediblər. Abbas Abbasov da orada olubdur. Şübhəsiz ki, bu imzalama xəyanətdir və bu xəyanətin acı nəticələrini biz bu gün də görürük. Amma başqa yolumuz yox idi, məcbur idik və biz müqaviləni imzaladıq.

Sammit zamanı mənim bir neçə görüşlərim olubdur. Bu görüşlərin də əsas mövzusu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə həsr edilmişdi. Bilirsiniz ki, mən bu məsələni Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Bill Klintonla çox ətraflı müzakirə etdim, Fransanın Prezidenti cənab Jak Şirakla çox ətraflı müzakirə etdim, - bunlar ATƏT-in Minsk Konfransının həmsədrləridir, - Almaniyanın kansleri cənab Şröderlə müzakirə etdim, çünki Almaniya Minsk qrupunun üzvüdür. Təbiidir ki, biz bu məsələni Türkiyənin Prezidenti cənab Süleyman Dəmirəllə daim müzakirə edirik. Başqa həmkarlarımızla - Gürcüstan, Qazaxıstan, Ukrayna ilə və MDB-yə daxil olan digər dövlətlərlə müzakirə edirik.

Bu məsələyə xüsusi görüş həsr olundu. Amerika Birləşmiş Ştatlarının xarici işlər naziri xanım Olbrayt, Fransanın xarici işlər naziri cənab Vedrin və Rusiyanın xarici işlər naziri cənab İvanov - bunlar ATƏT-in Minsk qrupunda həmsədrlərdir - Ermənistan və Azərbaycan prezidentləri ilə görüş keçirdilər. Biz görülən işlərə müəyyən qədər təhlil verdik və bundan sonra nə etmək lazım olduğunu bildirdik.

Hər halda bütün bu görüşlərimiz, danışıqlarımız zamanı mən Azərbaycanın milli mənafelərini müdafiə etmişəm və bundan sonra da müdafiə edəcəyəm. Mən bu barədə - Ermənistan-Azərbaycan münaqişəsi haqqında Budapeşt sammitində də çox geniş danışmışdım, Lissabon sammitində də geniş danışmışdım. Budapeşt sammitində irəliləyiş əldə etdik, xüsusi qərar qəbul olundu, ATƏT üçün ilk dəfə sülhü mühafizə qüvvələri yaradılması qərara alındı. Biz bunun məhz bizim münaqişənin həll edilməsi üçün yaradılmasına çalışdıq, çünki o vaxta qədər ATƏT-in sülhməramlı qüvvələr yaratmaq səlahiyyəti yox idi.

Lissabon sammitində biz, bilirsiniz ki, sammiti pozmaq dərəcəsinə gəlib çatdıq və bunun nəticəsində ATƏT-in sədrinin bəyanatı qəbul olundu. Biz yenə, bu dəfə də məsələnin sülh yolu ilə həll edilməsi üçün mümkün olan işləri gördük, şəxsən mən gördüm.

Mən bu gün bir daha bəyan edirəm ki, biz atəşkəs rejiminə bundan sonra da sadiq qalacağıq və məsələnin yalnız sülh yolu ilə həll olunmasına çalışacağıq. Ancaq məlumdur və bir daha sizə demək istəyirəm ki, hamı, ictimaiyyət də bilsin ki, dünyada, hər halda ATƏT regionunda olan münaqişələrdən ən çətin, ən ağır münaqişə, ən uzunmüddətli münaqişə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.

Təəssüflər olsun ki, bu münaqişə yaranandan indiyə qədər beynəlxalq birlikdə bunu Dağlıq Qarabağ münaqişəsi adlandırıblar. Biz isə buna daim Ermənistan-Azərbaycan münaqişəsi deyirik. Ona görə Dağlıq Qarabaq münaqişəsi adlandırırlar ki, əvvəldən belə qəbul olunub ki, Dağlıq Qarabağın erməniləri öz müqəddəratını təyin etmək prinsipinə əsaslanaraq, Azərbaycan hakimiyyətindən narazılığını bildirərək bu yola düşmüşlər və ona görə də münaqişə başlanmışdır. Amma əslində bu münaqişə Ermənistanla Azərbaycan arasında yaranmış münaqişədir.

Deyirlər ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri var. Bəli, dörd qətnamə var. Təhlükəsizlik Şurası sədrinin bu barədə beş, ya altı bəyanatı var. Ancaq onların heç birisi icra olunmur. Ona görə ki, Birləşmiş Millətlər Təşkilatında daim bizə deyirlər ki, qətnamə qəbul edirik, amma onun icra olunması mexanizmi və bunun üçün səlahiyyətimiz yoxdur. Bu, aydın bir şeydir, bunu hamı bilməlidir. Biz nə edəcəyik, Birləşmiş Millətlər Təşkilatını vurub dağıdacağıqmı? Nə edəcəyik? Vəziyyət bundan ibarətdir.

Məsələn, bilirsiniz ki, İstanbulda Rusiyanın Çeçenistan münaqişəsi məsələsi çox geniş yer tutdu. Qərb ölkələrindən çıxış edənlərin demək olar ki, əksəriyyəti Rusiyanı çox günahlandırdılar ki, orada insan haqlarını pozurlar, dinc əhalini bombalayırlar və insan haqlarına uyğun olmayan başqa işlər görürlər. Çox kəskin çıxışlar oldu. Rusiya da özünü müdafiə etməyə çalışdı ki, o, insanların yox, terrorizmin əleyhinə müharibə aparır.

Eyni zamanda hamı deyir ki, Rusiyanın ərazi bütövlüyünü dəstəkləyirik. Amma məsələni sülh yolu ilə, danışıqlar yolu ilə həll edin. Rusiya xüsusilə sammitdə aldığı zərbələrdən sonra deyir ki, bəli, biz danışıqlar yolu ilə həll edirik. Son iki-üç gündür deyirlər ki, Qroznını daha bombalamayacağıq, Açkoy-martanı, Qudermesi heç güllə atmadan tutduq, bundan sonra da belə tutacağıq. Bilirsiniz, bu, çox dəhşətli və çoxlu qan tökülmüş bir münaqişədir. Rusiya kimi nəhəng bir dövlət bu münaqişəni özünün tərkibində olan və bu münaqişəni yaratmış xalq kimi heç bir başqa ölkə tərəfindən dəstəklənməyən öz respublikası ilə aparır. Amma görürsünüz, Rusiyanı günahlandırırlar, ancaq çeçenləri günahlandırmırlar.

Rusiya kimi bir dövlət öz böyük hərbi gücü - təyyarələri, raketləri, bombaları, əsgərləri və s. ilə neçə ildir, dörd-beş-altı ildir orada qan tökür, öz ərazi bütövlüyünü saxlamaq istəyir. Amma bunu saxlaya bilmir. ATƏT-in üzvlərinin də hamısı onu bu müharibəni apardığına görə qınayır. Belə halda demək ki, "gəlin biz müharibə edək, torpaqlarımızı müharibə ilə geri alaq", - bu, müasir dünyada nə qədər qəbul olunan bir şeydir?

Mən keçən dəfə bizim hörmətli yazıçılarla danışanda dedim, bu gün də deyirəm, - bəli, ordumuz var, bizim ordumuz müharibə edə bilər. Amma indi müharibəni başlayan tərəf dərhal bütün dünya ictimaiyyəti tərəfindən günahlandırılacaq və müharibənin dayandırılması tələb olunacaqdır. Bu münaqişə ona görə ən çətin münaqişədir ki... Çeçenistan münaqişəsi kimi ağır münaqişədə çeçenlərin dalında bir ölkə də durmur, - deyirlər ki, Ərəbistandan, nə bilim, haradansa onlara silah gəlir, yaraqlılar gəlir, bu başqa, - amma bir ölkə də onu müdafiə etmir. Yəni onu tanıyan bir ölkə yoxdur.

Məsələn, Moldovada Pridnestrovye münaqişəsi var. Düzdür, orada vuruşma yoxdur, amma Pridnestrovye özünü müstəqil aparır və Moldovanın mərkəzi hökumətinə tabe olmur. Orada da Rusiyanın böyük ordu hissəsi var. Amma Pridnistrovyenin də dalında duran bir hökumət yoxdur. Rusiya onu belə müdafiə edir ki, bəli, bu münaqişəni sülh yolu ilə, danışıqlar yolu ilə həll etmək lazımdır.

Məsələn, Gürcüstanda Abxaziya münaqişəsini götürək. Abxaziya münaqişəsində, Abxaziyanın dalında dayanan bir hökumət yoxdur. Yəni o millətə bağlı, o millətdən eyni olan biri yoxdur. Abxaziyanı da altdan-altdan müdafiə eləyənlər var və Gürcüstan bunu dəfələrlə bəyan edibdir.

Yəni bunlar hamısı hər bir ölkənin daxili işi kimi qiymətləndirilir. Çeçenistan münaqişəsi də elə qiymətləndirilir, Moldovada olan münaqişə də elə qiymətləndirilir, Gürcüstanda olan münaqişə də elə qiymətləndirilir. Amma Azərbaycandakı bizim ölkənin daxili işi deyildir. Biz Ermənistanla müharibədəyik. Ancaq heç kəs bunu qəbul etmir ki, müharibə Ermənistanla Azərbaycan arasında gedir. Deyirlər ki, Azərbaycanın daxili işidir, Ermənistan, sadəcə, Dağlıq Qarabağı dəstəkləyir, ona kömək edir.

Əgər Abxaziyanın dalında ATƏT-in üzvü olan Ermənistan kimi bir dövlət olsaydı, şübhəsiz ki, ATƏT-in zirvə görüşlərində onu müdafiə edəcəkdi və buna başqa cür baxılacaqdı. Amma yenə də deyirəm, dünyada heç bir münaqişə yoxdur ki, bu, iki ölkə arasında olsun. Adətən, ayrı-ayrı dövlət qrupları arasında olan münaqişələrdir.

Ona görə bu, çox çətindir, çox ağırdır. Mənim danışıq apardığım dövlət başçılarının hamısı bizim ədalətli olduğumuzu, ərazi bütövlüyümüzün təmin edilməsini, məsələnin sülh yolu ilə həllini daim dəstəkləyirlər və təsdiq edirlər. Ancaq axırda deyirlər ki, siz gedin Ermənistanla danışın, ya da Dağlıq Qarabağın "hökuməti" ilə danışın. Axırda bunu deyirlər.

Bilirsiniz, bu münaqişənin yaranması zamanı və sonra müharibəyə çevrilməsi zamanı buraxılan səhvlər Azərbaycanı gətirib bu ağır vəziyətə salıbdır. Mən sizə deyə bilərəm ki, münaqişə nöqteyi-nəzərindən Azərbaycan kimi ağır vəziyyətə düşən ikinci bir ölkə yoxdur. Əgər nəzərə alsanız ki, Ermənistanda Rusiyanın hərbi bazaları var və axır zamanlar Rusiyadan Ermənistana gətirilən ən müasir silahlar və təyyarələr var, bunların bir qismi Dağlıq Qarabağa keçibdir, - görün vəziyyət nə qədər mürəkkəbdir.

Bunu dərk etmək lazımdır. Qəzetdə yazmaq, nə bilim, yığışıb bəyanat vermək - bunlar asan şeylərdir. Amma bu dərdi çəkmək və onu həll etmək nə qədər səy tələb edir. Bu səyləri də biz ardıcıl olaraq qoyuruq. Bu dəfə də bu məsələ İstanbulda mənim bütün danışıqlarımın mərkəzində olubdur. Amerikanın Prezidenti cənab Bill Klintonla danışarkən, şübhəsiz ki, vaxtilə Azərbaycana qarşı qəbul olunmuş ədalətsiz 907-ci maddənin götürülməsini xahiş etdim. Yanında olan işçilərinə - xarici işlər naziri xanım Olbrayta, təhlükəsizlik məsələləri üzrə köməkçisi Semüel Bergerə, başqalarına yenə də göstəriş verdi ki, baxın.

Amma bu, birinci göstəriş deyildir. 97-ci ilin avqust ayında mən rəsmi səfərdə olarkən biz Ağ evdə birgə bəyanat imzalamışıq. Bu bəyanatda göstərilibdir ki, Amerika Birləşmiş Ştatlarının hökuməti 907-ci maddənin ləğv olunması üçün lazımi tədbirlər görəcəkdir. İki ildən çox keçibdir. Bu dəfə yenə demişəm. Amma dərd ondan ibarətdir ki, həqiqətən orada, Konqresdə ermənipərəst qüvvələr həddindən artıq çoxdur.

İki gün bundan öncə mən Amerika Birləşmiş Ştatlarının keçmiş xarici işlər naziri İqlbergeri qəbul edirdim. Amerika Birləşmiş Ştatlarında onunla bir neçə dəfə görüşmüşəm, təcrübəli adamdır və bu sahədə də öz məsləhətlərini verir. Onunla da danışanda deyir ki, məsələ Koqresdə qoyulmuşdu, baxılırdı. Braunbəkin İpək yolu haqqında bir qərar layihəsi var idi, bu ilin aprel ayında biz onu müzakirə etdik. Orada Prezidentin təhlükəsizlik məsələləri üzrə köməkçisi Semüel Berger də çıxış etdi. Bütün prezidentlər - Azərbaycan, Gürcüstan, Türkiyə Prezidentləri, Mərkəzi Asiya ölkələrinin prezidentləri çıxış etdilər. Bəli, İpək yolu haqqında qanun Senatda qəbul olundu və bir müddət çox güclü irəliləyirdi. Ancaq sonra yenə də səs toplaya bilmədi.

Orada respublikaçı Doul var - ermənilərin yaxın dostu. Mənə deyirlər ki, o, bir neçə gün Konqres, Senat üzvlərinin əksəriyyətinə telefon edib ki, - onların çoxu ilə dostdur, tanışdır, - siz bunun əleyhinə səs verin. Onlar da əleyhinə səs veriblər. Reallıq, həqiqət bundan ibarətdir.

Amma ola bilərdi ki, biz bu vəziyətə düşməyəydik. Əgər 92-ci ildə hakimiyyətdə olan, indi bu barədə hər gün bir fikir söyləyən qüvvələr - Xalq Cəbhəsi, Müsavat, başqası, müxalifət qrupundakılar o vaxt hamısı bir yerdə hakimiyyətdə idilər, Azərbaycanın milli mənafelərini anlaya bilsəydilər, yaranmış vəziyyəti anlaya bilsəydilər, gərək düşünəydilər ki, Azərbaycana qarşı belə ədalətsiz qərar qəbul edilməsinə imkan vermək olmaz. Amma onların səhv siyasəti nəticəsində belə vəziyyət yarandı və Amerika da bildirdi ki, Azərbaycan Ermənistanı blokadaya alıb, o qərarı qəbul elədilər. Yeddi il bundan qabaq qəbul olunub, biz indi də onu ləğv etdirə bilmirik. Qəbul olunmasının səbəbkarları da onlardır, indi bizi tənqid eləyənlər də. Biz isə əlimizdən gələni edirik, amma bunu ləğv etdirə bilmirik.

Mən dedim və Prezident Bill Klinton yenə söz verdi, göstəriş də verdi. Görək nə təhər olacaqdır. İpək yolu haqqındakı həmin layihəyə də yenə baxılacaqdır. Sonra, yəqin qəzetdə oxudunuz, konqresmen Kinq yenə də bu barədə çıxış edibdir. Yəni orada Azərbaycanı dəstəkləyən qüvvələr artır, artır, artır.

Beləliklə, mən hesab edirəm ki, biz sammitdə səmərəli iş görmüşük. Bizim üçün həlli vacib olan məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında lazım olan bütün məlumatları yenidən vermişik. Öz fikirlərimizi, mövqelərimizi bildirmişik. Orada çıxışlarda, sonra mənimlə şəxsi söhbətlərdə və həmsədr olan üç ölkənin xarici işlər nazirlərinin Azərbaycan, Ermənistan prezidentləri ilə görüşündə Ermənistan və Azərbaycan prezidentlərinin son vaxtlar keçirilən bilavasitə görüşləri yüksək qiymətləndirilir və buna çox ümid bəsləyirlər. Əgər doğrudan da biz bir şeyə nail olsaq, dərhal lazım olan bütün yardımların ediləcəyi barədə söz verirlər.

Ancaq mən bunların nəticəsi haqqında da hələ bir şey deyə bilmərəm. Bilirsiniz ki, bu danışıqlar gedirdi, Ermənistanda baş vermiş hadisələrlə əlaqədar bir az kəsilibdir. Yəqin ki, nə vaxtsa bərpa olunacaqdır. Hər halda biz bütün vasitələrdən istifadə edirik və etməliyik.

Beləliklə, ATƏT-in İstanbul zirvə görüşü Azərbaycanın milli mənafeləri, bunların müdafiə edilməsi üçün, reallaşdırılması üçün yeni bir mərhələ oldu. Bakı-Ceyhan və Transxəzər boru kəmərləri layihələrinə dair İstanbulda sənədlərin qəbul edilməsi böyük tarixi hadisə oldu. Bizim vəzifəmiz həm ATƏT-in qəbul etdiyi sənədlərdən irəli gələn vəzifələri həyata keçirmək, həm də özümüzün neft strategiyamızı davam və inkişaf etdirmək, konkret olaraq Bakı-Ceyhan neft kəməri haqqında əməli işlər görməkdir.

Biz beynəlxalq birlikdə bərabər hüquqlu dövlət, xalq olduğumuzu bir daha, bir daha dünyaya nümayiş etdirdik. Azərbaycanın dövlət müstəqilliyini bir daha, bir daha nümayiş etdirdik və bəyan etdik ki, Azərbaycanın dövlət müstəqilliyi daimidir və əbədidir. Biz bir daha nümayiş etdirdik ki, Aərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir, Azərbaycan ATƏT-in bütün tələblərinə cavab vermək üçün, Helsinki aktının prinsiplərinə uyğun olmaq üçün lazımi tədbirləri görür və bundan sonra da görəcəkdir. İstanbul xartiyasında irəli sürülmüş müddəaların həyata keçirilməsi üçün lazımi tədbirlər görəcəyik və bunu görməyə qadirik. Biz bir daha, bir daha sübut etdik ki, Azərbaycan yaşayır və yaşayacaq. Azərbaycanın işğal olunmuş torpaqları sülh yolu ilə azad ediləcək, didərgin düşmüş vətəndaşlarımız öz yerinə-yurduna qayıdacaqlar.

Görülən işlər Azərbaycanın sosial-iqtisadi inkişafının gözəl perspektivlərini açır. Biz bu perspektivləri yaratmışıq və irəliləyəcəyik. Əminəm ki, Azərbaycan ilbəil iqtisadi cəhətdən inkişaf edəcək və biz Azərbaycan xalqının rifah halının yaxşılaşmasını təmin edəcəyik.

Sağ olun, təşəkkür edirəm.

"XXI əsrə sülh körpüsü" (Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının İstanbul Zirvə görüşü ilə əlaqədar Türkiyəyə səfəri - 17-20 noyabr 1999-cu il) - "Nurol" nəşriyyatı, Bakı - 2000, səh. 171-174.