1991-ci il dekabrın 8-də Rusiyanın, Ukraynanın və Belorusiyanın imzaladığı "Belovejsk Sazişi"ni ləğv etmiş Rusiya Federasiyası Dövlət Dumasının 1996-cı il 15 mart tarixli qərarı ilə əlaqədar Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı - 16 mart 1996-cı il


Rusiya Federasiyasının Dövlət Duması dünən bir qərar qəbul etmişdir. Bu qərar dünyada çox böyük əks-sədaya və təşvişə səbəb olmuşdur. Dövlət Duması həmin qərarla 1991-ci il dekabrın 8-də üç dövlətin - Rusiyanın, Ukraynanın və Belorusiyanın imzaladığı "Belovejsk sazişi" adlı sənədi ləğv edibdir. Bu da Sovet İttifaqının yenidən bərpa olunması kimi səslənibdir, Rusiyada və başqa ölkələrdə çox böyük maraq oyadıbdır.

Bu barədə nə deyə bilərəm? Təəccüb doğuran bir qərardır. Eyni zamanda təəccüb doğuran orasıdır ki, artıq Dövlət Dumasında Sovetlər İttifaqının dağıdılmasında günahkarları axtarırlar və onları cəzalandırmaq istəyirlər. Hesab edirəm ki, bu, mənasız bir işdir. Çünki 1980-ci ilin əvvəllərindən başlayaraq dünyada, o cümlədən keçmiş Sovetlər İttifaqında gedən tarixi, ictimai-siyasi və tamamilə təbii, obyektiv qanunlara uyğun olan proseslərin nəticəsində Sovetlər İttifaqı dağılmışdır. O, dağılmalı idi və dağıldı. Geriyə yol yoxdur. Heç kəs yenidən Sovetlər İttifaqını bərpa edə bilməz.

Rusiya Dövlət Dumasının qərarı onun, yəni Rusiyanın daxili işidir. Şübhəsiz ki, bu, başqa dövlətlərə, müstəqil dövlətlərə heç bir təsir edə bilməz. O ki qaldı bizim - Azərbaycanın mövqeyinə, bu barədə bizim mövqeyimiz aydındır. Mən bunu dəfələrlə bəyan etmişəm.

Biz keçən il müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasını qəbul etmişik. Bu konstitusiya ümumxalq səsverməsi ilə qəbul olunubdur. Konstitusiyamızın əsasını, özəyini təşkil edən Azərbaycanın milli azadlığıdır, suverenliyidir və dövlət müstəqilliyidir. Biz öz dövlət müstəqilliyimizdən əl çəkə bilmərik, yəni onu əlimizdən verə bilmərik. Mən dəfələrlə demişəm, bu gün də bəyan edirəm ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir. Biz də onu əbədi etmək üçün çalışacağıq və hamı çalışmalıdır.

Bu gün bu məsələ haqqında müəyyən fikirlər söyləmək zərurətində olduğum üçün, eyni zamanda beş il bundan əvvəl olan hadisələrə də bir balaca nəzər salmaq istəyirəm. Beş il bundan əvvəl, məhz o vaxt - 1991-ci ilin əvvəllərindən Sovetlər İttifaqının dağılması prosesi gedirdi. Sovetlər İttifaqının o vaxtkı rəhbərləri, o cümlədən bu ittifaqa daxil olan ayrı-ayrı müttəfiq respublikaların rəhbərlərinin bəziləri Sovetlər İttifaqını saxlamaq istəyirdilər. Dağılma prosesi o qədər güclü idi ki, onun qarşısını almaq üçün bir tədbir görməyə çalışırdılar. O vaxt belə bir qərar meydana çıxdı ki, indiyədək mövcud olan Sovetlər İttifaqı doğrudan da günün tələblərinə cavab vermir. Ancaq Sovetlər İttifaqını qoruyub saxlamaq və İttifaqa yeni bir xarakter vermək üçün ümumxalq referendumu keçirilməsi qərara alındı.

Azərbaycanda bu qərara birmənalı münasibət yox idi. Mən bilirəm, o vaxt da hiss edirdim ki, əhalimizin əksəriyyəti bu İttifaqın dağılmasının tərəfdarı idi, yeni bir İttifaqın yaranması və onun saxlanması haqqında referendum keçirilməsinin əleyhinə idi. Ancaq təəssüf ki, o vaxt Azərbaycan Respublikasının rəhbərləri həm respublikanın mənafeyini anlaya bilmirdilər, həm də Moskvadan verilən göstərişləri öz şəxsi mənafelərinə görə çox böyük itaətlə yerinə yetirməyə çalışırdılar və Azərbaycanı Sovetlər İttifaqının saxlanması üçün referendum keçirilməsinə sürükləyib salmaq istəyirdilər.

Xatirinizdədir, 1991-ci il martın 7-də Azərbaycan Respublikası Ali Sovetinin xüsusi sessiyası keçirildi və bu sessiyada həmin məsələ müzakirə olunurdu, yəni Sovetlər İttifaqının saxlanması ilə əlaqədar referendumun keçirilməsi. Referendum martın 17-də keçirilməli idi. O vaxt mən də həmin sessiyada iştirak edirdim - Naxçıvan Muxtar Respublikasından seçilmiş Azərbaycan Ali Sovetinin deputatı kimi. Mən orada çıxış etdim və Sovetlər İttifaqının dağılacağını bir daha bildirdim. Bildirdim ki, bu prosesin qarşısını almaq mümkün deyil, Sovetlər İttifaqı dağılır və dağılmalıdır. Azərbaycan heç bir yeni İttifaqa girməməlidir və Azərbaycan Sovetlər İttifaqının saxlanması ilə əlaqədar olan referendumda iştirak etməməlidir.

Təəssüflər olsun ki, o vaxt Ali Sovetin sessiyasında respublikanın keçmiş rəhbərliyinin şübhəsiz ki, göstərişi ilə, onların dirijorluğu ilə mənə qarşı cürbəcür ədəbsiz hərəkətlər oldu və mənim bu çıxışımın əleyhinə çıxışlar oldu. Hətta mənim bu çıxışıma görə qərar qəbul olundu ki, komissiya yaradılsın və mənim Azərbaycanda rəhbər olduğum zaman bütün fəaliyyətim yoxlanılsın və guya məni cəzalandırsınlar. Ancaq mən öz sözümü dedim. Bu, düz beş il bundan öncə olubdur - 1991-ci ilin mart ayında. Bu gün yenə biz mart ayındayıq. Beş il sonra mənim dediyim o sözlər hamısı təsdiq olundu, Azərbaycan da müstəqil oldu.

Bu gün kimsə yenidən o İttifaqı yaratmaq istəyirsə, bu, çox düşünülməmiş bir şeydir. Çünki əgər İttifaqı o zaman saxlamaq mümkün olmadısa və o dağıldısa, İttifaqda olan respublikalar bu beş il müddətində müstəqil dövlətlər olublarsa, Dünya Birliyinə daxil olublarsa, indi kim bu dövlət müstəqilliyindən əl çəkib yenidən bir İttifaqa girə bilər? Yenə də deyirəm, bəlkə də indi Rusiyanın daxilində gedən proseslərə görə bu qərarı qəbul edən qüvvələr müəyyən məqsəd daşıyırlar. Onların öz işidir və bu, ümumiyyətlə, Rusiyanın daxili işidir, biz buna qarışımırıq, mən də buna qarışmıram. Ancaq mən sadəcə öz mövqeyimi bildirirəm və bu fürsətdən istifadə edib, həmin 1991-ci ilin mart ayını xatırlayıram, o günləri xatırlayıram.

Azərbaycan üçün o, ağır, çətin günlər idi və o günlərdə də - hələ Azərbaycan Sovetlər İttifaqının daxilində olduğu zaman mən öz mövqeyimi bildirmişdim. Doğrudur, o vaxtlar mənim sözümə baxmadılar. Tək mən yox, bir çox başqa deputatlar da belə fikirdə idilər ki, bu referendum Azərbaycanda getməməlidir. Bunun əksinə olaraq Azərbaycanın rəhbərliyinin təzyiqi ilə sessiyada qərar qəbul olundu ki, Azərbaycan Respublikası referenduma getsin və 1991-ci il mart ayının 17-də Azərbaycanda referendum keçirilmədi. Ancaq onu da qeyd etmək istəyirəm ki, Naxçıvan Muxtar Respublikasında, - mən o vaxt orada yaşayırdım və oradan Azərbaycan parlamentinə deputat seçilmişdim - Sovet İttifaqının saxlanması ilə əlaqədar referendum keçirilmədi. Bu, orada mənim və mənimlə bərabər olan adamların iradəsi nəticəsində oldu. Azərbaycanın bütün başqa bölgələrində referendum keçirildi. Şübhəsiz ki, Azərbaycanın ümumi səsində Naxçıvanın xüsusi çəkisi o qədər böyük olmadığına görə, məlumat verdilər ki, Azərbaycan əhalisinin doxsan neçə faizi Sovetlər İttifaqının saxlanmasının tərəfdarıdır. Beləliklə, o vaxt Azərbaycan Respublikası Sovetlər İttifaqının saxlanmasına səs verdi. Ancaq hesab edirəm ki, xalqımız səs verməmişdi, bu, saxtakarlıq nəticəsində olmuşdu.

Ondan sonrakı aylarda gedən proseslər təsdiq etdi ki, bu qərar çox yanlış qərardır, Azərbaycan xalqının mənafeyinə zidd olan qərardır. Çünki bir neçə aydan sonra -avqust ayında, bilirsiniz ki, Moskvada məşhur qiyam hadisələri baş verdi və Azərbaycan Respublikasının rəhbərliyi artıq müstəqillik haqqında bəyanat verməyə məcbur oldu. Başqa yol yox idi. Çünki artıq Moskvada - Sovetlər İttifaqının mərkəzində SSRİ dağılırdı. Başqa yol da yox idi. Ondan sonra da Azərbaycan Respublikasının müstəqil olması prosesi getdi.

Mən bunları bu gün ona görə xatırlayıram ki, bunlardan nəticə çıxarılsın və bu gün də, gələcəkdə də siyasətlə məşğul olan adamlarımız səhv yola düşməsinlər, səhv addımlar atmasınlar. Mənim 1991-ci il mart ayının 7-də parlamentdə etdiyim çıxış qalıbdır. Yəqin ki, oxucularımız onu oxuyub, o günləri xatirlərinə sala bilərlər.

Bunlarla əlaqədar mən buraya toplaşan mətbuat nümayəndələrinə - həm xarici ölkələrin, həm də bizim respublikanın mətbuat nümayəndələrinə bir də qətiyyətlə deyirəm ki, biz müstəqilliyimiz yolundan heç vaxt dönməyəcəyik və Rusiya Dövlət Dumasının qəbul etdiyi qərar onlar üçün heç bir nəticə verə bilməz. Bir də deyirəm, bu, onların daxili işidir, ancaq bizim mövqeyimiz bundan ibarətdir. Sağ olun.