Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda nitqi Respublika sarayı, 21 noyabr 1998-ci il


Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Sizi, Yeni Azərbaycan Partiyasının bütün üzvlərini Yeni Azərbaycan Partiyasının yaranmasının altıncı ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Yeni Azərbaycan Partiyasının üzvlərinə, partiyanın təəssübkeşlərinə, tərəfkeşlərinə cansağlığı, səadət və bütün işlərdə uğurlar arzulayıram.

Yeni Azərbaycan Partiyası Azərbaycanda gərgin, mürəkkəb, ağır bir dövrdə - 1992-ci ildə yaranmış, təqribən altı il ərzində, zaman nöqteyi-nəzərindən çox qısa bir dövrdə böyük, uğurlu, şanlı yol keçmiş və Azərbaycanın ən böyük, aparıcı partiyası yerini tutmuşdur.

Yeni Azərbaycan Partiyasının yaranması o illər Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyətdən irəli gələn zərurətdən doğulmuşdur. Yeni Azərbaycan Partiyasını bir adam yaratmayıbdır. Yeni Azərbaycan Partiyasını yaratmaq istəyən respublikamızın hörmətli insanları, ziyalıları, ölkəmizin taleyini düşünən, onunla yaşayan insanlar bir fikrə gələrək bu partiyanı yaratmışlar.

Yeni Azərbaycan Partiyası respublikamızda indi mövcud olan bütün partiyalardan keyfiyyətcə ona görə fərqlənir ki, bunu yaradanlar Azərbaycan, millətimiz, dövlətçiliyimiz haqqında düşünərək axtarışlarla məşğul olmuş, fikir mübadilələri, məsləhətlər aparmış və ölkəmizin o ağır dövründə müstəqil Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsində, ictimai-siyasi vəziyyətin normallaşmasında öz xidmətlərini göstərmək üçün bu partiyanın yaranması fikrinə gəlmişlər və bu təşəbbüslə çıxış etmişlər.

Partiyanın yaranma tarixi və yaranma günündən əvvəlki proseslər məlumdur. Bu barədə bugünkü çıxışlarda da deyildi. Ancaq mən bunu bir daha ona görə qeyd edirəm ki, bu partiyanı yaradan insanlar şəxsi mənafe haqqında düşünməmişlər, Azərbaycan xalqının taleyi, ölkəmizin milli mənafeyi, müstəqilliyi, dövlətçiliyi haqqında düşünmüşlər. Ona görə də, çıxış yolu olaraq öz ictimai-siyasi fəaliyyətlərini həyata keçirib, öz xalqına, vətəninə, millətinə xidmət etmək üçün Yeni Azərbaycan Partiyasını bir vasitə kimi yaratmışlar. İndi Azərbaycanda qeydə alınmış və qeydə alınmamış fəaliyyət göstərən siyasi partiyalar çoxdur. Amma, onlar da etiraf etməlidir və bu tam həqiqətdir ki, bunların əksəriyyəti ayrı-ayrı şəxslərin öz ictimai-siyasi fəaliyyətini həyata keçirmək üçün yaratdıqları partiyalardır. Ona görə də, onlar heç vaxt geniş bir təsirə malik ola bilməzlər, böyük bir nüfuz əldə edə bilməziər. Bunu yaradanlar və yaxud yaradan partiyadan yalnız öz şəxsi siyasi məqsədləri üçün istifadə edə bilər və bəziləri də bu gün istifadə edirlər.

Yeni Azərbaycan Partiyasının təməli sağlam amallar əsasında qoyulubdur. Buna görə də Yeni Azərbaycan Partiyası ötən altı il müddətində yaşayıb, inkişaf edib və ölkəmizin ictimai-siyasi həyatında həlledici rol oynayır.

Yeni Azərbaycan Partiyasının böyük gələcəyi vardır. Çünki ötən altı il müddətində Yeni Azərbaycan Partiyası vətəndaşlarımıza və dünya ictimaiyyətinə sübut etdi ki, o, siyasi fəaliyyət göstərməyə, Azərbaycanın taleyüklü məsələlərini həll etməyə qadir bir partiyadır, Azərbaycan xalqının taleyi ilə əlaqədar olan məsuliyyəti öz üzərinə götürüb daşıya bilən bir partiyadır. Ona görə də Yeni Azərbaycan Partiyası yaşayacaq, inkişaf edəcək, xalqımızı, müstəqil dövlətimizi xoşbəxt gələcəyə aparacaqdır. Yeni Azərbaycan Partiyası yaranarkən mən Naxçıvanda ağır vəziyyətdə yaşayan, blokada şəraitində olan muxtar respublikanın qayğıları ilə məşğul idim. Həqiqəti deyim ki, o vaxt mən Naxçıvanın qayğıları ilə o qədər ciddi məşğul idim və bunlar mənim vaxtımı, bütün fəaliyyətimi o qədər əhatə edirdi ki, başqa məsələlərlə məşğul olmağa vaxt tapa bilmirdim. Ancaq, Azərbaycanın qabaqcıl adamları, ziyalıları, respublikamızın taleyini düşünənlər mənə dəfələrlə müraciət etdilər. Mən bu partiyanın yaradılmasına razılıq verdim. Bununla demək istəmirəm ki, mən bütün Azərbaycanın taleyi haqqında düşünmürdüm, yaxud bu qayğılarla yaşamırdım. Mən bu qayğılarla yaşayırdım, bunlar haqqında düşünürdüm. Mənim həyatım ən gənc vaxtlarımdan Azərbaycan xalqının taleyi ilə bağlıdır, Azərbaycana həsr olunubdur. Ancaq hər dövrün bir hökmü vardır. Biz Yeni Azərbaycan Partiyasının təməlini birlikdə qoyduğumuz, Yeni Azərbaycan Partiyasının proqramını, nizamnaməsini hazırladığımız zaman həmin sənədlərdə bu partiyanın böyük gələcəyinin nəzəri əsaslarını əks etdirdik.

Altı il keçəndən sonra Yeni Azərbaycan Partiyasının proqramını oxuyanlar, təhlil edənlər, ona lap tənqidi nöqteyi-nəzərdən yanaşanlar görəcəklər ki, bizim partiyanın əsasını yaradan həmin sənəddə - proqramda Azərbaycan xalqının bu günü, gələcəyi ilə əlaqədar olan bütün siyasi prinsiplər öz əksini tapıbdır.

Mən tədqiqatçılara, siyasi elmlər sahəsində tədqiqat aparanlara məsləhət görərdim ki, araşdırsınlar, başqa partiyalarla Yeni Azərbaycan Partiyasının proqramını müqayisə etsinlər. Onda fərqi də görər, Yeni Azərbaycan Partiyasının Naxçıvanda, ağır şəraitdə yazılmış proqramında müstəqil Azərbaycanın dövlətçiliyinin, xarici, daxili siyasətinin, sosial-iqtisadi siyasətinin əsaslarının hamısını da orada tapa bilərlər, müstəqil Azərbaycanın demokratik prinsiplər əsasında yaranması və qurulması müddəalarının hamısını bu proqramda taparlar. Mən həmin proqrama yenidən baxanda bir daha görürəm ki, biz bu partiyanı yaradarkən onun siyasi-iqtisadi istiqamətin, siyasi yolunu nə qədər düzgün müəyyən etmişik. Məhz buna görə də bu partiya altı ildir ki, fəaliyyət göstərir və günü-gündən təkmilləşir, inkişaf edir.

Yeni Azərbaycan Partiyasının Azərbaycan xalqı qarşısında böyük xidmətləri vardır. Şübhəsiz ki, Azərbaycanda olan hər bir siyasi partiya respublikamızın ictimai-siyasi həyatında iştirak edir və respublikamızda gedən proseslərə müəyyən təsir edir. Ancaq Azərbaycanın müqəddəratını həll edən məsələlərin hamısı Yeni Azərbaycan Partiyasının üzvlərinin, onun nümayəndələrinin üzərinə düşür.

Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də yarandı. Amma heç bir il keçmədən, yəni 1993-cü ilin iyun ayında Yeni Azərbaycan Partiyası və onun lideri respublikamızda yaranmış siyasi-iqtisadi, sosial böhranın, vətəndaş müharibəsinin aradan qaldırılması vəzifəsini öz üzərinə götürdü.

Yeni Azərbaycan Partiyasından əvvəl yaranmış bir neçə partiya vardır. Həmin partiyaların fəalları, liderləri 1988-1989-cu illərdən Azərbaycanın ictimai-siyasi həyatında fəaliyyət göstərirdilər. Mən onların fəaliyyətinin xalq üçün nə qədər xeyirli, yaxud zərərli olduğunu indi təhlil etmək istəmirəm. Ancaq, fakt odur ki, onlar fəaliyyət göstəriblər və Azərbaycanın daxili ictimai-siyasi vəziyyətinə təsir edirdilər, öz partiyalarını yaratmışdılar. Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası, Milli İstiqlal Partiyası və bir neçə digər partiyaların hamısı Yeni Azərbaycan Partiyasından xeyli əvvəl yaranmışdı. Dediyim kimi, bu partiyaların fəalları, liderləri artıq bir neçə il idi ki, Azərbaycanın siyasi səhnəsində idilər. Ancaq onların bir qismi iqtidarda olduqları zaman 1993-cü ilin iyun ayında Azərbaycanı fəlakətə, respublikamızı parçalanma həddinə gətirib çıxardılar, Azərbaycanda vətəndaş müharibəsinin baş verməsinin səbəbkarı oldular. Ağır məqamda xalqı, ölkəni, dövləti qoyub, pərən-pərən düşərək hərəsi bir tərəfə qaçdılar. Digərləri isə o ağır dövrdə Azərbaycanda vəziyyəti normallaşdırmaq, ölkəni bu böhran vəziyyətindən çıxarmaq məsuliyyətini öz üzərinə götürə bilmədilər və götürmədilər. Çünki bilirdilər ki, onlar buna qadir deyillər, bunu edə bilməyəcəklər. Beləliklə, həqiqət ondan ibarətdir ki, biz bu günlərdə Azərbaycanın dövlət müstəqilliyinin yeddinci ilini yaşayırıq. Azərbaycanın Ali Soveti 1991-ci ıl oktyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edib və 1991-ci ıl

dekabrın 29-da Azərbaycanın dövlət müstəqilliyi haqqında referendum keçirilibdir. O vaxtlardan yeddi il keçir. Ötən yeddi ilin demək olar ki, beş il altı ayı, bəlkə də beş il səkkiz ayı bizim Azərbaycana rəhbərlik etdiyimiz dövrdür.

Azərbaycanın Ali Soveti müstəqilliyi elan etdi, ancaq tam müstəqilük əldə olunmadı. 1992-ci ildə guya Azərbaycan müstəqil dövlət kimi yaşayırdı, ancaq tam müstəqil olmaq üçün hələ bir çox işləri görə bilməmişdi. Nəhayət, 1993-cü ilin iyununda iqtidarda olan partiyalar, siyasi qruplar, şəxslər Azərbaycanın müstəqilliyini, dövlətçiliyini qoruyub saxlaya bilmədilər. Bu tarixi vəzifəni, missiyanı biz - Yeni Azərbaycan Partiyası öz üzərinə götürdü.

Hər bir şəxsin, hər bir təşkilatın, qurumun, siyasi partiyanın fəaliyyəti onun şüarları, çağırışları, nəzəri fikirləri ilə yox, onun əməli işləri ilə qiymətləndirilir. Bu, həmişə belə olub, dünyanın hər yerində də belədir. Əməli işə gəldikdə isə, Azərbaycan xalqının qarşısındakı xidmətlərə görə Yeni Azərbaycan Partiyasının, onun fəallarının və liderinin fəaliyyəti Azərbaycan xalqının gözü qarşısındadır.

Bütün bunlara görə də mən bu gün bəyan edirəm ki, Yeni Azərbaycan Partiyasının müstəqil Azərbaycanın xalqı qarşısında böyük xidmətləri vardır. Biz partiyamızın yaranmasının altıncı ildönümünü bu gün böyük iftixar hissi ilə qeyd edirik. Mən əminəm ki, Yeni Azərbaycan Partiyası gələcək illərdə də günügündən möhkəmlənəcək, cəmiyyətdə bizim partiyamıza inam artacaq və Yeni Azərbaycan Partiyası 1993-cü ilin iyununda öz üzərinə götürdüyü məsuliyyəti axıra qədər apara biləcəkdir. Yeni Azərbaycan Partiyası bu gün iqtidardadır. Yeni Azərbaycan Partiyasının lideri Azərbaycanın prezidentidir. Azərbaycanın ali qanunvericilik orqanında, Milli Məclisində deputatların tam əksəriyyətini Yeni Azərbaycan Partiyasının üzvləri təşkil edirlər. Respublikanın icra hakimiyyəti orqanlarında - Nazirlər Kabinetində, başqa icra orqanlarında, yerli hakimiyyət orqanlarında Yeni Azərbaycan Partiyasının nümayəndələri yüksək vəzifələrdə çoxluq təşkil edirlər. Ona görə də Yeni Azərbaycan Partiyası iqtidar partiyasıdır. Şübhəsiz ki, hər bir demokratik cəmiyyətdə iqtidar partiyası ilə yanaşı, müxalifətdə olan partiyalar, siyasi qurumlar, təşkilatlar da mövcuddur. Azərbaycanda da bu reallıq artıq göz qabağındadır. Eyni zamanda, Azərbaycanda bir çox partiyalar, ictimai təşkilatlar, cəmiyyətlər var ki, onlar müstəqil fəaliyyət göstərirlər, ancaq Azərbaycan prezidentinin siyasətini dəstəkləyirlər, Yeni Azərbaycan Partiyasının siyasətini bəyənirlər və bu partiya ilə əməkdaşlıq edirlər. Təəssüflər olsun ki, son vaxtlar, xüsusən 1997-ci ildə Azərbaycan cəmiyyətində radikal müxalifət mövqeyində duran partiyaların, siyasi qrupların məhz radikal siyasətinin nəticəsində iqtidar ilə müxalifət arasındakı münasibətlər çox kəskinləşibdir. Mən dəfələrlə demişəm, - bunun səbəbi iqtidarda deyildir. Bunun səbəbi radikal mövqedə duran həmin siyasi partiyalarda, təşkilatlardadır.

Şübhəsiz ki, belə bir şəraitdə Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq edən və Azərbaycan prezidentinin, iqtidarının siyasətini, fəaliyyətini dəstəkləyən, ona tərəfdaş olan partiyalar, ictimai təşkilatlar daha da sıx birləşirlər. Son zamanlar belə bir alyans yaranıbdır. Bu partiyaların, təşkilatların nümayəndələri bu gün Yeni Azərbaycan Partiyasının altı illik yubileyində iştirak edirlər.

Mən belə bir alyansın yaranmasını bəyənirəm və dəstəkləyirəm, inanıram ki, bu alyans get-gedə daha da genişlənəcək, Azərbaycanın bu günü və gələcəyi, taleyi, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi haqqında düşünən daha çox qüvvələr respublikamızın iqtidarı ətrafında birləşəcək və Yeni Azərbaycan Partiyası ilə birlikdə böyük bir alyans təşkil edəcəklər.

Mən bu gün bu yubiley mərasimində iştirak edən bütün digər siyasi partiyaları, ictimai təşkilatları, Yeni Azərbaycan Partiyası ilə əməkdaşlıq edən, Azərbaycan prezidentinin fəaliyyətini bəyənən, ona dəstək verən və onunla əməkdaşlıq edən bütün partiyaları, təşkilatları salamlayıram və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

Bu gün məmnuniyyətlə qeyd edirəm ki, qardaş Gürcüstandan «Gürcüstan Vətəndaş Həmrəyliyi İttifaqı» Partiyasının böyük nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının bu mərasimində iştirak edir. Gürcüstan ilə Azərbaycan arasında olan dostluq, qardaşlıq əlaqələri bütün dünya üçün nümunədir. Mən bu barədə fikirlərimi bildirmişəm və bu gün bunun mənasını təhlil etməyə ehtiyac duymuram. Onu bir daha qeyd edirəm ki, biz bu əlaqələri yüksək qiymətləndiririk. Gürcüstanda yerli hakimiyyət orqanlarına bir həftə bundan əvvəl keçirilmiş seçkilərdə - bilirsiniz ki, Gürcüstanda bir neçə rayonda Azərbaycan millətindən olan Gürcüstan vətəndaşları yığcam halda yaşayırlar - indiki iqtidar partiyasına, «Gürcüstan Vətəndaş Həmrəyliyi Partiyası»na əgər ən çox səs veriblərsə, demək, bunun özü də ölkələrimiz arasında, Gürcüstan prezidenti ilə Azərbaycan prezidenti arasında olan səmimi dostluq və qardaşlıq əlaqələrinin yeni parlaq təzahürüdür. Mən Gürcüstan nümayəndə heyətini səmimi-qəlbdən salamlayıram və buradan, bu möhtəşəm salondan gürcü xalqına, Gürcüstanın bütün vətəndaşlarına, o cümlədən Gürcüstanda yaşayan azərbaycanlılara, Gürcüstanın prezidenti, mənim əziz dostum Eduard Şevardnadzeyə səmimi salamlarımı yetirir və hörmət, ehtiramımı bildirirəm.

Türkiyənin Doğru Yol Partiyasının nümayəndəsinin, millət vəkilinin Yeni Azərbaycan Partiyasının ildönümü mərasimində iştirak etməsi Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin nə qədər sıx, səmimi olduğunu bir daha göstərir. Mən şübhə etmirəm ki, Yeni Azərbaycan Partiyası vaxtında dəvətlər göndərsəydi başqa partiyaların nümayəndələri də burada iştirak etmiş olardı. Çünki, Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq əlaqələri Türkiyə Cümhuriyyətinin bütün sahələrini əhatə edir. Azərbaycanın prezidenti kimi mən Türkiyənin həm iqtidarda olan partiyaları ilə sıx əməkdaşlıq edirəm, həm də müxalifətdəki partiyalarla bizim əlaqələrimiz vardır. Çünki, Türkiyənin parlamentində istər iqtidarda, istər müxalifətdə olan partiyaların hamısı Türkiyənin dövlətçiliyi, milli mənafeyi mövqeyində dururlar. Biz də Türkiyənin daha da güclü, qüdrətli dövlət olmasını, bu ölkənin qarşısında duran problemlərin həll edilməsini istəyirik. Ona görə də, biz Türkiyənin bütün cəmiyyəti ilə əməkdaşlıq edirik. Mən çox məmnunam ki, Türkiyənin Doğru Yol Partiyasının nümayəndəsi burada çox səmimi və hərarətli sözlər dedi. Mən Yeni Azərbaycan Partiyasının mərasimində iştirak edən Türkiyə Cümhuriyyətinin nümayəndəsini salamlayıram, onun şəxsində bütün Türkiyə xalqını, cümhuriyyətini, dövlətini salamlayıram. Azərbaycan xalqının sevgisini və məhəbbətini, hörmətini Türkiyəyə çatdırıram.

Mən Türkiyənin prezidenti əziz dostum Süleyman Dəmirəllə bu gün səhər telefonla danışdım. Biz Türkiyə və Azərbaycan üçün çox vacib olan bir neçə məsələləri müzakirə etdik. Bizim əlaqələrimizdə artıq bu, adi bir hala çevrilmişdir. Biz çox tez-tez telefon əlaqələri saxlayırıq. Mən, sadəcə, telefon danışığı bu gün olduğuna görə bunu bəyan edirəm. Amma çox vaxt bəyan etməyə ehtiyac yoxdur, çünki bunlar hamısı işgüzar xarakter daşıyır.

Mən bununla sadəcə, onu demək istəyirəm ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr sarsılmazdır, əbədidir. Bunu təsdiq edən ən böyük amillərdən biri də Türkiyə Cümhuriyyətinin 75 illik yubileyində bizim bir yerdə olmağımız və həmin gün, oktyabrın 29-da Ankarada tarixi əhəmiyyətə malik olan Bakı-Ceyhan boru kəmərinin çəkilməsi haqqında böyük bir bəyannamənin imzalanması olmuşdur.

Mən Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki digər siyasi, ictimai təşkilatlarla əlaqələri haqqında danışıram. Ona görə də bir daha bildirmək istəyirəm ki, Azərbaycan iqtidarı, prezident, dövlət başçısı kimi mən və Yeni Azərbaycan Partiyası respublikamızda olan bütün siyasi, ictimai təşkilatlarla əməkdaşlıq etməyə hazırdır. Mən son bir ayda üçüncü dəfədir ki, bu fikri bəyan edirəm. Oktyabr ayının 18-də bu salonda, andiçmə mərasimində, noyabrın 6-da Nazirlər Kabinetinin geniş iclasında və bu gün, Yeni Azərbaycan Partiyasının 6-cı ildönümündə bir daha bəyan edirəm ki, Azərbaycanda qarşıdurma meyllərinin qarşısı kəsilməlidir, alınmalıdır. Azərbaycanda hər bir şəxs, hər bir partiya milli birlik, vətəndaş həmrəyliyi istiqamətində hərəkət etməli, fəaliyyət göstərməlidir. Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirmək yox, yaranmış sabitliyi daha da möhkəmləndirmək lazımdır. Çünki, bu Azərbaycanın yaşaması, onun müstəqilliyinin qorunması üçün ən əsas şərtdir. Ona görə də, mən bu gün müxalifətdə olan bütün partiyalara və siyasi qurumlara bir daha bəyan edirəm ki, Azərbaycan iqtidarı hər bir dialoqa hazırdır. Ancaq bu dialoq şərtsiz olmalıdır. Heç kəs heç kəsin qarşısında heç bir şərt qoya bilməz.

Mən bunu ona görə deyirəm ki, cəmiyyətdə bəzi partiyaların təxribatçı hərəkətlərinin qarşısı alınsın, onlar get-gedə cinayətkarlıq düşərgəsinə yuvarlanmasınlar. Bilsinlər ki, yalnız qarşılıqlı anlaşma, danışıq, dialoq vasitəsilə bu məsələləri həll etmək olar. İddialar, ultimatumlar, kiminsə özünə xüsusi hüquq istəməsi heç bir cəmiyyətdə ola bilməz. Bizim cəmiyyətdə qəti ola bilməz.

Hamı bilməlidir ki, 1993-cü ildə Azərbaycanı vətəndaş müharibəsinə, parçalanma şəraitinə gətirib çıxaranlar öz günahlarından utanmalıdırlar. Əgər onlar bu əməllərinə və bu cinayətlərinə görə indiyə qədər Cinayət Məcəlləsinin maddələri ilə məsuliyyətə cəlb olunmayıblarsa, bu o demək deyildir ki, onlar məsuliyyətdən azaddırlar. Əgər məsuliyyətə cəlb olunmayıblarsa, demək, onlara şans verilibdir ki, öz günahlarını yusunlar, öz təxribatçı, dağıdıcı əməllərindən əl çəksinlər, Azərbaycanı yenidən fəlakətlərə aparmağa cəhd etməsinlər. Mən bunu bəyan edirəm və bildirirəm ki, beş il ərzində bütün həmin partiyaların - hətta bitərəfliyi şəraitində yox - işlərimizə maneçilik etdikləri şəraitdə biz Azərbaycanın müstəqilliyini qoruyub saxlamışıq, inkişaf etdirmişik. Azərbaycanda böyük sosial-iqtisadi problemləri həll etmişik və həll edirik. Azərbaycanın ardıcıl milli mənafelərini təmin edən xarici siyasət aparmışıq. Ən nəhayət, - mənim fikrimin əvvəli də, axırı da budur, - Azərbaycanda hərc-mərcliyi aradan götürmüşük, cinayətkarlığın, qırğının, qan tökülməsinin qarşısını almışıq, Azərbaycanda əmin-amanlıq yaratmışıq, ictimai-siyasi sabitliyi təmin etmişik. Bunun nəticəsində də Azərbaycana bütün xarici ölkələrin sərmayəsinin gəlməsini və iqtisadi əməkdaşlığı təşkil etmişik. Bu, beş ildə bizim gördüyümüz işlərin nəticələridir. Bu, bizim əldə etdiyimiz nailiyyətlərdir. Hamı bilsin, biz bu nailiyyətləri heç vaxt heç bir kəsə qurban verə bilmərik.

Mən bütün müxalifət qüvvələrini dialoqa dəvət edirəm, məsələləri ancaq danışıq yolu ilə həll etməyə dəvət edirəm. Heç kəs Azərbaycanda güc yolu ilə, zorla heç bir şeyə nail ola bilməz. Bu, artıq xülyadır. Bu, artıq 1991-ci, 1992-ci il deyil, 1993-cü il də deyildir. Azərbaycanın müstəqil, qüdrətli dövləti vardır, Azərbaycanın dövlətçiliyini qorumaq üçün ölkənin dövlət strukturları vardır. Onlar Azərbaycanda kiminsə tərəfindən güc işlətməyə, güclə nəyəsə nail olmağa heç vaxt imkan verməyəcəkdir.

Prezident kimi mən bəyan edirəm ki, bəli, mən Azərbaycan xalqının, onun müstəqilliyinin keşiyində 1993-cü ildən durduğum kimi, bundan sonra da duracağam və heç kəs mənim iradəmi sındıra bilməz.

1993-cü ildə vətəndaş müharibəsinin qarşısını alanda bu gün müxalifətdə olan, o vaxt Azərbaycanı fəlakətə gətirən həmin insanlar bizə heç bir kömək etmədilər, əksinə, öz hərəkətləri ilə bizə mane olmağa çalışdılar, orada-burada təxribatlar apardılar, Azərbaycan prezidentinə qarşı terror əməliyyatı keçirdilər. Unudulmayıbdır ki, 1993-cü ilin sentyabr ayında həmin o Xalq Cəbhəsinin fəalları Azərbaycan prezidentinə terror etmək üçün Türkiyədən zavallı bir gənci yolundan çıxarıb buraya gətirdilər və burada onun əli ilə atəş açıb Azərbaycan prezidentini məhv etmək istədilər. Bu, onların tərəfindən 1993-cü ildə olubdur. O adamlar həbs olundu, indi  həbsxanalarda yatırlar. Amma onların təşkilatçıları, o cümlədən onun başında duran Əbülfəz Elçibəy heç olmasa vicdan əzabı çəkirmi? O gənc türk tələbəsinin Ərzurum Universitetindən gətirilib burada Azərbaycanın həbsxanasına düşməsinə görə vicdan əzabı çəkirmi? Yaxud, o Xalq Cəbhəsinin üzvləri, - mən onları tanıyırdım, - Naxçıvandan gələn gənc insanların beynini zəhərləyib onları bu yola sövq etdilər və indi onlar həbsxanalarda yatırlar. Bunu təşkil edənlər vicdan əzabı çəkirlərmi? Çəkmirlər, çünki özləri hələ həbsxanaya düşməyiblər. 1994-cü ilin oktyabr ayında Surət Hüseynov, Rəhim Qazıyev və başqaları Azərbaycanda dövlət çevrilişi cəhdi göstərdilər. Məlumdur, biz onun qarşısını necə aldıq. Xalq bizi dəstəklədi. O vaxt həmin bu müxalifətdə olan partiyalar bizə dəstək verdilərmi? Azərbaycanın müqəddəratı təhlükə altında idi. Mən televiziya vasitəsilə xalqa müraciət etdim. Heç bir partiyaya mənsub olmayan, - şübhəsiz ki, Yeni Azərbaycan Partiyası orada idi, - yüz minlərlə adam iki saatın içərisində Prezident sarayının qarşısına axıb gəldi. Səhərisi gün onlar Azadlıq meydanında Azərbaycanın dövlətçiliyini dəstəklədilər və müdafiə etdilər. İndi müxalifətdə duran partiyalar onda harada idi? Kənardan durub baxırdılar, - görək Surət Hüseynov bu hakimiyyəti yıxa biləcək, yoxsa yox. Anlamırdılar ki, əgər Surət Hüseynov bu hakimiyyəti yıxsa, Azərbaycan da olmayacaqdı, onlar da olmayacaqdı.

1995-ci ilin mart ayında OMON dəstəsi Azərbaycanda hakimiyyəti ələ keçirmək istədi. Yəni «OMON dəstəsi» deyəndə, orada toplaşmış cinayətkarlar. Onlar adi insanlar  idi. Bəli, atəş aça bilən adamlar idilər. Amma onların siyasət barəsində o qədər böyük bilikləri, yaxud da ki, səriştələri yox idi. Ancaq onları bu işə sövq edənlər var idi. Çünki, Azərbaycan artıq inkişaf edirdi.

Bəli, Azərbaycanda 1994-cü il sentyabr ayının 20-də böyük müqavilə imzaladıq. İndi o, bütün dünyaya səs salıbdır və bunların hamısının nəticəsində Bakı- Ceyhan layihəsini biz artıq təsdiq etdik. O zaman ondan on gün sonra, həmin oktyabr ayının əvvəlində burada dövlət çevrilişi cəhdi baş verdi. Bu, sadə bir şey deyildi. Bəli, gördülər ki, Azərbaycan artıq ayaq üstə durur, Azərbaycan öz iqtisadi məsələlərini həll edir, sonra Azərbaycana güc gəlmək mümkün olmayacaqdır. Demək, hakimiyyəti yıxmaq lazımdır. Bu, tək Surət Hüseynovun işi deyildi, xarici xidmət orqanlarının birlikdə işi idi. Ancaq əgər həmin o müxalifətdə olan şəxslər o vaxt da, indi də Azərbaycanın milli mənafeyi haqqında düşünürdülərsə, nə üçün gəlib Azərbaycan iqtidarı ilə bir yerdə olmadılar? Bu, o hal idi ki, dövlət çevrilişi etmək istəyən Surət Hüseynov onlara 1993-cü ildə qənim kəsilən adam idi, onları devirmək istəyən adam idi, onlarla vuruşan adam idi. Onlar gəlib bizimlə bir yerdə olmadılar. 1995-ci ilin mart ayında isə həmin o cinayətkar qrupları, dəstələri qızışdırıb ortaya salan ayrı-ayrı xarici ölkələrin xidmət orqanları ilə onları maliyyələşdirən, onlara bəzi sursatlar, vasitələr verənlər - hamısı birlikdə Azərbaycan prezidentini yox etmək istədilər və Azərbaycanda dövlət çevrilişi etmək istədilər. Bunun iştirakçıları da məlumdur. Moskvadan gələn Mütəllibovun adamı, cəhdin iştirakçısı, indi həbsxanada yatır. Əbülfəz Elçibəyin emissarını qaçırdılar. O, Türkiyədə gizlənir, amma axıra qədər gizlənə bilməyəcəkdir. Bir o deyildi, Müsavat Partiyasının da nümayəndələri var idi - hamısı birlikdə o vaxt əmin OMON-da olan cinayətkarların vasitəsilə yenə də hakimiyyəti devirmək istəyirdilər. Biz bunun da qarşısını aldıq. Ondan sonar, 1996-cı ilin payızında qaçıb gizlənmiş OMON dəstələri Rusiya xüsusi xidmət orqanlarının köməyi ilə Dağıstana gəldilər. Balakənə keçdilər, Zaqatalaya keçdilər. Gəldilər Qazaxda adamlar öldürdülər və Bakıya gəlib yenidən Azərbaycan prezidentini məhv etmək istədilər. Onun da qarşısı alındı. Bu müxalifətdə olan ayrı-ayrı qüvvələr onlarla da əlaqədə idilər.

Görürsünüz, nə qədər təxribatçılıq, nə qədər dağıdıcılıq əməllərinə yol veriblər. Mən hər dəfə də hamını milli birliyə dəvət edirəm, millli həmrəyliyə dəvət edirəm, hamınızı birlikdə Azərbaycanın müstəqilliyini qoruyub saxlamağa dəvət edirəm. Ancaq bunun əvəzində nələr görürük?

Xarici xidmət orqanlarının sifarişi ilə burada 1995-ci ildə Azərbaycan prezidentinin təyyarəsini vurmaq istəyənlərin çoxu indi həbsxanadadır. Amma təşkilatçılarından biri-ikisi indiyə qədər hələ əlimizə keçməyibdir. Onlar da keçəcəkdir. Belə bir dövrü yaşamış Azərbaycanı bu cür fəlakətlərdən qurtarmış, hamar yola çıxarmış prezident indi kiminsə tərəfindən Azərbaycanın dağıdılmasına, parçalanmasına, buradakı təxribatlara yol verə bilərmi? Heç vaxt yol verə bilməz!

Gənclər təşkilatının nümayəndəsi burada çox doğru dedi. Türkiyədə Osmanlı imperatorluğu dağılandan sonra, - 700 illik imperatorluq dövründə dünyanın bir çox ölkələrini yüz illərlə əlində saxlamış Türkiyə sonra məğlub olub çox şeyləri itirdiyi zaman və müxtəlif xarici qüvvələr Türkiyəni dağıtmaq, yox etmək istədiyi zaman Türkiyənin qəhrəman insanları, birinci növbədə ulu öndər Mustafa Kamal Atatürk Osmanlı imperatorluğunun külləri içində Türkiyə Cümhuriyyətini yaratdı. Çətin bir dövr idi. O, böyük bir addım atdı. Türkiyə Cümhuriyyətini yaratmaq özü-özlüyündə tarixi bir hadisə idi. Amma onu yaşatmaq, onu qüdrətli cümhuriyyət etmək ondan da çətin, ondan da ağır bir vəzifə idi. Bəli, əgər Mustafa Kamal Atatürk olmasaydı, bəlkə də Türkiyə Cümhuriyyəti yaranmazdı. Əgər Mustafa Kamal Atatürk olmasaydı, Türkiyə Cümhuriyyəti yaşayıb inkişaf edə bilməzdi. Bəli, Mustafa Kamal Atatürkün iradəsi, onun müdrikliyi, dahiliyi, qəhrəmanlığı Türkiyə Cümhuriyyətinin yaşamasının əsas amili olmuşdur. Bu, bizim üçün örnəkdir. Bəli, biz də Azərbaycanı böyük bəlalardan çıxarmışıq. Sovetlər İttifaqı

dağılandan sonra Azərbaycan böyük çətinliklərdən keçərək öz müstəqilliyini əldə edibdir. İndi biz bu müstəqilliyi saxlamalıyıq, müstəqil Azərbaycanı yaşatmalıyıq, inkişaf etdirməliyik. Bu böyük tarixi vəzifəni, bu tarixi missiyanı hansısa xırda siyasətçilərin iddialarına, şıltaqlıqlarına, yaxud da ki, ayrı-ayrı hay-küylərinə biz qurban verə bilərikmi? Bu, heç vaxt ola bilməz!

Müstəqillik əldə edən hər bir ölkə, milli azadlığını əldə edən xalq öz xoşbəxtliyinə gəlib çatır. Ancaq müstəqilliyi əldə etmək böyük nailiyyət olduğu kimi, onu yaşatmaq və əbədi etmək ondan da böyük nailiyyətdir, ondan da çətin bir işdir. XX əsrdə 1918-ci ildə Azərbaycan dövlət müstəqilliyini əldə etdi. Bu gün tarixi düzgün təhlil etmək lazımdır. Əgər Rus Çar İmperiyası dağılmasaydı, belə bir tarixi ictimai-siyasi şərait yaranmasaydı, bizim mütərəqqi insanlarımız nə qədər mübarizə aparmış olsaydılar da, heç bir müstəqillik əldə edə bilməzdilər. Müstəqillik əldə olundu ona görə ki, Rus Çar İmperiyası dağıldı, Rusiyada vətəndaş müharibəsi başladı, Rusiya öz başının hayına qaldı və bu fürsətdən istifadə edən cənubi Qafqaz ölkələri - Gürcüstan, Azərbaycan, Ermənistan, bu ölkələrin mütərəqqi insanları, milli ruhla yaşayan insanlar öz xalqlarını milli azadlığa çıxarmaq, ölkələrini müstəqil etmək məramına gəldilər, mübarizə apardılar. Əvvəl müstəqil Zaqafqaziya yaratmaq istəyirdilər, sonra ayrıldılar. Müstəqillik elan olundu. 23 aydan sonra bu dövlət, hökumət məhv oldu. Birinci, ona görə ki, daxili çəkişmələr imkan vermirdi ki, bu dövlət yaşasın. O vaxt hökumətin daxilindəki çəkişmələr məlumdur. İkincisi də, Çar Rusiyası dağıldısa, bir, iki, üç vətəndaş müharibəsi gedəndən sonra özünü möhkəmləndirdi və onun yerində Sovet İmperiyası yarandı. Sovet İmperiyası da Çar Rusiyasına mənsub olan torpaqları əldən vermək istəmədi. Ona görə də kommunist ideologiyası olsun, nə olur - olsun, həmin siyasət davam etdi və müstəqil Azərbaycan yox oldu, Azərbaycanda Sovet hakimiyyəti quruldu, Azərbaycan öz dövlət müstəqilliyini itirdi. Demək, müstəqilliyi əldə etmək, onu yaşatmaq tarixi ictimai-siyasi şəraitdən asılıdır. Bunu belə təhlil etmək lazımdır, belə qiymətləndirmək lazımdır. 1991-ci ildə də Sovetlər İttifaqı dağılmasaydı, heç bir qüvvə, 15 müttəfiq respublikanın heç biri öz müstəqilliyini élan edə bilməzdi. Kimsə bəyan edir ki, biz müstəqilliyi əldə etmişik, biz müstəqilliyə nail olmuşuq, biz müstəqil dövlət yaratmışıq. Bunlar başdan-ayağa cəfəngiyyatdır. Sovetlər İttifaqının dağılması müttəfiq respublikaların müstəqillik ean etməsinin səbəbi, əsası oldu. Hətta, bəziləri fikirləşirdilər ki, biz bu müstəqilliyi elan etməliyik, ya etməməliyik? Bəziləri düşünürdülər ki, biz bunu saxlayacağıq, ya saxlamayacağıq? Bəzi respublikalar məcburi müstəqillik elan etdilər. Bu həqiqətdir. Doğrudur, Azərbaycanda da müstəqillik istəyən qüvvələr də var idi. Amma təsadüfi deyil ki, Sovetlər İttifaqında qalmaq istəyən qüvvələr, o vaxt hakimiyyətdə olan qüvvələr onlardan çox idi. Təsadüfi deyil ki, 1991-ci il oktyabr ayının 18-də Konstitusiya aktı elan olundu, ancaq müstəqillik haqqında referendum dekabr ayının 29-na təyin edildi. Soruşuram, niyə? Referendumu keçirmək üçün ən çoxu bir ay vaxt lazımdır. Noyabr ayının 15-nə referendum təyin etmək lazım idi. Ancaq dekabrın 29-na təyin olundu. Nə üçün?

Fikirləşdilər ki, «hələ gözləyək, baxaq görək nə olacaqdır». Nə oldu? Dekabr ayının 8-də Rusiya-Ukrayna-Belorusiya «Belovej razılığı» deyilən bir müqavilə imzaladılar. Ondan sonra Sovetlər İttifaqının dağılması prosesi gücləndi. Dekabr ayının 25-də Sovetlər İttifaqının rəhbəri Qorbaçov elan etdi ki, o, öz vəzifəsindən imtina edir. Dekabr ayının 29-da Azərbaycan referendum keçirdi.

Yəni 1991-ci ildə də 1918-ci ildə olduğu kimi, Azərbaycanın dövlət müstəqilliyini elan etməsi yaranmış tarixi ictimai-siyasi vəziyyətin nəticəsində olmuşdur. İstəsəydin də, istəməsəydin də müstəqilliyi elan etmək lazım idi və çox böyük hadisədir ki, Azərbaycan öz müstəqilliyini elan etdi. Ancaq bu müstəqilliyi yaşatmaq nə cür oldu?

1991-ci ilin sonunu və 1992-ci ili götürək. 1992-ci ildə Azərbaycan müstəqilliyini saxlaya bilirdimi? Yox. 1993-cü ilin iyun ayında başlanmış vətəndaş müharibəsi Azərbaycanın müstəqilliyini məhv edirdi.

Beləliklə, mən o fikri ifadə etmək istəyirəm ki, müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, bundan da çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir. Mən bu gün iftixar hissi ilə bəyan edirəm ki, biz, o cümlədən Yeni Azərbaycan Partiyası və onun lideri 1993-cü ilin iyun ayından Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq, inkişaf etdirmək, möhkəmləndirmək üçün xüsusi xidmətlər göstərmiş və bunun nəticəsində indi Azərbaycanda müstəqil dövlət yaşayır və onun gələcək yaşayışı üçün də böyük bir təməl qoyulubdur. Bizim vəzifəmiz qarşıdakı dövrdə, illərdə Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdır. Bütün başqa məsələlər bu çərçivədə olmalıdır. Ən yüksəkdə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaqdır.

Başqa proseslər, yaxud başqa amillər buna tabe olan amillərdir. Biz də bunu edirik və edəcəyik. Beləliklə, Yeni Azərbaycan Partiyasının qarşısında çox böyük və möhtəşəm vəzifələr durur. Mən əminəm ki, biz bu vəzifələri gələcəkdə də uğurla həyata keçirəcəyik. Bir müstəqil dövlət olaraq biz artıq yeddi ildir ki, yaşayırıq. Azərbaycanın müstəqil dövlət kimi milli ideologiyası, mən bu gün cəsarətlə deyə bilərəm ki, Yeni Azərbaycan Partiyasının məramnaməsində öz əksini tapıbdır.  bizim həm xarici siyasətdə, həm daxili siyasətdə, həm ictimai-siyasi sahədə, həm social-iqtisadi  sahədə gördüyümüz işlər həmin bu milli ideologiyanın üzərində qurulur.

Bu milli ideologiya nədən ibarətdir? Birinci, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır və bizim partiyamız, bütün dövlət orqanları, bütün təbliğatımız Azərbaycanda dövlətçiliyi inkişaf etdirmək üçün hər bir vətəndaşda milli vətənpərvərlik hisslərini yaratmalıdır. Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından - hər şeydən üstün tutsun.

Mən bu barədə yenə də Türkiyəni örnək kimi göstərmək istəyirəm. Türkiyənin həyatında indi cürbəcür proseslər vardır. Ancaq Türkiyədə insanlarda milli vətənpərvərlik hissi, vətənə sədaqət hissi çox yüksəkdir. Bəlkə də Türkiyəni bu 75 ildə saxlayan amillərdən biri də məhz bundan - milli vətənpərvərlik, milli qürur hissindən ibarətdir. Gərək hər bir vətəndaş öz vətəninə görə, öz millətinə görə, öz xalqına görə, öz ana dilinə görə milli qürur hissi keçirsin, azərbaycanlı olması ilə fəxr etsin. Bəzən keçmişdə olduğu kimi, gedib deməsin ki, «mən rusdilli azərbaycanlıyam», yaxud da «tamam azərbaycanlı deyiləm, filanam». Belələri bizim sıramızdan çıxmalıdır. Hər bir azərbaycanlı rus dilini, ingilis dilini, başqa dilləri mükəmməl bilərək, onlardan istifadə edirsə, o öz doğma Azərbaycan dilinə diqqətini və hörmətini azaltmamalıdır. Əksinə, öz doğma dilini daha da mükəmməl bilməli və ona daim hörmət etməlidir. Milli vətənpərvərlik, milli qürur hissi bizim dövlətçiliyimizin yaşaması üçün ən böyük amillərdən biridir. Şübhəsiz ki, dövlət dövlətçiliyi möhkəmləndirir. Amma, dövlət cəmiyyətə arxalanır. Cəmiyyət insanlardan ibarətdir. İnsanların isə hər biri gərək əsl vətəndaş olsun, vətənpərvər vətəndaş olsun, milli qurur hissi ilə yaşayan vətəndaş olsun. Onda bu vətəndaş dövlətçiliyi inkişaf etdirən vətəndaş olacaqdır. Bu, bizim milli ideologiyamızın əsas hissəsidir.

Milli ideologiyamızın ikinci hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz. Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ən əsası bizim müqəddəs kitabımız Qurani-Şərifdə öz əksini tapıbdır. Ancaq bununla yanaşı, Azərbaycanın mütəfəkkir insanları, mütərəqqi insanları, Azərbaycanın böyük şəxsiyyətləri, Azərbaycanın hörmətli siyasi və dövlət xadimləri, böyük elm, mədəniyyət xadimləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərini yaradıblar. Bu, bizim adət-ənənələrimizdir. Bu, bizim milli əxlaqi mentalitetimizdir. Bu, bizim bütün başqa mənəvi dəyərlərimizdir.

Biz bunların hamısı ilə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimizin heç biri bizə ləkə salmır, bizi utandırmır. Mən niyə bunu xüsusi qeyd edirəm? Çünki sovet hakimiyyəti dövründə kommunist ideologiyası bu milli-mənəvi dəyərləri sıxışdırıb çıxarmaq istəyirdi. Hesab edilirdi ki, kommunist ideologiyası var, ümumi mənəvi dəyərlər var və Sovetlər Birliyində yaşayan hər bir xalq bu ümumi mənəvi kommunist ideologiyasına əsaslanan ümumi mənəvi dəyərlərlə yaşamalıdır. Belə bir zamanda qəribə bir proses gedirdi. Bir tərəfdən, bizim bu milli-mənəvi dəyərlərimiz o qədər dərin köklərə malikdir ki, onlar yaşayırdı və heç kəs də onları laxlada bilmirdi. Amma, eyni zamanda, bəzi konyunktur xarakterli insanlar bizim öz milli-mənəvi dəyərlərimizə xor baxırdılar, özlərini onlardan ayırmaq istəyirdilər. Guya ki, «bu, geri qalmış bir şeydir, bizim keçmişdə olan adətlərimizdir, biz bundan deyilik, biz qabaqcılıq, nə bilim, mütərəqqiyik, filanıq».

Milli-mənəvi dəyərlərimiz bizim ana dilimizdir, Azərbaycan dilidir, bizim dinimizdir, bizim adət-ənənələrimizdir. Bir də təkrar edirəm, bizim mənəvi-əxlaqi mentalitetimizdir. Bunların hamısı ilə biz fəxr edirik və fəxr etməliyik. Bizim bütün təbliğatımız, bütün elmi işlərimiz insanlarda bu milli-mənəvi dəyərlərə görə qürur hissi, iftixar hissi doğurmaq və bu millimənəvi dəyərlərə sədaqət aşılamaqdan ibarət olmalıdır.

Azərbaycan xalqı müstəmləkəçilik zülmü altında nə qədər yaşayıbdır. Azərbaycan xalqı cürbəcür hökmdarların əlində olubdur, tarix boyu nə qədər əziyyətlər çəkibdir. Ancaq dilini də, dinini də, adət-ənənələrini də, öz mənəvi-əxlaqi mentalitetini də saxlayıbdır, bütün əxlaqi normalarını - hamısını saxlayıbdır. Bu, xalqımızın nə qədər dərin kökləri olduğunu göstərir. Bu, bizim milli ideologiyamızın bir istiqamətidir. Bizim borcumuz bu ideologiyanı təbliğ etmək, bu ideologiyanı genişləndirmək, bu ideologiyanı inkişaf etdirmək, insanlara başa salmaqdır. Bilirsiniz, bəzən bu «mentalitet» sözünü çoxları mənfi bir məfhum kimi qiymətləndirirlər və bəzən də deyirlər, bəli, Azərbaycan xalqının mentaliteti belədir. Yəni «mədəniyyəti o qədər yoxdur, dünya mədəniyyəti ilə hələ o qədər yaxınlaşmayıbdır, filan olmayıbdır».

Mən sonra ümumbəşəri dəyərlər haqqında da danışacağam. Mən bu gün bir azərbaycanlı kimi, özündə həm milli-mənəvi dəyərləri, həm də ümumbəşəri dəyərləri cəm edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi - əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir. Biz bunları qiymətləndirməliyik. Şübhəsiz ki, mentaliteti o birisindən fərqli olmayan xalq öz xarakterini göstərə bilməz. Hər xalqın öz mentaliteti, əxlaqi qaydaları vardır. Bizdə nə qədər gözəl əxlaqi qaydalar var. İndi onları nəyəsə başqa şeylərə qurban vermək olmaz.

Məsələn, bizim xalqımızda əsrlərdən bəri formalaşmış, gəlmiş adətlər vardır: kiçiyin böyüyə  hörməti, böyüyün də kiçiyə qayğısı, övladın valideynlərinə hədsiz hörməti, valideynlərin də öz övladlarına olan qayğısı və məhəbbəti. Bu, bizim xalqımızın mentalitetidir və biz bununla fəxr etməliyik. Ancaq bəziləri indi nəyi təbliğ edirlər: «Heç kəsi sayma, nə ağsaqqal var, nə böyük var, nə filan var, bəsməkan var. Burada mənəm və mən nə dedim - o da olmalıdır». Yox, bu, ola bilməz. Mən bir dəfə demişəm, vaxtilə - 70-ci illərdə mən burada işləyəndə Moskvadan nümayəndələr gəlirdilər, gedib bizim şəhərləri, kəndləri gəzirdilər. Gəlib təəccüblə mənə deyirdilər ki, «biz getdik, filan yerdə 10-15 gənc oturmuşdu. Bizi görən kimi hamısı ayağa qalxdı. Biz təəccüb etdik. Necə oldu ki, bunlar ayağa qalxdılar? Bu niyə belədir?». Deyirəm ki, bu, təbii bir haldır. Deyir ki, «axı biz indi Rusiyada bir kəndə, şəhərə gedək - bizi görüb heç danışdırmayacaqlar, heç bizə fikir verməyəcəklər. Amma burada bunlar ayağa qalxdılar». Dedim ki, bu, bizim xalqımızın xüsusiyyətidir. Bu, xalqımızın mentalitetidir. Bu, kiçiyin böyüyə hörmətidir. Bu, ev sahibinin qonağa hörmətidir.

Bunlar əsrlər boyu bizim əcdadlarımız tərəfindən yaranmış adət-ənənələrdir. Biz bunları qorumalıyıq, saxlamalıyıq. Bu, böyük bir mövzudur. Mən indi burada çox danışa bilərəm, ancaq hesab edirəm ki, əsas fikirləri bəyan etdim. Güman edirəm ki, bizim alimlərimiz, tədqiqatçılarımız bu sahədə çox geniş iş görməlidirlər. Bizim milli-mənəvi dəyərlərimiz, bizim tarixi milli köklərimiz, bizim dilimiz və dinimiz - hamısı bizim milli ideologiyamızın böyük bir hissəsidir, böyük bir qoludur. Din haqqında da demək istəyirəm. Biz müstəqillik əldə edəndən sonra islam dinimizi özümüzə qaytardıq. Yəni bu din insanların qəlbində həmişə yaşayırdı, ancaq rəsmi deyildi. Bu, rəsmi qayıtdı, bərpa olundu. Şübhəsiz ki, müqəddəs kitabımızda, Qurani-Şərifdə böyük əxlaqi normalar əks olunubdur. Onlardan səmərəli istifadə etmək lazımdır və onları yaymaq, inkişaf etdirmək lazımdır. Amma eyni zamanda, biz imkan verməməliyik ki, dini bəzi şəxsi məqsədlər üçün istismar etsinlər. Buna imkan verməməliyik. Dinin ondan öz şəxsi məqsədləri üçün istifadə etmək istəyən ayrı-ayrı adamların əlinə keçməsinə imkan verilməməlidir. Din həqiqi din xadimləri tərəfindən istifadə və tətbiq olunmalıdır. Burada da bizim görəcəyimiz işlər çoxdur və biz dini təbliğ edərkən, müqəddəs islam dininin əxlaq normalarını ölkəmizdə vətəndaşların arasında geniş yayarkən, eyni zamanda fundamentalizmə, fanatizmə yol yerməməliyik. Fundamentalizm, fanatizm heç də müqəddəs kitabımızın mənası deyil. Bu, sonradan, yenə də dindən istifadə edib öz siyasi məqsədlərinə nail olmaq üçün, yaxud da ki, öz dövlət işlərini qurmaq üçün yaranmış ayrı-ayrı istiqamətlərdir. Biz Azərbaycanda bunlara yol verməməliyik.

Nəhayət, bizim milli ideologiyamızın bir şaxəsi, bir qolu da ümumbəşəri dəyərlərdir. Ümumbəşəri dəyərlər Azərbaycan xalqı tərəfindən artıq çox on illərdir, əsrlərdir ki, qavranıbdır, qəbul olunubdur. Ümumbəşəri dəyərlər birinci növbədə bizim yaratdığımız Konstitusiyada əsas məqsəddir. Biz dünyəvi dövlət qururuq. Biz hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi aparırıq. Bax, bu bir cümlədə ümumbəşəri dəyərlərin ifadəsi öz əksini tapıbdır. Eyni zamanda, ümumbəşəri dəyərlərlə bərabər, Azərbaycanın milli-mənəvi dəyərlərinin vəhdəti öz əksini tapıbdır. Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir.

Bir də qeyd edirəm, biz tarixi köklərimizdən heç vaxt ayrıla bilmərik. Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik. Eyni zamanda öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq. Yenə də deyirəm, bunun içərisində həm demokratiya, həm hüquq normaları, həm dünyəvi dövlət, həm insan azadlığı, insan haqlarının qorunması, plüralizm, sərbəst ticarət, insan sərbəstliyi, sərbəst bazar ticarəti, sərbəst bazar iqtisadiyyatı var - bunlar hamısı ümumbəşəri dəyərlərin bizim milli-mənəvi dəyərlərlə vəhdətindən meydana gələn müddəalardır. Bunlar bizim milli ideologiyamızın böyük bir hissəsini təşkil edir. Mən bu fikirlərimi bu gün izah edərkən hesab edirəm ki, bu fikirlər Yeni Azərbaycan Partiyasının siyasətində və əməli fəaliyyətində öz əksini tapacaqdır. Bu fikirlər Azərbaycan dövlətinin xarici və daxili siyasətində, əməli fəaliyyətində öz əksini tapır və bundan sonra da tapacaqdır.

Bəlkə siz diqqət yetirməmisiniz, ancaq mən bu barədə geniş danışdığıma görə bildirmək istəyirəm ki, mən bu fikirləri oktyabr ayının 18-də and içərkən bəyan etmişdim. Mən and içərək, yəni əlimi Azərbaycan Konstitusiyasına basaraq bəyan etdim ki, Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm! Bu dediyim sözlərin hamısı orada var. Bunlar hamısı dövlətçilik mənasını, məfhumunu əhatə edən sözlərdir.

Əlimi Qurani-Şərifə basaraq dedim ki, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə sadiq olacağıma, onları ümumbəşəri dəyərlərlə zənginləşdirəcəyimə və inkişaf etdirəcəyimə and içirəm! Yəni bu fikirləri mən ifadə etmişəm. Mən sadəcə, bu gün partiyanın yığıncağından istifadə edərək, bu fikirlərə bir az geniş təhlil verdim ki, bizim Yeni Azərbaycan Partiyasının üzvləri öz ideoloji işində bu fikirlərlə, yəni bu müddəalarla milli ideologiyamızın əsas prinsiplərindən daha da səmərəli istifadə edə bilsinlər. Azərbaycan dövlətinin milli ideologiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümumbəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir.

Yeni Azərbaycan Partiyasının qarşısında böyük vəzifələr durur. Bu vəzifələri həyata keçirmək üçün Yeni Azərbaycan Partiyası daha da təşkilatlanmalıdır, daha da inkişaf etməlidir, daha da genişlənməlidir. Şübhəsiz ki, bizim dövlətimizin, hökumətimizin işində də və o cümlədən Yeni Azərbaycan Partiyasının işində də qüsurlar, nöqsanlar çatışmazlıqlar da var. Mən bu barədə, yəni bizim hökumətin, dövlətin işində olan səhvlər, nöqsanlar haqqında noyabrın 6-da Nazirlər Kabinetinin geniş iclasında çox ətraflı danışdım.

Bilirsiniz ki, Nazirlər Kabinetinin geniş iclasından sonra qəbul olunmuş qərarlarla əlaqədar mən noyabr ayının 19-da böyük bir sərəncam imzaladım. O, Azərbaycan mətbuatında dünən dərc olunubdur. O sənəddə, - mən hesab edirəm ki, o, çox vacib bir sənəddir, - həm Azərbaycanın sosial-iqtisadi həyatında əldə olunan nailiyyətlər və xüsusən bu ilin 9 ayında əldə edilən nailiyyətlər əks olunubdur, həm də bizim işimizdə olan nöqsanlar, çatışmazlıqlar və qüsurlar göstərilibdir.

Mən bu gün bir daha bəyan edirəm, - biz heç də hesab etmirik ki, Azərbaycandakı problemlərin hamısını həll etmişik və həll edirik. Yox, hələ həll olunası, xüsusən sosial-iqtisadi sahədə həll ediləsi məsələlər çoxdur.

Bilirsiniz, sosial-iqtisadi sahədə bizim bir çox çətinliklərimiz vardır. Biz iqtisadi, sosial islahatları həyata keçiririk. Bunlar öz nəticələrini verir. Ancaq bunlar daha güclü nəticələrini bir müddətdən sonra verəcəkdir.

Şübhəsiz ki, biz keçid dövründə böyük çətinliklərlə rastlaşırıq. Məsələn, məlumdur, indi bəyan edildi, ötən 9 ayda respublikamızda ümumi daxili məhsul 8,5 faiz artıbdır. Sənaye məhsulu istehsalı 1,1 faiz, kənd təsərrüfatı məhsulları istehsalı da 1,1 faiz artıbdır. Ancaq bu artım bizim gördüyümüz işlərin və xüsusən özəl sektorun hesabına - ümumi daxili məhsulun artımının 51 faizini özəl sektor təmin edir - əldə olunubdur. Ancaq bizim böyük sənaye müəssisələrimiz vardır. Ona görə də Bakıda, Gəncədə, Sumqayıtda, Əli Bayramlıda, Mingəçevirdə, çox böyük sənaye müəssisələri olan başqa yerlərdə ağır, çətin problemlər vardır. Biz bunları bilirik. Bu sənaye müəssisələrinin bəziləri az gücü ilə işləyir, bəziləri də heç işləmir. Burada çalışan insanlar işsiz qalırlar, vaxtlı-vaxtında maaş ala bilmirlər, iqtisadi vəziyyətləri ağırlaşır. Biz bunları bilirik.

Təsəvvür edin, indi bəziləri, o cümlədən müxalifətdə olanlar bundan da sui-istifadə edirlər: «Bəli, burada insanların sosial vəziyyəti nə isə ağırdır, gəlin onları hakimiyyətə qarşı qaldıraq. » Siz onları qaldırıb nə əldə edəcəksiniz? Siz bunlardan sadəcə, öz məqsədləriniz üçün istifadə edirsiniz. Siz o sənaye müəssisələrini işlədə bilərsinizmi? İşlədə büməzsiniz. Əgər o sənaye müəssisələrini yaradanlar biziksə, - 1970-1980 –ci illərdə biz o sənaye müəssisələrini yaratmışıq və onlar o vaxt saat kimi işləyirdi, yüksək məhsul verirdi, insanlar da yaxşı maaş alırdılar, - indi biz onları niyə işlədə bilmirik? Ona görə yox ki, bizim o vaxtkı bacarığımız yoxdur. Ona görə ki, bazar iqtisadiyyatına keçid dövründə, SSRİ-nin vaxtında olan iqtisadi əlaqələr itdiyi bir dövrdə həmin müəssisələri işlətmək sadəcə, mümkün deyildir.

Məsələn, Sumqayıtın boru-prokat zavodunu götürün. Mən 1969-cu ildən bu zavodun problemləri ilə məşğul olmuşam. Biz bu zavodda nə qədər işlər görmüşük, orada nə qədər böyük müasirləşdirmə işləri aparmışıq. 1970-ci illərdə həmin zavod çox gözəl işləyirdi, borular, metal istehsal edirdi, bunu SSRİ-nin bütün respublikalarına verirdi. Amma indi vəziyyət necədir? Həmin o peçlər, marten peçləri köhnəlibdir. Mən hələ 1970- ci illərdə onları elektrik peçləri ilə dəyişdirmək istəyirdim. Çünki onlar daha səmərəlidir. Ancaq bu, mümkün olmayıbdır. Biz hələ o vaxt onlardan o qədər də razı deyildik. Amma indi bunlar köhnəlibdir. İkinci tərəfdən, istehsal olunan məhsulun bazarı yoxdur. Bu məhsul hara gedirdi, biz bu boruları hara göndərirdik? Rusiyaya, Sibirə, neft çıxan yerlərə göndərirdik. Bu, neft hasilatı üçün idi. İndi isə bu yoxdur. Rusiyada olan iqtisadi böhran nəticəsində biz oraya heç bir şey sata bilmirik. Çünki pulları, maliyyə imkanları yoxdur ki, alsınlar. Demək, bu zavodları, o cümlədən Sumqayıtdakı alüminium zavodunu, Gəncədəki gil-torpaq kombinatını, Mingəçevirdəki bir neçə zavodu işlətmək çətin olubdu.

Əli Bayramlı şəhəri vaxtilə «Şirvanneft» yaranandan sonra salınmış şəhərdir. Yəni, orada neft tapıldı, «Şirvanneft», ondan sonra şəhər yarandı. Mən isə 1970-ci illərdə çalışdım ki, bu şəhər təkcə neft şəhəri olmasın. Müasir maşınqayırma zavodları gətirib bu şəhərdə yaratdıq. Biz həmin zavodları Moskvadan böyük çətinliklərlə aldıq, gətirdik, yaratdıq. Bunlar cihazqayırma, radiotexnika, başqa zavodlardır. Ancaq indi bu məhsulu satmaq mümkün deyildir, bunu istehsal etmək üçün başqa ölkələrdən, yəni keçmiş SSRİ-nin başqa yerlərindən xammal gətirmək mümkün deyildir. Bunlar, bu çətinliklər vardır.

Mən bununla demək istəmirəm ki, biz ümidsizik. Yox. Mən sadəcə, bu problemlərin səbəblərini bildirmək istəyirəm. Biz bunları açıq-aydın bilirik, heç kəsdən gizlətmirik. Biz Nazirlər Kabinetinin noyabrın 6-da keçirilmiş geniş iclasını televiziya ilə başdan-ayağa canlı yayımla bütün respublikaya yaydıq, - qoy xalq görsün ki, biz bütün problemləri nə cür müzakirə edirik. Hansı məsələnin nə qədər çətin olduğunu qoy xalq da bilsin, xalq da bizimlə bir yerdə olsun.

İndi müxalifət qüvvələri bu çətinliklərdən istifadə edib, ayrı-ayrı müxalif qüvvələri, qrupları, təbəqələri qaldırmaq istəyirlər ki, «gəlin qalxaq, mübarizə aparaq». Mübarizə aparmaqla nəyə nail olacaqsan?

Birincisi, biz heç bir şeyə yol verməyəcəyik. Çünki biz bunların hamısını bilirik və lazımi tədbirlər görürük. İkincisi, siz burada öz şəxsi məqsədlərinizi daşıyırsınız. Biz isə ümumi xalqın iqtisadi, sosial problemləri ilə məşğuluq. Bir sözlə, mən bununla onu demək istəyirəm ki, bizim həyatımızın bütün sahələrində nailiyyətlərlə yanaşı, çatışmazlıqlar, nöqsanlar da vardır. Bunların obyektiv səbəbləri də, subyektiv səbəbləri də vardır. Subyektiv səbəblərlə biz hamımız mübarizə aparmalıyıq. Bu bürokratizmdir, vəzifəli adamların öz vəzifələrinə məsuliyyətsiz yanaşmasıdır, vəzifələrindən sui-stifadə etməsidir, cürbəcür çirkin yollara getməsidir. Biz bunlarla mübarizə edirik və edəcəyik. Bütün bu tələblər, fikirlər mənim noyabrın 19-da imzaladığım və mətbuatda dərc olunmuş sərəncamda öz əksini tapıbdır. Bizim Yeni Azərbaycan Partiyasının üzvlərinin əksəriyyəti hakimiyyət orqanlarındadırlar - parlamentdədirlər, nazirliklərdə, yerli hakimiyyət orqanlarında işləyirlər. Ona görə Yeni Azərbaycan Partiyasının üzərinə ikiqat vəzifə düşür, bu partiyanın işi - partiyanın işi mücərrəd xarakter daşıya bilməz - Azərbaycan hökumətinin, dövlətinin işidir, Azərbaycanda sosial-iqtisadi problemlərin həll olunması, respublikamızda islahatların həyata keçirilməsi işidir.

Bunlara nail olmaq üçün partiyanın təşkilatlarını daha da gücləndirmək, fəallaşdırmaq lazımdır. Partiya daha da geniş təşkilatlanmalıdır. Ona görə də bir neçə təşkilati tədbirlər həyata keçirilməlidir. Bunları həyata keçirəndən sonra da partiyanın qurultayı keçirilməlidir. Belə hesab edirəm ki, partiyanın idarə heyəti bu məsələlərlə ciddi məşğul olacaqdır. Mən təsəvvür edirəm ki, məsələn, 1999-cu il may ayının sonunda, yaxud iyun ayının əvvəlində biz Yeni Azərbaycan Partiyasının qurultayını keçirə bilərik.

Görürəm ki, bunu çox istəyirsiniz. Mən anladım, - siz mənim fikrimi nəinki bəyənirsiniz, hətta alqışlayırsınız. Beləliklə, qərar qəbul edilmiş hesab olunsun ki, partiyanın qurultayı mən dediyim o zamanda keçirilməlidir. Ancaq ona qədər çox təşkilati işlər görülməlidir. Hər bir şəhərdə, rayonda, hər bir ilk təşkilatda işlər aparılmalıdır. Mən hesab edirəm ki, partiyada daimi fəaliyyət göstərən təşkilatlar yaranmalıdır. Çünki bizim partiya indi əksərən iqtidarda olduğuna görə partiyanın fəallarının çoxu yüksək dövlət, hökumət vəzifələri daşıyırlar. Şübhəsiz ki, dövlət, hökumət vəzifələri daşıyaraq partiya işinə ya o qədər diqqət yetirə bilmirlər, ya vaxt tapa bilmirlər, ya da, sadəcə olaraq, hesab edirlər ki, «partiyada var idim, indi dövlət işi var», partiya işini unudurlar. Mən görürəm ki, siz də belə fikirdəsiniz. Ona görə də biz indi qurultaya qədər bu qarşıdakı aylarda gərək çox dəqiq müəyyən edək ki, partiya təşkilatlarında kim hansı şərtlərlə işləyəcək və partiyanın işini aparacaqdır, partiyadan hakimiyyət orqanlarında kim işləyəcək və onların partiya təşkilatlarında iştirakı nədən ibarət olacaqdır. Amma bəzisi həm buradadır, həm oradadır, - indi, ola bilər, burada bir az çox, orada az işləyir, yaxud da ki, heç ikisində də yaxşı işləmir. Belə də ola bilər. Bu, bizim həm dövlət işinə, həm də partiyanın işinə zərər vurur. Mən keçən görüşlərimdə də demişdim, indi də bildirmək istəyirəm ki, partiyanı təşkil edənlərə, əgər belə demək mümkün olsa, partiyanın təşkilatçılarına, veteranlarına, ağsaqqallarına biz həmişə hörmət etmişik və hörmət edəcəyik. Amma hər bir siyasi təşkilat gərək inkişafda olsun, hər bir siyasi təşkilat gərək daim gəncləşsin. Ona görə də Yeni Azərbaycan Partiyasında geniş fəaliyyət göstərmək üçün gənclərə daha da çox imkanlar vermək, şərait yaratmaq lazımdır.

Mən bilirəm, hiss edirəm ki, partiyanın artıq çox sağlam əqidəli, çox iradəli gənclər təşkilatı vardır. Bu gənclər təşkilatına çox əqidəli gənclər toplaşmışlar. Bu gənclər təşkilatı həmişə olmalıdır. Amma partiyanın strukturlarına və partiyanın əhatə etdiyi başqa yerlərə bu gənclər təşkilatından daha da cəsarətli gəncləri irəli çəkmək lazımdır. İmkan vermək lazımdır ki, onlar işləsinlər. Bizim müstəqil Azərbaycanın gələcəyi və Yeni Azərbaycan Partiyasının gələcəyi gənclərə məxsusdur, gənclərin əlində olmalıdır.

Hesab edirəm ki, qarşıdakı aylarda bu təşkilati işlərdə mənim bu fikirlərimi siz nəzərə almalısınız. Bilin ki, mən də bü partiya işlərindən geri çəkilməyəcəyəm, - öz iştirakımı da təmin edəcəyəm, qayğımı da göstərəcəyəm. Çünki mən Yeni Azərbaycan Partiyasını Azərbaycanın ictimai-siyasi həyatında ən güclü, ən səviyyəli, ən mütəfəkkir fikirli, ən tərəqqipərvər bir siyasi təşkilat kimi görürəm və Azərbaycanın gələcəyi də bu partiyanın fəaliyyətindən asılı olacaqdır.

Hörmətli dostlar, qonaqlar, xanımlar və cənablar! Mən çox məmnunam ki, Yeni Azərbaycan Partiyası altı il müddətində belə bir böyük qüvvəyə çevrilibdir. Mən çox məmnunam ki, altı il bundan öncə bizim atdığımız ilk addımlar böyük bir nəticə veribdir. Mən çox məmnunam ki, bu gün bu salonda Yeni Azərbaycan Partiyasının nümayəndələri yüksək əhval-ruhiyyə ilə yaşayırlar.

Siz əmin ola bilərsiniz, Azərbaycanın bu günü, gələcəyi üçün prezident kimi mən və mənim ətrafımda olan şəxslər, o cümlədən Yeni Azərbaycan Partiyası, - biz çox işlər görürük, görməliyik və biz bu işləri görəcəyik. Bu işləri görmək üçün bizim artıq böyük təcrübəmiz vardır. Biz böyük sınaqlardan, çətinliklərdən keçmişik. Biz ümumi xalqın dəstəyini almışıq. Əhalinin, vətəndaşların əksəriyyəti Azərbaycan prezidentinin siyasətini dəstəkləyir və Yeni Azərbaycan Partiyasına rəğbətlə, hörmətlə münasibət göstərir. Bunlar hamısı bizim üçün çox böyük əsasdır, böyük imkandır. Biz bu imkanlardan səmərəli istifadə etməliyik. Mən sizin hamınıza bu yolda uğurlar arzulayıram. Sizə, Yeni Azərbaycan Partiyasının bütün üzvlərinə, bütün Azərbaycan vətəndaşlarına sülh, əmin-amanlıq və səadət arzulayıram.

Əmin ola bilərsiniz ki, Azərbaycanda sülhün, əmin-amanlığın qorunub saxlanması üçün bundan sonra da öz səylərimi əsirgəməyəcəyəm. Mən bütün həyatımı Azərbaycana, xalqa həsr etmişəm. Mən gələcək illərdə də yalnız və yalnız bu cür yaşayacağam, öz məsuliyyətimi bu cür həyata keçirəcəyəm. Bizim ən ağır problemimiz işğal olunmuş torpaqların azad olunması və münaqişənin ləğv edilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Mən bu barədə geniş danışmaq istəmirəm. Bunlar sadəcə, mətbuatdan sizə məlumdur ki, biz danışıqlar aparırıq.

Minsk qrupunun son təklifləri bizi qane etmədi. Biz iki gün bundan öncə onlara cavab verdik və həmin təklifləri qəbul etmədik. Amma bu, o demək deyildir ki, biz danışıqları aparmayacağıq. Yox. Biz keçən ilin sentyabr ayında verilmiş təklifləri, Lissabon zirvə görüşünün prinsipləri əsasında verilmiş təklifləri qəbul etmişik. Ancaq iki ildir ki, Ermənistan bunları qəbul etmir. Görürsünüz, necə vəziyyət yaranıb. Ermənistan Lissabon zirvə görüşünün prinsiplərini qəbul etmir və heç yaxına buraxmır. Amma Azərbaycanın müxalifəti Lissabonda əldə etdiyimiz nailiyyətlərə görə bizi günahlandırır ki, «biz orada məğlub olmuşuq». Yox, orada heç kəs nə məğlub olub, nə qalib gəlibdir. İlk dəfə olaraq 1996-cı ilin dekabr ayında, ATƏT-in Lissabon zirvə görüşündə biz böyük bir nailiyyət əldə etdik - münaqişənin həll edilməsinin prinsipləri müəyyən olundu. Ancaq, Ermənistan o prinsipləri indiyə qədər qəbul etmir. Keçən ilin sentyabr ayında həmin prinsiplər əsasında təkliflər verilmişdi, biz onu qəbul etdik, Ermənistan qəbul etmədi. Ondan sonrakı proseslər də sizə məlumdur.

Ancaq Minsk qrupu həmsədlərinin indi verdiyi təklifi, o cümlədən «ümumi dövlət» anlayışını - ortaq dövlət, ümumi dövlət, birgə dövlət - biz heç vaxt qəbul edə bilmərik. Biz Dağlıq Qarabağa Lissabon zirvə görüşündə qəbul olunan prinsiplər əsasında, Azərbaycan dövləti daxilində yüksək

dərəcəli özünüidarəetmə statusu verməyə razı olmuşuq. Bundan bir damcı da o tərəfə keçə bilmərik. Ona görə də biz o təkliflərdən imtina etdik. Ancaq biz danışıqları aparırıq və aparacağıq. Əminəm ki, biz münaqişəni sülh yolu ilə həll edəcəyik, işğal olunmuş torpaqlar azad olunacaq və yerindən-yurdundan didərgin düşmüş soydaşlarımız öz torpaqlarına qayıdacaqlar.

Sizə bütün işlərinizdə bir daha uğurlar arzulayıram.

Yaşasın Yeni Azərbaycan Partiyası!

Yaşasın demokratik, qüvvətli, müstəqil Azərbaycan!

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış