Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliya xarici işlər nazirinin müavini Umberto Ranyeri başda olmaqla bu ölkənin nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 14 iyun 2000-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar!

Mən sizi Azərbaycanda salamlamağa şadam. Ona da şadam ki, biz İtaliya-Azərbaycan münasibətlərinə aid məsələləri sizinlə müzakirə etmək imkanına malikik. Şadam ki, siz dəvətimizi qəbul edib gəlmisiniz. Doğrudur, mən sizin proqramınıza baxmışam, siz çox qısa müddətə gəlmişsiniz. Buna baxmayaraq, mənə məlum olduğuna görə, siz bu gün səhərdən bir sıra görüşlər keçirə bilmisiniz. Ümidvaram ki, siz görüşlərdən, söhbətlərdən razısınız.

İtaliya ilə Azərbaycan arasında münasibətlər çox yaxşı, dostcasınadır. 1997-ci ildə İtaliyaya mənim rəsmi səfərim və İtaliya ilə Azərbaycan arasında imzaladığımız sənədlər ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsi üçün mühüm mərhələdir. Bizim ondan əvvəl də, sonra da müxtəlif səviyyələrdə çox görüşlərimiz olmuşdur, amma hesab edirəm ki, İtaliyaya səfərim zamanı bütün sahələrdə münasibətlərimizi lazımi səviyyəyə qaldırmışdır. Biz bu yaxınlarda sizin milli bayramınızı - Demokratik İtaliya yaradılmasının 54-cü ildönümünü qeyd etdik. İtaliya dünyanın ən qədim ölkələrindən biridir və italyan xalqı isə dünya sivilizasiyasını çox böyük kəşflərlə, çox böyük dəyərlərlə zənginləşdirmişdir, amma biz yalnız 54-cü ildönümünü qeyd edirik. Aydındır, çünki İtaliya referendum yolu ilə konstitusiya qəbul etdikdən və demokratik dövlət olduqdan sonra özünün yeni tarixini də həmin dövrdən hesablayır.

Biz bir dövlət olaraq çox gəncik, müstəqil Azərbaycanın ancaq səkkizinci ildönümünü qeyd etmişik. Bu illər ərzində biz xüsusən beynəlxalq münasibətlərimizin, o cümlədən də İtaliya ilə münasibətlərimizin inkişafı üçün çox işlər görə bilmişik. İtaliya bizim üçün bir də ona görə böyük əhəmiyyətə malikdir ki, o, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üzrə ATƏT-in Minsk qrupunun üzvüdür. Yeri gəlmişkən, ATƏT-in 1992-ci ildə yaradılmış Minsk qrupunun ilk sədri də İtaliya olmuşdur. 1993-cü ildə, mən prezident, dövlət başçısı vəzifəsinə başladığım vaxt bu münaqişə ilə bağlı ilk görüşüm də ATƏT-in Minsk qrupunun sədri italiyalı cənab Rafaelli ilə olmuşdur. Həmin vaxt o, xarici işlər nazirinin müavini idi. Bundan sonra Minsk qrupunun rəhbərləri tez-tez dəyişmişdir. İndi Minsk qrupuna bir dövlət rəhbərlik etmir, üç dövlət - Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa sədrlik edir. Minsk qrupunun üzvü kimi İtaliyanın, şübhəsiz, bu məsələdə də bizim üçün böyük əhəmiyyəti var. Mən sizi bir saha salamlayıram və dinləyirəm.

Umberto Ranyeri:  Cənab prezident, sözlərinizə görə sağ olun. Sizinlə görüşmək mənim üçün böyük şərəfdir. Zənnimcə, mən bununla bütün nümayəndə heyətimizin hisslərini ifadə edirəm.

Bizim heyətin tərkibinə Avropa Şurasının nümayəndələri də daxildirlər. İtaliya ilə Azərbaycan arasında münasibətlərin müsbət xarakteri barədə fikrinizə şərikəm. Zənnimcə, hazırda münasibətlərimizi nəinki daha da gücləndirmək, həm də bütün sahələrdə bundan sonra da inkişaf etdirmək imkanlarımız var. Bir çox elə sahələr var ki, burada biz münasibətlərimizi gələcəkdə də inkişaf etdirə bilərik - bunlar iqtisadiyyat, siyasət və mədəniyyət sahələridir. Mən Sizə minnətdaram ki, 2 iyun bayramında - İtaliyanın Müstəqillik günü bayramında iştirakınızı xatırladınız. Bu, bizim üçün böyük şərəf idi. Zənnimcə, İtaliyaya səfəriniz də elə bir başlıca mərhələ olmuşdur ki, bundan sonra ölkələrimiz arasında münasibətlər daha da möhkəmlənməyə və inkişaf etməyə başlamışdır. Bundan əlavə, xatırlatmaq istərdim ki, biz Azərbaycanın Romada səfirliyinin açılışını görməyə çox şad olardıq.

Azərbaycan demokratiyanın hələ gənc olduğu bir ölkədir. Ona görə də hesab edirəm ki, Azərbaycan demokratiyanın artıq çoxdan mövcud olduğu ölkələr tərəfindən dəstəklənməlidir. Deyək ki, İtaliya da demokratik ölkə olaraq nisbətən gənc ölkədir. Unitar ölkə kimi onun 130 yaşı var, amma respublika kimi İtaliyanın yaşı yalnız 1946-cı ildən hesablanır. Demək istəyirəm ki, demokratiyanın daha böyük tarixə malik olduğu digər Avropa ölkələri ilə müqayisədə bu, o qədər də çox yaş deyildir. Əvvəlcə itaylan milləti, sonra isə İtaliya dövləti meydana gəlmişdir. Mədəniyyətin, italyan millətinin formalaşması çox uzun prosesdir. Lakin bir respublika kimi İtaliya gəncdir. Elə bunun özü də ölkəmiz üçün problemlər mənbəyidir.

Bəzi məsələlər barəsində diskussiya aparmaq imkanına görə Sizə təşəkkür edirəm və düşünürəm ki, İtaliya ATƏT-in Minsk qrupunun məşğul olduğu münaqişənin dincliklə həllində çox mühüm rol oynayacaqdır. Hesab edirəm ki, biz ölkələrimiz arasında iqtisadi və mədəni münasibətləri xeyli yaxşılaşdıra bilərik.

Mən buraya İtaliyanın Bakını çox xatırladan şəhərindən gəlmişəm. Mən neapolluyam. Neapolda Bakı ilə bağlı küçələr çoxdur. Cənab prezident, mən Sizə təşəkkür edirəm.

Bilirsiniz ki, bugünkü səfərimizin əsas mövzusu Azərbaycanın Avropa Şurasına daxil olması məsələlərinin müzakirəsidir. Bu semestrdə İtaliya Avropa Şurasının prezidentidir və İtaliyanın öhdəliklərindən biri, yəni İtaliyanın çalışdığı budur ki, onun prezidentliyi dövründə Azərbaycanın Avropa Şurasına qəbul edilməsi üçün şərait yaradılsın.

Həmin perspektivin cəhətlərini daha ətraflı öyrənmək üçün bu gün bizim çoxlu görüşlərimiz oldu. Qanunvericiliyin Avropa Şurasının tələb etdiyi Avropa standartlarına daha uyğun olması üçün Azərbaycanın hakimiyyət orqanlarının gördüyü işi biz yüksək qiymətləndiririk. Əminik ki, Azərbaycan bu istiqamətdə uğurla irəliləyəcəkdir. Mən öz nitqimi hələlik bitirirəm.

Heydər Əliyev: Sağ olun. Siz İtaliya ilə Azərbaycan arasında iqtisadi, elmi və mədəni münasibətlərə toxundunuz.

Sizin kimi, şübhəsiz, biz də bu fikirdəyik ki, münasibətlərimizin, dövlətlərimiz, ölkələrimiz arasında münasibətlərin bu istiqamətlərdə daha uğurla inkişaf etməsi üçün səylər göstərməliyik. Bilirsiniz ki, biz bu baxımdan çox mühüm addım atmışıq. Hazırda sizin "ACİP" şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda müvəffəqiyyətlə işləyir. Həm də sayca ikinci olan və "ACİP"in iştirak etdiyi müqavilədə onların bəxti gətirmişdir. Biz orada gözlədiyimizədn də çox qaz aşkara çıxarmışıq və buna görə də yaxın vaxtlarda işimizin nəticələrindən bəhrələnəcəyik. Xəzər dənizinin bizə aid sektorunda daha bir perspektivli yataq - "Kürdaşı" yatağı var. Bu yataqda iş görmək üçün müxtəlif xarici şirkətlərdən çox sifarişlər alınmışdı. Mən şad oldum ki, tender keçirilərkən "ACİP" qalib gəldi və orada digər şirkətlərlə birlikdə əməli iş aparılır, quyular qazılır. Tezliklə orada da müsbət nəticələr gözləyə bilərik. Bir sözlə, sizin ən böyük şirkətiniz olan "ACİP" Azərbaycanda özünə artıq möhkəm yer etmişdir, özü də uzun illər üçün, onilliklər üçün.

Əlbəttə, münasibətlərimizin inkişafı üçün başqa istiqamətlərdə də imkanlarımız var. Amma mən hesab edirəm ki, siz dediyiniz kimi, görüşümüzün başlıca mövzusu bundan ibarətdir ki, İtaliya Avropa Şurasında sədrlik edir və Azərbaycan yaxın vaxtlarda Avropa Şurasının tam hüquqlu üzvü olmalıdır. Bununla əlaqədar mən sizin səfərinizi alqışlayıram və nəzərdə tuturam ki, şəxsi ünsiyyətlərimiz bugünkü Azərbaycan barədə sizdə daha aydın təsəvvür yarada bilər.

İtaliyada demokratik ənənələrin, demokratiyanın sanballı tarixi var, hətta demək olar ki, İtaliya həddindən ziyadə demokratik ölkədir, hökumət tez-tez dəyişir.

Umberto Ranyeri: İndi o qədər də tez-tez dəyişmir.

Heydər Əliyev: Söz yox ki, müstəqil dövlət olaraq Azərbaycan gənc dövlətdir, eyni zamanda bizdə demokratiya da gəncdir. Amma biz hesab edirik ki, bu çox qısa müddətdə biz Azərbaycanda demokratik prinsiplərin, demokratik dəyərlərin bərqərar olması üçün az iş görməmişik. Başlıcası isə, müstəqil dövlət olaraq Azərbaycan demokratiya yolu ilə qətiyyətlə getməyi qarşısına əsas məqsəd qoymuşdur və bu konstitusiyamızda təsbit edilmişdir. Bununla belə, əlbəttə, şadam ki, sizinlə bu məsələ barəsində bilavasitə danışmaq imkanımız var və indi bunu edəcəyik.


"Azərbaycan" qəzeti", 15 iyun 2000-ci il.