Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının II qurultayına - 3 fevral 2003-cü il


Hörmətli qurultay nümayəndələri!

Sizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İkinci qurultayının öz işinə başlaması münasibətilə salamlayır və səmimi-qəlbdən təbrik edirəm.

Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesini yaşayan müstəqil Azərbaycan Respublikasında keçən illərdə insan haqları və azadlıqlarının bərqərar olması, vətəndaşların əmək və sosial hüquqlarının təmin olunması sahəsində ardıcıl addımlar atılmışdır. Beynəlxalq standartlara əsaslanan zəruri qanunvericilik bazasının yaradılması və dövlət idarəçilik sisteminin bazar iqtisadiyyatının prinsiplərinə uyğun təkmilləşdirilməsi dövlətin sosial-iqtisadi siyasətinin səmərəli şəkildə həyata keçirilməsinə daha əlverişli şərait yaratmışdır. Yeni ictimai-siyasi və iqtisadi sistemin təşəkkül tapdığı dövrdə vətəndaşların sosial və iqtisadi mənafelərinin qorunması yalnız dövlət orqanlarının deyil, həmçinin həmkarlar ittifaqlarının da əsas işinə çevrilir və mühüm əhəmiyyət kəsb edir.

Bu gün respublikamızın iqtisadi potensialından daha səmərəli istifadə edilməsi və vətəndaşlarımızın maddi rifah halının yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən iqtisadi islahatlar öz bəhrəsini verməkdədir. Ölkəmizdə yeni iqtisadi sistem, yeni mülkiyyət formaları və təsərrüfat mexanizmləri formalaşmış, iqtisadiyyatımız ardıcıl inkişaf yoluna qədəm qoymuşdur. Xüsusi mülkiyyətə əsaslanan təsərrüfat subyektlərinin fəaliyyəti üçün yaradılan şərait insanların fərdi təşəbbüskarlığının reallaşmasına geniş meydan açmışdır.

Sahibkarlığın inkişafı ölkə iqtisadiyyatında özəl bölmənin aparıcı mövqe qazanmasına təkan vermişdir. Yeni şəraitdə həmkarlar ittifaqlarının cəmiyyətdəki rolu daha da artmışdır. 1994-cü ildə qəbul olunmuş "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının qanunu bu qurumun cəmiyyətimizdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaradır. Həmkarlar İttifaqları hazırkı dövrdə əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə, o cümlədən xarici sərmayə ilə işləyən təşkilatlarda, transmilli kampaniyalarda iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərməlidirlər. Vətəndaşlarımızın ən böyük ictimai təşkilatı olan həmkarlar ittifaqları yeni cəmiyyət quruculuğunda yaxından iştirak etməli, sosial siyasətin həyata keçirilməsinə önəmli rol oynamalıdırlar.

Azərbaycan Respublikasının müstəqil dövlət kimi beynəlxalq aləmə sıx inteqrasiya olunması həmkarlar ittifaqları qarşısında da geniş perspektivlər açır və mühüm vəzifələr qoyur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 2001-ci ildə dünyanın ən nüfuzlu həmkarlar təşkilatına - Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasına üzv qəbul edilməsi respublikamızın dünyada nüfuzuna, ölkəmizdəki vətəndaş cəmiyyəti quruculuğuna, demokratik təsisatların roluna verilən qiymətin təzahürüdür. Bu, eyni zamanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına əməyin təşkili və sosial problemlərin həlli sahəsində dünya ölkələrinin təcrübəsini dərindən öyrənmək, müvafiq qurumlarla qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaratmaq və dövlətimizin sosial-iqtisadi siyasətinin həyata keçirilməsində yaxından iştirak etmək imkanı verir.

Əminəm ki, həmkarlar ittifaqları dövrün tələblərinə uyğun olaraq öz fəaliyyətini yenidən təşkil edəcək, Azərbaycan Respublikasında demokratik, azad cəmiyyətin, insanların firavan həyatının bərqərar olması yolunda gələcəkdə də ön sıralarda addımlayacaqdır. Hesab edirəm ki, ikinci qurultay həmkarlar ittifaqlarının fəaliyyətinin daha səmərəli təşkilinə və cəmiyyətdəki mövqeyinin daha da möhkəmlənməsinə təkan verəcəkdir.

Qurultayın işinə uğurlar və qəbul edəcəyiniz qərarların həyata keçirilməsində sizə böyük müvəfəqqiyyətlər arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 6 fevral 2003-cü il

Tarixi arayış