Qazaxıstan prezidentinin adından Azərbaycan prezidentinin şərəfinə təşkil edilmiş rəsmi qəbulda Heydər Əliyevin nitqi - 10 iyun 1997-ci il


Cənab prezident Nursultan Nazarbayev!

Hörmətli dostlar, xanımlar və cənablar!

Bugünkü gün bizim üçün, Azərbaycan nümayəndə heyəti üçün respublikamızın həyatında əlamətdar hadisədir. Azərbaycan prezidentinin, Azərbaycan nümayəndə heyətinin Qazaxıstana birinci rəsmi səfəri başlanmışdır. Mən dəvətə görə və Qazaxıstan torpağına qədəm qoyduğumuz ilk anlardan bizə göstərilən qonaqpərvərliyə görə ilk əvvəl prezident Nursultan Nazarbayevə təşəkkür etmək istəyirəm. Biz artıq bir neçə saatdır ki, birlikdəyik və bu vaxt ərzində birlikdə bir çox məsələləri müzakirə etdik, bir çox məsələlər barədə fikir mübadiləsi apardıq, başlıca yekun isə bundan ibarətdir ki, bir çox mühüm hökumətlərarası, dövlətlərarası sənədlər imzaladıq və bu sənədlər Qazaxıstan ilə Azərbaycan arasında əməkdaşlığın və dostluq, qardaşlıq münasibətlərinin daha da inkişaf etməsinə, dərinləşməsinə təkan verəcəkdir.

Biz son dərəcə minnətdarıq və son dərəcə şadıq ki, burada, Qazaxıstanda belə dostluq şəraitindəyik və çox iş görməyə macal tapdıq. Təbii ki, bütün bunların öz zəmini, öz kökləri var. Tarixin çox-çox qədim dövrlərinə gedib çıxan köklərimiz, xalqlarımızın kökləri bizim hamımız üçün olduqca qiymətlidir və əslinə qalsa, bütün tarix ərzində qazax və Azərbaycan xalqları arasında mövcud olmuş və mövcud olan qarşılıqlı münasibətlərin başlıca əsasıdır. Tarix qazaxlar üçün də, azərbaycanlılar üçün də keşməkeşli olmuşdur. Lakin nə kimi çətinliklər, nə kimi müsibətlər olsa da, xalqlarımız bir-birini həmişə dəstəkləmiş, bir-birinə həmişə arxa-həyan olmuşlar, xalqlarımız həmişə hiss etmiş və anlamışlar ki, onlar eyni köklərə mənsubdur, böyük əcdadlarımızın varisləridir. Bütün zəngin və qədim ümumi mədəniyyətimiz, bizim qədim Şərq, türk sivilizasiyası elə bir əsasdır ki, qazaxların və azərbaycanlıların bir çox nəsilləri bu əsas üzərində əlaqə saxlamış və indi malik olduğumuz nə varsa, hamısını bu əsas üzərində bizə çatdırmışlar.

Bəli, biz xalqlarımızın görkəmli adamları ilə fəxr edə bilərik, onlar ümumi sərvətimiz, ümumi zənginliyimizdir. Xalqlarımızın görkəmli nümayəndələri ədəbiyyat, incəsənət sahəsində də, elm sahəsində də öz yaradıcılığı və əsərləri ilə dünya sivilizasiyasını və bütün bəşər fəaliyyətini zənginləşdirmişlər. Buna görə də tamamilə qanunauyğun haldır ki, biz bu görkəmli adamları ümumi dəyərlərimiz sayaraq onların yubileylərini birlikdə qeyd edirik. 1995-ci ildə dünya ictimaiyyəti böyük qazax mütəfəkkiri, yazıçısı, şairi, alimi, filosofu Abay Kunanbayevin 150 illiyini qeyd etdi.

Mən prezident Nursultan Nazarbayevin dəvətini aldım və bu tədbirdə müəyyən mədəniyyət, ziyalı nümayəndələri ilə də kifayətlənmək olardı, amma Abay bizim ümumi sərvətimizdir. Buna görə də mən Qazaxıstana, Almatıya böyük məmnunluqla gəldim və şadam ki, bu şənliklərdə iştirak etdim. Mən istər qazax xalqının, istərsə də çoxsaylı qonaqların bu əlamətdar yubileyi necə təntənə ilə keçirdiklərinin şahidi oldum.

Eyni hal ötən il, biz bütün türk xalqlarına məxsus olan Məhəmməd Füzulinin 500 illiyini qeyd edən zaman da oldu. Biz yubileyi Bakıda qeyd etdik, bütün türk xalqlarının nümayəndələri, o cümlədən də Qazaxıstanın böyük bir nümayəndə heyəti, çox yüksək hökumət nümayəndə heyəti bizimlə birlikdə idilər, biz bu yubileyi birlikdə qeyd etdik.

Lakin bunlar heç də hər hansı mədəniyyət və ədəbiyyat hadisələrinə həsr olunmuş şənliklər deyildir. Bunlar həm də elə şənliklərdir ki, onlar köklərimizə, ənənələrimizə, ümumi mədəniyyətimizə sədaqət bəslədiyimizə dəlalət edir. Bizi bu da birləşdirir və həmişə yaxınlaşdırır.

Bax, indi bu əsas üzərində tamamilə yeni münasibətlər, Qazaxıstan ilə Azərbaycan arasında, müstəqil dövlətlər arasında keçmişdə nə vardısa, onların hamısından, zənnimcə, keyfiyyətcə fərqlənən münasibətlər qurulur. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 1996-cı ilin sentyabrında Azərbaycana ilk rəsmi səfəri də həmin mərhələni layiqli işlərlə həqiqətən əlamətdar etmək arzusu kimi həyata keçirildi. O vaxt biz çox iş gördük.

Bu səfər müstəqil dövlətlər olan Qazaxıstan ilə Azərbaycan arasında yeni münasibətlərin bünövrəsini qoydu. İmzalanmış sənədlər öz inkişafını tapdı və bu inkişaf indi bu görüşdə, burada, Almatıda keçirilən görüşdə və birlikdə imzaladığımız sənədlərdə təcəssüm olunmuşdur.

Xalqlarımız bu müstəqilliyə, bu azadlığa, bu suverenliyə çox çətinliklərdən keçərək gəlmişlər. Mən keçmişdəki böyük tarixdən danışmayacağam, lakin bəzi məqamları xatırlayacağam.

1986-cı il, dekabr. Sovet İttifaqı, Kommunist Partiyası mövcuddur. Biz hamımız bu dövlətə, bu partiyaya mənsubuq, sədaqətlə xidmət edirik. Qazaxıstan rəhbərliyini dəyişdirmək vaxtı gəlib çatır və buraya elə bir adamı göndərməyi qərara alırlar ki, o, burada heç vaxt yaşamayıb, işləməyib və bu millətə mənsub deyildir - söhbət Kolbindən gedir. O vaxt mən Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü idim, o hadisələrin, yəni həmin prosesin iştirakçısı olmuşam. Təəccüb doğururdu ki, nə üçün belə qərar qəbul edilir. Məsələn, şəxsən mən belə qərarlara çox həssaslıqla yanaşırdım, çünki hesab edirdim ki, milli mənsubiyyətindən asılı olmayaraq, Sovet İttifaqında biz hamımız bərabərik. Lakin azərbaycanlı olduğumdan, müsəlman mənşəli olduğumdan məhz bu qruplara mənsub xalqlar barəsində nə isə ədalətsiz bir iş görüldükdə, buna xüsusilə həssaslıqla yanaşırdım.

O vaxtlar izah edib dedilər ki, bilirsinizmi, Qazaxıstanda layiqli adam yoxdur və buna görə də oraya Kolbini göndərmək lazımdır. Müzakirə qurtardıqdan sonra bu mövzuda Mixail Qorbacovla söhbətlərim oldu. Mən hətta soruşdum ki, siz nə üçün belə edirsiniz? O dedi: Sən ki eşitdin, biz müzakirə edərkən dedim ki, qazaxların özləri bildirirlər ki, orada layiqli bir adam yoxdur, elə Dinmühəmməd Kunayevin özü də demişdir ki, indiki şəraitdə burada münasib adam yoxdur, oraya, məhz bu işə mərkəzdən rus millətindən olan adam göndərmək lazımdır.

Əlbəttə, bu, doğru deyildir, mən bunu qəbul edə bilməzdim, yəni bununla razı deyildim. Lakin belə də oldu və belə olan halda məni xüsusilə təəccübləndirdi ki, Qorbaçov bunu təkcə mənə demişdi, Siyasi Büronun iclasında bildirmişdi: qazaxların özləri və hətta Dinmühəmməd Kunayev deyir ki, buraya rus göndərmək lazımdır və hətta onun familiyasını da çəkdi, dedi ki, burada Kruçinanı gözləyirlər, o, Selinoqradda işləyirdi.

Lakin vaxt gəlib çatdıqda, bu məsələni yerində həll etmək lazım olduqda gənclər, tələbələr, qazaxlar bunun əleyhinə çıxdılar və düz etdilər.

Bax, onda 1986-cı ilin dekabrında sonralar Alma-Ata hadisələri adlandırılmış hadisələr baş verdi. Buraya komissiya göndərdilər, yadınızdadır, komissiyaya həmçinin br vaxtlar burada işləmiş və zənnimcə, Qazaxıstanın bir çox nemətlərindən faydalanmış olan bir nəfər başçılıq edirdi. Bu, Solomentsev idi. O, buraya gəldi və yadımdadır qayıdıb məlumat verdi ki, "Demə, Qazaxıstanda millətçilik var, deyilməzin bir millətçilik inkişaf etmişdir" və sair və ilaxır.

Mən bu barədə daha ətraflı danışa bilərəm. İndi sadəcə olaraq vaxtınızı almaq istəmirəm. Lakin mən bunu məhz ona görə xatırlayıram ki, o vaxtlar çətin olsa da, qazax xalqı, gənclər öz milli ləyaqətini hər halda göstərdilər. Hərçənd onlar cəzalandırıldı və Qazaxıstanda millətçilik haqqında qərar qəbul edildi və sair. Ancaq btün bunlar tarixdə qaldı. Başlıcası budur ki, xalq öz milli ləyaqətini, mənliyini göstərdi, bu qərarın əleyhinə çıxdı. Elə sonrakı hadisələr də təsdiqlədi ki, bu qərar nəinki ağılsız, düşünülməmiş bir qərar idi, həm də o vaxtlar əsas tutduğumuz prinsiplərə kökündən zidd idi.

Halbuki o vaxtlar Nursultan Nazarbayev Nazirlər Sovetinin sədri işləyirdi, Qazaxıstanda, yeri gəlmişkən deməliyəm ki, mərkəzdə - Moskvada da bir çox dairələrdə olduqca böyük nüfuza malik idi. Hamı təəccüblənmişdi, soruşurdu ki, nə üçün Nursultan Nazarbayev ola-ola oraya bu respublikaya heç bir dəxli olmayan adam getməlidir?

Mən o vaxtlar cəsurluq, qəhrəmanlıq nümayiş etdirmiş və sovet rəhbərliyinin bu ədalətsiz qərarına qarşı çıxmış və qazax xalqının nəyə qadir olduğunu və imkanlarını göstərmiş o gənclərə böyük hörmət hissi ilə yanaşıram. Təkrar edirəm, hərçənd o vaxtlar bütün bu hadisələr pislənildi, amma sonrakı tarix həmin gün və ya həmin axşam meydana çıxaraq bu ədalətsiz qərara qarşı öz etirazını bildirmiş və Qazaxıstanda layiqli və ləyaqətli adamlar olduğunu və onlardan ən layiqlisinin Nursultan Nazarbayev olduğunu nümayiş etdirmiş şəxslərin hamısına haqq qazandırdı. 1989-cu ildə onlar məcbur olub razılaşdılar ki, Qazaxıstana Nursultan Nazarbayev başçılıq etməlidir.

Mən bunu indi bu ziyafət süfrəsi arxasında məhz ona görə xatırlayıram ki, deyim: xalqlarımız bu müstəqilliyə doğru, bu azadlığa doğru çətin bir yol keçmişlər. İtkilər olub, qurbanlar verilib, qan tökülüb, öz mili hisslərini, milli ləyaqətini göstərmiş, öz xalqlarının milli prinsiplərini qorumuş olan adamlara qarşı çox cəza tədbirləri görülmüşdür.

1990-cı ilin yanvarında Azərbaycanda faciə baş verdi. O vaxt camaat toplaşaraq kommunist rejiminin - həm Sovet İttifaqının, həm də Azərbaycanın kommunist rejiminin ədalətsiz qərarlarına qarşı etiraz edirdi. Onlar başqa heç nə istəmirdilər. Bunun cavabında elə həmin rejim, elə həmin rəhbərlik sovet qoşunlarının iri bir kontingentini Bakıya yeridib adamları tankların, zirehli transportyorların altına atıb məhv etmək qərarı çıxardılar və Bakı şəhərinin bütün küçələrində qan töküldü, Bakı şəhərinin mərkəzində Şəhidlər xiyabanı salındı. Bu xiyaban indi bizim üçün də, Azərbaycana gələnlər üçün də müqəddəs bir yerə çevrilmişdir.

Xalqlarımız bütün bu çətinliklərdən, məşəqqətlərdən keçərək müstəqilliyə gəlib çıxdılar. Ona görə də müstəqilliyin əldə olunması həm qazax xalqı üçün, həm də Azərbaycan xalqı üçün ən böyük tarixi sərvətdir, nailiyyətdir. Şəxsən mənə, Qazaxıstanı çoxdan tanıyan adama - mən burada keçmiş vaxtlarda da olmuşam, 70-ci ildə və sonrakı illərdə də olmuşam və Qazaxıstandakı prosesləri çox maraqla izləmişəm.

Qazaxıstandakı müstəqil dövlət olmuşdur və eyni zamanda, Nursultan Nazarbayev kimi belə ləyaqətli rəhbəri, lideri, prezidenti var. Bizim respublikalarımızda, ölkələrimizdə problemlər çoxdur. Ancaq onlar həll edilir. Şəxsən mən əminəm ki, onlar həll ediləcək və xalqlarımız, respublikalarımız indi göstərilən səylərin bəhrəsini görəcək və müstəqil həyatın yaxşı, xoşbəxt yoluna çıxacaqlar.

Azərbaycanın da problemləri çoxdur və onlardan ən başlıcası Ermənistanın təcavüzüdür. Bu təcavüz nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş, işğal edilmiş bu rayonlardan qovulmuş bir milyon adam qaçqın vəziyyətindədir. Şübhəsiz ki, qarşıya çox ağır problemlər çıxır. Ancaq üç ildir ki, atəş yoxdur. Biz atəşkəsə nail olmuşuq. Ermənistan-Azərbaycan münaqişəsini, Qarabağ münaqişəsini sülh yolu ilə aradan qaldırmağa çalışırıq və buna nail olacağıq. Biz bu məsələdə də dost qazax xalqının, o cümlədən şəxsən Nursultan Nazarbayevin dəstəyini həmişə hiss etmişik və hiss edirik. Nursultan Nazarbayev hələ 1991-ci ildə bu məsələnin sülh yolu ilə həllinə nail olmaq üçün fəal təşəbbüs göstərmişdir. O, indi də bu məsələnin beynəlxalq təşkilatlarda müzakirə olunduğu bütün hallarda həmişə özünün fəal mövqeyini bildirir, hesab edir ki, MDB məkanında münaqişələr ola bilməz və bu münaqişə sülh yolu ilə həll edilməlidir.

Mən bu fəal, ədalətli mövqeyinə görə, dostluq dəstəyinə görə Qazaxıstan xalqına minnətdaram, Qazaxıstan prezidentinə minnətdaram. Mən inanıram ki, məhz ədalət zəfər çalacaq, biz bu məsələni nizama sala biləcəyik, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır.

Nursultan Abişoviçin burada dediyi kimi, mən də hesab edirəm ki, bütün ölkələr, bütün dövlətlər hər bir dövlətin ərazi bütövlüyünün toxunulmazlığı haqqında, separatizmin dözülməzliyi, təkcə ölkələrin dinc həyatı üçün deyil, həm də bütün dünya birliyi üçün son dərəcə təhlükəli hal kimi separatizmin yolverilməzliyi haqqında Birləşmiş Millətlər Təşkilatının prinsiplərini, Helsinki Aktının prinsiplərini, ATƏT-in prinsiplərini rəhbər tutmalıdırlar. Hesab edirəm ki, bizim bu düzgün, ədalətli mövqelərimiz təkcə bizim iki ölkə üçün, - Qazaxıstan üçün, Azərbaycan üçün, - deyil, həm də bütün dünya üçün, dünyada əmin-amanlıq üçün əhəmiyyətlidir.

Hörmətli dostlar, əziz Nursultan Abişoviç, dəvətinizə, qonaqpərvərliyinizə görə Sizə bir daha təşəkkürümü bildirmək və Sizi əmin etmək istəyirəm ki, Azərbaycan imzalanmış sazişlərə, sənədlərə həmişə sadiq qalacaqdır. Azərbaycan Qazaxıstanla dostluğa və əməkdaşlığa həmişə sadiq qalacaq və biz ikitərəfli münasibətlər üzrə öhdəliklərimizin tam şəkildə yerinə yetirilməsini təmin etmək üçün hər şeyi edəcəyik.

Qazaxıstanın, müstəqil, suveren Qazaxıstanın, qazax xalqının şərəfinə, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin şərəfinə. Sizin şərəfinizə badə qaldırıram.

Sağ olun.