Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran İslam Respublikasının Azərbaycandakı səfiri Əlirza Bikdelini qəbul edərkən söhbətindən - Prezident sarayı, 11 dekabr 1999-cu il


Əlirza Bikdeli: Cənab prezident, minnətdaram. Allaha şükür, hələ yaşayırıq. Sizi mübarək ramazan ayının ilk günlərində təbrik edirəm. Sizin timsalınızda bütün azərbaycanlı bacı və qardaşlarımızı təbrik edirəm. Təşəkkür edirəm ki, işinizin çox olduğuna baxmayaraq vaxt tapıb məni qəbul etdiniz. Hesab edirəm ki, Sizinlə bu görüşdə çox əhəmiyyətli məsələlər barədə danışa bilərik.

Heydər Əliyev: Çox gözəl. Mən də görüşümüzdən çox məmnunam. Doğrusu, mən bir müddət bundan öncə sizinlə görüşmək istəyirdim. Ancaq bəzi hadisələr və bəzi məsələlər buna imkan vermədi. Ona görə də bugünkü görüşümdən çox məmnunam.

Sizi də Ramazan ayının başlanması münasibətilə təbrik edirəm və arzu edirəm ki, bu il ramazan bizim müsəlmanlarımız üçün xeyir gətirsin, bərəkət gətirsin, sağlamlıq gətirsin. Təbiidir, indi biz bir çox məsələlər haqqında danışa bilərik, söhbət edə bilərik. Ancaq bizim son görüşlərimizdə də demişdim və bu gün də qeyd edirəm ki, İran-Azərbaycan əlaqələrinin inkişaf etməsi üçün bundan sonra da çox işlər görmək lazımdır. Mənim fikrim bundan ibarətdir ki, bu əlaqələr sağlamdır, bu əlaqələr yaxşıdır və bu əlaqələr gündən-günə inkişaf etməlidir. Həm siyasi cəhətdən, həm iqtisadi cəhətdən, həm elm, mədəniyyət sahəsində imkanlar böyükdür. İndiyə qədər etdiklərimiz, şübhəsiz ki, bizim ölkələrimizi xeyli yaxınlaşdırıbdır. Ancaq hələ görüləsi işlər də çoxdur. Çünki İranla Azərbaycan bir-birinə o qədər yaxın ölkələrdir ki, burada bəlkə də daha çox iş görmək lazımdır ki, həm İranın, həm Azərbaycanın bütün imkanları ölkələrimiz arasında olan dostluq, qardaşlıq əlaqələrini daha da yüksəklərə qaldırsın.

Əlirza Bikdeli: Təşəkkür edirəm. Həmişə olduğu kimi, Sizin sözləriniz İran-Azərbaycan əlaqələrinin genişlənməsi üçün təməl yaradır. Biz həmişə Sizin himayənizdən istifadə etmişik. Ümid edirəm ki, ağayi Xatami də eyni səviyyədə Sizinlə müvafiqdir və İranla Azərbaycan əlaqələri haqqında həmişə tapşırıq verib, maraq göstəribdir. Əgər icazə versəniz, mən ağayi Xatəminin iki məktubunu Sizə təqdim edim. Bu məktubun biri cənabınızın yaxın gələcəkdə İrana səfərinizlə əlaqədar dəvətnamədir. İcazə verin, bunu Sizə təqdim edim.

Heydər Əliyev: Təşəkkür edirəm. İran İslam Cümhuriyyətinin prezidenti hörmətli cənab Xatəmiyə mənə göndərdiyi dəvət məktubuna görə təşəkkür edirəm. Mən bu dəvəti məmnuniyyətlə qəbul edirəm ki, bu barədə biz müəyyən qədər gecikmişik. Yəni mənim İrana rəsmi səfər etməyim, eyni zamanda cənab Xatəminin Azərbaycana rəsmi səfər etməsi barədə biz Tehranda İslam Konfransı Təşkilatının zirvə toplantısında görüşərkən danışdıq. Mən cənab Xatəmini dəvət etdim. O da məni dəvət etdi. Amma sonra siz mənə belə məlumat verdiniz ki, arzunuz ondan ibarətdir ki, əvvəlcə mən dəvəti həyata keçirim, səfər edim, sonra isə cənab Xatəmi. Mən də bununla razı oldum. Bu gün də razıyam. Mən bu dəvəti məmnuniyyətlə qəbul edirəm və indi bunun vaxtını müəyyən etmək lazımdır. Həm İran üçün, həm də Azərbaycan üçün münasib vaxtı müəyyən etmək lazımdır. Vaxtı müəyyən edəndən sonra hazırlıq işləri aparıb mənim səfərimi təşkil etmək lazımdır.

Hesab edirəm, görüşməyə, danışmağa çox böyük ehtiyac vardır. Çünki ötən illərdən indiyə qədər bizim şəxsi görüşlərimiz az olubdur. Ancaq ehtiyac çoxdur. Həm şəxsən bir-birimizə daha da yaxın olmaq üçün, həm İran-Azərbaycan problemləri haqqında fikir mübadiləsi aparmaq, lazım olan sənədləri imzalamaq, həm də ki, bizim region haqqında fikir mübadiləsi aparmaq, regiondakı vəziyyət və İranın Azərbaycanın vəziyyətinə münasibəti, beynəlxalq aləmdə gedən proseslər haqqında geniş fikir mübadiləsi aparmaq olar. Bu, mənim üçün çox əhəmiyyətli olacaqdır. Bu səfərin məqsədi İran və şəxsən İranın prezidenti cənab Xatəminin mövqeyini, fikirlərini, görüşlərini bilməkdən ibarətdir. Ona görə mən bu dəvəti məmnuniyyətlə qəbul edirəm. Hesab edirəm ki, bu görüşə ehtiyac vardır. İndi sizdən asılıdır, bizim Xarici İşlər Nazirliyindən asılıdır ki, hər iki tərəf üçün münasib bir vaxt təyin edəsiniz ki, mən bu dəvəti həyata keçirim.

Əlirza Bikdeli: Cənab prezident, təşəkkür edirəm. Mən çox sevinirəm ki, artıq Siz səfər üçün öz hazırlığınızı elan edirsiniz. Ağayi Xatami də cənab Yaşar Əliyevlə görüşəndə bildirmişdi ki, prezident Heydər Əliyevin İrana səfərini təşkil etmək üçün böyük işlər görmüşük, - yəni İran tərəfi.

Sizin xəbəriniz var ki, İrandan bir çox nümayəndə heyətləri, o cümlədən İranın kənd təsərrüfatı naziri ağayi İsa Kələntəri, şəhərsalma naziri ağayi Əli Əbdüləlizadə, gömrük naziri ağayi Kərbasian Bakıda olmuşlar, Azərbaycana təşrif gətirmişlər.

Tehranda müştərək komissiyamızın iclası Sizin səfərinizin təşkilinə həsr olunmuşdu. Biz bu sahədə çox işləmişik. Artıq çox şeylər hazırdır. Biz çalışmışıq ki, ümumiyyətlə, xırda məsələləri özümüz həll edək. Yəni "özümüz" deyəndə başqa məsul şəxslər. Əhəmiyyətli məsələləri, necə ki, Siz qeyd etdiniz, cənab prezident Heydər Əliyev və cənab prezident Xatəmi həll etsinlər.

İran və Azərbaycan iki qonşu ölkədirlər. Allah-Taala onların talelərini bir-biri ilə bağlayıb və bu birgə taleyi həll etmək, onu xoşbəxt nəslə aparmaq üçün yəqin ki, prezidentlərin tez-tez görüşmələri lazımdır və buna ehtiyac vardır.

Həmçinin, necə ki, Siz buyurdunuz, İran və Azərbaycan bir regionda yaşayırlar. Bir regionda yaşayan ölkələrin əmin-amanlığı, təhlükəsizliyi, sabitliyi və inkişafı yalnız birgə işləməklə, birgə səylə əldə oluna bilər. Biz ümid edirik ki, inşallah, Sizin səfərinizin nəticəsində elə həmin hədəflərə nail ola bilərik.

Siz İranla Azərbaycanın əlaqələri haqqında həmişə çox böyük fikirlə, xeyirli, bərəkətli əqidə ilə çıxış etmisiniz. Mən Sizin Naxçıvandakı isti çıxışınızı unuda bilmirəm. O vaxt həzrəti Zəhra əleyhissəlamın məscidinin açılışında Siz İran haqqında danışdınız. Həqiqətən çox dəyərli sözləriniz bizim xatirəmizə həkk olunub və biz fikirləşirik ki, yaxın gələcəkdə Sizin səfəriniz, görüşünüz nəticəsində iki xalq arasındakı əlaqələr indiki səviyyədən daha da yüksəlsin, genişlənsin, yaxşı olsun. Bu da xalqlarımızı şad edəcəkdir. Hesab edirəm, bu səfər zamanın ehtiyacıdır və ağayi prezident Xatəmi Sizin səfərinizdən sonra çox tez bir zamanda Azərbaycana gəlmək niyyətindədir.

Ümumiyyətlə, Azərbaycana gəlmək hər bir İran vətəndaşının, xüsusilə prezident ağayi Xatəminin arzusudur. Mən bir daha Sizə təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Həqiqətən, Sizin hidayətinizin, köməyinizin nəticəsində - baxmayaraq ki, bu əlaqələrin çox müxalifləri və istəməyən qüvvələri də vardır - bu əlaqələr inkişaf edir. Biz şadıq. Allah-Taaladan Sizə cansağlığı, uzun ömür arzulayırıq ki, inşallah, bu əlaqələrin iki xalqa layiqli və xeyirli olmasının şahidi olaq. İnanıram ki, bu, çox yaxın gələcəkdə Sizin və ağayi Xatəminin səyləri nəticəsində hasil ola bilər.

Heydər Əliyev: İnşallah. Mən də belə fikirdəyəm.

"Azərbaycan" qəzeti, 12 dekabr 1999-cu il.

Tarixi arayış

Azərbaycan - Asiya