Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılmasının 5-ci ildönümü münasibətilə keçirilən təntənəli yığıncaqda nitqi - Respublika sarayı, 29 noyabr 1997-ci il


Əziz dostlar, bacılar və qardaşlar!

Xanımlar və cənablar!

Mən sizi Yeni Azərbaycan Partiyasının yaranmasının 5-ci ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Sizə - Yeni Azərbaycan Partiyasının bütün üzvlərinə cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.

Bu gün, beş il keçəndən sonra tam əsasla demək olar ki, Yeni Azərbaycan Partiyasının Azərbaycanda yaranması tarixi hadisədir. Yeni Azərbaycan Partiyasının yaranmasının nə qədər zəruri və ölkəmiz üçün nə qədər əhəmiyyətli olduğu ötən beş il müddətində tam sübut edilibdir. Yeni Azərbaycan Partiyası beş il müddətində öz proqramına, öz prinsiplərinə, öz amallarına sadiq olduğunu sübut edibdir və Azərbaycan Respublikasının həyatında görkəmli yer tutaraq ölkəmizin həyatının bütün sahələrinə öz təsirini göstəribdir. Mən çox məmnunam ki, beş il bundan əvvəl, çətin və ağır bir şəraitdə Yeni Azərbaycan Partiyası yarandı və o, Azərbaycan xalqı qarşısında öz xidmətlərini göstərə bildi. Bu gün biz burada beş illik dövrə nəzər salırıq. Ancaq beş il içərisində bizim partiyamızın tarixinin ən mühüm və ən əhəmiyyətli hissəsi onun yaranma dövrü olmuşdur. İlk təsis konfransı 1992-ci il noyabrın 21-də olmuşdursa, ancaq bu konfransına qədər böyük hazırlıq işi aparılmışdır. Bu hazırlıq işi də belə bir partiyanın yaranmasına ehtiyacı olan bir çox insanların, Azərbaycan cəmiyyətinin demək olar ki, bütün təbəqələrinin nümayəndələrinin arzu və istəklərinin həyata keçirilməsi prosesinə çevrilmişdir.

Yeni Azərbaycan Partiyası yaranarkən onun tərəfdarları cox idi. Ancaq onun yaranmasına maneçilik göstərənlər də az deyildi. Xüsusən o zaman, Azərbaycanda çoxpartiyalılıq prinsipinin elan olunmasına baxmayaraq, Yeni Azərbaycan Partiyasının yaranması hakimiyyət dairələri tərəfindən heç də müsbət qəbul edilməmişdir. Buna görə də bu hazırlıq və partiyanın yaranma prosesi bir çox təzyiqlər, hətta təqiblər altında olmuşdur. Ancaq bunlara baxmayaraq, bu partiyanı yaratmaq istəyənlər öz istəklərinə, məqsədlərinə sadiq olmuşlar və bu partiyanı yaratmışlar. Partiya yaranarkən məni bu partiyaya sədr seçdilər. Ancaq mən bu gün bildirmək istəyirəm, - bunu əvvəllərdə də demişəm, - mən bu partiyanın yaranmasının təşəbbüskarı olmamışam. Siz də, partiyanın bütün üzvləri də, Azərbaycanın ictimaiyyəti də həqiqəti bilməlidir. Mən bu partiyanın yaranmasının təşəbbüskarı olmamışam. Partiyanın yaranmasının təşəbbüskarı o vaxt Azərbaycanda ölkəmizi ağır vəzıyyətdən çıxarmağa çalışan insanlar olmuşlar. Onlar 1992-ci ilə qədər Azərbaycanda gedən ağır prosesləri, ölkəmizin ağır, hətta çıxılmaz vəziyyətdə olduğunu görərək, vətəninə, xalqına hədsiz məhəbbət hissləri ilə yaşayaraq, bu vəziyyətdən çıxmaq üçün nicat yolu axtararaq belə bir partıyanın yaranması fikrinə gəlmişlər. Bir cəhət də çox maraqlıdır və əhəmiyyətlidir ki, bir adam, bir qrup adam yox, Azərbaycanın demək olar ki, bir çox bölgələrində - Bakıda, başqa böyük şəhərlərdə, rayonlarda, yaşayış məntəqələrində ayrı-ayrı adamlar bir-birindən asılı olmayaraq və bir-biri ilə əlaqəsi olmadan belə bir fikrə gəlmişlər və belə bir partiyanın gəlmişlər yaranmasının zəruri olduğunu irəli sürmüşlər. Bu fıkirlər get-gedə bir-birinə yaxınlaşıb, qovuşub, birləşib nəhayət, böyük bir dəstənin, belə bir partiyanın yaranması barədə qərar qəbul edilməsinə gətirib çıxarmışdır.

Yenə də deyirəm, bizim tariximizin bu hissəsi çox maraqlıdır və çox da vacibdir. Çünki Sovetlər İttifaqı dağılandan sonra, Sovetlər İttifaqında vahid hakim partiya - Kommunist Partiyası süqut edəndən sonra, keçmiş Sovetlər İttifaqının ərazisində, o cümlədən Azərbaycanda dünya demokratiyasının təcrübəsindən istifadə etmək arzuları, meylləri artdığı bir zaman Azərbaycanda, bir çox başqa respublikalarda da ayrı-ayrı partiyaların, hərəkatların yaranması prosesi başlanmışdır. Bu proses cürbəcür olmuşdur. Bu, bəzən xalqın bir məsələ üzrə hərəkətə gəlməsi, bəzən də, xüsusən partiyaların yaranması, ayrı-ayrı adamların, yaxud bir neçə adamın partiya yaratmaq və partiyadan istifadə etmək məqsədi ilə təşəbbüs göstərməsi nəticəsində olmuşdur. Deyə bilərəm ki, Azərbaycanda partiyaların tam əksəriyyəti məhz belə yaranmışdır. Yəni ayrı-ayrı şəxslər qruplaşaraq siyasi fəaliyyət göstərmək üçün, - bəziləri deyirlər ki. hakimiyyət əldə etmək üçün, - partiyalar yaratmağa başlamışlar. Düzdür, Azərbaycanda onların çoxu elə yaranan zamandan indiyədək çox kiçik bir partiya, yaxud qrupdurlar. Ancaq yaranma prosesi belə olmuşdur. Bunlardan fərqli olaraq, Yeni Azərbaycan Partiyasının yaranması, yenə də deyirəm, xalqın çox hissəsinin respulikamızı o vaxt düşdüyü vəziyyətdən çıxarmaq üçün və zaman artıq mövcud olan partiyalara və təşkilatlara inamları olmadığına görə, yeni bir partiyanın yaranması ilə əlaqə ayrı-ayrılıqda fikirlərinin, arzularının cəmləşməsi və nəhayət formalaşması nəticəsində olmuşdur. Bu da məlumdur ki, həmin fıkrə düşən adamlar, qruplar, insanlar bu partiyanı tutmaq üçün kimisə özlərinə lider seçmək istəmişlər və onlar Heydər Əliyevə müraciət etmişlər. Məlumdur ki, bu müraciətlər olan zaman mən bu müraciətləri təbii hesab etdim. Ancaq o zaman Azərbaycanda böyük siyasətlə məşğul olmaq fikrim olmadığına görə bu nüraciətlərə çox hörmətlə, ehtiramla yanaşaraq, mənə müraciət edənlərin hamısına bildiyim qədər lazımi məsləhətlər verərək və onların fikirlərinin əsaslı olduğunu təsdiq edərək, eyni zamanda bu partiyanın işinə qarışmamaq haqqında öz fikirlərimi bildirmişəm.

Bu məlumdur. 91-lərin mənə müraciətindən əvvəl - ondan bir xeyli vaxt əvvəl - Sirus Təbrizli böyük bir məqalə dərc etdirmişdi ki, biz Heydər Əliyevi Azərbaycana, Bakıya özümüz dəvət etməliyik. Mən o məqaləni də oxudum, onu çox hörmətlə qarşıladım, qəbul etdim. Ancaq o məqalə də mənim fikrimi dəyişmədi. Nəhayət, Azərbaycanda vəziyyətin get-gedə ağırlaşdığını, çətinləşdiyini görərkən və bu partiyanın yaranması ilə əlaqədar mənə müraciət edən ziyalıların, respublikanın tanınmış adamlarının - ölkəmiz, xalqımız, torpağımız üçün ürəyi həqiqətən yanan adamların iztirabını duyarkən, onların xalqımız, ölkəmiz üçün bir iş görmək arzusunu hiss edərkən mən tədricən belə bir partiyanın yaranmasına kömək etməyə razılığımı verdim. Sonra mənə 91-lərin müraciəti gəldi və mənim müraciətə mənim cavabım oldu. Bunlar hamısı o vaxt bizi yeganə müdafiə edən "Səs" qəzetində dərc olundu. Ondan sonra, noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaranması üçün təsis konfransı keçirildi. Ancaq o vaxt - biz indi o tarixi mütləq açmalıyıq – bunun qarşisını hər vəchlə almağa çalışırdılar. Təsadüfi deyil ki, 1992-

ci il oktyabrın 16-da 91-lərin mənə müraciəti "Səs" qəzetində dərc olunandan sonra, oktyabrın 24-də Naxçıvanda Xalq Cəbhəsinin 300 nəfərdən artıq adamdan ibarət silahlı dəstəsi muxtar respublikada dövlət çevrilişinə cəhd göstərdi. Yenə də deyirəm, bu hadisələrin bir-birinə çox yaxın olması təsadüfi deyil, oktyabrın 16-da 91-lərin müraciəti dərc olundu, oktyabrın 24-də isə dövlət çevrilişinə cəhd edildi. Bu tarix sizə məlumdur. Nə qədər qəribə olsa da bu dövrün həqiqəti idi ki, Xalq Cəbhəsi o vaxt hakimiyyətdə yəni iqtidarda idi. Dövlət Xalq Cəbhəsi və Müsavat tandeminin əlində idi. Demək, dövlətin ordusu da, hüquq-mühafızə orqanları da, silahlı qüvvələri də Xalq Cəbhəsinin ixtiyarında, onun tabeliyində idi. Amma bununla yanaşı, hər yerdə, o cümlədən Naxçıvanda da Xalq Cəbhəsinin silahlı dəstələri var idi. Həmin silahlı dəstələr

dövlətin silahlı qüvvələrindən sayca çox, silahına görə daha güclü idi. Təsadüfi deyil ki, Xalq Cədhəsinin qeyri-qanuni saxlanılan 300 nəfərdən ibarət silahlı dəstələri Naxçıvanda Daxili İşlər Nazirliyini - muxtar respublikanın ictimai asayişini qorumaq vəzifəsini daşıyan Daxili İşlər Nazirliyini, dövlətin daxili işlər, silahlı orqanını - zəbt etdilər, işğal etdilər. Onlar binanı tutdular və rütbəsi leytenantdan polkovnikə qədər olan polis əməkdaşlarının hamısını işdən kənarlaşdırdılar, Naxçıvanda gərgin bir vəziyyət yaratdılar. Daha sonra onlar Naxçıvanın televiziya və radio mərkəzini zəbt etdilər və hətta muxtar respublika əhalisinə televiziya vasitəsilə müraciət etdilər. Bu, oktyabrın 24-də oldu. Oktyabrın 16-da qəzetdə müraciət dərc olunmuşdu. Sirus Təbrizli məhz buna görə, həmin müraciətlə əlaqəda Naxçıvana yanıma gəlmişdi, orada mənimlə yenə danışıqlar aparırdı. O vaxt da bu hadisə baş verdi. Onda Sirus Təbrizli orada idi, bizimlə bərabər bu çevrilişin qarşısını almağa çalışırdı və keçirilən mitinqlərdə çıxışlar etmişdi. Ondan sonra onu hədələmişdilər ki, o, Bakıya qayıda bilməz. Sirus Təbrizli 38 gun Naxçıvanda yaşamalı oldu. Çünki hədələmişdilər ki, Bakıya gəlsə onu həbs edəcəklər. Təsadüfi deyil ki, məhz o zaman, o hadisədən bir müddət daxili işlər naziri vəzifəsində olan İsgəndər Həmidov həmin o günlər, yəni biz Naxçıvanda çevriliş cəhdinin qarşısını alandan sonra Azərbaycan Daxili İşlər Nazirliyinin daxili qoşunlar hissəsini silahla, sursatla, topla, tüfənglə, pulemyotlarla, qumbaralarla təmin edərək, onların Bakı hava limanından muxtar respublikaya uçub Naxçıvanı dağıdacağını elan etmişdi. Bu faciəli günü bakılılar da bilirlər. Yəqin ki, burada oturanların çoxu da onun şahidi olmuşdur. Amma naxçıvanlıların o gün nə qədər ağır bir gün keçirdikləri də məlumdur. Biz İsgəndər Həmidovun böyük bir qüvvə ilə Naxçıvana uçmasının qarşısını çox çətinliklə aldıq. Yəni çətinlik nədən ibarət idi? Biz, sadəcə, bəyan etdik ki, Naxçıvana enən hər bir təyyarə partladılacaqdır. Başqa bir əlacımız yox idi. Bax, görürsünüz, bu hadisələr təsadüfi deyildi. Ancaq bunlara baxmayaraq oktyabrın 24-də baş verən hadisələr, İsgəndər Həmidovun dəstəsinin bundan sonra Naxçıvana hücumu və belə bir çətin şərait - bunların heç biri Yeni Azərbaycan Partiyasını yaratmaq istəyənləri qorxutmadı. O vaxt bu partiyanı yaratmaq istəyənlər Azərbaycanın bir məntəqələrindən - Bakıdan, başqa şəhərlərdən axışıb Naxçıvana gəldilər və orada təsis konfransı keçirdilər.

Mən tarixin bu hissəsini ona görə xatırladıram ki, bu partiyanın yaranmasının necə olduğunu hamı - ictimaiyyət də, gələcək də bilsin. Bunu sizin çoxunuz bilir. Yəni biz bu partiyanı yaradıb hakimiyyət əldə etmək istəməmişik, yox. Mən bunu sizə tam qətiyyətlə deyirəm. Biz sadəcə, bu partiyanı yaradıb, - o vaxt mövcud olan partiyalara daxil olmaq istəməyən adamları bu partiyanın ətrafında toplamaq məqsədi daşımışıq. Başqa məqsəd olmayıbdır, şəxsən mənim başqa məqsədim olmayıbdır. Bunu bilmək lazımdır. Şübhəsiz, sonrakı hadisələr onu göstərdi ki, o vaxt Azərbaycandakı vəziyyət doğrudan da, belə bir patiyanın yaradılmasını bəlkə də biz anladığımızdan da çox tələb edirdi. 1993- cü ilin iyun ayında respublikada baş vermiş hadisələr Azərbaycanda hakimiyyət böhranı, vətəndaş müharibəsinin başlanması onu göstərdi ki, Azərbaycanın o vaxtkı iqtidarı və o vaxt mövcud olan çoxsaylı partiyaların heç biri xalqı milləti bu vəziyyətdən çıxarmağa qadir deyildir. Tarix artıq bunu sübut edibdir. Əgər o çoxsaylı partiyalar, - o vaxtlar çoxları, hərə özü üçün bir partiya yaratmışdı, həmin partiyaların bir çoxu Yeni Azərbaycan Partiyasından xeyli əvvəl yaranmışdı, - buna qadir idilərsə, onlar Azərbaycanı o vəziyyətdən çıxaraydılar. Yaxud, iqtidarda olan Xalq Cəbhəsi, Müsavat Partiyası əgər buna qadir idisə - iqtidarda idi, hökuməti əlində saxlayaydı, dövləti müdafıə edəydi, dövlətin hüquqlarını saxlayaydı. Bunları nə iqtidarda olan partiyalar, nə də o vaxt iqtidara müxalifətdə olan partiyalar edə bildilər.

Demək, bu onu göstərir ki, bu partiyanı yaratmaq istəyən adamlar - mən özüm haqqında demirəm, onun təşəbbüskarları haqqında deyirəm - uzaqgörən imişlər, həqiqətən Azərbaycanın gələcəyi haqqında düşünürmüşlər. Bir məsələni də qeyd etmək istəyirəm. Yeni Azərbaycan Partiyası o vaxtkı iqtidara müxalif partiya kimi yaranmamışdı. Bu həqiqət məlumdur. Partiyanın nə proqramında nə qarşıya qoyduğu məqsədlərdə hakimiyyətə, o vaxtdakı iqtidara müxalifət fikirləri olmamışdır. Bu partiyanı yaradan adamlar müxalifət olmaq yox, sadəcə, Azərbaycandakı çoxpartiyalılıq şəraitində respublikamızın ictimai-siyasi həyatında partiya tərkibində iştirak etmək istəyirdilər. Onu da bildirmək istəyirəm ki, mən Naxçıvanda işləyərkən, muxtar respublika Ali Məclisinin sədri olarkən mən və Naxçıvan Muxtar Respublikasının Ali Məclisi kommunist hakimiyyətinə müxalifətdə idik. Biz bunu açıq elan etmişdik. Təsadüfü deyildir ki, 1991-ci ilin mart ayında Sovetlər Ittifaqınının saxlanması ilə əlaqədar keçirilən referendumda Naxçıvan Muxtar Respublikası iştirak etmədi. Sizə məlumdur ki, mən Azərbaycan Respublikası Ali Sovetinin sesiyasında Azərbaycanın referenduma getməsinin əleyhinə çıxıs etdim və bunu əsaslandırdım. Naxçıvan Muxtar Respublikası bu referendumda iştirak etmədi. Demək, biz Naxçıvanın o vaxtkı kommunist hakimiyyətinə müxalifətdə idik. Baxmayaraq ki, o vaxt mən heç bir partiyanı təmsil etmirdim. Mən müstəqil bir deputat idim, amma Naxçıvan Muxtar Respublikasına rəhbərlik edirdim. Ondan sonra Ayaz Mütəllibov Azərbaycanda prezident seçilərkən biz ona da müxalifətdə olduq. Deməliyəm ki, biz bu müxalifətdə Xalq Cəbhəsi ilə bir yerdə idik. Biz Naxçıvanda Xalq Cəbhəsi ilə birlikdə Ayaz Mütəllibovun prezident seçilməsi ilə əlaqədar seçkilərin keçirilməsini qadağan etdik. Bəli, mən o vaxt heç bir partiyaya mənsub olmayaraq müxalifətdə idim. Ancaq Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra mən Xalq Cəbhəsinə müxalifətdə olmamışam. Əksinə, Xalq Cəbhəsinə kömək etmişəm, ona dəstək vermişəm.  Naxçıvanda Xalq Cəbhəsi üzvlərinin əksəriyyətini rəhbər vəzifələrə ilk dəfə bütün Azərbaycan miqyasında şəxsən mən təyin etmişəm. Xalq Cəbhəsi hakimiyyətə gələn zaman keçirilən seçkilərdə də nə Naxçıvan Muxtar Respublikası, nə də şəxsən mən rnüxalifətdə olmamışıq. Biz onlara səs vermişik. Ancaq nə etməli ki, onlar bunu qiymətləndirə, anlaya bilmədilər. Bir tərəfdən ola bilərdi ki, onlar bunu qiymətləndirməsinlər, anlamasınlar, - bu, şəxsi xarakter daşıyır. Amma onlar sadəcə olaraq Azərbaycanı idarə etmək iqtidarında olmadılar, buna qadir olmadılar. Beləliklə də onlar 1993-cü ildə hakimiyyəti tərk etdilər, hakimiyyət əllərində saxlaya bilmədilər.

Beləliklə, yenə də deyirəm, Yeni Azərbaycan Partiyası yaranarkən kiminləsə mübarizə aparmaq, Azərbaycanda onsuz da gərgin olan ictimai-siyasi vəziyyəti gərginləşdirmək fikrində olmamışdır. Əksinə, o vaxtlar şəxsən mən bu partiyanın sədri seçilərək - partiyanın proqramı da, bütün sənədləri də göz qabağındadır - Azərbaycanın bütün qüvvələrinin birləşməsinə və ölkəmizin bu ağır vəziyyətdən çıxarılmasına biz hamımız birlikdə çalışırdıq. Şəxsən mən o vaxt heç bir hakimiyyət iddiasında deyildim. Yeni Azərbaycan Partiyasının yaranması ilə əlaqədar bunlar bir neçə tarixi məqamlardır ki, mən bu gün bunları sizə çatdırmağı vacib bildim. Partiya yaranarkən bu, əhali tərəfindən çox rəğbətlə qarşılandığı halda, təəssüf ki, bəzi partiyalar, o cümlədən o vaxtkı iqtidar tərəfindən mənfı qarşılandı. Bəziləri hesab edirdilər ki, bu, zəif bir partiya olacaq, güclü partiya olmayacaqdır, cəmiyyətdə öz yerini tuta bilməyəcəkdir. Görünür, onlar çox dar düşüncəli insanlar idi. Mən o vaxt da belə düşünürdüm. Amma ötüb keçən zaman hər kəsə hər şeyi sübut etdi. Beş il içərisində Yeni Azərbaycan Partiyası təşkilatlandı, genişləndi, böyüdü, möhkəmləndi və indi ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edərək Azərbaycanın ən nüfuzlu, ən böyük və ən dəyərli partiyasıdır. Bu gün partiyanın 5-ci ildönümünü qeyd edərkən mən partiyanın yaranmasına təşəbbüs göstərmiş və o dövrün terrorlarına, cürbəcür zorakılıqlarına, qanunsuzluqlarına baxmayaraq, həyatını təhlükə altına alaraq bu partıyanın yaranması üçün çalışmış insanların hamısını böyük hörmət ehtiram hissi ilə xatırlayıram və hamıya öz təşəkkürümü bildirirəm.

Partiyanın yaranma prosesini sona çatdıran 91-lərin mənə ünvanlanmış məktubudur. Mən bu 91 şəxsi çox yüksək qiymətləndirirəm, onların hamısına öz hörmət və ehtiramımı, xüsusi minnətdarlığımı və təşəkkürümü bildirirəm. 91-lərdən həyatını dəyişənlər var - Ziya Bünyadov, Xəlil Rza Ulutürk, Xəlil Xəlilov. Onların gördükləri işlər, xidmətlər bizim partiyanın və hər bir şəxsin, o cümlədən mənim qəlbimdə əbədi yaşayacaqdır. Allah onlara rəhmət eləsin. Mən bilirəm ki, onlar bəlkə də o vaxt bunu mənə deməmişdilər, amma bunu mən sonralar bildim. Bu 91-lər həqiqətən çox cəsarətli adamlar olmuşlar. Çünki bu məktubu hazırlayıb, bu məktubla həmrəy olmaq istəyən adamlarla danışıq aparanlar bəziləri ilə danışmışlar, görüşmüşlər, ancaq onlar həmin məktuba imza atmaqdan imtina etmişlər. Mən bunları da bilirəm. Doğrudur, hamısını adbaad bilmirəm. Çünki bu işi aparan o qədər yüksək mənəviyyata mənsub şəxslərdir ki, onlar sadəcə, indi bunu demək istəmirlər, amma ordan-burdan eşidirəm ki, filankəsə müraciət ediblər - o, imza atmayıbdır. Deyib ki, məni bu işə qatmayın. Biri də deyibdir ki, get, özünü işə salma, başını əngələ salma. Hətta biri də deyib ki, əşi, daha Heydər Əliyev keçmişdir, bunun gələcəyi yoxdur. Belə hallar olubdur. Bu da məlumdur ki, belə hallar az olmayıbdır. Bilirsiniz, - mən bunu dəfələrlə demişəm, - mən bu insanların heç birisini o qədər qınamıram. İnsan müstəqildir, insan azaddır. İnsanı heç bir şeyə vadar etmək lazım deyil. Xüsusən məcbur etmək də lazım deyil. İnsan gərək hər bir şeyi özü istədiyi kimi etsin, öz istəyinə görə etsin və özünün mənəviyyatına uyğun etsin. Ona görə mən o adamlara da, hansılar ki, məsələn, bu 91-lərin imzaladığı o müraciəti imzalamayıblar, - onlara da mənim bu gün heç bir iradım yoxdur. Hərə özü öz tarixini təhlil etməlidir, hərə özü öz işinə qiymət verməlidir. Ancaq sadəcə, mən bilirəm ki, belə hal olubdur.

Burada 91-lərdən biri çıxış etdi və bildirdi ki, indi mənim ətrafımda olan, o vaxt mənə sadiq olmayan adamlar da va və onlardan bu salonda da var. Bu da həqiqətdir. Mən bu sözə etiraz etmirəm. Şübhəsiz, istərdim ki, mənimlə hansı sahədə olursa-olsun yaxınlıqda, yaxud da yaxın məsafədə bir yerdə işləyən adamlar və mənim etimadıma layiq görülən adamlar mənim özümə, işimə sadiq olsunlar. Mən bunu istərdim. Ancaq kimsə naxələf çıxırsa, onu özünün vicdanı cəzalandıracaqdır. Mən belə insanları onların vicdanlarına, bir də allaha tapşırıram. Burada 91-lərin təkliflərini mənə dedilər. Mən qəbul edirəm. Mən bir dəfə 91-lərlə görüşdüm, söhbət etdik. Ola bilər bu söhbətin nəticəsi olaraq mənim tapşırıq verdiyim vəzifəli şəxslər mənim tapşırıqlarımı layiqincə yerinə yetirə bilməyiblər. Ola bilər. Ancaq mən bu təklifi tamamilə əsaslı hesab edirəm. Mənim də arzum bundan ibarətdir ki, həmin 91 nəfərlə, - indi onlardan əksəriyyəti sağdır, - daha bir dəfə görüşəcəyəm. Bəlkə də bir dəfə yox. Mən onlarla görüşəcəyəm. İndi hesab edirəm ki, onların bəzilərinin o vaxt göstərdiyi sədaqət və cəsarətin müqabilində bəlkə biz, - böyük hökumət işləri ilə, dövlət işləri ilə məşğul olduğumuza görə, - onlara lazımi münasibət göstərə bilməmişik. Mən bunu etiraf edirəm. Çünki mənim iş proqramım çox gərgindir. Ona görə də mən yaxın vaxtlarda, ola bilər ki, dekabr ayında vaxt tapıb mütləq 91-lərlə görüşəcəyəm, ətraflı söhbət edəcəyik, dərdləşəcəyik və bütün dərdlərin hamısına çarə tapacağıq.

Azərbaycan indi elə bir səviyyədədir ki, Yeni Azərbaycan Partiyasının proqramında əks edilmiş, nəzərdə tutulan prinsiplərin çoxunu artıq həyata keçirib, ya da həyata keçirmək prosesindədir. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyası yaranandan onun ən üstün, müsbət cəhəti ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının amalı, məqsədləri, qəbul etdiyi proqram müstəqil Azərbaycan Respublikasında demokratik, dünyəvi dövlət qurmaq, Azərbaycanda demokratik prinsipləri bərqərar etmək Azərbaycanı dünya iqtisadiyyatına bağlamaq, Azərbaycanda iqtisadi-siyasi islahatlar həyata keçirmək və Azərbaycanı inkişaf etdirmək olubdur. Bunlar hamısı Yeni Azərbaycan Partiyasının proqramında - 1992-ci ilin noyabr ayında bizim qəbul etdiyimiz proqramda öz əksini tapıbdır. Bunlar hamısı indi Azərbaycan Respublikasının həm daxili, həm də xarici siyasətinin əsasını təşkil edir və nəhayət, bunlar hamısı 1995-ci il noyabr ayının 12- də ümumxalq referendumu əsasında qəbul etdiyimiz Konstitusiyada öz əksini tapıbdır. Yəni bunu mən bir daha xüsusi qeyd edirəm ki, Yeni Azərbaycan Partiyası yaranarkən Azərbaycanı hansısa başqa bir yol ilə aparmaq məqsədi daşımamışdır, Azərbaycanı müstəqil etmək istəmişdir, qarşısında ancaq müstəqilliyi möhkəmləndirmək, inkişaf etdirmək, Azərbaycanda demokratik, hüquqi dövlət qurmaq məqsədi qoymuşdur, demokratik prosesləri, demokratik dəyişiklikləri həyata keçirmək, islahatları həyata keçirmək məqsədini qoymuşdur. Artıq bunları Azərbaycanın dövləti həyata keçirir. Ona görə də Azərbaycanın bugünkü dövləti ilə, Azərbaycanın prezidenti ilə Yeni Azərbaycan Partiyasının proqramı eynidir.

Mən bunu demişəm, - şübhəsiz ki, mən Azərbaycanın prezidenti seçilərkən Yeni Azərbaycan Partiyasının seçkisi nəticəsində seçilməmişəm. Siz bunu bilməlisiniz. O vaxt bütün xalq - Yeni Azərbaycan Partiyasının üzvü olan da, olmayan da hamısı Heydər Əliyevin Azərbaycana, Bakıya gəlməsini tələb etdi və oktyabr ayında Heydər Əliyevin prezident seçilməsinə səs verdi. Ancaq prezidentin və Yeni Azərbaycan Partiyasının proqramı, prezidentin siyasəti eynidir. Başqa cürdə ola bilməzdi. Əgər mən Yeni Azərbaycan Partiyasının sədri kimi o proqramı qəbul etmişdimsə və o proqramı hazırlayıb təsis konfransına təqdim etmişdimsə prezident olandan sonra başqa bir proqramla hərəkət edə bilməzdim, Azərbaycanın başqa bir yol ilə getməsinə heç va yol verə bilməzdim. Ona görə də bizim o vaxtkı - Yeni Azərbaycan Partiyasını yaradarkən olan istəklərimiz arzularımız indi dövlət tərəfindən, hökumət tərəfindən ardıcıl surətdə həyata keçirilir. Bu da təbii bir haldır ki, dövlətin hökumətin siyasəti ilə Yeni Azərbaycan Partiyasının siyasəti prinsipləri tam üst-üstə düşür, tam uyğundur. Bu da təbii bir haldır ki, Yeni Azərbaycan Partiyasının proqramı tamamilə Azərbaycan Respublikası Konstitusiyasının bütün müddəalarının əsasında qurulubdur, onunla üst-üstə düşür. Ona görə də Yeni Azərbaycan Partiyasının gördüyü işlər Azərbaycanı inkişaf etdirməyə, müstəqil Azərbaycanı irəliyə aparmağa yönəldilibdir. Biz o vaxt da bu məqsədi daşıyırdıq və indi bu məqsədə çatmaq üçün tədbirlər həyata keçiririk. Çünki indi artıq biz hakimiyyətdəyik. Bizim proqramımız məlumdur. Konstitusiya qəbul olunubdur. Bunları izah etməyə ehtiyac yoxdur. Ancaq bir şeyi bilmək lazımdır, - bunu mən dəfələrlə demişəm, partiyamızın toplantısında bir daha qeyd etmək istəyirəm, - biz Azərbaycanda 1993-cü il iyun ayının 15-dən indiyə qədər yəni mən Azərbaycanın dövlət başına gəldiyim zamandan bu günə qədər Azərbaycan xalqının milli azadlıq yolunda əvvəlki illərdə olan bütün arzu və istəklərinin hamısını həyata keçiririk. Necə deyərlər, bu, bizim ən böyük nailiyyətimizdir. Ancaq bu, prosesin başlanğıcıdır. Kim hesab edirsə ki, yenicə müstəqillik əldə etmiş ölkə, müstəqil dövlət dörd il, beş il içərisində bütün məsələlərin hamısını həll edə bilər, - o, çox səhv edir. Ancaq ən əhəmiyyətli odur ki, biz qarşımıza qoyduğumuz bütün vəzifələrin hamısını ardıcıl surətdə həyata keçirik. Biz heç bir yerdə əyintiliyə yol verməmişik. Biz tutduğumuz strateji yoldan çəkinməmişik. Müstəqilliyimizi günü-gündən möhkəmləndiririk. Azərbaycanın bir müstəqil dövlət kimi dünya birliyində mövqelərini möhkəmləndiririk Azərbaycanın dövlət müstəqilliyinin pozulmasına, yaxud azalmasına, ləğv olunmasına yönəldilmiş hər bir xarici, yaxud da daxili təxribatın, hərəkətin qarşısını ala bilmişik. Bu, bizim ən böyük nailiyyətimizdir. Azərbaycanda 1993-cü il ilə indiki günü müqayisə edin. Respublikamızda daxili ictimai-siyasi vəziyyət tam sabitləşibdir. Bəlkə də 1993-94-cü illərdə bunu təsəvvür etmək mümkün deyildi ki, Azərbaycan bu gün belə sakit, rahat, əmin-amanlıq şəraitində, sabitlik şəraitində yaşayacaqdır. Bəli, bunu o vaxt təsəvvür etmək mümkün deyildi. Amma biz buna nail olmuşuq. Bu, bizim gərgin əməyimizin nəticəsidir. Bu, bizim düzgün, doğru daxili siyasətin nəticəsindədir. Bu, Azərbaycan dövlətinin qüdrətinin nəticəsindədir. Məgər 1993-cü ildən sonra Azərbaycanda daxili vəziyyəti pozmaq, hökuməti ələ keçirmək, hakimiyyəti ələ keçirmək, terror cəhdləri etmək, başqa hallar azmı olmuşdur? Hamısı oldu, hamısı göz qabağındadır. Ancaq biz Azərbaycanda dövlətçiliyi inkişaf etdirərək, möhkəmləndirərək, hər yerdə dövlətin prinsiplərini bərqərar edərək, dövlətin qüdrətini günü-gündən artıraraq, bütün bu təxribatların - həm xarici ölkələrdən Azərbaycanı içəridən dağıtmaq cəhdlərinin, həm daxildə cürbəcür silahlı dəstələrin təxribatçı hərəkətlərinin, cinayətkar hərəkətlərinin qarşısını ala bildik.

Bilirsiniz, indi insanlar rahat yaşayır və artıq keçmişi unuudurlar. Bəziləri elə bilir ki, belə də olmalı idi, belə də norrnaldır. Amma ay yoldaşlar, ay qardaşlar, ay bacılar, axı bu belə deyildir. Biz buraya nə qədər çətinliklərlə gəldik. Azərbaycanı daxildə nə qədər yaramaz ünsürlərdən təmizlədik, düşmən ünsürlərdən təmizlədik. Azərbaycana xaricdən təzyiq etmək, respublikanı təsir altına almaq Azərbaycanı öz əlinə keçirmək cəhdlərinin qarşısını aldıq. Bunlar hamısı bizim düzgün, doğru daxili və xarici siyasətimizin nəticəsidir. Siz indi iqtisadi islahatların nəticəsini görürsünüz. Bunu deməyə ehtiyac yoxdur. Mən sizə bildirmək istəyirəm ki Azərbaycanın dövləti çox möhkəmdir, Azərbaycanın dövləti bundan sonra da müstəqil, sərbəst daxili və xarici siyasət aparmağa qadirdir və Azərbaycanın dövlət müstəqilliyi, daxili ictimai-siyasi sabitliyi günü-gündən möhkəmlənəcəkdir. Bizim qarşımızda duran vəzifə ondan ibarətdir ki Azərbaycanın hər bir vətəndaşı respublikamızın bu böyük məqsədlərinin həyata keçirilməsinə kömək etsin, öz payını versin, öz səylərini qoysun. Dövlət müstəqilliyi əldə etmək bizim üçün böyük nailiyyətdir. Amma onu qoruyub saxlamaq çox çətindir. Görürsünüz ki, bu ötən illər ərzində Azərbaycanın dövlət müstəqilliyi neçə dəfə böyük təhlükə altında olmuşdur. Biz bunu qoruyub saxlamışıq. Ancaq bu o demək deyil ki, biz indi sayıqlığımızı itirməliyik, arxayınlaşmalıyıq və düşünməliyik ki, artıq hər şey rahatdır. Yox, biz hər gün Azərbaycanın dövlət müstəqilliyini qorumaq üçün çalışmalıyıq, hər gün düşünməliyik ki, Azərbaycanın həm coğrafi, həm geosiyasi vəziyyəti, həm təbii sərvətləri, həm də bütün başqa xüsusiyyətləri ölkəmizə bir çox istiqamətlərdən böyük marağı artırmışdır. İkinci tərəfdən, təəssüf ki, hələ də Azərbaycanın daxilində öz şəxsi mənafeləri naminə, şəxsi məqsədləri naminə bəzən xaricdən xüsusı xidmət orqanları ilə əlaqədar Azərbaycanın dövlət müstəqilliyinə qəsd etmək istəyən qüvvələr də tamamilə yoxa çıxmayıbdır. Onlar hələ də var. Ona görə də biz daim məsələni diqqət mərkəzində saxlamalıyıq və daim sayıq olmalıyıq, Azərbaycanın dövlət müstəqilliyini daim möhkəmləndirməliyik.

Mənim xatirimdədir, 1991-ci ilin mart ayında Ali Sovetin sessiyasında SSRİ-nin qorunub saxlanılması haqqında referendum barəsində müzakirə gedərkən, mən o vaxt da qətiyyətlə dedim ki, Sovetlər İttifaqı dağılır, biz nəyin bahasına olursa-olsun müstəqilliyi əldə etməliyik. Biz bunu

etməsək böyük günah etmiş olarıq. Əgər etməsək, onsuz da bunu gələcək nəsillər edəcəkdir. İndi siz görürsünüz ki, artıq dövlət müstəqilliyi reallığa çevrilibdir. İndi isə mən deyirəm biz nəyin bahasına olursa-olsun, bütün çətinliklərə dözərək, bütün məhrumiyyətlərə dözərək Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamalıyıq. Bu bizim müqəddəs borcumuzdur. Yenə də deyirəm, bunun üçün Azərbaycanın hər bir vətəndaşı öz payını verməlidir. Bunun üçün Azərbaycanın ağır keçid dövründə, xüsusən xaricdən cürbəcür təsirlərə məruz qaldığı bir dövrdə respublikamızın daxilində olan qüvvələr öz şəxsi iddialarından, öz şəxsi ambisiyalarından əl çəkməlidirlər. Mən bu baxımdan bir neçə kəlmə Azərbaycanda çoxpartiyalı sistem haqqında öz fikirlərimi demək istəyirəm. Azərbaycanın reallığı ondan ibarətdir ki, bu, bizim Konstitusiyada öz əksini tapıbdır. Azərbaycan bundan sonra da daimi olaraq demokratik prinsiplərə sadiq olacaqdır, insan azadlıqlarının hamısı təmin ediləcəkdir, ölkəmizdə demokratiya günü-gündən genişlənəcəkdir, əsaslı kök salacaqdır və demokratiya Azərbaycanda dönməz, sarsılmaz olacaqdır. Heç kəs bizi Azərbaycanın demokratiya yolundan döndərə bilməz. Fikir müxtəlifliyi tamamilə təbii bir haldır. Keçmişdə yaşadığımız cəmiyyətdə bir fıkir var idi, o da bir partıyanın fikri, bir ideologiya idi. Hamımız o fikirlə düşünür, o fikirlə yaşayırdıq. İndi insanlar sərbəstdir. Demokratiya, fikir müxtəlifliyi bir-birilə sıx bağlı amillərdir. Azərbaycanda siyası plüralizm, fikir müxtəlifliyi mövcuddur və bu, günü-gündən möhkəmlənəcəkdir. Mən, bir dövlət başçısı kimi, bunu təmin etmək üçün çalışmışam və bundan sonra da çalışacağam. Bunların hamısı Azərbaycanda çoxpartiyalı sistemin mövcud olmasını təbii bir hal kimi meydana çıxarır və Azərbaycanda çoxpartiyalı sistem var, mövcuddur. Burada qeyd olundu ki, respublikamızda qeydiyyata alınmış

30-dan artıq siyasi partiya var. Mən, bir dövlət başçısı kimi, hər bir partiyanın tam sərbəst, azad, müstəqil fəaliyyət göstərməsinin təminatçısıyam. Mən bunu prezident kimi xalq qarşısında and içərkən bəyan etmişəm, bu gün də təkrar edirəm. Biz çalışmalıyıq ki, hər bir siyasi partiyanın fəaliyyət göstərməsi üçün bütün imkanlar yaransın. Baxmayaraq ki, bizim partiya yaranarkən ona fəaliyyət göstərməyə imkan vermirdilər. Biz o pis hərəkətlərdən düzgün nəticə çıxarmalıyıq və bütün partiyalara imkan verməliyik ki, normal fəaliyyət göstərsinlər. Ancaq bizim Konstitusiyamız, qanunlarımız hər bir siyasi partiyanın, hər bir siyasi qurumun, hər bir təşkilatın Azərbaycanın qanunları çərçivəsində fəaliyyət göstərməsini tələb edir. Fikir müxtəlifliyi, siyasi plüralizm, çoxpartiyalılıq qanunun aliliyi ilə üzvü surətdə bağlıdır. Partiyalar məhz qanunların aliliyi şəraitində fəaliyyət göstərməlidir. Hamı qanuna tabe olmalıdır, heç kəs qanunu pozmamalıdır, heç kəs özü üçün müstəsna hüquq tələb etməməlidir. Buna heç kəsin haqqı yoxdur. Bilirsiniz, heç kəs deyə bilməz ki, mənim filan vaxt filan xidmətim olubdur, filan vaxt meydanda bir az çox qışqırmışam, yaxud da az qışqırmışam, mənim qanunu pozmağa ixtiyarım var. Yox, artıq bizdə hüquqi dövlət yaranıbdır. Artıq bizim çox dəyərli Konstitusiyamız var, çox dəyərli qanunlarımız var, bizim çox dəyərli parlamentimiz və çox dəyərli dövlət strukturlarımız var. Ona görə də kiminsə qanunu pozmasına yol vermək olmaz. Bilmək lazımdır kı, buna yol verməyəcəyik. Mən bunu xüsusi olaraq ona görə deyirəm ki, Azərbaycanda milli dirçəliş hərəkatı başlayanda ayrı-ayrı hərəkatların, təşkilatların yaranması, partiyaların yaranması kommunist dövründə olmuşdur. Bunlar hamısı o kommunist rejiminə müxalifətdə olduğuna görə, o vaxtlar komunist rejimi çox qanunsuz hərəkətlər etdiyinə görə bunlar da qanunsuz hərəkətlər edərək onlara qarşı çıxışlar etmişlər. Bunların çoxu öyrənmişlər ki, bu, belə olar. Doğrudur o vaxt da bu qanunsuz hərəkətlər olmamalı idi. Ancaq nə olub-olubdur, keçmişdə qalıbdır. Bu gün və bundan sonra biz heç bir qanunsuz hərəkətə yol verə bilmərik və yol verməyəcəyik. Hər bir partiya qanun çərçivəsində fəaliyyət göstərməlidir və qanundun kənara çıxmamalıdır. Əgər hansısa partiyanın qanuni hüquqları pozulursa, şübhəsiz ki, dövlət bunun qarşısını almalıdır. Biz buna cavabdehik. Ancaq eyni zamanda biz qanunun pozulmasına da yol verməyəcəyik. Qanunu pozanlar qanun qarşısında cavabdehdirlər və cavabdeh olmalıdırlar. Mən bunu ona görə deyirəm ki, təəssüf ki, yaxın keçmişə qədər bizdə partiyaların hətta silahlı dəstələri var idi. Məsələn, Xalq Cəbhəsi yaranandan onun silahlı dəstələri olubdur. Nəyə görə olubdur? Mən bunu bilmirəm və qəbul edə bilmirəm. Deyirlər ki, onların könüllü dəstələri olubdur ki, gedib torpaqları müdafiə etmək üçün vuruşsunlar. Nə cür vuruşublar - biz onların hamısını gördük və nə nəticələrə gətirdi - onları da gördük. Ancaq tutaq ki, hansısa könüllü dəstələr olubdursa və onlar gedib torpaqları müdafiə etmək üçün öz silahlı dəstələrindən istifadə ediblərsə, onlar bundan partiyanın, yaxud da hansısa bir cəmiyyətin, təşkilatın daxili məqsədləri üçün istifadə edə bilməzlər.

Yenə də Naxçıvandakı həyatıma qayıdıram. Mən Naxçıvanda Ali Məclisin sədri olarkən Xalq Cəbhəsi öz silahlı dəstələri ilə orada istədiyini edirdi. O zaman Xalq Cəbhəsı Azərbaycanda hakimiyyətdə idi. Həm Daxili İşlər Nazirliyi var idi, həm orada ordu hissələri var idi, həm də Xalq Cəbhəsinin silahlı dəstələri var idi. Əlində qeyri-qanuni silah olan adam şübhəsiz ki, həmin silahdan qeyri-qanuni istifadə edəcəkdir, cinayət törədəcəkdir, bu da cəmiyyətə ziyan verəcəkdir. Bunlara yol vermək olmaz. Amma bir o deyil. 1993-cü ildə mən Bakıya gələn zaman şübhəsiz ki, burada ayrı-ayrı partiyaların silahlı dəstələri var idi. Bu, bir 1993-cü ildə deyildi, 1994-cü ildə də var idı. Əgər onların silahlı dəstələri var idisə, demək, o birilərin də silahlı dəstələri var idi. Mənim xatirimdədir, Surət Hüseynov baş nazir olarkən bir neçə dəfə mənimlə danışdığı zaman, - bu söhbət 1994-cü ilin təxminən ortalarında olub, o mənə dedi ki, bəs Xalq Cəbhəsinin orada silahlı dəstəsi var, burada silahlı dəstəsi var. Sonra dedi ki, mənim də silahlı dəstəm var. Dedim ki, bəs sənin nə silahlı dəstən var? Dedi ki, indi Azərbaycanda hamının silahlı dəstəsi var. Başqalarının var, mənim niyə olmasın? Dedim, sən silahlı dəstəni nə cür saxlayırsan, necə saxlayırsan? Axı onları yedirtmək lazımdır, içirtmək lazımdır. Dedi ki, mən bunların hamısını təşkil eləyirəm. Bax, mən belə şəraitdə işləyirdim. Bəli, Surət Hüseynovun da silahlı dəstəsi var idi. Elə həmin Xalq Cəbhəsinin özü o silahlı dəstələrdən istifadə edərək, başqa silahlı dəstələrin təşkilinə şərait yaratdı. O silahlı dəstələr də gəldi, bunların başına bax, bu bəlanı gətirdılər. 1994-cü ildə də bu silahlı dəstələr mövcud idi. 1995-ci ildə biz OMON-la rastlaşdıq. OMON-dakı olan adamlarda olan silah dövlətin silahı deyildi. Onlar artıq dövlətin tabeliyindən çıxmışdılar. Dövlətin silahlarından, yəni Daxili İşlər Nazirliyinə mənsub olan silahlardan başqa, onların hər birinin özünün həddindən artıq silahları var idi. 8-ci kilometr qəsəbəsində olan bazarda onların topları, qumbaraatanları nələri-nələri yox idi! Hamısını qeyri-qanuni olaraq yığmışdılar. Onlar da axırda gəldilər o silahlı dəstələrlə birləşdilər. Ayrı-ayrı siyasi partiyalar da onlara dəstək verdi və xarici  ölkələrin bəzi xüsusi xidmət orqanları bir ölkədən, o biri öIkədən onlara dəstək verdilər. Onlar da Azərbaycanda dövləti devirmək niyyətinə düşdülər və dövləti devirmək üçün Azərbaycanı qanlı faciəyə gətirib çıxardılar. Bu, bizim həyatımızın faciəvi keçmişidir. Bu keçmişi biz unutmamalıyıq. Ona görə də artıq bunlara son qoyduğumuz üçün bundan sonra heç bir təşkilata, heç bir partiyaya heç bir silahlı dəstə saxlamağa imkan verə bilmərik.

Partiyalar dünya təcrübəsində mövcud olan partiya mədəniyyəti çərçivəsində, qanunlar çərçivəsində hərəkət etməlidirlər. Partiyaların bir çoxu müxalifətdə olan partiyalardır. Ancaq indi biz gərək iqtidar-müxalifət əlaqələrində də dünya təcrübəsini mənimsəyək və Azərbaycanda iqtidar-müxalifət mədəniyyəti yaradaq. Bilirsiniz, bunlar hamısı bizim üçün yeni bir şeydir. Çünki Azərbaycanda erkən yaranmış siyasi partiyanın altı yaşı var. Yeni Azərbaycan Partiyasının indi beş yaşı var. Amma ondan qabaq yarananların altı yaşı var. Bundan artıq yaşı yoxdur kı? Altı il elə böyük bir dövr deyil. Eyni zamanda bu altı il Azərbaycanda qarmaqarışıq dövr olub, burada vaxtilə hakimiyyətsizlik, özbaşınalıq, cürbəcür qanunsuzluq və s. hökm sürüb. Bəziləri hesab edirlər ki, bu belə də ola bilər. Ancaq müxalifət gərək müxalifətçilik mədəniyyətini mənimsəsin. Muxalifətdə olmaq düşmənçilik etmək deyil. Ancaq təəssüflər olsun ki, indi Azərbaycanda müxalifətdə olan bir çox partiyalar özlərini iqtidara qarşı düşmən ediblər və düşmən kimi göstəriblər. Bu, belə yaramaz. Bəzən mən görürəm və qəzetlərdə də oxumaq olur ki, gərək müxalifətlə hesablaşsın, müxalifətlə əlaqə saxlasın. Bəli bu, düzgün fikirdir. Amma kim kiminlə əlaqə saxlamalıdır. Müxalifət iqtidarla əlaqə saxlamalıdır. Müxalifət düzgün hərəkət etməlidir, qanun çərçivəsində hərəkət etməlidir, iqtidara qarşı düşmənçilik nümayiş etdirməməlidir və düşmənçilik fıkrində olmamalıdır. Müxalifət iqtidarı tənqid edə bilər, etməlidir, iqtidarın səhvlərini göstərməlidir iqtidarın fikrindən fərqli olan öz fıkrini bildirməlidir, - bunlar təbii haldır. Amma düşmənçilik etməməlidir. Bir də bu müxalifət qəzetlərindən istifadə edib cürbəcür yalan, böhtan uydurmalar, şayiələr yazmamalıdırlar. Mətbuat azadlığından söz azadlığından sui-istifadə edib, xüsusən iqtidara qarşı cürbəcür böhtan, yalan yazanlar, uydurmalar yayanlar cinayət edirlər, onlar sadəcə xuliqanlıq edirlər. Ancaq xuliqanlıq, cinayət heç vaxt heç bir siyasi partiya üçün, heç bir qəzet üçün hörmət gətirə bilməz. Ona görə də müxalifətdə olan partiyalar bilməlidirlər ki, Azərbaycanda müxalifət mövcuddur və bundan sonra da olacaqdır. Müxalifətin normal fəaliyyət göstərməsi üçün bütün imkanlar yaradılıb, bundan sonra da yaradılacaqdır. Ancaq heç kəs bundan sui-istifadə etməməlidir. Mən bunu xüsusi vurğulayıram və xəbərdarlıq edirəm ki, heç bir partiyada heç bir silahlı qüvvə olmamalıdır və hər bir siyasi partiya ancaq siyasi yollarla mübarizə aparmalıdır, başqa yollara əl atmamalıdır.

Əgər bu günlər Müsavat Partiyasının ən yüksək üzvlərindən biri 1995-ci ildə OMON-un təşkil etdiyi dövlət çevrilişi planlarını hazırlayanlardan biri idisə və xarici xidmət orqanları ilə, bir ölkənin səfirliyinin buradakı işçiləri ilə birlikdə həmin o dövlət çevrilişinin planlarını hazırlayan adam idisə və iki gündən bir gecələr Fərman Dəmirqol ilə və başqaları ilə gedib Rövşən Cavadovun evində gecə saat ikiyə qədər onun beynini zəhərləyirdisə, - ondan sonra ifşa olun həbsxanaya düşdü, xəstələndi, guya həbsxana xəstəsi oldu xəstəliyinə görə azad olundu, amma hələ onun cinayət kəsilməyib, - indi gedib Müsavat Partiyasının liderlərindən biridirsə bu, Müsavat Partiyasına heç vaxt hörmət gətirə bilməz.

Mən Xalq Cəbhəsinin keçmişdə xidmətlərini qeyd etmişəm və bu gün də qeyd edirəm. 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə həmin dirçəliş gününün o vaxtkı təşkilatçıları televiziya ilə çixış etdilər. Mən o çıxışlara diqqətlə qulaq asdım. Onlar özləri etiraf etdilər ki, o vaxt xalq meydana kortəbii toplaşmışdı. Bəziləri dedilər ki, guya onları KQB təşkil etmişdi, bəziləri də dedi ki, xalq kortəbii toplaşmışdılar. Mən nə o fikri, nə də bu fikri deyə bilərəm, bu mənim işim deyil. Artıq o keçmişdə qalıbdır - biri belə, biri elə deyir. Ancaq hər halda bir şeyi etiraf etdilər ki, onlar xalqın gəlib oraya toplaşmasını təşkil etməmişdilər. Biri deyir ki, bunu KQB təşkil etmişdi, biz sadəcə əlimizə keçirdik, o biriləri də deyir ki, xalq kortəbii toplaşmışdı, biz də getdik buna rəhbərlik etdik. Amma onlar ki, o vaxt xalqın hakimiyyətə qarşı etirazına rəhbərlik ediblər və ondan sonra da bunu bir təşkilat kimi yaradıblar, Azərbaycanın o vaxtkı hakimiyyətinə, kommunist rejiminə qarşı olan nifrətin, etirazın hamısını bir yerə toplayıb bu xalqı təşkilatlandırıblar və nəticədə Xalq Cəbhəsi yaranıb, bu, bizim tariximizdə müsbət hadisədir. Mən onların kimliyindən, şəxsiyyətindən, mənə münasibətlərindən, mənim onlara münasibətimdən asılı olmayaraq bunu müsbət qiymətləndirirəm. Bu baxımdan o dövrdə Xalq Cəbhəsinin fəaliyyətini müsbət qiymətləndirirəm. Ancaq Xalq Cəbhəsinin ən böyük faciəsi hakimiyyətə gələndən sonra oldu. Həmin bir il müddətində görülən iş onları tamamilə nüfuzdan saldı. Əgər ondan bir il öncə xalqın vaxtkı iqtidara qarşı nifrətindən istifadə edib, xalqı öz arxasınca aparıb, o iqtidarı kənarlaşdırıb hakimiyyətə gəldilərsə, bir ildən sonra Surət kimi bir quldurun, banditin hərbi dəstəsinin qabağında dura bilmədilər. Çünki niyə? Xalq bunların arxasından qaçdı, bunları müdafiə etmədi. Ona görə də mən Xalq Cəbhəsinin o dövrdəki fəaliyyətini müsbət qiymətləndirərək, eyni zamanda Xalq Cəbhəsinin sırasında terroristlərin, ayrı-ayrı cinayətkar dəstələrin olmasını heç vaxt qəbul edə bilmərəm. İndi burada qəzetlərdə yazırlar ki, Naxçıvanda filankəsi həbs etdilər və sair. Həbs edilən o adamların bəzilərini mən o vaxtdan tanıyıram. Nə üçün həbs etdilər? Çünki onlar qanunu pozdular, gizli silah saxladılar, silahdan öz şəxsi məqsədləri üçün istifadə etdilər, qanun-qaydanı dağıtdılar. Şübhəsiz ki onlar qanun qarşısında cavab verməlidirlər. Ona görə də mən Xalq Cəbhəsinə o vaxtkı münasibətimi bildirərək, Xalq Cəbhəsinin bu gün də bir təşkilat kimi Azərbaycanda mövcudluğunun və fəaliyyət göstərməsinin təbii olduğunu söyləyərək bildirmək istəyirəm ki, onlar o keçmiş metodlarından, hərəkətlərindən əl çəkməlidirlər. Azərbaycanda zorakılıq, silah işlətmək artıq keçməyəcəkdir. Yenə də deyirəm, heç bir partiyanın, təşkilatın silahlı dəstəsi ola bilməz. Silah ancaq dövlətə mənsubdur və qeyri-qanuni silah saxlayan hər bir şəxs, hər bir təşkilat Cinayət Məcəlləsinin müvafiq maddələrinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bunu hamı bilməlidir.

Bax, bu baxımdan mən hesab edirəm ki, biz Azərbaycanda demokratiyanı inkişaf etdirərək, siyasi partiyaların fəaliyyət göstərməsinə geniş imkanlar yaradaraq, eyni zamanda hər bir işi dünya təcrübəsi, dünya mədəniyyəti, siyasi fəaliyyət mədəniyyəti səviyyəsinə çatdırmalıyıq. Bəlkə də o dövrdə o hadisələr keçid dövrünün xəstəlikləri olub. Amma indi hamı bu xəstəliklərdən xilas olmalıdır. Bizim apardığımız işlərin hamısı sizə məlumdur. Ancaq qarşımızda duran ən əsas vəzifə Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək, işğal olunmuş torpaqları azad etmək və qaçqınları öz yerlərinə-yurdlarına qaytarmaqdır. Bizim bu barədə apardığımız işləri siz bilirsiniz, bunlar hamısı mətbuatda verilir. ATƏT-in Minsk qrupunun son təklifləri də sizə məlumdur. Sentyabr ayında verilən son təklif məsələni iki mərhələdə həll etməkdən ibarətdir. Birinci mərhələdə, işğal olunmuş altı rayonu işğalçı Ermənistan silahlı qüvvələrindən azad etmək, təmizləmək və həmin rayonların ərazisinə oranın sakinlərini qaytarmaq, ikinci mərhələdə isə Laçın və Şuşa rayonlarının azad olunması məsələsi ilə bərabər Azərbaycan dövləti tərkibində Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələləri nəzərdə tutulur. Biz bunu qəbul etmişik. Ermənistanın rəhbərliyi də və şəxsən prezidenti Ter- Petrosyan da bunu qəbul edibdir. Ancaq bu məsələnin indi ləngiməsi onunla əlaqədardır ki, Dağlıq Qarabağı idarə edənlər hələ bununla razı olmurlar.

Mən bildirmək istəyirəm ki, Ermənistan Respublikasının rəhbərliyində son vaxtlar müəyyən konstruktiv meyllər artıbdır. Sizə məlumdur ki, Ermənistan prezidenti Ter-Petrosyan bu barədə öz baxışlarını, fıkirlərini mətbuatda açıqlayıbdır. Bu, Moskvada "Nezavisimaya qazeta"da da, Ermənistan mətbuatında da dərc olunmuşdur. Həm Strasburqda, həm də Kişinyovda görüşlərimizdə mən Ter-Petrosyanla bu barədə söhbət etmişəm və o, bu fikirlərin tam arxasında durduğunu bildirmişdir. Onun fikirləri sizə məlumdur. Ermənistan Respublikası rəhbərliyinin və prezidentinin bu addımını, bu cür münasibətini şəxsən mən müsbət qiymətləndırirəm və hesab edirəm ki, bu, bizim sülh danışıqlarımızın irəli getməsinə kömək edəcəkdir. Ancaq dediyim kimi, Dağlıq Qarabağ hələ ki, bu təkliflərə cavab verməyibdir. Minsk qrupunun həmsədrləri bu yaxınlarda yenə də bölgəyə gələcəklər, Azərbaycanda, Ermənistanda olacaqlar, Dağlıq Qarabağa gedəcəklər, Biz bu danışıq prosesini aparırıq. Bir məsələni də bildirmək istəyirəm ki, Minsk qrupunun həmsədrləri, xüsusən Amerika Birləşmiş Ştatlarının prezidenti Bill Klinton, Rusiyanın prezidenti Boris Yeltsin, Fransanın prezidenti Jak Şirak bu məsələlərin həll olunmasına çox böyük maraq göstərirlər, onların tabeliyində bu işlə məşğul, olan şəxslərə çox ciddi göstərişlər də vermişlər. Sizə məlumdur ki, mən Strasburqda olarkən Fransa prezidenti Jak Şirakla geniş danışıq aparmışam. O, bundan sonra Ermənistan prezidenti ilə danışıq aparmışdır. Sonra Jak Şirakla mənim telefon əlaqəm olubdur. Mən bunların hamısını müsbət qiymətləndirirəm. Biz bu məsələlər barəsində, özümüzün apardığımız siyasət haqqında Azərbaycanın parlamentinə məlumat vermişık. Mənim tapşırığımla xarici işlər naziri Həsən Həsənov bu barədə Milli Məclisdə məruzə etmişdir və məsələ müzakirə olunmuşdur. Milli Məclisin üzvləri bizim siyasətimizi dəstəkləmişlər.

Beləliklə, bu, ictimaiyyətə məlumdur. Müxalifətdə olan partiyaların, təşkilatların əksəriyyəti bizim bu siyasətimizi qəbul etmirlər, cürbəcür bəyanatlar verirlər. Mən buna da tam normal baxıram, - hərənin öz fikri ola bilər. Biri deyir, Dağlıq Qarabağa ancaq mədəni muxtariyyət vermək olar, biri deyir, məsələni güclə həll etmək lazımdır, güclü ordumuz olmalıdır, güclü ordumuz yoxdur, ona görə də biz buna gedirik və sairə. Bilirsiniz, bunlar hamısı əsassız şeylərdir. Ancaq eyni zamanda, hüquqları var, hərə öz fıkrini deyə bilər. Qoy bizim ictimaiyyət, xalq dövlətin də fikrini, müxalifətdə olan partiyaların, təşkilatların da fikrini bilsin. Xalq özü müəyyən etsin ki, hansı yol daha uyğundur. Biz hesab edirik ki, bu yol uyğundur. Mən dəfələrlə demişəm və bu gün bir daha bəyan edirəm ki, müharibə yolu nə bizim üçün, nə də ümumiyyətlə bölgə üçün məqbul yol deyil. Məsələnin sülh yolu ilə həll olunmasına tam məqbuldur və bunun üçün biz, çətin də, ağır da olsa ötən dövrdə xeyli iş görə bilmişik. Azərbaycanın vəziyyəti, həqiqətləri artıq dünyaya məlumdur. Artıq dünyaya məlumdur ki, Ermənistan təcavüzkardır. Bu yaxın vaxtlara qədər hər yerdə Azərbaycanı günahlandırırdılar, ittiham edirdilər ki, Azərbaycan erməniləri əzib, soyuqda qoyub, blokadaya alıb, bunu edib, onu edib. İndi vəziyyət tamamilə dəyişilib, yəni reallıq dünyaya çatdırılıbdır. Siz mənim bütün beynəlxalq təşkilatlardakı çıxışlarımın hamısını eşidirsiniz. Mən açıq-aydın, kəskin çıxışlar edirəm. Bu çıxışlar artıq olduqca normal qəbul olunur və beynəlxalq təşkilatlar, onların iştirakçıları, dövlət, hökumət başçıları bizim dediyimiz bu sözlərə inanırlar. Ermənistan demək olar ki, bu sahədə əvvəlki  vəziyyətində deyil. Onlar özləri də bunu etiraf edirlər. Bu onu göstərir ki, biz dünya ictimaiyyətinə, dünyanın böyük dövlətlərinə vəziyyəti doğru-düzgün çatdırandan sonra ədalətli sülh əldə etmək imkanına daha da yaxınlaşmışıq. Ona görə də biz bu yolla gedirik və belə hesab edirik ki, bu yolla da getməliyik. Biz bu yolla getməkdə davam edəcəyik və güman edirəm ki, Minsk qrupunun həmsədrləri bu yaxınlarda Azərbaycana gələrkən biz bu barədə yeni məlumatlar ala biləcəyik.

Bəli, hər kəs öz fıkrini bildirə bilər. Müxalifət qəzetlərində bu barədə dərc edilən yazılar bizi narahat etmir. Ancaq bizi narahat edən odur ki, - mən bunu dedim, bu fikrə bir də qayıtrnaq istəyirəm - çox yalanlar, şayiələr yayılır. Respublikamızda guya insan hüquqlarını qoruyan bəzi təşkilatlar, yaxud da siyasi partiyalar Azərbaycan haqqında dünyaya yalanlar çatdırırlar. Bilirsiniz, bu, Azərbaycana, Azərbaycan xalqına düşmənçilikdir, başqa heç bir şey deyildir. Guya Azərbaycanda hansısa dustağın hüquqları pozulur. Hansı dustağın hüququ pozulub? Heç bir dustağın, heç bir həbsxanada heç kəsin hüququ pozulmur. Ancaq bu yalan şeyləri uydurmaq, yaymaq və Azərbaycan haqqında bu cür mənfi fıkir yaratmaq kimə kömək edir? Müxalifətdə durmaq olar, dur. Azərbaycanın hansı tərəfini istəyirsənsə tənqid et, amma dünyada Azərbaycanı ləkələyən yalan, uydurma sözləri yazma. Bunu yazanlar, bunu yayanlar Azərbaycana xəyanət edənlərdir. Bunlar ayrı-ayrı xarici ölkələrin xüsusi xidmət orqanlarına pulla xidmət edən adamlardır və həmin orqanların çoxunda da ermənilərin əlləri var, bizim düşmənlərimizin əlləri var. Onlar öz pullarından istifadə edərək o xüsusi xidmət orqanları vasitəsilə, ayrı-ayrı təşkilatlar vasitəsilə Azərbaycanda bəzi yaramaz adamları ələ alırlar, bunlar da həmin pula xidmət edərək Azərbaycan haqqında bu cür iftiralar, böhtanlar, yalanlar yayırlar. Bu, ən dəhşətlisidir. Bu barədə bizim millətimizdə böyük bir çatışmazlıq var.

Siz bilirsiniz ki, 1996-cı ilin dekabr ayında keçirilən Lissabon zirvə görüşündə Azərbaycanın əldə etdiyi nailiyyət məlumdur. Bunu artıq bütün dünya deyir. Düzdür, burada müxalifətdə olan qüvvələr yenə də bunu belə qələmə verdilər ki, guya Azərbaycan orada heç bir nailiyyət əldə etməyib, əksinə, guya çox uduzub. Belə-belə şeylər deyirlər. Amma biz buna fikir vermədik. Bilirsiniz ki, indi Ermənistanda ən böyük dərd həmin o Lissabon zirvə görüşüdür. Ermənistanda hakimiyyəti həmin bu zirvə görüşünə görə tənqid edirlər ki, nə üçün Ermənistanın nümayəndə heyəti Lissabonda belə bir qərarın qəbul edilməsinə imkan verib. Ona görə də bundan nəticə çıxarmaq olar ki, kim hansı nailiyyət əldə edibdir. Amma iş onda deyil, iş ondadır ki, Amerikada yaşayan və mövcud olan cürbəcur 50-60 erməni təşkilatı Amerikanın prezidenti Bill Klintona məktublar yazdılar və ona irad tutdular ki, nə üçün o imkan verdi, Lissabon zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsi haqqında belə bir qərar qəbul olundu. Görün, Amerikada yaşayan ermənilər - öz aralarında varsa, özləri bilirlər - amma ümumi milli mənafe meydana çıxanda onları heç kəs idarə etmədən öz ölkələrinin prezidentini günahlandırdılar ki, nə üçün o, Lissabon zirvə görüşündə belə bir qərarın qəbul edilməsinə imkan veribdir.

İkinci fakt. Mənim Amerikaya rəsmi səfərim ərəfəsində erməni təşkilatları orada nə qədər canfəşanlıq etdilər, nə qədər fəaliyyətlər göstərdilər. Prezident Bill Klintona məktublar yazdılar ki, Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri ləğv olunsun. Amerika Konqresində 60 korqresmenə imza atdırdılar və onların imzaları ilə Bill Klintona məktub gətirdilər ki, Heydər Əliyevin ABŞ-a səfəri ləğv edilsin. Mən ora gedəndə onların cürbəcür hərəkətləri nəticə vermədi. Sonra mənim şəklim və cürbəcür yazılar olan 50 min məktub hazırladılar, ermənilərə payladılar ki, hər bir erməni bunu imzalasın və Azərbaycan prezidenti Heydər Əliyevin Amerikaya rəsmi səfərinə etiraz əlaməti olaraq prezident Bill Klintona göndərsin. Onların heç birisini Ermənistandan heç kəs idarə etmirdi. Onlar öz ermənilərinə, erməni təəssübkeşlərinə, Ermənistanla Azərbaycan arasındakı münaqişəyə görə bu hərəkətləri edirdilər. Görün, onlarda milli təəssübkeşlik nə qədər yüksək səviyyədədir. Ancaq bunun müqabilində biz nə gördük? Müxalifətdə duran ayrı-ayrı qüvvələr burada, Azərbaycanda olmayan şeyləri yalandan, böhtançılıqla uydurub cürbəcür beynəlxalq təşkilatlara, ölkələrə göndərirlər ki, sübut etsinlər ki, guya Azərbaycanda demokratiya yoxdur. Həmin ermənilər də sübut etmək istəyirlər ki, Azərbaycanda demokratiya yoxdur, bunlar da sübut etməyə çahşırlar ki, Azərbaycanda demokratiya yoxdur. Bəs siz kimə xidmət edirsiniz? Azərbaycanda demokratiya da var, insan hüquqları da qorunur və qorunacaqdır. Azərbaycanda insan azadlıqlarının hamısı təmin olunubdur. Azərbaycanda mətbuat azadlığı var, siyasi plüralizm var - hamısı var. Bunların hamısı da bizim müqavilə, saziş bağladığımız ölkə başçıları tərəfindən etiraf olunur. O cümlədən mənim ABŞ-a rəsmi səfərim zamanı Amerika prezidenti Bill Klinton ilə Azərbaycan prezidentinin imzaladığı birgə bəyanatda Azərbaycan respublikasının demokratiya, iqtisadi islahatlar sahəsində nailiyyətiləri öz əksini tapıbdır.

Mən bu sözləri ona görə deyirəm ki, Azərbaycanda fikir müxtəlifliyini təmin edərək, eyni zamanda milli vətənpərvərlik, milli təəssübkeşlik unudulmamalıdır. Azərbaycanın daxilində vəziyyəti sarsıtmaq istəyən adamların hamısının qarşısı alınmalıdır və bunlara heç vaxt da yol verilməyəcəkdir. Yeni Azərbaycan Partiyası bütün bu sahələrdə çox gərgin iş aparır. Mən çox məmnunam ki, Yeni Azərbaycan Partiyasının üzvlərinin sayı artıq 100 mindən çoxdur. Mən çox məmnunam ki, Yeni Azərbaycan Partiyasının gənclər təşkilatı var və burada elan olundu ki, gənclər təşkilatının 30 mindən artıq üzvü var. Bunlar hamısı onu göstərir ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında görkəmli yer tutaraq Azərbaycan xalqının bu günü və gələcəyi üçün çox faydalı iş görür. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyası yaranmasının 5-ci ildönümünü qeyd edərək daha da çox təcrübə, güc toplayaraq gələcəkdə daha geniş fəaliyyət göstərəcəkdir. Bu 5 il müddətində Yeni Azərbaycan Partiyası sübut edibdir ki, o sağlam partiyadır, demokratik prinsiplərə söykənən partiyadır, Azərbaycanın müstəqilliyinin təmin olunması yolunda fəal çalışan partiyadır. Hesab edirəm ki, Yeni Azərbaycan Partiyasının fəaliyyətinə Azərbaycanda maraq günü-gündən artacaq, onun sıraları genişlənəcək, Yeni   Azərbaycan Partiyasına gənclər daha da çox maraq göstərəcəklər. Gənc Yeni Azərbaycan Partiyasının işində daha çox iştirak edəcəklər, gənclər təşkilatı daha da genişlənəcək və Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvə olaraq gələcəkdə də Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin möhkəmlənməsi üçün öz xidmətlərini göstərəcəkdir.

Yeni Azərbaycan Partiyası sizin üçün, mənim üçün doğma bir partiyadır. Mən çıxışımın əvvəlində bu partiyanın yaranması prosesini ona görə bir daha yada saldım ki, hamı bilsin, - bu partiyaya hər kəs öz könlü, vicdanı, qəlbi ilə gəlməlidir. Hamı bilsin ki, bu partiya saflıq, saf mənəviyyat üzərində qurulmuş bir partiyadır. Bu partiya Azərbaycanın tarixi köklərinə, milli mənəvi dəyərlərinə söykənən, ümum-bəşəri dəyərlərdən bəhrələnən ümumxalq partiyasıdır. Azərbaycanın bütün vətəndaşlarının partiyasıdır. Bu, bir milli çərçivədə olan partiya deyil. Yeni Azərbaycan Partiyası millətindən, dinindən, dilindən asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı üçün doğma partiyadır.

Yeni Azərbaycan Partiyasının çox parlaq gələcəyi var. Yeni Azərbaycan Partiyası daim yaşayacaqdır. Mən əminəm ki, Yeni Azərbaycan Partiyasına yeni-yeni gənc üzvlər gələcəklər, bu partiyanın prinsiplərini günü-gündən yüksəklərə qaldıracaqlar və Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcəyinə xidmət edəcəkdir. Yeni Azərbaycan Partiyası 5 ildir yaşayır, böyük sınaqlardan, böyük imtahanlardan keçibdir. Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında yaşamaq, yaratmaq hüququ əldə edibdir. Yeni Azərbaycan Partiyası daim yaşayacaq və Azərbaycan vətəndaşlarının istək və arzularını əks etdirən böyük bir təşkilat olacaqdır. Sağ olun.

Sirus Təbrizli (Azərbaycan prezidenti, Yeni Azərbaycan Patiyasının sədri Heydər Əliyevə müraciətlə): Möhtərəm prezident! İcazə verin, təntənəli yığıncağın bütün iştirakçıları adından Sizin həm partiyanın yaranması, həm onun bu 5 ildəki faəliyyəti barədə dediyiniz dəyərli fikirlərə görə, həm də respublikada cərəyan edən hadisələrə bu prizmadan çox real, ədalətlə və gələcəyə tuşlanan təhlillərlə qiymət verdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildirək. Vaxtilə bu partiyanı yaradanlar üzünü məhz Sizə tutmuşdular, onlar demək olar ki, bütün xalqın fıkrini ifadə edirdilər. Azərbaycan xalqı özünə ləyaqətli rəhbər gətirməyənə qədər sakitləşmədi. Bu gün biz geriyə baxarkən fıkirləşirik ki, keçən günlər nə qədər ağır olsa da o qədər şərəflidir. Lakin biz inanırıq ki, gələcəkdə biz daha şərəfli gün görəcəyik. Çünki gələcəyin Sizin kimi - böyük, dahi siyasətçi Heydər Əliyev kimi təminatçısı var. Sizə cansağlığı arzu edirik. Allah Sizə cansağlığı versin, bu partiyanın 10, 20, 50 illik yubiley bayramlarını bizimlə bir yerdə qeyd edəsiniz. Sağ olun.

Oçerklər

DAXİLİ SİYASƏT

Tarixi arayış