Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fransa Prezidenti Jak Şirak ilə görüşdə çıxışı - Paris, Yelisey Sarayı, 13 yanvar 1997-ci il


Cənab prezident! Azərbaycanın ünvanına söylədiyiniz xoş sözlərə və məni Fransaya rəsmi səfərə dəfət etdiyinizə görə Sizə təşəkkür edirəm və bildirmək istəyirəm ki, müstəqil Azərbaycan Respublikası Avropanın bütün ölkələri ilə, o cümlədən, Fransa ilə əlaqələrini daha da möhkəmləndirməyə böyük diqqət yetirir.

Mərhum prezident Fransua Mitteranın dəvəti ilə mən 1993-cü ildə Fransada rəsmi səfərdə olduğum zaman Azərbaycanla Fransa arasında imzalanmış sənədlər ölkələrimizin əməkdaşlığı üçün möhkəm zəmin yaratmışdır. Xatırlatmaq istəyirəm ki, həmin sənədlər ölkəmizin parlamenti tərəfindən təsdiq edilmişdir və müvəffəqiyyətlə həyata keçirilir. İndi söhbət ölkələrimiz arasında iqtisadiyyat, mədəniyyət və digər sahələrdə əməkdaşlığın daha da sıxlaşdırılmasının zəruriliyindən və buna nail olmaqdan gedir.

Demokratik inkişaf yolunu seçmiş müstəqil ölkəmiz üçün ən ağrılı problem Ermənistanın Azərbaycana hərbi təcavüzüdür. Bu təcavüz nəticəsində respublikamızın ərazisinin 20 faizi işğal edilmiş, daimi yaşayış yerlərindən zorla köçürülmüş bir milyondan çox vətəndaşımız çadırlarda çox ağır şəraitdə yaşamağa məcbur olmuşlar və bu vəziyyət bu gün də davam edir. Ermənistan silahlı qüvvələri tərəfindən başlanmış bu müharibədə ölkəmizə ağır maddi və mənəvi zərbələr vurulmuşdur ki, bütün bunlar barəsində təkcə Azərbaycan xəritəsinə nəzər salmaqla geniş məlumat almaq mümkündür. Lakin biz münaqişəni sülh yolu ilə nizama salmaq istəyirik, elə bu məqsədlə də müharibədə 1994-cü ilin may ayında əldə olunmuş atəşkəsdən istifadə etmək istəyirik. Əminik ki, hərbi münaqişənin sülh yolu ilə aradan qaldırılması sahəsində ATƏT-in Minsk qrupu çərçivəsində və bir sıra böyük dövlətlərin vasitəçiliyi ilə aparılan danışıqlar öz səmərəsini verəcək, Ermənistanı öz təcavüzkar niyyətlərindən əl çəkməyə məcbur edəcəkdir.

1996-cı il dekabrın əvvəlində ATƏT-in üzvü olan ölkələrin dövlət başçılarının Lissabon zirvə görüşündə qəbul edilmiş bəyanatın Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasında çox böyük əhəmiyyəti olduğunu qeyd etməklə yanaşı, biz həm də Fransanın Lissabonda Azərbaycanın mövqeyini müdafiə etməsindən razı qaldığımızı bildirmək istəyirik. Ölkəmiz müharibə yox, sülh istəyir və buna görə də kompromisli mövqedə dayanır. Mən əminəm ki, Lissabonda qəbul edilmiş üç əsas prinsip - Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınması, Azərbaycan dövlətinin tərkibində Dağlıq Qarabağa ən yüksək özünüidarəetmə statusu verilməsi və Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə təminat prinsipləri münaqişənin sülh yolu ilə tezliklə həll edilməsində mühüm rol oynayacaqdır.

Biz təəssüf hissi ilə qeyd edirik ki, Ermənistan beynəlxalq təşkilatların qətnamələrinə və bütün ölkələr tərəfindən tanınmış hüquqi normalara məhəl qoymamaqla davam edir, hərbi münaqişənin aradan qaldırılması üçün konkret addımlar atmır. Biz istəyirik ki, Ermənistan silahlı qüvvələri ölkəmizin ərazisindən çıxarılsın, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərimizin toxunulmazlığı təmin edilsin, yerindən-yurdundan didərgin düşmüş qaçqınlarımız öz doğma yurdlarına qayıtsınlar.

Fransanın ölkəmizlə əlaqələrə xüsusi diqqət yetirməsindən məmnun qaldığımı bildirirəm və əminəm ki, Fransa başqa dövlətlərlə yanaşı, Minsk qrupunun fəal üzvü kimi öz fəaliyyətini daha da genişləndirəcək və Ermənistan - Azərbaycan münaqişənin tezliklə nizama salınmasında öz nüfuzundan istifadə etmək üçün səylərini artıracaqdır.

Respublikamızdakı mövcud ictimai-siyasi vəziyyət sabitdir və Azərbaycanda hüquqi-demokratik dövlət quruculuğu və islahatların həyata keçirilməsi sahəsində böyük işlər görülür. Bazar iqtisadiyyatı yolunu seçmiş respublikamız dünya dövlətləri ilə sıx əlaqələr qurmağa ciddi diqqət yetirir. Ölkəmiz Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənməsi barədə dünyanın bir sıra çox nüfuzlu şirkətləri ilə müqavilələr imzalamışdır və bu müqavilələr dönmədən həyata keçirilir. Mən çox razıyam ki, Fransanın "Elf Akiten" və digər şirkətləri ilə respublikamızın əməkdaşlığı durmadan inkişaf edir. Bir daha bildirmək istəyirəm ki, xarici ölkələrin iş adamlarının fəaliyyəti üçün Azərbaycanda geniş imkanlar vardır. Əmin olduğumu bildirirəm ki, "Lənkəran - dəniz" və "Talış - dəniz" yataqlarının birgə işlənməsi barədə müqavilənin bu gün Parisdə, Fransa prezidentinin iqamətgahı olan Yelisey sarayında Fransa və Azərbaycan prezidentlərinin iştirakı ilə imzalanması ölkələrimizin iqtisadi əlaqələrinin əsaslı inkişafında tarixi bir hadisə olacaqdır.

Prezident Jak Şirakın ölkəmizə dost münasibəti bəsləməsi bizi olduqca razı salır və bir daha əmin olduğumu bildirmək istəyirəm ki, hər ikisi Avropada yerləşən ölkələrimizin və xalqlarımızın əlaqələri bundan sonra daha da möhkəmlənəcək və inkişaf edəcəkdir.

Cənab prezident, mən Sizi ölkəmizə rəsmi səfərə dəvət edirəm.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 1998, 8-ci cild, səh.240-242.