Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan və Gürcüstan nümayəndə heyətləri arasında danışıqlar başa çatdıqdan və sənədlər imzalandıqdan sonra Gürcüstan Prezidenti Eduard Şevardnadze ilə birgə mətbuat konfransında bəyanatı - Tbilisi, 8 mart 1996-cı il


Hörmətli xanımlar və cənablar!

Mənim dostum, Gürcüstan prezidenti cənab Eduard Amvrosiyeviç Şevardnadze görüşümüzün birinci günü imzalanmış sənədlər barədə sizə ətraflı məlumat verdi. Bu, məni hansısa bir informasiya verməkdən azad edir. Mən Eduard Amvrosiyeviçin dedikləri ilə, verdiyi qiymətlərlə, şərhlərlə tamamilə razıyam.

Eyni zamanda Gürcüstan ilə Azərbaycan Respublikası arasında "Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında müqavilə"nin xüsusi əhəmiyyətini qeyd etmək istəyirəm. Gürcüstan ilə Azərbaycan Respublikası arasında bir çox onilliklər, yüzilliklər ərzində mövcud olan ənənəvi dostluq münasibətlərini, qonşu və yaxın dost olduğumuz, bir çox məsələləri birlikdə, lakin hərənin öz ölkəsində, regionumuzda həll etdiyini və beynəlxalq sahələrdə fəal əməkdaşlıq etdiyimizi əsas götürsək, bunun müstəsna əhəmiyyəti var.

"Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq haqqında" imzaladığımız bəyannamə çox mühümdür. Mən deyərdim ki, bu, həmin qəbildən olan ilk belə ciddi, mühüm siyasi sənəddir. Onun mühümlüyü və böyük əhəmiyyəti də bundadır ki, Qafqaz qeyri-sabitlikdən, münaqişələrdən əziyyət çəkir, bir çox millətlərarası toqquşmalardan və proseslərdən əziyyət çəkir. Ona görə də hər birimizin, xüsusən də Gürcüstan və Azərbaycan dövlət başçılarının vəzifəsi Qafqazda sülhə, təhlükəsizliyə, əməkdaşlığa yol açmaqdır. İmzaladığımız sənəd məzmununa və xarakterinə görə belə bir əməkdaşlığa yol açır. O, başqalarının da qoşulması üçün açıqdır. Ona görə də ümidvar olmaq istəyirəm ki, regionumuzun digər dövlətləri, eləcə də başqa dövlətlər bu sənədə qoşulacaqlar.

Azərbaycanda ilkin neftin Gürcüstan ərazisi vasitəsilə Qara dəniz sahilinə nəqli barədə bu gün imzalanmış sənədlərin də çox mühüm əhəmiyyəti var. Həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadiyyatı üçün əhəmiyyəti həqiqətən böyükdür. Bu, həm də dostluq, əməkdaşlıq xəttidir. Ümidvaram ki, gələcək nəsillərimiz indi bizim bu istiqamətdə gördüyümüz işləri layiqincə qiymətləndirəcəklər. Çünki Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Qara dəniz sahilinə neft kəmərinin çəkilməsi gələcəkdə iqtisadi, sosial xarakterli bir çox maraqları özünə cəlb edəcəkdir.

Şübhəsiz ki, imzaladığımız hər bir sənəd əhəmiyyətlidir. Ona görə də mən danışdıqlarımızdan və imzaladığımız sənədlərdən, bu gün burada, Tbilisidə qarşılıqlı münasibətlərimizdə hökm sürən səmimi dostluq şəraitindən son dərəcə məmnunam. Gürcüstana dəvət olunduğuma görə, mənə və nümayəndə heyətimizin bütün üzvlərinə göstərilən səmimi münasibətə görə, - biz burada özümüzü evimizdəki kimi, qardaşlarımızın yanındakı kimi hiss edirik, buraya da bu hisslərlə gəlmişik və Tbilisidə, Gürcüstan torpağında keçirdiyimiz saatlar hisslərimizi və ümidlərimizi tamamilə doğruldur, - cənab Eduard Şevardnadzeyə minnətdarlığımı bildirirəm.

Hesab edirəm ki, ünsiyyət üçün hələ imkanımız olacaq, çünki mənim səfər proqramım kifayət qədər genişdir və yəqin ki, mətbuatla yenə görüşəcəyik. İndi isə dediklərimlə kifayətlənir, əlavə edirəm ki, mən Gürcüstan prezidenti cənab Eduard Şevardnadzeni Azərbaycana dəvət etmişdim və bu gün bu dəvəti bir daha təsdiq edirəm. Zənnimcə, burada gördüyümüz çoxlu işdən sonra belə səfər həyata keçiriləcəkdir. Diqqətinizə görə sağ olun.

Sual: Hər iki prezident dinc Qafqaz barədə danışdılar. Ona görə də sualım hər ikisinədir. İlkin neftin Gürcüstan ərazisi vasitəsilə nəqli haqqında müqavilənin imzalanması ilə əlaqədar Rusiya yəqin ki, Qafqazda özünün təsir dairəsini müəyyən qədər itirmişdir. Sizcə, o, öz təsir dairəsini nə yolla - sülhyaratma rolu oynadığı Dağlıq Qarabağ və Abxaziya hesabına bərpa etməyə çalışacaq, yoxsa bunu nə isə başqa şeyə dəyişə bilərmi?

E. Şevardnadze:  Zənnimcə, Xəzər neftinin Gürcüstan ərazisi vasitəsilə, yəni Qərb istiqamətində nəqli məsələsində heç bir sualtı maneə axtarmaq lazım deyildir. Bu, həm Gürcüstan, həm də bütün Qafqaz üçün tarixi əhəmiyyətə malik olsa da, mən deyərdim ki, adi qərardır. Burada heç bir ziddiyyət, heç bir qarşıdurma, yaxud hansısa dövlətə qarşı qəbul edilmiş qərar yoxdur. Sizə məlumdur ki, bu məsələdə iki istiqamət Şimal və Qərb istiqamətləri var. Korporasiyaların paralel marşrutlara malik olmaq istəyi tamamilə təbii və qanunauyğundur. Başqa sözlə, burada digər ölkələrin, üçüncü ölkələrin mənafeyinə toxunulmamışdır. Əksinə, zənnimcə, bu mənafelər maksimum nəzərə alınmışdır.

H. Əliyev:  Mən belə hesab edirəm ki, heç kim heç nə itirməmişdir, hamı qazanmışdır.

Sual: Cənab prezidentlər, siz Qafqazda sülh yaratmaq təşəbbüsü barədə danışdınız. "Qafqazda sülh" formulu nə dərəcədə real şəkildə işə düşəcək, bu regionun digər dövlətlərinin rəhbərlərinin sizin təşəbbüsünüzü dəstəkləyəcəyinə nə dərəcədə əminsiniz? İkinci sualım cənab Əliyevədir: Siz Çeçenistandakı vəziyyəti necə qiymətləndirirsiniz və bu baxımdan neftin Şimal istiqamətində nəqlini nə dərəcədə perspektivli sayırsınız?

H. Əliyev: Mən imzaladığımız bəyannamənin əhəmiyyəti barədə danışdım. Hesab edirəm ki, Eduard Şevardnadze və Heydər Əliyev çox mühüm təşəbbüs Qafqazda sülhü möhkəmləndirmək təşəbbüsü göstərmişlər. Bundan yüksək heç nə ola bilməz. Bu təşəbbüsün həyata keçirilməsinə necə çalışacağımıza gəldikdə isə, təbii ki, asan olmayacaqdır. Amma eyni zamanda Qafqazda sülhün bərqərar olmasına kimsə müqavimət göstərsə, təbii ki, Qafqazda da, dünya ictimaiyyəti gözündə də təcavüzkar, münaqişə tərəfdarı, qeyri-sabitlik tərəfdarı kimi görünəcəkdir. Ona görə də hesab edirəm ki, sağlam düşüncə üstün gələcəkdir, Qafqazda münaqişələr və qeyri-sabitlik ucbatından indiyədək çəkdiklərimizə baxmayaraq, Qafqazda sülhə doğru inamla irəliləməliyik. Qafqaz dinc, təhlükəsiz olmalı, dinc, mehriban qonşuluq və qarşılıqlı surətdə faydalı əməkdaşlıq regionu olmalıdır. Bu sualla əlaqədar bunu deyə bilərəm.

Çeçenistandakı vəziyyəti isə yəqin, məndən yaxşı bilirsiniz, xüsusən də ona görə ki, Çeçenistanla sərhədiniz var, bizim isə yoxdur. Mən oradakı vəziyyəti qiymətləndirmək istəmirəm, şərait hər gün dəyişir. Lakin bir şeyi deyə bilərəm ki, həmişə separatçılığın, terrorçuluğun əleyhinə çıxmışıq və indi də əleyhinəyik. Bu barədə bəyanatım bundan ibarətdir. Bu vəziyyətin Azərbaycan neftinin Şimala, Rusiya ərazisi vasitəsilə Qara dəniz sahilinə nəqlinə nə dərəcədə təsir göstərəcəyinə gəldikdə isə, hesab edirəm ki, Rusiyanın dövlət və hökumət rəhbərliyi bunun qayğısına qalacaqdır.

E. Şevardnadze: Mən Heydər Əliyeviçin dedikləri ilə razıyam. O, bizim təşəbbüsümüz barədə ətraflı cavab verdi. Təkcə bir şeyi əlavə etmək istəyirəm. Qafqazla Birləşmiş Millətlər Təşkilatı, Avropanın təhlükəsizlik strukturları, Təhlükəsizlik Şurası, MDB məşğul olurlar. Rusiya vasitəçilik vəzifələrini yerinə yetirir. Lakin indiyədək biz Qafqaz amilinin özünü işə sala bilməmişik. Mən son illər özünü göstərən və çox ağır nəticələri olan münaqişələri nəzərdə tuturam. Zənnimcə, təşəbbüsümüzün bütün dəyəri bundadır ki, məhz Qafqaz amili işə salınacaqdır - mən Qafqaz dövlətlərini və Qafqaz xalqlarını deyirəm.

Sual: Dağlıq Qarabağda, Abxaziyada və Çeçenistandakı münaqişələrin ümumi və fərqli cəhətləri haqqında rəyinizi bilmək istərdim.

H. Əliyev: Bunların üçü də çox dəhşətli münaqişələrdir. Ancaq ən dəhşətlisi və tarixcə, zamanca ən köhnəsi Ermənistan ilə Azərbaycan arasında olan münaqişədir. Bunun səkkiz illik tarixi var. Səkkiz il öncə Ermənistan silahlı qüvvələri Azərbaycana hərbi təcavüz. ediblər və Azərbaycan ərazisinin 20 faizini işğal ediblər. İşğal olunmuş ərazilərdən bir milyondan artıq vətəndaşımız qaçqın düşüb.

Bu, şübhəsiz ki, nə Abxaziya - Gürcüstan münaqişəsinə, nə də Çeçenistan münaqişəsinə bənzəyir. Ona görə hesab edirəm ki, bunların hər biri xalqlar, ölkələr üçün həm dəhşətli, həm də faciəlidir. Ancaq hərəsinin özünə görə xüsusiyyətləri var.