Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in İstanbul zirvə görüşündə İsrailin Baş naziri Ehud Barak ilə görüşdəki söhbətindən - Ankara, "Çırağan sarayı", 18 noyabr 1999-cu il


Heydər Əliyev:  Hörmətli Baş nazir! Sizinlə görüşdən məmnun qaldığımı bildirmək istərdim. Cənab Barak, xatirinizdədirsə, Siz Baş nazir seçilərkən mən Sizə təbrik məktubu göndərmişdim. Azərbaycan-İsrail əlaqələrinin hazırkı vəziyyətindən mən çox razıyam. Bununla belə, bütün sahələrdə ölkələrimizin əməkdaşlığının daha da inkişaf etdirilməsi vacibdir.

Ehud Barak:  Cənab prezident, Sizinlə ilk görüşdən məmnunluq duyduğumu demək istərdim. Azərbaycan xalqına salamlarımı çatdırmağı xahiş edirəm. Kiçik bir xalq olsa da yəhudilər dünyanın bir çox yerlərində yaşayırlar. Qonşu ölkələr ilə İsrail arasında münaqişə olsa da, biz dövlətimizin güclü, dostlarımızın çox olmasına həmişə xüsusi diqqət yetiririk.

Azərbaycan ilə İsrail arasında əməkdaşlığın gündən-günə inkişaf etməsinə öz hökuməti xüsusi əhəmiyyət verir. Azərbaycanla bir çox sahələrdə, o cümlədən ticarət sahəsində əlaqələrin möhkəmləndirilməsi vacibdir. İsrail hökuməti Azərbaycana həmişə dəstək verməyə hazırdır.

Heydər Əliyev:  Səmimi sözlərə görə minnətdarlığımı bildirirəm. Azərbaycana rəhbərlik etdiyim dövrdə İsraillə sıx əlaqələr yaranmasına daim ciddi diqqət yetirmişəm. Baxmayaraq ki, müstəqillik yolu ilə inkişaf edən Azərbaycan bir sıra çətinliklərlə qarşılaşır.

Ermənistanın Azərbaycana təcavüzü ölkəmizin ərazilərinin 20 faizindən çoxunun işğal olunmasına, bir milyondan çox vətəndaşımızın yerindən-yurdundan zorla qovulmasına, qaçqınların böyük əksəriyyətinin çadırlarda ağır şəraitdə yaşamasına,

Azərbaycanın belə ağır problemlə üzləşməsinə baxmayaraq Amerika Konqresinin 1992-ci ildə respublikamıza qarşı ədalətsiz 907-ci düzəlişi qəbul etməsini bir daha təəssüflə qeyd etmək istərdim. Azərbaycan və yəhudi xalqları tarixən yaxın dost olublar. Ölkəmizdə yaşayan yəhudilərə müstəqil respublikamızın bərabərhüquqlu vətəndaşları kimi həmişə xoş münasibət bəslənilir.

Mən Amerikaya səfərim zamanı orada yəhudi icmaları konfranslarının başçıları ilə görüş keçirir, onlarla səmərəli danışıqlar aparırdım və bunlar məni məmnun etdi. Onu da deyim ki, xaricdə yaşayan yəhudilərin nümayəndələri tez-tez ölkəmizə ziyarət edirlər. Ölkələrimiz arasında əlaqələrin daim inkişaf etməsi üçün geniş imkanlar vardır. Bu münasibətlərin daha da genişləndirilməsi olduqca zəruridir.

Ehud Barak: Azərbaycanda yaşayan yəhudilərə göstərilən dostluq münasibətinə görə, cənab prezident, Sizə və xalqınıza dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Mən Sizi İsrailə rəsmi səfərə dəvət edirəm.

Heydər Əliyev: Təşəkkür edirəm, cənab Baş nazir. Ümidvaram ki, gələcək görüşlərimizdə də dövlətlərimizi maraqlandıran bir sıra məsələnin həllinə də, eləcə də beynəlxalq və regional əməkdaşlıq barədə bugünkü kimi geniş fikir mübadiləsi keçirəcəyik. Sizin dəvətinizi qəbul edirəm. Eyni zamanda Sizi də Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Ehud Barak: Təşəkkür edirəm, cənab prezident. Həm söhbətimizdən, həm də dəvətinizdən çox məmnunam.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya