Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ-ın Xəzər hövzəsinin enerji diplomatiyası üzrə səfiri Stiven Mənlə görüşündə söhbətindən - 16 may 2002-ci il


Heydər Əliyev: Azərbaycana xoş gəlmisiniz. Sizinlə yenidən görüşməyimdən çox məmnunam. Hiss edirəm ki, yaxşısınız.

Stiven Mən: Mən Sizinlə tamamilə razıyam. Cənab prezident, Sizə minnətdarlığımı bildirirəm ki, məni Bakıya dəvət etmisiniz. ABŞ prezidenti Corc Buşdan, dövlət katibi Kolin Pauelldən Sizə salamlar gətirmişəm. Məndən xüsusi xahiş ediblər ki, onların hörmət və ehtiramını Sizə yetirim. Vitse-prezident Dik Çeyni də Sizə salam göndərmişdir.

Mən buraya gəlməzdən əvvəl vitse-prezidentlə görüşdüm. O, Sizin liderliyiniz haqqında, Xəzər dənizinin enerji ehtiyatlarının işlənilməsi sahəsində Amerika Birləşmiş Ştatları ilə əməkdaşlığınız barədə çox yüksək fikirdədir və çox xoş sözlər dedi. Bir daha çox sağ olun, cənab prezident.

Heydər Əliyev: Cənab səfir, sağ olun, sizə təşəkkür edirəm. Mən çox məmnunam ki, siz mənə bu qədər salamlar gətirmisiniz. Prezident cənab Buşdan salam almaq, təbiidir ki, mənim üçün çox sevindiricidir. Həmçinin dövlət katibi Kolin Pauelldən və vitse-prezident Çeynidən.

Mən çox məmnunam ki, sizin bildirdiyniz kimi, onlar bizim fəaliyyətimizi yüksək qiymətləndirirlər. Bu, bizim üçün və şəxsən mənim üçün böyük dəstəkdir. Çünki bilirsiniz ki, hər halda, biz burada mürəkkəb şəraitdə bir çox işlər görürük. Ona görə bizə verilən dəstək bizim üçün əhəmiyyətlidir. Xahiş edirəm, mənim salamımı, ən böyük hörmət və ehtiramımı prezident cənab Buşa çatdırasınız. Mənim səmimi salamımı dövlət katibi cənab Kolin Pauellə çatdırasınız. Vitse-prezident Çeyniyə salamımı, hörmət və ehtiramımı çatdırasınız. Bildirəsiniz ki, biz dostluğumuzu, əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik.

Vitse-prezident cənab Çeyni vaxtilə Azərbaycanda olubdur. Mən onunla burada çox maraqlı söhbətlər aparmışam. Ancaq lazımdır ki, dövlət katibi Kolin Pauell də, prezident cənab Corc Buş da gəlib Azərbaycanı görsünlər. Xoş xəbərlərə görə mən sizə bir daha təşəkkür edirəm.

Stiven Mən: Cənab prezident, çox sağ olun. Sizin salamlarınızı çox böyük ruh yüksəkliyi ilə Vaşinqtona aparacağam. Məlum olduğu kimi, çox vacib bir enerji layihəmiz vardır və uzun illərdir ki, onun üzərində işləyirik. Bu layihənin həyata keçirilməsinə nail olmağa çox yaxınıq. Biz Azərbaycanın neft və qaz yataqlarının istismar edilməsi prosesini böyük maraqla izləyirik. Fərəh hissi ilə demək istəyirəm ki, Amerika Birləşmiş Ştatları yeni boru kəmərlərinin çəkilməsində Azərbaycanla tərəfdaşdır.

Beləliklə, mən buraya gəlmişəm ki, boru kəmərlərinin inşasına başlanmazdan əvvəlki, bu son həftələr müddətində Azərbaycanla sıx işləyim və bu layihənin irəli getməsinə, onun tezliklə həyata keçirilməsinə kömək edim.

Artıq Azərbaycanda yanacaq və energetika naziri, Dövlət Neft Şirkətinin və Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərinin nümayəndələri ilə çox səmərəli görüşlərim olmuşdur. Onlardan aldığım bütün məlumatlar müsbət səciyyəlidir.

Heydər Əliyev: Çox gözəl. Siz bilirsiniz ki, biz bu layihənin üzərində uzun illərdir işləyirik. Bu layihəni çox ağır şəraitdə həyata keçirməkdə Amerika Birləşmiş Ştatları bizə daim dəstək veribdir. Xatırlayıram, Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçıları 1999-cu ildə İstanbulda Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin inşası haqqında müqaviləni imzalayarkən, - üç dövlət başçısı yox, həmin layihəyə Qazaxıstan da qoşuldu, - ona Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klinton da imza atdı. Biz 1994-cü ildən bu layihənin üzərində işləyirdik və nəhayət 1997-ci ildə bu barədə saziş imzaladıq. Ondan sonra bizim işimizin ikinci mərhələsi başladı. Biz onu da uğurla keçdik. İndi üçüncü mərhələdir, inşaata başlayırıq. Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev sizinlə aparılan danışıqlar haqqında mənə məlumat verdi. O sizə deyib ki, bəzi xırda məsələlər var. Mən indi onu demək istəmirəm, kiçik məsələlərdir... Şirkətlərdən, başqalarından asılı məsələlərdir. Amma bunların hamısı həll olunacaqdır.

Bilirsiniz ki, indi də Bakı-Tbilisi-Ceyhana xor baxanlar var. Bəziləri deyirlər ki, bu, baş tutmayacaqdır. Onlar öz arzuladıqlarını deyirlər. İnandırmaq istəyirlər ki, onların arzuları doğrudur. Ona görə Bakı-Tbilisi-Ceyhan boru xəttinə dünyada daim çox böyük maraq, böyük diqqət, eyni zamanda, müxtəlif tərəflərdən müqavimət var.

Ona görə sizin xüsusi olaraq bu məsələ üçün Azərbaycana gəlməyiniz və bununla məşğul olmağınız məni çox sevindirir.

Biz bu layihəni yerinə yetirəcəyik. Buna mənim heç bir şübhəm yoxdur. Ancaq lazımdır ki, bəzi maneələr bizi gecikdirməsin. Güman edirəm, siz də bu işə həm kömək, həm də nəzarət edəcəksiniz.

Stiven Mən: Cənab prezident, çox sağ olun. Həqiqətən də biz bəzi məsələləri həll etməliyik. Bunlar əsas məsələlər deyil və praktiki olaraq layihənin həyata keçirilməsinə təsir göstərmirlər. Lakin artıq neft sənayesinə və eləcə də dünyaya yaxşı məlumdur ki, Bakı-Tbilisi- Ceyhan layihəsi işə düşəcəkdir. Əlbəttə, bu layihəyə müqavimət var.

Cənab prezident, lakin mənim iqtisadi, həm də intellektual dəlillərim vardır ki, Bakı-Tbilisi-Ceyhan layihəsi yalnız Azərbaycana deyil, həm də bütün regiona xeyir verəcəkdir. Bu, Avrasiya üçün iqtisadi yüksəliş və inkişaf yoludur. Köhnə Sovet inhisarı geridə qalmışdır. Azərbaycan xarici sərmayələri ölkəyə cəlb etməklə özü iş görür. Bunun ən bariz təzahürü Şərq-Qərb dəhlizinin yaranmasıdır.

Cənab prezident, beləliklə, Sizin qəbul etdiyiniz qərarlara və müəyyən etdiyiniz yola bizim ölkədə böyük hörmət vardır.

Heydər Əliyev: Sağ olun, təşəkkür edirəm. Mən bir də qeyd edirəm ki, bu, ölkəmiz üçün çox böyük əhəmiyyətlidir ki, biz irəli gedəndə qarşımıza çıxan maneələrin hamısını dəf edə bilək.

Bilirsiniz ki, biz - Xəzəryanı ölkələrin dövlət başçıları Aşqabadda görüş keçirdik. Mən cənab Uilsona da bu barədə məlumat vermək istəyirdim, lakin vaxtım yox idi. Hesab edirəm ki, bu görüş çox yaxşı oldu. Heç bir qərar qəbul etmədik. Mən bilirdim ki, heç bir qərar qəbul olunmayacaqdır. Ancaq özlüyündə ilk dəfə keçirilən bu görüş çox əhəmiyyətli oldu. Çünki Xəzəryanı dövlətlər öz mövqelərini orada açıq-aydın, tək yox, mətbuata yox, bir-birlərinə bildirdilər. Azərbaycanın, Rusiyanın və Qazaxıstanın mövqeləri bir-birinin eyni oldu. Türkmənistan, İran isə başqa bir mövqedə oldular. Hər halda, hamıya aydın oldu ki, bu barədə kim hansı mövqedədir, kim nə istəyir. Mən bundan çox məmnunam. Bir şey həll etmədiksə də, bir-birimizə öz sözümüzü dedik.

Bilirsiniz ki, Rusiya ilə Qazaxıstan, Rusiya ilə Azərbaycan və Azərbaycanla Qazaxıstan arasında bu barədə artıq sazişlər imzalanıbdır. Bu günlərdə Moskvada Rusiya ilə Qazaxıstan dənizdə sektorların bölünməsi koordinatlarına aid son sazişi imzaladılar. Biz də Rusiya ilə belə bir saziş hazırlayırıq. Düşünürəm ki, iyun ayının əvvəlində mən Sankt-Peterburqda prezident Putinlə görüşəcəyəm, orada bu sazişi imzalayacağıq.

Beləliklə, Xəzərin statusu həll olunmayıbsa da, bu məsələlərdə irəliləyiş davam edir.

Stiven Mən: Rusiya ilə Qazaxıstanın əldə etdikləri razılıq, zənnimizcə, çox müsbət addımdır. Mən Rusiya ilə Azərbaycan arasında razılaşma əldə olunması münasibətilə Sizi qabaqcadan təbrik edirəm. Hesab edirəm ki, bu, Xəzər dənizinin sektorlara bölünməsində məsələyə çox realist yanaşmadır.

Cənab prezident, elə bilirəm ki, Siz Rusiya və Qazaxıstana artıq göstərmisiniz ki, insanlar yalnız inzibati bölgü nöqteyi-nəzərindən fikirləşməməlidir, eyni zamanda iqtisadi maraqları da nəzərə almalıdırlar. Cənubi Qafqazda bu məsələ çox gərgindir. Lakn elə hesab edirəm ki, diplomatiya, ağıl və dözümlülük vasitəsilə Cənubi Qafqazda da buna nail olmaq mümkündür.

Sizin səylərinizi, eləcə də digər ölkələrin Türkmənistanın, Qazaxıstanın, Rusiyanın səylərini Amerika Birləşmiş Ştatları hansı bir vasitə ilə dəstəkləyə, kömək edə bilərsə, biz bunu etməkdən çox xoşbəxt olarıq.

Heydər Əliyev: Sağ olun.