Amerika Birləşmiş Ştatlarının dövlət katibi Kolin Pauellin Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri, ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin bəyanatı - Ki Uest şəhəri, 3 aprel 2001-ci il


Amerika Birləşmiş Ştatlarının dövlət katibi hörmətli cənab Pauell!

Hörmətli Minsk konfransının həmsədrləri!

Hörmətli görüş iştirakçıları!

Hörmətli kütləvi informasiya vasitələrinin nümayəndələri!

Xanımlar və cənablar!

Hər şeydən əvvəl, məni Amerika Birləşmiş Ştatlarına səfərə dəvət etdiyiniz üçün, cənab dövlət katibi, sizə minnətdarlığımı bildirmək istəyirəm. Qonaqpərvərliyə və işimiz üçün çox gözəl şərait yaradıldığına görə Amerika Birləşmiş Ştatlarının hökumətinə, Ki Uest şəhərinin hakimiyyət orqanlarına və bu görüşün bütün təşkilatçılarına təşəkkür edirəm.

Bu görüşün xüsusi xarakteri ondan ibarətdir ki, ilk dəfə olaraq ATƏT-in Minsk qrupu elə bir formatda toplaşmışdır ki, ATƏT-in Minsk konfransının həmsədrləri Ermənistan və Azərbaycan prezidentləri, digər görüş iştirakçıları ilə birlikdə Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsini bu formatda müzakirə edirlər.

Təəssüf ki, əvvəllər belə formatda görüşlər keçirilməmişdir. İndiyədək uğur qazana bilməməyimizin səbəblərindən biri də bəlkə elə budur. Ümidvaram ki, bu görüş 12 ildən artıq davam edən münaqişənin həllində müsbət rol oynayacaqdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi Dünya Birliyinə kifayət qədər yaxşı məlumdur. Mübaliğəsiz deyərdim ki, bu münaqişə dünyada uzun müddət ərzində öz həllini tapmayan münaqişələrdən biridir.

Buna görə də fürsətdən istifadə edərək, münaqişənin tənzimlənməsinə mane olan əsas səbəblər barəsində qısaca danışmaq və bəzi mülahizələrimi bildirmək istəyirəm.

Məlumdur ki, bu münaqişə əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağı qoparıb özünə birləşdirməyə çalışan Ermənistanın Azərbaycana ərazi iddiaları ilə əlaqədar yaranmışdır. 1988-ci ildə bu münaqişə başlananda Ermənistan və Azərbaycan müttəfiq respublikalar kimi Sovet İttifaqının tərkibinə daxil idilər. Lakin Sovet İttifaqı rəhbərliyinin Azərbaycana qarşı ədalətsiz mövqeyi, bəlkə də münaqişənin qarşısını almaq istəməməsi nəticəsində münaqişə inkişaf edərək müharibəyə çevrildi.

Qeyd etmək istəyirəm ki, Azərbaycan Dağlıq Qarabağ regionuna 1923-cü ildə Azərbaycan hökuməti tərəfindən muxtar vilayət statusu verilmişdi və vilayət özünün muxtariyyət hüquqlarından bütünlüklə istifadə edirdi. Buna görə də münaqişənin yaranması üçün heç bir obyektiv səbəb yox idi. Münaqişə başlananda Dağlıq Qarabağda 185 min əhali yaşayırdı. Onların 74 faizini ermənilər, 25,2 faizini isə azərbaycanlılar təşkil edirdi.

Ermənistan qonşu ölkəyə qarşı ərazi iddialarını həyata keçirməyə cəhd göstərərək, əvvəlcə Dağlıq Qarabağdakı separatçı, terrorçu qüvvələri silahlı qarşıdurmaya təhrik etdi, sonra isə özü Azərbaycana qarşı hərbi təcavüzə başladı.

Dağlıq Qarabağ separatçıların və Ermənistan silahlı qüvvələrinin tam hərbi nəzarəti altına düşdü. Onlar buradan bütün azərbaycanlıları - təxminən 50 min adamı qovaraq, etnik təmizləmə həyata keçirdilər. Bütün bunlar qətllər və zorakılıq ilə müşayiət olunurdu. Xocalı şəhərinin sakinləri - azərbaycanlılar isə soyqırımına məruz qaldılar.

Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağı işğal edərək, Dağlıq Qarabağ Vilayətinin hüdudlarından kənarda hərbi əməliyyatlar apardılar və Azərbaycanın daha yeddi iri inzibati rayonunu da ələ keçirdilər.

Beləliklə, 1993-cü ilədək Azərbaycan ərazisinin 20 faizi zəbt olundu və həmin ərazilər indiyədək Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu ərazidə hər şey dağıdılıb, talan edilib, yerlə-yeksan olubdur, 900-dən çox irili-xırdalı yaşayış məntəqəsi, 600-dək məktəb, 250 tibb müəssisəsi, bütün muzeylər, tarix və mədəniyyət abidələri məhv edilibdir.

Münaqişənin gedişində 30 min Azərbaycan vətəndaşı həlak olubdur, 200 mindən çox adam yaralanıb və əlil olub, minlərlə adam əsir düşüb, girov götürülüb, itkin düşübdür. Bir milyona yaxın azərbaycanlı, yəni ölkənin hər səkkiz vətəndaşından biri öz torpağından məhrum olubdur və artıq doqquzuncu ildir ki, çadırlarda dözülməz dərəcədə ağır şəraitdə yaşayır. Bu çadırlarda tam bir yeni nəsil doğulub boya-başa çatmışdır.

Bu gün dünyada bir dövlətin başqa bir dövlətin ərazisini işğal etməsi, orada kütləvi etnik təmizləmə aparması kimi ikinci bir hala rast gəlmək mümkün deyildir. Təəssüf ki, Dünya Birliyi bu faciəni sükutla seyr edir. Azərbaycanın təcavüzkarı cilovlamaq barədə qanuni tələbləri isə dəstəklənmir.

Doqquz il bundan əvvəl, 1992-ci il martın 24-də ATƏM-in Nazirlər Şurası özünün Helsinkidə çağırılmış fövqəladə iclasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli tənzimlənməsinə nail olmaq üçün Minsk konfransının keçirilməsi barədə qərar qəbul etmişdir. Bununla da münaqişənin tənzimlənməsinə dair beynəlxalq təsisat yaradılmışdır. Konfransın mandatını və danışıqlar prosesinin strukturunu müəyyənləşdirən bu qərar çox böyük əhəmiyyət daşıyır.

1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalı məsələsini bir neçə dəfə müzakirə etmişdir. Dörd qətnamə - 30 aprel tarixli 822 nömrəli, 29 iyul tarixli 853 nömrəli, 14 oktyabr tarixli 884 nömrəli və 11 noyabr tarixli 874 nömrəli qətnamələr qəbul edilmişdir.

Bu qətnamələrdə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxmasını, habelə qaçqınların və məcburi köçkünlərin daimi yaşayış yerlərinə, öz doğma torpaqlarına qayıtması üçün şərait yaradılmasını qətiyyətlə tələb etmişdir. BMT Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləmiş, Dağlıq Qarabağ regionunun Azərbaycana mənsubiyyətini təsdiq etmişdir. Təhlükəsizlik Şurası həmçinin ATƏM-in Minsk qrupunun vasitəçilik fəaliyyətini də dəstəkləmişdir.

Lakin bütün bu qətnamələr yerinə yetirilməmişdir və BMT-nin Təhlükəsizlik Şurası indiyədək öz qərarlarının yerinə yetirilməsinin qayğısına qalmamışdır.

1994-cü ilin dekabrında ATƏM-in Budapeştdə keçirilən zirvə görüşündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏM-in fəaliyyətinin intensivləşdirilməsi barədə qərar qəbul olunmuşdur. ATƏM-in üzvü olan dövlətlərin başçıları nizamlamanın mərhələli xarakterini müəyyən etmiş və ATƏM-in Minsk konfransının həmsədrlərinə silahlı münaqişənin dayandırılması barədə saziş hazırlamağı tapşırmışdılar. Saziş bütün tərəflər üçün münaqişənin əsas nəticələrinin aradan qaldırılmasını özündə əks etdirməli və Minsk konfransının çağırılması üçün əsas olmalı idi. Münaqişə zonasında sülhün təmin edilməsi üçün ATƏM-in çoxmillətli qüvvələrinin yerləşdirilməsi barəsində də qərar qəbul olunmuşdu.

1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə münaqişənin nizama salınmasının baza formulu müəyyən edilmişdi. ATƏT-in üzvü olan bütün ölkələr, Ermənistan Respublikasından başqa, nizamlanmanın üç əsas prinsipini dəstəkləmişdilər. Bu prinsiplər Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsini, Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinə təminat verilməklə Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək dərəcəli özünüidarə statusu verilməsini nəzərdə tuturdu.

Beləliklə, beynəlxalq birlik nizamlamanın hüquqi bazasını müəyyən etmiş, danışıqlar təsisatını yaratmış və vasitəçilərin vəzifələrini müəyyən etmişdi.

ATƏT-in Lissabon zirvə görüşündən sonra Minsk qrupunun həmsədrləri dünyanın üç ən böyük dövləti - Rusiya, ABŞ, Fransadır. Biz bu ölkələrə böyük ümidlər bəsləyirdik və güman edirdik ki, onların səyləri ilə münaqişə tənzimlənəcək, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq və qaçqınlar özlərinin daimi yaşayış yerlərinə qayıdacaqlar. Lakin, təəssüf ki, hələlik bütün bunlar həyata keçməmişdir. BMT-nin və ATƏT-in qəbul etdikləri qərarların heç birini Ermənistan yerinə yetirmir.

Minsk qrupunun həmsədrləri Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair üç təklif vermişlər. Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin paket həllini, 1997-ci ilin oktyabrında verdikləri ikinci təklif isə münaqişənin mərhələli həllini nəzərdə tuturdu. 1998-ci ilin noyabrında həmsədrlər yeni, üçüncü təklif - "ümumi dövlət" təklifini vermişlər.

Azərbaycan həmsədrlərin birinci və ikinci təkliflərini danışıqlar prosesinin aparılması üçün əsas kimi qəbul etmişdir, baxmayaraq ki, bu təkliflərin bəzi müddəaları beynəlxalq hüququn norma və prinsiplərinə zidd idi. Azərbaycanın ərazi bütövlüyü prinsipini tam təmin etmirdi. Hətta belə bir vəziyyətdə də Ermənistan bu təklifləri qəbul etməkdən imtina etdi və açıq-aşkar qeyri-konstruktiv mövqe tutdu.

Həmsədrlərin "ümumi dövlət" təklifini biz qəbul etmədik. Heç bir beynəlxalq-hüquqi bazası olmayan "ümumi dövlət" məfhumu Dağlıq Qarabağı müstəqil dövlət və ərazi qurumu kimi nəzərdə tutur, ona Azərbaycan ilə bərabər hüquqlu "ümumi dövlət" subyekti statusu verir. Bu təklif beynəlxalq hüququn prinsip və normalarına tamamilə ziddir. Azərbaycanı öz ərazisinin bir hissəsindən məhrum edir və faktiki olaraq Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını qanuniləşdirir.

Biz hesab edirik ki, ATƏT-in Minsk qrupunun həmsədrləri beynəlxalq hüquq prinsiplərini rəhbər tutaraq, danışıqlar prosesinə daha səmərəli təsir göstərməli, münaqişənin tezliklə tənzimlənməsinə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına, qaçqınların daimi yaşayış yerlərinə qaytarılmasına səy göstərməli idilər. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək dərəcəli özünüidarə statusu verilə bilər.

Təəssüf ki, həmsədrlər əsasən vasitəçilik fəaliyyəti ilə məşğul olaraq, danışıqlar prosesinə beynəlxalq hüquq normalarına müvafiq surətdə lazımi təsir göstərməmişlər. Rusiyanın, ABŞ-ın, Fransanın simasında ATƏT-in Minsk qrupunun rəhbərlərinə bəslədiyimiz ümidlər hələlik gözlənilən nəticələri vermir.

1999-cu ilin aprelindən Vaşinqtonda ABŞ hökumətinin təşəbbüsü ilə Ermənistan və Azərbaycan prezidentləri arasında birbaşa görüşlər başlanıbdır. Ötən dövr ərzində biz prezident Koçaryan ilə Cenevrədə, Moskvada, İstanbulda, Parisdə, Minskdə, Davosda, Yaltada, habelə respublikamızın sərhədində çoxsaylı görüşlər keçirmişik.

Ermənistan prezidenti ilə dialoqumuz zamanı biz əsasən münaqişənin tezliklə sülh yolu ilə tənzimlənməsi və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli möhkəm sülh yaradılması üçün qarşılıqlı surətdə məqbul kompromislərin axtarışı ilə məşğul olmuşuq. Qeyd etmək istəyirəm ki, 1999-cu ilin axırlarında biz kompromis əldə edilməsinə yaxın idik. Lakin tezliklə Ermənistan əldə olunmuş razılaşmalardan geri çəkildi.

Çətin danışıqlar gedişində Ermənistan tərəfi həmişə sərt qeyri-konstruktiv mövqe tutmuşdur və bu gün də bu mövqedə qalır. Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etdiyinə və danışıqlarda bu üstünlükdən istifadə etdiyinə görə, biz Ermənistanla razılığa gələ bilmirik. Ermənistan hər vəchlə Azərbaycanın ərazisinin bir hissəsini qoparmağa, özünə birləşdirməyə və ya Dağlıq Qarabağ üçün müstəqillik statusuna nail olmağa çalışır.

Təəssüf ki, bizim görüşlərimizdən arxayınlaşaraq, ATƏT-in Minsk qrupunun həmsədrləri passiv gözləmə mövqeyi tutmuşlar və onlar öz fəaliyyətini "prezidentlər nə barədə razılığa gəlsələr, bu, ATƏT üçün məqbul olacaqdır" prinsipi ilə məhdudlaşdırmışlar.

Biz isə hesab edirik ki, prezidentlərin görüşü ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini əvəz etmir. Əksinə, bunlar bir-birini qarşılıqlı surətdə tamamlayaraq, münaqişənin qəti həlli üçün danışıqlar prosesinin irəliləyişini təmin etməlidir.

Beynəlxalq hüququn prinsip və normalarına, BMT-nin nizamnaməsinə uyğun olaraq, BMT-yə daxil olan hər bir müstəqil dövlət ərazi bütövlüyünə, onun sərhədlərinin pozulmazlığına hamı tərəfdən və xüsusən bu münaqişənin həllinə görə məsuliyyəti öz üzərinə götürmüş ATƏT tərəfindən əməl olunmalıdır. ATƏT və onun Minsk qrupu bu prinsipə möhkəm əməl etməli, onun ciddi şəkildə yerinə yetirilməsinə hər cür kömək göstərməlidirlər.

Bu gün danışıqlar prosesində yaranmış vəziyyət isə beynəlxalq münasibətlərdə təhlükəli presedent yaradır.

Beynəlxalq birlik beynəlxalq hüququn norma və prinsiplərinə ciddi əməl olunmasını, bunların möhkəmləndirilməsini təmin etmək əvəzinə, qətiyyətsizlik nümayiş etdirir. Beynəlxalq hüququn ərazi bütövlüyünün toxunulmazlığı, sərhədlərin pozulmazlığı kimi fundamental norma və prinsipləri şübhə altına alınır və bununla da Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yaşayan 100 min erməniyə görə beynəlxalq praktikanın, beynəlxalq hüququn on illər boyu formalaşmış dayaqları sarsıdılır. Hərbi təcavüzün tanınması nəticəsində əldə edilmiş sülh, sabitlik və təhlükəsizlik isə möhkəm və əbədi ola bilməz.

Mən Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsində yaranmış vəziyyətin tarixini şərh edərək bəyan edirəm ki, Azərbaycan sülhə, 1994-cü ilin mayında əldə olunmuş atəşkəs rejiminə əməl edilməsinə sadiqdir. Biz bundan sonra da münaqişənin sülh yolu ilə tam tənzimlənməsinə nail olmaq üçün səylər göstərəcəyik.

Bununla yanaşı, güman edirəm ki, dediklərim bizim nə qədər çətin vəziyyətdə olduğumuzu təsəvvür etməyə sizə imkan verir. Buna görə də mən ATƏT-in Minsk qrupunun həmsədrlərinə - Rusiyaya, ABŞ-a, Fransaya müraciət edərək, onları silahlı münaqişənin aradan qaldırılması, möhkəm sülh yaradılması üçün öz səylərini fəallaşdırmağa çağırıram.

Sübut etməyə ehtiyac yoxdur ki, ərazisinin 20 faizinin işğal altında olduğu, yüz minlərlə vətəndaşının çadırlarda yaşadığı Azərbaycan münaqişənin aradan qaldırılmasında, sülh əldə edilməsində hamıdan çox maraqlıdır. Aydındır ki, Ermənistan ilə Azərbaycan arasında sülh yaradılması bütün Cənubi Qafqazda həm sabitlik üçün, həm də təhlükəsizlik üçün müstəsna əhəmiyyət daşıyacaqdır.

Biz bu görüşə böyük ümidlərlə gəlmişik və ATƏT-in Minsk qrupu həmsədrlərinin - Rusiyanın, ABŞ-ın, Fransanın fəal səylər göstərəcəyini, habelə Ermənistan Respublikasının konstruktiv mövqe tutacağını gözləyirik.

Diqqətinizə görə təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 4 aprel 2001-ci il.