Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Prezidentinin Rumıniya Prezidenti Emil Konstantinesku ilə təkbətək görüşdəki söhbətindən - Prezident sarayı, 30 iyun 1998-ci il


Heydər Əliyev: Hörmətli cənab Emil Konstantinesku!

İlk öncə mən Sizi səmimi qəlbdən salamlayıram və mənim dəvətimi qəbul edərək respublikamıza rəsmi səfərə gəldiyinizə görə Sizə təşəkkürümü bildirirəm.

Bu səfərin Azərbaycan ilə Rumıniya arasında qarşılıqlı surətdə faydalı əlaqələrin daha da inkişaf etdirilməsinin hər iki tərəf üçün çox faydalı olduğunu qeyd etmək istərdim. Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra ölkələrimizin əlaqələri ardıcıl surətdə möhkəmləndirilir və əmin olduğumu bildirirəm ki, prezident Emil Konstantineskunun ölkəmizə rəsmi səfəri Azərbaycan-Rumıniya əməkdaşlığının inkişafında yeni mərhələ açacaqdır. Bir çox sahələrdə münasibətlərin daha da sıxlaşdırılması məqsədi ilə ölkələrimiz arasında bağlanmış müqavilələri yüksək qiymətləndirirəm və bildirirəm ki, bu gün imzalanması nəzərdə tutulan sənədlərin də Azərbaycan-Rumıniya əməkdaşlığında böyük əhəmiyyəti olacaqdır.

Gənc müstəqil respublikamızda hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində həyata keçirilən tədbirlərin, islahatların müvəffəqiyyətlə aparılması nəticəsində bir çox uğurlar əldə olunmuşdur. Öz iqtisadiyyatının dünya iqtisadiyyatı ilə daha sıx bağlanmasına çalışan Azərbaycan xarici ölkələrlə əlaqələrinin möhkəmləndirilməsinə daim xüsusi diqqət yetirir. Bazar münasibətlərini, demokratik inkişaf yolunu seçmiş respublikamızda özəlləşdirmə proqramının müvəffəqiyyətlə yerinə yetirildiyini bildirirəm və onu da demək istərdim ki, dünya ölkələrinin işgüzar dairələrinin və şirkətlərinin geniş fəaliyyəti üçün Azərbaycanda hər cür şərait və imkanlar vardır. Qədim neft diyarı olan ölkəmizin Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi üçün dünyanın ən nüfuzlu şirkətləri ilə tarixi müqavilələr imzalanmışdır. Bu gün fəxrlə demək istəyirəm ki, 1994-cü ildə bağlanmış "Əsrin müqaviləsi"nin müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində 1997-ci ilin noyabrında "Çıraq" yatağından ilkin neft hasil edilmişdir. Azərbaycan neftini dünya bazarına çıxaracaq kəmərlərin marşrutları haqqında onu demək istəyirəm ki, neft şimal istiqamətində artıq Qara dənizə çatdırılır, Bakı-Supsa kəməri tikilir və biz Bakı-Ceyhan kəmərinin inşası üçün də müəyyən hazırlıq işləri aparırıq.

Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi dünya ölkələrinin qarşılıqlı surətdə faydalı əlaqələrinin daha da möhkəmləndirilməsində böyük perspektivlərə malikdir. Avropada yerləşən Azərbaycan ilə Rumıniya arasında əlaqələrin durmadan inkişaf etməsində bu dəhlizin fəaliyyətindən səmərəli istifadə edilməsi də böyük əhəmiyyətə malikdir. Qədim İpək yolunun bərpası sahəsində respublikamızda böyük işlər görülmüşdür. Avropa Birliyinin himayəsi altında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı üzrə 1998-ci il sentyabrın 7-8-də Bakıda keçiriləcək beynəlxalq konfransa hazırlıq işləri aparılır. Mən sizi, cənab Emil konstantinesku həmin tədbirdə iştirak etməyə bir daha dəvət edirəm.

Bildirirəm ki, Azərbaycan müstəqilliyə nail olduqdan sonra problemlərlə də qarşılaşmışdır. Bunlardan ən ağrılısı Ermənistanın Azərbaycana qarşı on ildən bəri davam edən hərbi təcavüzüdur. Bu təcavüz nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizin ərazisinin 20 faizi işğal olunmuş, bir milyondan çox vətəndaşımız yerindən-yurdundan zorla qovularaq çadırlarda ağır vəziyyətdə yaşayır. Bu münaqişənin ATƏT-in Lissabon zirvə görüşündə qəbul edilmiş prinsiplər əsasında sülh yolu ilə aradan qaldırılması üçün Azərbaycan böyük səylər göstərir və 1994-cü ilin mayında atəşkəs haqqında razılıq əldə olunmuşdur. Azərbaycan tərəfi ATƏT-in Minsk qrupu həmsədrlərinin son təkliflərini danışıqlar prosesini intensivləşdirmək üçün əsas kimi qəbul etmişdir. Biz Ermənistan- Azərbaycan münaqişəsinin sülh yolu ilə iki mərhələdə aradan qaldırılması barədə həmsədrlərin - Rusiyanın, ABŞ-ın, Fransanın irəli sürdüyü təklifləri qəbul etmişik və münaqişənin tezliklə sülh yolu ilə həll olunmasına çalışırıq.

Emil Konstantinesku: Cənab Heydər Əliyev, məni respublikanıza rəsmi səfərə dəvət etdiyiniz üçün Sizə təşəkkür edirəm. Sizin kimi görkəmli bir dövlət xadimi ilə görüşmək şərəfinə nail olduğumdan da məmnunluq hissi duyuram. Rumıniya çox ölkələrlə müxtəlif sahələrdə əlaqələr saxlayır. Azərbaycanla da bütün sahələrdə sıx əlaqələr qurmaq bizim üçün mühüm əhəmiyyət kəsb edir. Demokratik inkişaf yolu ilə inamla addımlayan müstəqil Azərbaycanda əldə olunmuş nailiyyətləri görməkdən məmnun qaldığımı bildirirəm.

Cənab prezident, biz dəfələrlə görüşüb söhbət etmişik. Sizin kimi tanınmış siyasi xadimin təcrübəsi şəxsən mənim üçün çox böyük əhəmiyyətə malikdir. Mən ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsində mühüm rolu olan əsas sahələrin yüksək vəzifəli şəxslərini də özüm ilə bərabər Azərbaycana gətirmişəm. Rumıniya Avropa ilə Asiyanın qovuşduğu yerdə coğrafı-siyasi cəhətdən xüsusi əhəmiyyət daşıyan respublikanızla əlaqələrin bundan sonra daha da sıxlaşması üçün bütün imkanlardan istifadə edəcəkdir.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə, beynəlxalq normalara uyğun surətdə tezliklə aradan qaldırılmasına Rumıniyanın da tərəfdar olduğunu nəzərinizə çarpdırıram. Biz ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş prinsipləri və Minsk qrupu həmsədrlərinin təkliflərini yüksək qiymətləndiririk. Azərbaycan və Rumıniya Avropa dövlətləridir. Bölgədə sülhün, əmin-amanlığın bərqərar edilməsi bütün Avropa, eləcə də Qafqaz ölkələri üçün vacibdir.

Azərbaycanın çox böyük gələcəyi vardır və mən ölkənizin tezliklə dünya iqtisadiyyatının sürətli inkişafında böyük rol oynayan bir respublikaya çevriləcəyinə əminəm. Azərbaycanla bütün sahələrdə sıx əlaqələr qurmağa Rumıniyanın çox böyük maraq göstərdiyini bir daha nəzərinizə çarpdırmaq istəyirəm. Bu gün imzalanacaq sənədlər də böyük əhəmiyyət daşıyacaqdır və əmin olduğumu bildirirəm ki, bu sənədlər dövlətlərimizin münasibətlərinin möhkəmləndirilməsində mühüm rol oynayacaqdır.

Heydər Əliyev: Hörmətli Emil Konstantinesku, səmimi və xoş sözlərə görə Sizə təşəkkür edirəm və Sizin respublikamıza rəsmi səfərə gəlməyinizdən çox məmnun qaldığımı bir daha vurğulayıram.