Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkmənistan Prezidenti Saparmurad Niyazovla görüşdəki söhbətindən - Ankara, "Hilton"mehmanxanası, 29 oktyabr 1998-ci il


Saparmurad Niyazov: İlk öncə Sizi yenidən Azərbaycan prezidenti seçilməyiniz münasibətilə təbrik edir və Sizə Azərbaycan xalqının rifahı naminə yeni-yeni uğurlar arzulayıram.

Heydər Əliyev: Təbriklərə və dəstəyə görə, mənə bəslədiyiniz münasibətə görə Sizə təşəkkürümü bildirir və qeyd edirəm ki, "Türkmənistan və Azərbaycan ayrılmaz qardaşlardır".

Saparmurad Niyazov: Bilirsiniz ki, Türkmənistan xalqı da azad, müstəqil olmaq istəyirdi və nəticədə o da Sovet İttifaqı respublikaları arasında öz müstəqilliyini elan etdi. Türkmənistan ilə Azərbaycan arasında, xalqlarımız arasında həmişə ən xoş və mehriban münasibətlər olmuşdur. Dövlətlərimiz arasında bir çox mühüm sənədlər imzalanmışdır və bu sənədlər bütün sahələrdə əməkdaşlığımız üçün əlverişli şərait yaratmışdır. O ki qaldı Türkmənistan ilə Azərbaycan arasındakı mübahisəli məsələyə, bildirirəm ki, gələn ayın ortalarında mən və prezident Heydər Əliyev Türkmənbaşı şəhərinə gəldikdən sonra, buraya neft kəməri və qaz kəməri məşğul olacaq şirkətlər də dəvət ediləcəklər. Biz hamının qarşısında deyəcəyik ki, bizim məsələmiz həll edilmişdir.

Heydər Əliyev: Bir halda ki, Siz bunu mənimlə razılaşdırmadan bəyan edirsiniz, mən bunu qəbul edirəm.

Saparmurad Niyazov: "Biz Sizinlə realistlərik, çevik siyasətçilərik və ixtilafın nə demək olduğunu və qardaşlığın qədir-qiymətini bilirik və bu qardaşlıq naminə hər ikimiz bir balaca güzəştə gedəcəyik və məsələni Sizin xalqınızın və bizim xalqımızın mənafeyi naminə həll edəcəyik. Onu da vurğulayım ki, Xəzərin sərvətləri ölkələrimizə kifayət edər, Azərbaycanla Türkmənistanın arasını vurmağa can atanlar isə açıq-aşkar səhv edirlər. Xalqlarımız onlar üçün ümumi olan Xəzərin sahillərində əsrlər boyu yaşamış, bir-biri ilə dostluq etmişlər və aralarında heç vaxt anlaşılmazlıq olmayıbdır. Hesab edirəm ki, Türkmənbaşı şəhərində Azərbaycan sektorunda Türkmənistanın və Türkmənistan sektorunda Azərbaycanın müəyyən iştirakı barədə razılığa gəlmək mümkün olacaqdır. Heç kim düşünməsin ki, kimsə kimə güzəştə getmişdir. Əgər biz Xəzərin statusu haqqında eyni fikirdəyiksə, onda dünya praktikasını nəzərə alaraq Xəzəri sektorlara bölmək lazımdır. Özü də təkcə onun səthini deyil, eləcə də hər şeyi bölmək gərəkdir.

Onu da demək istərdim ki, sovet dövründə Azərbaycana Sizin rəhbərlik etməyinizdən Azərbaycan xalqı çox şey qazanmışdır. Türkmənistanda Azərbaycanın indiki problemlərini, ən əvvəl Qarabağ məsələsi ilə bağlı problemlərini yaxşı bilir və başa düşürlər, Azərbaycanın münaqişəni sülh yolu ilə aradan qaldırmaq üçün göstərdiyi səylərə, iqtisadi çətinliklərə və iqtisadiyyatın sağlamlaşdırılması sahəsində görülən tədbirlərə bələddirlər. Heydər Əliyev, Siz müdrik rəhbərsiniz, Qafqaza aid bir çox çətin məsələləri həll edirsiniz. Sizin bizimlə də problemləriniz olmayacaqdır. Biz Xəzərin bir qarış hissəsinə görə bir-birimizlə heç vaxt çəkişməyəcəyik. Türkmənistan Azərbaycanla əməkdaşlıq edəcək və onun üçün ağır anlarda Azərbaycan xalqına həmişə arxa-dayaq olacaqdır.

Heydər Əliyev: Siz Türkmənistana 12 ildir rəhbərlik edirsiniz. Bu illər ərzində ölkə sabit, normal, dinc yaşayır, onun prezidenti isə rəhbərliyi öz xalqının hörmət və məhəbbətinə arxalanaraq həyata keçirir. Mən Sizin sözlərinizə haqq qazandırır və razılaşıram ki, xalqlarımız arasında qarşılıqlı münasibətlərə aid baxışlarımız və rəylərimiz uyğun gəlir. Xalqlarımız həmişə dostluq, həmrəylik, qarşılıqlı anlaşma şəraitində yaşamış, bir-birinə kömək etmişlər. Çoxəsrlik tarix ərzində Türkmənistan və Azərbaycan xalqları arasında bir dənə belə münaqişə faktı və ya hər hansı ziddiyyət olmayıbdır. Bunlar XX əsrdə də olmayıbdır.

Bütün çətinliklərə və problemlərə, - onların başlıcası Ermənistan-Azərbaycan münaqişəsidir, - baxmayaraq, Azərbaycan öz müstəqilliyini möhkəmlətmək yolu ilə qətiyyətlə gedir. Bu münaqişənin Azərbaycan üçün ağır nəticələrinə baxmayaraq ölkəmiz məsələni dincliklə həll etməyə ümid bəsləyir. Mən Azərbaycan ilə Türkmənistan arasında əməkdaşlığı daha da genişləndirməyin çox böyük əhəmiyyəti olduğunu vurğulayıram. Müasir dünyada, Qərb ilə Şərq birləşməyə çalışdığı bir vaxtda Azərbaycanın və Türkmənistanın coğrafi, coğrafi-siyasi və coğrafi-strateji mövqeləri həlledici əhəmiyyətə malikdir. Biz Şərqi və Qərbi birləşdirən Xəzərin hər iki tərəfindəyik və ölkələrimiz əsas birləşdirici arteriyadır. Buna görə də, əslinə qalsa, bizim üzərimizə nəinki xalqlarımız qarşısında, həm də Dünya Birliyi qarşısında tarixi bir vəzifə - ön sıraya çəkilən məsələləri həll etmək vəzifəsi düşmüşdür. Zənnimcə, biz sizinlə bunu etməyə qadirik və bunun üçün öz ölkələrimizdə işi həyata keçirəcək və xüsusən Xəzərə aid problemlərdə qarşılıqlı fəaliyyət göstərəcəyik. Buna görə də sızin bütün fikirlərinizlə tamamilə razıyam. Hesab edirəm ki, biz heç vaxt çəkişməmişik və heç vaxt çəkişməyəcəyik və heç kəs bunu edə bilməyəcəkdir. Biz həmişə sülh, dostluq şəraitində yaşamışıq. Biz bu dostluğu möhkəmlətməliyik, axı biz artıq müstəqil dövlətlərik, azad xalqlarıq və öz taleyimizi, öz məsələlərimizi özümüz həll edirik. Zənnimcə, biz bunların hamısını edəcəyik və sizin fikirləriniz doğrudur. Mən sizinlə razıyam.