Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ-ın ölkəmizdəki səfiri Stenli Eskuderonu qəbul edərkən söhbətindən - 23 iyul 1999-cu il


Stenli Eskudero: Cənab prezident, çox yaxşıyam. Mən bir həftəliyə məzuniyyətə getmək fikrindəyəm. Sabah səhər mən Bakını tərk edirəm. Vaşinqtonda bir az işlərim vardır. Sonra bir müddət Hyustonda və Alyaskada işim olacaqdır. Lakin bütün bu müddət ərzində istirahət etməyə də vaxt tapacağam. Əlbəttə ki, Azərbaycan üçün darıxacağam. Lakin sentyabrın 7-də geri dönəcəyəm. Burada olmadığım müddətdə xanım Elizavet Şelton səfirlikdə məni əvəz edəcəkdir.

Heydər Əliyev: Xoşbəxt adamsınız, - istirahət etməyə vaxtınız, imkanınız vardır. Təəssüf ki, bizim belə imkanlarımız yoxdur.

Stenli Eskudero: Cənab prezident, mən 1997-ci ildə buraya gəldikdən sonra birinci imkandır ki, əlimə düşür. Lakin Siz heç vaxt məzuniyyətə çıxmırsınız.

Heydər Əliyev: İmkan olmur. İstəyirəm, amma imkan olmur. Yəqin bir vaxt gələcək ki, mənə də məzuniyyətə çıxmağa imkan olacaqdır.

Stenli Eskudero: Ümid edirəm. Cənab prezident, ölkələrimiz arasında münasibətlərin, əlaqələrin artmasının, genişlənməsinin bir rəmzi kimi, mən bu həftə ərzində Sizə dövlət katibi xanım Madlen Olbraytdan ikinci məktubu təqdim edirəm. İcazənizlə, bu məktubu Sizə təqdim edim.

Heydər Əliyev: Mən bir neçə gün öncə sizin vasitənizlə xanım Olbraytdan aldığım məktuba ətraflı cavab göndərdim və onun fikirləri haqqında öz fikirlərimi orada izah etdim. Hesab edirəm ki, xanım Olbraytın da məktubu çox vacib idi və çox əhəmiyyətli müddəalar daşıyırdı. Hesab edirəm ki, mən də məktubumda o məsələlər haqqında fikirlərimi bildirə bildim. İndi yeni bir məktub alıram. Bu, həqiqətən, siz dediyiniz kimi, Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın əlaqələrinin genişlənməsinin təzahürüdür. Mən məktubla məmnuniyyətlə tanış olacağam. Təbii ki, cavab da yazacağam.

Mən çox məmnunam ki, bizim aramızda belə mütəmadi əlaqələr yaranıbdır. Bu, çox əhəmiyyətlidir.

Stenli Eskudero: Çox sağ olun, cənab prezident. Çox sağ olun ki, xanım Olbraytın məktubuna cavab yazdınız. Deməliyəm ki, artıq həmin məktub Vaşinqtonda oxunub və çox müsbət qarşılanıbdır. Bu məsələlər haqqında Sizin fikirlərinizə, Sizin düşüncələrinizə biz böyük əhəmiyyət veririk. Lakin indiki məktub bir qədər başqa mövzudadır. Ümumiyyətlə, bu məktub ATƏT-in İstanbul sammitinə həsr olunmuşdur. Məlum olduğu kimi, bu sammit dörd aydan sonra keçiriləcəkdir. Xanım Olbrayt bu məktubunda həmin sammitə dair öz fikirlərini Sizinlə bölüşür və təkliflərini irəli sürür. Sözsüz ki, biz Sizdən cavab almağa, Sizin fikirlərinizi öyrənməyə və eləcə də təkliflərinizi cavab məktubunuzda görməyə çox şad olardıq. Əlbəttə ki, bu, bir növ həmin sammitə hazırlıq xarakteri daşıyan bir dövrdür və eyni zamanda, Azərbaycan ilə Amerika Birləşmiş Ştatlarının birgə hazırlığı mühüm əhəmiyyət kəsb edir.

Cənab prezident, Sizin özünüzün qeyd etdiyiniz kimi, bizim əlaqələrimiz artmaqdadır. Elə bilirəm ki, bu, xalq üçün, hər ikimiz üçün çox əhəmiyyətlidir. Bir daha çox sağ olun ki, məktubu qəbul edirsiniz. Böyük səbirsizliklə Sizdən cavab gözləyəcəyik.

Heydər Əliyev: Bu, çox vacib məsələdir - siz deyirsiniz ki, İstanbul sammiti haqqındadır. Bu, Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir.

Biz 1994-cü ilin dekabrında Budapeşt sammitində çalışdıq və müəyyən irəliləmə əldə etdik. 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə biz, hesab edirəm ki, yaxşı nailiyyətlər əldə edə bildik və təbii ki, bu ilin noyabr ayında keçiriləcək İstanbul zirvə görüşündə də çalışmalıyıq ki, məsələlərin həll olunması üçün yaxşı bir nəticəyə gələk. Mən çox məmnunam ki, xanım Olbrayt bu məsələləri indidən qaldırır. Mən öz fikirlərimi mütləq bildirəcəyəm.

Dediniz ki, xanım Şelton sizi əvəz edəcəkdi?

Stenli Eskudero: Bəli, cənab prezident, sabahdan başlayaraq sentyabrın 7-nə qədər o, məni əvəz edəcəkdir.

Heydər Əliyev: Mən sizi təbrik edirəm. Siz Azərbaycan dilini də bilirsiniz. Çox gözəl. Çox məmnunam ki, Azərbaycana bu qədər diqqət yetirirsiniz. Səfir Eskudero ilə bizim çox işgüzar və səmimi münasibətimiz vardır. Güman edirəm ki, siz də Amerikanın buradakı səfirliyində bu istiqamətdə əməkdaşlıq edəcəksiniz. Təbrik edirəm, uğurlar arzulayıram.

 
"Azərbaycan" qəzeti, 24 iyul 1999-cu il