Qazaxıstan Respublikasının milli bayramı şərəfinə "Gülüstan" sarayında keçirilən rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 24 oktyabr 1998-ci il


Qazaxıstanın hörmətli cənab baş naziri!

Hörmətli səfir!

Xanımlar və cənablar!

Qazaxıstanın Milli bayramı - Respublika günü münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm.

Biz şadıq ki, Azərbaycan xalqı kimi, qazax xalqı da yeddi il öncə öz dövlət müstəqilliyini elan etmiş və Qazaxıstan üçün, onun xalqı üçün yeni dövr başlanmışdır.

Qazax xalqı zəngin tarixə malikdir, dünya sivilizasiyasına misilsiz töhfə vermişdir. Lakin o, tam milli azadlığı, dövlət müstəqilliyini ilk dəfə 1991-ci ildə Sovetlər İttifaqının dağılması ilə əlaqədar qazanmışdır. İndi Qazaxıstan Dünya Birliyinə daxildir, öz taleyini özü müəyyənləşdirir, öz məsələlərini özü həll edir və istədiyi ölkələrlə qarşılıqlı surətdə faydalı münasibətlər yaradır. Bunu eşitmək xoş idi ki, Qazaxıstan dünyanın 150 ölkəsi ilə diplomatik münasibətlər yaratmışdır, Qazaxıstanda 50 xarici səfirlik fəaliyyət göstərir. Bunların hamısı müstəqilliyin, azadlığın bəhrələri və ötən yeddi ilin real nəticələridir.

Qazax və Azərbaycan xalqları arasında dostluq, qardaşlıq münasibətlərinin zəngin tarixi, dərin kökləri var. Bəli, biz həqiqətən eyni köklərə mənsubuq, əcdadlarımız bir olub, dillərimiz çox oxşardır, adətlərimizdə, mərasimlərimizdə və mili ənənələrimizdə oxşar cəhətlər olduqda çoxdur. Bütün bunlar əsrlər boyu xalqlarımız arasında dostluğu, onların qarşılıqlı köməyini və qarşılıqlı dəstəyini müəyyən edibdir. Keçmişdə və sona yetməkdə olan XX əsrdə bu dostluğu sübut edən bir çox parlaq səhifələr var. Ancaq mən hesab edirəm ki, həm qazax xalqı üçün, həm də Azərbaycan xalqı üçün həyatın ən xoşbəxt mərhələsi son dövr - müstəqilliyimizin, suverenliyimizin və azadlığımızın yeddi ilidir.

Bu yeddi ildə Azərbaycanda biz çox çətinliklərlə üzləşdik. Çətinliklər bu gün də, xüsusən Ermənistan tərəfindən hərbi təcavüzlə, ərazimizin bir hissəsini Ermənistan silahlı birləşmələrinin işğal etməsi, vətəndaşlarımızın, soydaşlarımızın öz yaşayış yerlərindən didərgin salınması ilə əlaqədar, - hazırda onlar bir milyon nəfərdən artıqdır və çox ağır şəraitdə, çadırlarda yaşayırlar, - indi də var.

Digər bir çox problemlər, çətinliklər də var. Ancaq bütün bunlara baxmayaraq, bu həyat, bu şərait Azərbaycan xalqı üçün ən xoşbəxt, ən fərəhli həyat və şəraitdir. Ona görə ki, biz azadıq, müstəqilik, öz müstəqil, demokratik, hüquqi, dünyəvi dövlətimizi qururuq, bütün vətəndaşlarımıza azadlıq vermişik, şərait yaratmışıq ki, ölkəmizin hər bir vətəndaşı öz bacarığından, imkanlarından istifadə edə bilsin və öz həyatını istədiyi kimi qura bilsin.

Bütün bunlar eyni dərəcədə Qazaxıstanda da baş verir. Qazaxıstan Mərkəzi Asiyanın ən iri ölkəsidir, çox geniş əraziyə, böyük təbii ehtiyatlara malikdir və çox mühüm coğrafi-strarteji mövqe tutur. Biz Qazaxıstanla bir çox sahələrdə, o cümlədən Xəzər dənizinin mineral və digər ehtiyatlarından istifadə olunmasında əməkdaşlıq edirik. Buna görə də bu gün qeyd etmək xoşdur ki, biz müvəffəqiyyətlə əməkdaşlıq edirik və əməkdaşlığımızın nəticələri, ən başlıcası isə zəngin perspektivi var.

Biz bütün bu məsələləri baş nazir, dostumuz Nurlan Utepoviç Balqimbayev başda olmaqla Qazaxıstan nümayəndə heyəti ilə dünən və bu gün müzakirə etdik. Dünən hökumətlərimiz arasında imzalanmış sənədlər əməkdaşlığımızı daha da inkişaf etdirmək yolunda yeni addımdır. Biz bir çox məsələləri müzakirə etdik və onların hamısı barədə yekdil rəyə gəldik, mövqelərimizin eyni, oxşar olduğunu gördük. Dövlətlərarası münasibətlərimizə gəldikdə isə, biz bunun çox yaxşı vəziyyətdə olduğunu, xüsusən də, təkrar edirəm, daha gözəl perspektivi olduğunu qeyd edə bilərik.

Hesab edirəm ki, Azərbaycan da, Qazaxıstan da öz müstəqillik bayramını qeyd edərək gələcəyə nikbinliklə baxırlar. Əminəm ki, qazax xalqı demokratikləşdirmə, bazar iqtisadiyyatı prinsiplərinin bərqərar edilməsi, iqtisadi, sosial islahatlar aparılması yolu ilə gedərək bütün sahələrdə, iqtisadiyyatın inkişafında və Qazaxıstan vətəndaşlarının rifahının əhəmiyyətli dərəcədə yaxşılaşmasında yeni nəticələrə nail olacaqdır.

Bu gün biz cəsarətlə deyə bilərik ki, Qazaxıstanla Azərbaycan arasında münasibətlər dostluq və qardaşlıq xarakteri daşıyır. Azərbaycanda biz buna böyük əhəmiyyət veririk və bu münasibətləri inkişaf etdirmək və dərinləşdirmək üçün hər şey edəcəyik.

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin 1996-cı ildə Azərbaycana rəsmi səfəri və Azərbaycan prezidentinin 1997-ci ildə Qazaxıstana rəsmi səfəri zamanı bir çox mühüm sənədlər, başlıcası isə dostluq və əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Bu sənədlər münasibətlərimizin daha da inkişaf etməsi üçün yaxşı zəmin yaratmışdır. Biz bütün müqavilələri, sazişləri həyata keçirmək və Qazaxıstan-Azərbaycan münasibətlərini yüksək sürətlə inkişaf etdirmək arzusundayıq.

Qazaxıstanda qarşıdan prezident seçkiləri gəlir. Qazaxıstan prezidentinin seçkiləri yanvarın 11-nə təyin olunubdur. Əminik ki, seçkilər demokratik prinsiplər əsasında keçəcək, azadlıq və demokratiya yolu ilə daha da irəlilədiyini nümayiş etdirəcək və qazax xalqı öz ölkəsinin gələcək inkişafı üçün düzgün qərar çıxaracaqdır.

Sizin hamınızı, bütün Qazaxıstan vətəndaşlarını bu əlamətdar bayram münasibətilə bir daha təbrik edirəm. Qazax xalqına, müstəqil Qazaxıstana sülh, firavanlıq, xoşbəxtlik və öz dövlət müstəqilliyini daha da inkişaf etdirmək və möhkəmləndirmək yolunda uğurlar arzulayıram. Sağ olun.