Azərbaycan Prezidenti Heydər Əliyevin ad günü münasibəti ilə Klivlend Klinikasında keçirilən mərasimdə çıxışı - Klivlend klinikasının hoteli, 10 may 1999-cu il


Heydər Əliyev: Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Mən bu gün Amerika Birləşmiş Ştatlarında, Klivlend şəhərində, dünyanın ən böyük tibb mərkəzlərindən biri olan klinikada müalicə keçirəm. Müalicəm artıq sona çatır. Bu gün belə təsadüf edibdir ki, mən doğum günümü öz ölkəmdə, Vətənimdə yox, burada, Amerika Birləşmiş Ştatlarında, Klivlend klinikasında keçirirəm. Bu da həyatın bir qəribəliyidir. Amma eyni zamanda hesab edirəm, bu çox gözəl haldır ki, mən doğum günümü Amerika Birləşmiş Ştatlarında qeyd edirəm.

Bu gün mənim ətrafımda qohumlarım, dostlarım və bu klinikada mənə xidmət edən həkimlər və tibb işçiləri vardır. Mənə göstərdiyiniz bu diqqətə , qayğıya görə sizin hamınıza təşəkkür edirəm. Sizin bu gün mənə xoş münasibətiniz, təbrikləriniz şübhəsiz ki, mənim tezliklə sağalmağıma kömək edəcəkdir.

Mən öncə Klivlend klinikasının həkimlərinə, tibb işçilərinə, məni burada müalicə edənlərə, cərrahiyyə əməliyyatı aparanlara, ümumiyyətlə, mənim müalicəmlə məşğul olanların hamısına təşəkkür edirəm.

Mənim ürəyimdə cərrahiyyə əməliyyatı aparılmasının səbəbkarları, "günahkarları" Erten Paşa və Murat Tuzçudur. Mən açıq demək istəyirəm, əgər Erten Paşa olmasaydı, mən Klivlendə gəlməyəcəkdim. Klivlendə gələndən sonra Murat Tuzçu əgər məni cərrahiyyə əməliyyatının mütləq aparılmasına inandırmasaydı, mən buna razı olmayacaqdım. Nəticə etibarilə görürəm ki, onlar çox təşəbbüs göstəriblər. Mən öz vəziyyətimi, sadəcə, bilmirdim. Ona görə də onlara xüsusi təşəkkür edirəm.

Mənim ürəyimdə cərrahiyə əməliyyatı aparan böyük cərrah Brüs Laytl böyük xidmətlər etmişdir. Mən ona xüsusi təşəkkürümü bildirirəm.

Burada klinikanın məni müalicə edən əməkdaşları vardır. Mən onların hamısına səmimi-qəlbdən təşəkkür edirəm. Mənə çox mehriban münasibət göstərirlər və çox da gözəl xidmət edirlər.

Ancaq mənim buraya gəlməyimə yol göstərən isə əziz dostum İhsan Doğramacıdır. Mən Amerikaya gəlməzdən bir neçə gün əvvəl İhsan Doğramacı Erten Paşa ilə xüsusi görüşüb, mənim səhhətim haqqında ondan məlumat alıb və ona məsləhət veribdir ki, prezident Heydər Əliyevi Amerikada mütləq müayinə etmək lazımdır. Erten Paşa əvvəldən də bu təklifləri mənə vermişdi. Ancaq dostum İhsan Doğramacı bu barədə öz fikirlərini ona deyəndən sonra o məni müayinə etmək haqqında sözlərini daha ürəklə, inamla mənə dedi.

İhsan Doğramacı mənim əziz dostumdur. Bizlərdə deyərlər: Dost dosta yaman gündə gərəkdir. O, 18 saat təyyarədə yol keçib, məni görmək, doğum günümdə mənimlə bərabər olmaq üçün buraya gəlibdir.

Əziz dostum, sənə təşəkkür edirəm. Mən sizin hamınıza təşəkkür edirəm. Hər birinizə cansağlığı arzu edirəm. Arzu edirəm heç biriniz cərrahiyyə əməliyyatına düçar olmayasınız, heç biriniz xəstəxanaya düşməyəsiniz. Əgər sizin başınıza belə hadisə gəlsə, mütləq Klivlend klinikasına gəlin.

Mərasimdə iştirak edən qonaqlara və Klivlend klinikasının həkimlərinə, tibb işçilərinə diqqət və qayğıya görə bir daha dərin minnətdarlığımı bildirirəm.

Tarixi arayış