"Ötən kənd təsərrüfatı ilinin yekunları, 1996-cı ildə görüləsi işlər, aqrar bölmədə iqtisadi islahatların həyata keçirilməsi vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin giriş sözü və yekun nitqi" (Bakı, 2 aprel 1996-cı il) sənədinə tarixi arayış


2 aprel 1996-cı ildə Prezident sarayında Heydər Əliyevin sədrliyi ilə ötən kənd təsərrüfatı ilinin yekunları, 1996-cı ildə görüləsi işlər, aqrar bölmədə iqtisadi islahatların həyata keçirilməsi vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Müşavirə bazar iqtisadiyyatına keçid şəraitində ölkə iqtisadiyyatının ümumi vəziyyəti ilə tanış olmaq, yerlərdə təsərrüfatçıları narahat edən problemləri həll etmək üçün lazımi tədbirlərin həyata keçirilməsi məqsədilə təşkil edilib. Ölkədə özəlləşdirmənin və torpaq islahatlarının tam həyata keçirilmədiyi bu mərhələdə iqtisadi inkişafa nail olmaq, əhalinin sosial-rifah halının getdikcə yaxşılaşdırılması üçün müvafiq iş planının işlənib hazırlanması müşavirənin gündəliyində əsas məsələlər olub.

Ümumiyyətlə Azərbaycan iqtisadiyyatının əsas sahələrindən biri olan kənd təsərrüfatının, aqrar bölmənin problemlərinə dair belə müşavirələr Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildən başlayaraq hər il iki və ya üç dəfə keçirilib. Bu müşavirələr bazar iqtisadiyyatına keçid şəraitində milli iqtisadiyyatın inkişafına xidmət edib. Qeyd etmək lazımdır ki, 1993-2000-ci illərdə belə müşavirələrin tez-tez keçirilməsi həm də ölkədə özəlləşdirmə və torpaq islahatları aparmaq üçün daha əlverişli qərarların qəbul edilməsinə, qanunverici bazanın təkmilləşdirilməsinə, icra strukturları arasında düzgün koordinasiyaya nail olmağa xidmət edib.

Ötən müddət ərzində Azərbaycan kənd təsərrüfatında inkişaf hiss olunacaq səviyyəyə gəlib çatıb. Bu da torpaq islahatları və özəlləşdirmənin həyata keçirilməsindən sonra başlayıb. Azərbaycanda kənd təsərrüfatında hər il orta hesabla 6-12 faiz artım qeyd edilir. Azərbaycanın sənayesi nə qədər inkişaf etsə də, o, aqrar-sənaye ölkəsidir. Rəsmi statistikanın görə, Azərbaycanda əhalinin 50 faizi kənddə yaşayır. Lakin bu gün əhalinin kütləvi şəkildə şəhərlərə axını ilə hiss olunur ki, bu da əsasən neft sənayesi və xidmət sahələrinin inkişafı ilə bağlıdır. Bu səbəbdən də aqrar sahədə sabit inkişafın saxlanılması üçün gələcək addımlar indidən müəyyən edilir. Bu məqsədlə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi (KTN) 2015-ci ilədək həyata keçirilməsi nəzərdə tutulan "Respublikada aqrar sahənin vəziyyəti və əsas inkişaf istiqamətləri" konsepsiyasının icrasına başlayıb.

Bütün bunlar ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması üçün də olduqca əhəmiyyətlidir. Belə ki, daxili kənd təsərrüfatı ehtiyatlarının davamlı artırılması hər bir ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün mühüm rol oynayır.

2 aprel 1996-cı ildə müşavirəni giriş sözü ilə açan Azərbaycan Prezidenti onun məqsədi və ölkə iqtisadiyyatının real durumu haqqında məlumat verib və milli iqtisadiyyatın konkret sahələri üzrə səlahiyyətli şəxslər hesabat məruzəsi ilə çıxış edib. Müşavirənin əsas çıxışçıları kənd təsərrüfatı naziri və Milli Məclisin sədr müavini olub.

Müşavirənin sonunda prezident Heydər Əliyev yekun nitqi söyləyib. O, öz çıxışında ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün kənd təsərrüfatının inkişafına xüsusi diqqət və yardımın ayrılmasını, iqtisadi islahatların sürətləndirilməsini və ədalətlə həyata keçirilməsinin günün ən vacib məsələləri sırasında olduğunu qeyd edib. O, deyib: "Mənim çox nikbin əhval-ruhiyyəm var. Əminəm ki, iki-üç il içərisində biz kənd təsərrüfatında, iqtisadiyyatın digər sahələrində həm özəlləşdirməni, həm də bütün digər islahatları həyata keçirsək, inanın ki, bugünkü adamlar Azərbaycanın iqtisadiyyatını tanımayacaq. Böyük sıçrayış, irəliləyiş olacaqdır". 

5 sentyabr 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib. İclasda aqrar sahədə əldə edilən nəticələr müzakirə edilib. Belə ki, 2008-ci ilin birinci yarısında ölkədə 1101900 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən bütövlükdə kənd təsərrüfatı məhsulları istehsalında 10,7 faiz, o cümlədən bitkiçilikdə 21 faiz və heyvandarlıqda 3,2 faiz artım deməkdir. Məsələn, 2008-ci ilin 4 avqustuna əsasən, ölkədə 845 min 821 hektar sahənin taxılı biçilib və 2 milyon 287 min 174 ton məhsul istehsal edilib. Bu da keçən ilin eyni dövrünə nisbətən 482 min ton çoxdur. (http://www.azerbaijan.news.az/)

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının müddəalarına uyğun olaraq ölkəmizdə intensiv tipli yeni meyvə və üzüm bağları salınmışdır. 2004-2007-ci illərdə 14 min 58 hektar meyvə bağı, 4679 hektar üzümlüklər salınaraq, meyvə bağlarının ümumi sahəsi 114 min hektara, üzümlüklər isə 11,1 min hektara çatdırılıb. (http://www.xalqqazeti.com/)

Sadalanan uğurların əldə edilməsində 2005-ci ildən Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə fəaliyyətə başlayan "Aqrolizinq" şirkətinin xüsusi rolu olub. Aqrar sahənin kənd təsərrüfatı texnikaları ilə təmin edilməsi ilə yaradılan bu qurum tərəfindən dövlət büdcəsindən ayrılmış vəsait hesabına 565 taxılyığan kombayn, 1578 traktor, 120 ekskavator, 21 texnoloji avadanlıq, 4396 ədəd digər kənd təsərrüfatı maşınları alınaraq fermer təsərrüfatlarına uzunmüddətli icarəyə verilib. (http://www.president.az/)

Bundan başqa dövlət başçısı İlham Əliyevin 23 yanvar 2007-ci il tarixli sərəncamı ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsini təmin etmək üçün 2007-ci ilin dövlət büdcəsindən 80 milyon manat vəsait ayrılıb, bu sərəncam 2008-ci il üçün qüvvədə qalıb. (http://www.aqro.gov.az/) 

2008-ci ilin ilk beş ayı ərzində Azərbaycandan 51,4 milyon ABŞ dolları məbləğində bitkiçilik və 6,3 milyon dollar məbləğində heyvandarlıq məhsulları ixrac edilib. Beləliklə, bir tərəfdən ölkə əhalisinin ərzaq məhsulları ilə təminatında daxili istehsalın rolu ilbəil yüksəlir, ixrac olunan məhsulların miqdarı və çeşidi artır, digər tərəfdən əhalinin ərzaq təminatının xarici amillərdən asılılığı minimuma endirilir. (http://www.azstat.org/)

Aqrar sahənin daha məhsuldar inkişafını təmin etmək məqsədilə 4 sentyabr 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə kənd təsərrüfatı, meşə təsərrüfatı, meliorasiya və su təsərrüfatı, ətraf mühitin mühafizəsi, hidrometeorologiya və balıqartırma sahələrində çalışan işçilərin əmək haqqı 1 sentyabr 2008-ci ildən etibarən 25% artırılıb. (http://www.president.az/)

Tarixi arayış 11 sentyabr 2008-ci ildə tərtib edilib.