Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Böyük Britaniya-Azərbaycan Cəmiyyətinin toplantısında nitqi - London, "Klaricis" mehmanxanası, 20 iyul 1998-ci il


Hörmətli sədr!

Hörmətli xanımlar və cənablar!

Mən sizin hamınızı bu əlamətdar hadisə - İngiltərə-Azərbaycan Dostluq Cəmiyyətinin yaranması münasibətilə ürəkdən təbrik edir və sizə, bu cəmiyyətə gələcək işlərinizdə uğurlar arzulayıram.

İngiltərə-Azərbaycan Cəmiyyətinin yaranması Birləşmiş Krallıq ilə Azərbaycan arasında əlaqələrin inkişafında tarixi bir hadisədir. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra, 1992-ci ilin mart ayında Birləşmiş Krallıqla Azərbaycan arasında diplomatik əlaqələr yaranmışdır. 1994-cü ilin fevral ayında mənim - Azərbaycan prezidentinin Birləşmiş Krallığa ilk səfərim olmuşdur. Bu rəsmi səfər zamanı Britaniya hökuməti ilə Azərbaycan arasında əlaqələr yaranmış və bunları inkişaf etdirmək üçün müqavilələr, sazişlər, bir çox digər sənədlər imzalanmışdır. Məmnuniyyət hissi ilə qeyd edirəm ki, ötən illər ərzində Birləşmiş Krallıqla Azərbaycan arasında əlaqələr bütün sahələrdə - siyasi, iqtisadi, mədəni, elmi, insani sahələrdə sürətlə inkişaf edibdir. Bunun ən bariz nümunəsi odur ki, cəmiyyətin sədri Tim Eqqarın dediyi kimi, Birləşmiş Krallıqdan Azərbaycanda 100-dən artıq şirkət fəaliyyət göstərir. Bu fakt bizim əlaqələrimizin yalnız bir hissəsini əks etdirir. Ancaq qeyd etdiyim kimi, əlaqələrimiz həyatın bütün sahələrini əhatə edir. İndi isə yəqin ki, elə bir mərhələ gəlib çatıbdır ki, təkcə hökumətlər, dövlətlər arasında əlaqələr yox, insanlar arasında cəmiyyət - İngiltərə-Azərbaycan Cəmiyyətini qurub adamları bir-birinə daha da yaxınlaşdırmaq, dostluq etmək, bu sahədə də işlər görmək lazımdır. Bu baxımdan mən İngiltərə-Azərbaycan Cəmiyyətinin yaranmasını yüksək qiymətləndirir, bunu bəyənir, alqışlayır və bu münasibətlə sizi bir daha təbrik edirəm.

Hesab edirəm, bu, böyük nailiyyətdir ki, cəmi dörd il müddətində İngiltərədə, Birləşmiş Krallıqda Azərbaycanın dostları nə qədər artıb ki, indi belə bir cəmiyyət yaranıb və onun dəvəti ilə İngiltərənin, Londonun çoxsaylı insanları bu gün bu salona toplaşıblar. Şübhəsiz ki, bu cəmiyyətin yaranmasında Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyinin və səfirin xidmətləri böyükdür. Ancaq bu, səfirliyin borcu və vəzifəsidir. Bu cəmiyyəti yaradan İngiltərənin, Birləşmiş Krallığın tanınmış adamlarının, şəxslərinin xidməti isə daha yüksək qiymətə layiqdir. Mən çox məmnunam ki, cəmiyyətin rəhbərliyində Birləşmiş Krallıqda məşhur olan şəxslər təmsil ediliblər. Onlar eyni zamanda Azərbaycanda da çox tanınan və hörmətli insanlardır. Cəmiyyətin sədri cənab Tim Eqqar uzun müddət Birləşmiş Krallığın parlamentinin üzvü və energetika naziri vəzifəsində işləmişdir. Birləşmiş Krallıqda tanınmış və çox hörmətli şəxslərdən biridir. Cənab Tim Eqqarın imzası 1994-cü il sentyabr ayının 20-də Azərbaycanda, Bakıda imzalanmış ilk müqavilənin, "Əsrin müqaviləsi"nin altındadır. Biz birlikdə böyük bir təşəbbüs irəli sürmüş və onu həyata keçirmişik - XX əsrin sonunda Xəzər dənizinin neft-qaz ehtiyatlarını bütün bünyaya tanıtmışıq və böyük ölkələrin, iri şirkətlərin marağını oraya cəlb etmişik. Məmnunam ki, məhz cənab Tim Eqqar bu cəmiyyətin sədridir.

Mən böyük məmnuniyyət hissi ilə bildim ki, cəmiyyətin rəhbər orqanında keçmiş xarici işlər naziri cənab Rifkind də var. Cənab Rifkind Birləşmiş Krallığın xarici işlər naziri olarkən Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin inkişaf etməsində böyük xidmətlər göstərmişdir. Bakıda Birləşmiş Krallıqla Azərbaycan arasında imzalanmış bir çox vacib sənədlərə məhz cənab Rifkind imza atıbdır. 1996-cı ilin aprel ayında Qafqazın digər respublikaları ilə birlikdə Azərbaycan Avropa Birliyi ilə tərəfdaşlıq haqqında sənəd imzalayarkən cənab Rifkind bu hadisənin iştirakçısı olmuş və orada Avropa Birliyinin üzvü kimi Birləşmiş Krallığı təmsil etmişdir.

Cəmiyyətin rəhbərliyində cənab Terri Adamsın olması da məni çox sevindirmişdir. Cənab Terri Adams həm sizin ölkədə, həm də Azərbaycanda çox tanınmış bir şəxsdir. 1994-cü ilin sentyabr ayında biz ilk müqaviləni bağlayandan sonra, onu imzalamış 11 şirkətin daxil olduğu konsorsium Beynəlxalq Əməliyyat Şirkəti yaratdı və ötən illərdə bu şirkətə Terri Adams rəhbərlik etdi. Ötən dörd il müddətində biz cənab Terri Adamsla böyük və şərəfli yol keçmişik. İki tarixi hadisəni xatırlayıram. 1996-cı ilin yanvarında mən Moskvaya getdim ki, Xəzər dənizindən çıxarılacaq ilkin neftin ixracı üçün şimal boru kəmərinin marşrutu haqqında Rusiya ilə Azərbaycan arasında müqavilə imzalayım. Bu müqaviləni Rusiyanın Baş naziri cənab Çernomırdin və mən imzaladıq. Cənab Terri Adams mənimlə bərabər idi, bu səfərdə məni müşayiət edirdi. 1997-ci il noyabr ayının 12-də Azərbaycanda, Bakıda 1994-cü ildə imzalanmış müqavilənin həyata keçirilməsi nəticəsində ilkin neftin alınmasını bayram etdik. Bu ilkin neft məhz 1996-cı ilin yanvarında mənim Moskvada Rusiya ilə imzaladığım müqavilə əsasında yaranmış Şimal boru kəməri vasitəsilə indi ixrac olunur. Cənab Terri Adams bu tarixi hadisənin də fəal iştirakçısı olmuşdur. Buna görə onun İngiltərə-Azərbaycan Cəmiyyətinin rəhbərliyində olması tamamilə əsaslıdır.

Cəmiyyətin digər üzvləri də çox hörmətli insanlardır. Mən vaxtınızı alıb bu barədə danışmaq istəmirəm. Ancaq bu sözləri ona görə dedim ki, İngiltərə-Azərbaycan Cəmiyyətinin necə yüksək şəxslər tərəfindən yaradıldığını hamı bilsin.

Bu gün mənim Birləşmiş Krallığa rəsmi səfərim başlayıbdır. Səhər saat 9-dan görüşlər keçirirəm. Bu görüşlər çox məhsuldar və səmərəlidir. Sabah mən Birləşmiş Krallığın Baş naziri ilə görüşəcəyəm. Biz ölkələrimiz arasında dostluğu, əməkdaşlığı bir daha təsdiq edən Bəyannamə imzalayacağıq. Böyük Britaniyanın, Birləşmiş Krallığın şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında böyük əhəmiyyət kəsb edən bir neçə müqavilə imzalanacaqdır. Sabah mən əlahəzrət kraliça ilə görüşəcəyəm. Görüşlərim qarşıdakı günlərdə də davam edəcək və məqsədim də Birləşmiş Krallıqla Azərbaycan arasında əlaqələri daha da inkişaf etdirməkdən ibarətdir.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra, xüsusən son beş ildə böyük bir yol keçmişdir. Biz ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi aparırıq. Biz ölkəmizdə bazar iqtisadiyyatı yaradır və inkişaf etdiririk. Biz ölkəmizi dünyaya açmışıq və bütün ölkələrlə iqtisadi inteqrasiya prosesinə qoşulmuşuq. Görülən işlər, xüsusən həyata keçirilən islahatlar son illərdə Azərbaycanda vəziyyəti müsbət istiqamətdə xeyli dəyişdirmişdir. Ermənistanla Azərbaycan arasında olan hərbi münaqişədə 1994-cü ilin may ayında atəşkəs yaratmışıq və dörd ildən artıqdır ki, atəş yoxdur, məsələnin sülh yolu ilə həlli üçün danışıqlar aparılır. Keçmiş illərdə Azərbaycanda mövcud olan qanunsuz cinayətkar qruplar, qanunsuz silahlı dəstələr ləğv edilib, ictimai-siyasi sabitlik tamamilə təmin olunubdur. İndi Azərbaycanda insanlar rahat yaşayır, xarici sərmayəçilər üçün bütün imkanlar yaradılıbdır. Azərbaycanda Birləşmiş Krallığın 100-dən artıq şirkətinin işləməsi onu göstərir ki, xarici sərmayəçilər üçün bütün imkanlar var. Ancaq Azərbaycana gələn sərmayəçilər təkcə sizin ölkədən deyildir. Artıq dünyanın bütün ölkələrindən Azərbaycana sərmayəçilər gəlmişlər. Mən çox sevinirəm ki, nəhayət, Azərbaycan Amerika Birləşmiş Ştatları ilə Birləşmiş Krallıq arasında rəqabət yarada bilmişdir. Bu, asan məsələ deyildir. Əgər biz buna nail olmuşuqsa, görün ki, Azərbaycan nə işlər görə bilər.

Beləliklə, bizim əməkdaşlığımızın çox gözəl gələcəyi var. Bu baxımdan İngiltərə - Azərbaycan cəmiyyətinin də çox böyük gələcəyi var . Mən sizin hamınızı ürəkdən salamlayır, hər birinizə cansağlığı, səadət arzulayıram. Birləşmiş Krallığın bütün vətəndaşlarına sülh və əmin-amanlıq arzulayıram. Hər birinizə həyatınızda və işinizdə yeni-yeni uğurlar arzulayıram. Sağ olun.