Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ölkəmizdə Milli Məclisə Seçkiləri müşahidə etmək üçün Bakıya gəlmiş nümayəndə heyəti ilə görüşdə söhbəti - Prezident sarayı, 4 noyabr 2000-ci il


Heydər Əliyev: Hörmətli cənab Qross! Hörmətli qonaqlar!

Mən Avropa Şurası Parlament Assambleyasının belə mötəbər nümayəndə heyətinin Azərbaycana gəlməsindən çox məmnunam. Sizi Azərbaycanda səmimi-qəlbdən salamlayıram.

Sizin Azərbaycana gəlməyinizin və bizim görüşümüzün məqsədi hamıya aydındır. Biz Azərbaycanda neçə aylardır ki, yeni parlament seçkilərinə hazırlıq işləri görürük. Nəhayət, sabah bu seçkilər baş verəcəkdir. Siz isə, bir çox başqa beynəlxalq təşkilatlar kimi, öz mötəbər nümayəndə heyətinizi Azərbaycana gətirmisiniz ki, bizim seçki prosesini müşahidə edəsiniz və ona qiymət verəsiniz.

Azərbaycan bir müstəqil dövlət kimi gəncdir. Demokratik seçkilərin keçirilməsində müəyyən təcrübə toplasa da, hələ bəlkə də yüksək səviyyəyə çata bilməyibdir. Ancaq başlıcası ondan ibarətdir ki, Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən indiyə qədər demokratiya yolunu özünün əsas yolu tutubdur və bundan sonra da tutacaqdır. Biz bu yol ilə gedirik və bundan sonra da gedəcəyik.

Demokratiyanın mühüm atributlarından biri də seçkilərin, xüsusən parlament seçkilərinin keçirilməsidir. Biz beş il bundan öncə müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyasını qəbul etdik və o vaxt da Azərbaycanda ilk parlament seçkiləri keçirdik. Çalışdıq ki, seçkilər demokratik olsun. Hesab edirik ki, biz bu sahədə çox şeyə nail olduq. Çünki indiyə qədər mövcud olan Azərbaycan parlamentində müxtəlif qüvvələr təmsil ediliblər. Başlıcası ondan ibarətdir ki, Azərbaycanın Milli Məclisi, parlamenti ötən beş il içərisində çox məhsuldar işləyibdir. Demək olar ki, Azərbaycanın həyatının bütün sahələrində demokratik prinsipləri yaratmaq, inkişaf etdirmək üçün çoxsaylı və dünya standartlarına uyğun qanunlar qəbul ediblər.

Biz demokratiyanı təkcə seçkilərdə görmürük. Məsələn, Azərbaycanda bazar iqtisadiyyatının həyata keçirilməsi və bunun vasitəsilə iqtisadiyyatın inkişaf etdirilməsi, sosial problemlərin həll olunması da demokratiyanın bir hissəsidir. Yaxud da dövlət quruculuğu prosesi, hüquqi islahatlar, bütün insan azadlıqları, mətbuat azadlığı, vicdan azadlığı, fikir azadlığı. Biz bu prinsipləri dövlətimizin əsası kimi qəbul etmişik. Ancaq onları tənzimləmək üçün, təbiidir ki, müvafiq qanunlar lazımdır. Mən bu gün cəsarətlə deyə bilərəm ki, bu qanunların əksəriyyəti qəbul olunub və işləyir. Məhz bunların nəticəsində biz bugünkü Azərbaycanda real olan vəziyyətə və uğurlarımıza nail ola bilmişik. Bu nailiyyətlərlə yeni seçkilərə gəldik. Biz belə hesab edirik ki, demokratiyanın əvvəli var, sonu yoxdur. Biz demokratiyanın birinci mərhələsindəyik və hesab etmirik ki, demokratiya, o cümlədən seçkilərin demokratik keçirilməsi sahəsində zirvəyə çatmışıq. Amma əsas şərt odur ki, biz bu yolu gedirik. Müəyyən bir məsafə qət etmişik, təcrübə əldə etmişik. Tam olmasa da, təbii ki, vətəndaşlarımızda demokratik fikirləri yarada bilmişik. İndi istəyirik ki, bu seçkilərdə demokratiya sahəsində irəliyə yeni bir addım ataq. Seçkiqabağı aparılan işlər, hər halda, bunu göstərir. Çünki müşahidəçilər olublar. Bu onu göstərir ki, seçkiqabağı prosesdə, kampaniya demokratiyaya uyğun olan bütün tədbirləri görə bilmişik.

Birincisi, seçkidə iştirak etmək arzusunda olan bütün partiyaların hamısı seçkilərdə iştirak edirlər. Onların bəziləri bizim seçki qanununa görə seçkidə iştirak etmək hüququ əldə edə bilməmişdi, buna baxmayaraq, Mərkəzi Seçki Komissiyası tərəfindən onlara güzəşt olunubdur. Çoxsaylı qəzetlərdə öz fikirlərini, mülahizələrini, bugünkü iqtidara münasibətlərini bildirirlər. Dövlət televiziyası, yaxud da özəl televiziya vasitələri ilə də çoxsaylı çıxışlar ediblər. Bu partiyaların əksəriyyəti bugünkü iqtidara müxalifətdə olan partiyalardır. Bu partiyaların nümayəndələrinin çıxışlarında – mən onları dinləyirdim – bir leytmotiv vardır: bugünkü iqtidarı sağına-soluna tənqid etmək, sübut etmək ki, 7 ildə bugünkü iqtidar Azərbaycanın heç bir problemini həll etməyibdir. Hər partiya bəyan edir ki, bugünkü iqtidar hakimiyyətdən getməlidir və vəd edir ki, biz gəlib Azərbaycanı daha da yaxşı idarə edəcəyik. Bəzən bu 7 il müddətində görülən işlərin hamısını inkar edərək, ortaya qovluqlar qoyurlar ki, bax, bu bizim konsepsiyamızdır. Bunların hamısı Azərbaycanda fikir azadlığının, mətbuat azadlığının – bütün azadlıqların mövcud olduğunu sübut edir. Məsələn, biz bilirik ki, xalqın əksəriyyəti o çıxışları qəbul etmir, yaxud da bunlara razı ola bilmir. Ancaq onların tərəfdarları yəqin ki, bu çıxışlarla həmrəydirlər. Bu da demokratiyanın təzahürüdür. Bu barədə çox danışmaq olar. Mən sadəcə, bu sözlərlə onu ifadə etmək istəyirəm ki, seçkiqabağı proses, hesab edirəm, çox açıq, aşkar, demokratik şəraitdə keçibdir. Bu da bizdə bir ümid, inam yaradır ki, sabah seçkilər demokratik şəraitdə keçəcəkdir. Hesab edirəm ki, hər halda, bunun üçün lazım olan hər bir şəraiti yaratmışıq. Siz də müşahidə edəcəksiniz.

Əlbəttə, siz hamınız Avropadan gəlmiş adamlarsınız. Biz də Avropa qitəsində yaşayırıq. Amma Avropa ölkələrinin demokratiya sahəsində təcrübəsi və keçdiyi yol çox böyükdür. Biz də Avropa dəyərlərini Azərbaycanda təbliğ etməyə çalışırıq. Hətta Avropa Şurasına daxil olmaq istəyirik. Ona görə gərək siz bu şeylərə sırf Avropa gözlüyü ilə yox, buradakı reallığı nəzərə alaraq qiymət verəsiniz. Mən, hər halda, öz fikrimi deyirəm. Amma mən bilirəm, sizin hər birinizin öz fikri vardır. Biz çalışacağıq seçkilər demokratik, aşkar, şəffaf, ədalətli keçirilsin. Müşahidəçilərdən arzumuz odur ki, onlar da ədalətli olsunlar. Son illər demokratik ölkələrlə, Qərbin bütün demokratik ölkələri ilə bizim əməkdaşlığımız və birgə bir çox işlərimiz onu göstərir və bizi inandırır ki, siz, təbiidir ki, müşahidəçi kimi Azərbaycandakı seçkilərə ədalətli münasibət göstərəcəksiniz. Mən bu yolda sizə uğurlar arzulayıram. Sağ olun.

Andreas Qross (İsveçrə, nümayəndə heyətinin rəhbəri): Cənab Prezident, sağ olun. Bizi qəbul etmək üçün ayırdığınız vaxta görə Sizə təşəkkür edir, bunu çox yüksək qiymətləndiririk. Söylədiyiniz xoş sözlərə görə Sizə minnətdarlığımızı bildiririk və eyni zamanda demokratiyanın qurulmasında qətiyyətlilik göstərmək barədəki sözlərinizi məmnuniyyətlə qarşılayırıq.

Bizim nümayəndə heyəti Avropanın 10 demokratik dövlətinin parlamentini təmsil edən nümayəndələrdən ibarətdir. Bu 10 ölkənin hamısı demokratik cəmiyyətlərdir. Lakin onu da yaxşı anlayırıq ki, demokratiyanın özü uzun bir prosesdir. Bu prosesin başlanğıcı var və daim davam edir. Ayrılıqda götürülmüş heç bir demokratiya kamil demokratiya deyildir. Nümayəndə heyətimizə həmçinin Avropa Şurası Parlament Assambleyası Siyasi Komitəsinin uzvləri də daxildirlər. Bəzilərimiz bu komitədə çalışırıq və son dövrlər Azərbaycanın demokratiyaya gedən uzun yolda əldə etdiyi tərəqqi barədə tez-tez müzakirələr aparmışıq. Hesab edirəm, Avropa Şurası Parlament Assambleyasının iyun ayında Azərbaycanı və Ermənistanı Avropa Şurasına qəbul etmək barədə qərarı onu göstərir ki, bizim mövqeyimiz ədalətli mövqedir və sizin əldə etdiyiniz nailiyyətləri dəstəkləyirik.

Biz Azərbaycanda, eləcə də bütün Avropada demokratiyanın inkişaf etdirilməsi üçün sabahkı seçkilərin əhəmiyyətliliyi barədə sizin söylədiklərinizlə tamamilə şərikik. Bir məsələyə də toxunmaq istəyirəm ki, tənqid məsələsi və müxalifətin olması ən qədim tarixdən üzü bəri mövcuddur. Tənqid sözünün özü hətta XVI əsrdən bu yana hər zaman işlədilməkdədir. Bəzən müxalifətə, tənqid sözünə bir medalın iki üzü kimi baxırlar və bəzən bu sözlərin arasına bərabərlik işarəsi də qoymaq olar. Yəni bizim partiya daha yaxşı idarə edəcəkdir mənasını verir. Bu, demokratiyanın ayrılmaz bir hissəsidir. Cənab Prezident, bizim çoxumuzun Sizə sualı vardır. İcazə versəydiniz, o sualları sizdən sorardıq. Əgər belə bir müzakirəyə icazə verirsinizsə, biz buna başlaya bilərik.

Heydər Əliyev: Yaxşı, mətbuat lazımdır, yoxsa yox?

Andreas Qross: Cənab Prezident, Siz qərar verin.

Heydər Əliyev: Yox, siz necə hesab edirsiniz?

Andreas Qross: Mətbuat işıq deməkdir. Demokratiyada da heç bir kölgə olmur. Biz heç bir işıqdan qorxmuruq. Ona görə də mətbuatın burada olmasına etiraz etmirik.

Heydər Əliyev: Biz də qorxmuruq. Mən bu sualı ona görə verirəm ki, qəbul etdiyim nümayəndə heyətləri bəzən az sonra xahiş edirlər, mətbuat iştirak etməsin. Mən isə, adətən, mətbuatın bizim danışıqlarda iştirak etməsinin daim tərəfdarıyam. Buyurun.

Andreas Qross: Cənab Prezident, birinci sualı mən verirəm. Adətən, bu ölkələrdə seçki prosesində seçicilər az sayda iştirak edirlər. Məsələn, referendium, seçkilər keçirilərkən bunu muşahidə etmişik. Seçicilərin 30–40 faizinin seçki məntəqələrinə gəlib səsvermədə iştirak etməsini müşahidə edirik. Güman edirik, belə gözlənilir ki, sabahkı seçkidə əhalinin 30–40 faizi iştirak edəcəkdir. Siz əhalinin seçkidə belə az sayda iştirakını necə izah edərdiniz?

Heydər Əliyev: Bilirsiniz, mən bilmirəm, neçə faiz gələcəkdir. Hər halda, bizim qanunda yazılıb ki, 25 faiz gəlsə, seçki baş tutmuş hesab olunur. Bildiyimə görə, hətta bəzi ölkələrdə heç faiz də yoxdur. Nə qədər gəlir gəlsin, gələnlərdən kim daha çox səs alır, o da seçilir. Mən hesab edirəm ki, Azərbaycanda seçkilərə maraq çoxdur. Həm əhalidə, həm də müxalifətdə çoxdur. Ona görə hesab edirəm, 25–30, bəlkə də 40 faizdən artıq gəlsinlər.Bəlkə bu işin sirrini siz bilirsiniz? Çünki seçkilərə sizin ölkələrdə də az gəlirlər.

Andreas Qross: Cənab Prezident, biz bunu sonra aydınlaşdırarıq. Növbəti sualı İspaniyanın nümayəndəsi vermək istəyir.

Heydər Əliyev: Buyurun.

Gillermo Martines Kasan (İspaniya): Cənab Prezident, son bir neçə il ərzində Sizin qarşınızda çox çətin vəzifələr olmuşdur. Bu vəzifələr birinci növbədə ölkənizin müstəqilliyinin qorunub saxlanması və möhkəmləndirilməsi, ölkədəki ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi, dövlətinizdə demokratik təsisatların yaradılması və inkişaf etdirilməsi, Azərbaycanda demokratik standartların bərqərar olunmasıdır. Bu sahədə əldə etdiyiniz nailiyyətləri yüksək qiymətləndiririk. Ola bilər bu, Azərbaycanda parlament seçkilərini müşahidəçi qismində izləməyəcəyimiz axırıncı seçkilərdir. Siz dediniz, məhz Sizin sayənizdə son beş ildə ölkənizdə parlament fəaliyyət göstərib və dövrünü başa çatdırmağa nail olubdur. Bir çox Avropa dövlətləri sabahkı seçkilərə Azərbaycanda parlamentin fəaliyyəti istiqamətində mühüm bir addımın atılacağı kimi baxırlar. Bu da bir reallıqdır ki, Azərbaycanda siyasi fəaliyyətin böyük bir qismi məhz Sizin üzərinizə düşübdür, Sizin çiyinlərinizdə, hökumətinizin üzərində olubdur. Ümidvarıq ki, növbəti parlament daha yetkin, daha kamil parlament kimi formalaşacaqdır. Beləliklə də ölkədə demokratiyanın, maddi rifah halının inkişaf etdirilməsinin və sabitliyin qorunub saxlanması kimi siyasi vəzifələrin müəyyən qisminin parlamentdə bölüşdürülməsi üçünvaxt yetişibdir.

Heydər Əliyev: Əvvəlcə Azərbaycanda bizim əldə etdiyimiz nailiyyətlərə verdiyiniz müsbət qiymətə görə təşəkkür edirəm. Siz deyirsiniz ki, bu işlərin hamısı mənim üzərimə düşübdür. Mən bununla razı ola bilmərəm. Çünki sizə dedim ki, bizim parlament çox məhsuldar işləyibdir. Təsəvvür edin, beş ildə 900 qanun qəbul edibdir. Özü də ən çətin qanunlar. Məsələn, bir neçə məcəllələr vardır. İndiyə qədər biz SSRİ-nin məcəllələri ilə işləyirdik. Cinayət Məcəlləsi, cinayət prosessual, mülki, mülki-prosessual məcəllələr, Ailə Məcəlləsi, Vergi Məcəlləsi, İnzibati Hüquqpozmalar Məcəlləsi. Bir qanun var, bir də məcəllələr vardır. Təbiidir ki, qanun müəyyən bir məsələni əhatə edir. Ancaq məcəllələr həyatın bütün sahələrini əhatə edir. Ona görə bu qanunlardan əlavə, məcəllələri də deyirəm. Bunları hazırlamaq, parlamentdə müzakirə etmək, son həddə gətirib cəmiyyətə təqdim etmək – bunlar az iş deyildir. Əgər bu qanunlar, məcəllələr olmasaydı, hökumət də bu işləri görə bilməzdi və bu nailiyyətlər əldə oluna bilməzdi.

Biz hüquqi dövlət qururuq. Hüquqi dövlətin də əsasını təşkil edən qanunlardır. Ona görə bizim hamımızın üzərinə çox vəzifələr düşübdür. Amma hakimiyyətin hər qolu öz vəzifəsini yaxşı həyata keçirsə, demək, bizim ümumi işimiz yaxşı olacaqdır. Əlbəttə, bir prezident kimi, mən işimi yüngülləşdirməyin əleyhinə deyiləm. Onsuz da işlərim çoxdur və nə qədər mümkündür, bunu edirik. Bundan sonra da edəcəyik.

Andreas Barsoni (Macarıstan): Cənab Prezident, ümidvarıq ki, sabah seçki məntəqələrinə gələcək seçicilərin bir qismi də yerindən-yurdundan köçkün düşmüş yüz minlərlə insanlardır. Onlar Azərbaycanın müxtəlif bölgələrinə səpələniblər. İndi onlar öz yurdlarında, kəndlərində səs vermək hüququndan məhrum olublar. Çünki onların torpaqları qonşu ölkə tərəfindən işğal edilibdir. Bilmək istərdik ki, Ermənistan ilə Azərbaycan arasında tarixi barışın əldə edilməsi prosesini necə görürsünüz? Həm sizin ölkənizin qarşısında duran əsas problem olan, həm də köçkünlərin ən ciddi, əsas problemi olan bu münaqişənin sülh yolu ilə həll olunması baxımından yaxın müddətdə hansı perspektivləri görürsünüz? Bu barədə fikirlərinizi bilmək bizim üçün maraqlı olardı.

Heydər Əliyev: Çox gözəl sualdır. Təşəkkür edirəm. Çünki bu bizim xalqımızın, ölkəmizin ən ağır, ən çətin və ən vacib problemidir. Mən çox məmnunam ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpağının 20 faizini işğal etdiyini siz bilirsiniz. İşğal olunmuş torpaqlardan bir milyona qədər azərbaycanlılar məcburən öz yerlərini tərk ediblər və əksəriyyəti çadırlarda yaşayır. Çadırda bir ay, bir il yaşamaq olar, amma çadırda səkkiz il yaşamaq, təsəvvür edin, nə qədər çətin bir şeydir. Ona görə də bizim, hamımızın, yəni Azərbaycanın bugünkü hakimiyyətinin, o cümlədən də mənim, Azərbaycan prezidentinin ən əsas vəzifəsi və ən çox vaxt sərf etdiyi məsələ Ermənistan – Azərbaycan münaqişəsini həll etməkdən ibarətdir.

Bilirsiniz ki, 1988-ci ildən 1994-cü ilə qədər müharibə gedibdir. On minlərlə adam həlak olubdur, çoxları yaralanıb, əlil olubdur. Sağ qalanları da işğal nəticəsində bizim ən məhsuldar torpaqlarımız olan rayonlardan, bölgələrdən zorla çıxarılıblar. Vəziyyətdən çıxmaq üçün biz 1994-cü ilin may ayında – bu mənim təşəbbüsüm olmuşdur və Ermənistan da ona qoşulmuşdur – atəşin kəsilməsi haqqında saziş əldə etdik. Ondan sonra sülh danışıqları aparırıq. Dünyada olan bütün beynəlxalq təşkilatların imkanlarından istifadə etməyə çalışırıq. Bu məsələnin sülh yolu ilə həll olunması üçün ATƏT xüsusi bir Minsk qrupu yaradıbdır. Minsk qrupuna Rusiya, Amerika və Fransa rəhbərlik edirlər. Onlar dünyanın ən böyük ölkələridir. Biz onlarla mütəmadi əməkdaşlıq edirik. Minsk qrupunun bir neçə təklifləri olubdur. Bu təkliflər Azərbaycan üçün o qədər də məqbul olmayıbdır. Amma buna baxmayaraq, sülh əldə etmək üçün, işğal olunmuş torpaqları azad etmək və Dağlıq Qarabağa ən yüksək özünüidarə statusu vermək üçün biz bu təklifləri qəbul etdik. Amma Ermənistan bunu qəbul etmir. Mən bilirəm ki, sizin ölkənizin Rumıniya ilə buna oxşar problemləri var idi. Elədirmi?

Andreas Barsoni: Bəli.

Heydər Əliyev: Amma siz onu həll etdiniz.

Andreas Barsoni: Bəli, sülh yolu ilə həll etdik.

Heydər Əliyev: Sülh yolu ilə həll etdiniz. Mən Rumıniyanın prezidenti ilə və sizin ölkənin prezidenti ilə danışmışam, həll etdiniz. Amma burada Ermənistan tərəfi qeyri-konstruktiv mövqe tutur. O, torpaqları işğal etdiyi üçün öz üstünlüyündən istifadə edir və Dağlıq Qarabağa tam müstəqillik statusu almaq istəyir.

1996-cı ilin dekabrında ATƏT-in Lissabon zirvə görüşündə bir sənəd qəbul olundu. Orada Azərbaycanın və Ermənistanın ərazi bütövlüyü, Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində ən yüksək dərəcəli özünüidarə statusu verilməsi prinsipləri var. Amma Ermənistan buna razı olmur. Ermənistan deyir ki, Dağlıq Qarabağa dövlət müstəqilliyi vermək lazımdır. Təbiidir ki, bu da beynəlxalq hüquq normalarına ziddir və Azərbaycanın suveren hüquqlarını, ərazi bütövlüyünü pozur. 1999-cu ilin aprel ayından mən Ermənistan prezidenti Köçəryan ilə mütəmadi bir neçə görüşlər keçirmişəm. Biz bu görüşlərdə bir-birimizi müəyyən qədər anlaya bilmişik. Həm prezident Köçəryan, həm də mən belə fikir irəli sürmüşük ki, hər iki tərəf müəyyən kompromislərə getməlidir. Bu məsələləri ATƏT-in Minsk qrupunun rəhbərləri bilirlər. Ancaq Ermənistan bu danışıqlardan da çəkilibdir. İndi nə edək?

İndi müxalifət bu seçki qabağı məni ona görə günahlandırır ki, yeddi ildə Azərbaycanın prezidenti olaraq bu məsələni həll etməmişəm. Bəziləri də belə çağırışlar edirlər ki, əgər bu məsələ sülh yolu ilə həll olunmursa, müharibə etmək lazımdır. Ölsək də, öz torpaqlarımızı azad etmək lazımdır. Bu da bəzi insanlarda belə əhval-ruhiyyə yaradır. Amma mən isə 1994-cü ildə müharibəni saxlamışam, qan tökülməsini saxlamışam və o vaxtdan indiyə qədər məsələnin yalnız sülh yolu ilə həll olunması mövqeyindəyəm. Mən inanmıram, Azərbaycanda ikinci bir şəxs ola bilər ki, bu işlə mənim qədər dərin, ətraflı məşğul ola bilsin. Amma mənə qarşı ittihamlar irəli sürən müxalifətin hər biri deyir ki, Heydər Əliyev bu məsələni həll edə bilmir, biz hakimiyyətə gələcəyik, bunu həll edəcəyik. Vəziyyət belədir. Ancaq mən heç də ümidsiz deyiləm. İnanıram ki, biz bu məsələni sülh yolu ilə həll edəcəyik. Güman edirəm ki, Ermənistan da, Azərbaycan da tezliklə Avropa Şurasına daxil olsa, Avropa Şurası öz fəaliyyətini bu barədə daha da fəallaşdıra bilər.

Andreas Qross: Cənab Prezident, çox sağ olun. Sonuncu sözünüzlə əlaqədar onu bildirmək istəyirəm ki, biz bu fikri tamamilə bölüşürük. Hesab edirik ki, Avropa Şurası öz qapılarını hər iki ölkəyə açmalıdır. Bu iki ölkəni Avropa Şurasına üzv qəbul etməklə bu münaqişənin sülh yolu ilə həll olunmasına öz töhfəmizi verə bilərik. Hətta biz Avropa Şurasında artıq başqa ölkələrdə belə müvafiq münaqişələrin tarixini öyrənməyə, həmin ölkələrdə hansı qurumlara muxtariyyət statusunun verilməsi çərçivələri ilə tanış olmağa başlamışıq ki, Siz Avropa Şurasına üzv qəbul olunduqdan sonra bu təcrübəni hər iki ölkəyə təklif edək, münaqişənin həllinə töhfəmizi vermiş olaq. Növbəti sualı Böyük Britaniyanın təmsilçisi vermək istəyir.

Xanım Cenni Cons (Böyük Britaniya): Cənab Prezident, mən elə bir ölkəni təmsil edirəm ki, o, demək olar, 100 il bundan öncə bütün insanlara səs vermək hüququ veribdir. Lakin üç il bundan öncə biz ona nail ola bildik ki, əvvəlki illərlə müqayisədə parlamentə qadınlar daha çox seçilə bilsinlər. Xanımların parlamentə üzv seçilməyə ruhlandırılması, onlara kömək göstərilməsi yeni demokratik ölkələr kimi, əski demokratiya şəraitində yaşamış Avropa ölkələrinin də problemidir. Bu parlament seçkilərindən sonra Siz hansı addımları atmağı və parlamentə necə tövsiyələr verməyi planlaşdırırsınız ki, yeni seçilmiş parlament gələcək seçkilərdə xanımların parlamentə daha çox seçilməsində rol oynasın, onları bu işə ruhlandırsın?

Andreas Qross: Üzr istəyirəm, mənə söylədilər ki, cəmi beş dəqiqəlik vaxtımız qalıbdır. Amma bir-iki adam da sual vermək istəyir. Ona görə sual verənlərin hamısına birlikdə cavab verin.

Heydər Əliyev: Yox, mən cavab verəcəyəm. Bu da çox yaxşı sualdır. Siz 100 il keçəndən sonra buna nail olmusunuz. Amma indi işini sona çatdıran bizim parlamentdə 120 deputatın 15-i qadındır. İndi görün, sizin parlamentdəki qadınların faizi ilə Azərbaycandakı faiz bir-birinə nisbətdə nə qədərdir.

Bu seçkilərdə də çox qadınlar öz namizədliklərini irəli sürüblər. Partiya siyahısında da qadınlar vardır. Azərbaycanda qadınlara münasibət çox yaxşıdır. İnanıram ki, bu seçkilərdə də qadınlar keçən tərkibdən az olmayacaqlar. Mən şəxsən bunun tərəfdarıyam. Yenə də deyirəm ki, Azərbaycanda qadınların emansipasiyası hələ 1920-ci illərdə başlayıbdır. Görürsünüz, burada mənə dəqiqləşdirirlər ki, 1918-ci ildə bizim ilk demokratik respublika yarananda qadınlara seçki hüququ verilmişdi. Baxmayaraq ki, Azərbaycanda o vaxt qadınların çoxu çadra altında idi. Bizdə qadınlar çox fəaldır. Məsələn, mən bir neçə il bundan öncə hökumətin tərkibində Qadın Problemləri üzrə Dövlət Komitəsi, yəni nazirliyi yaratmışam, fərman vermişəm. Professor Zəhra Quliyeva komitənin sədridir. Bundan arxayın ola bilərsiniz.

Vera Skuarcialupi (İtaliya): Cənab Prezident, bu çox mühüm görüşünüz zamanı çıxış edərkən dediniz ki, seçkilərdə nə qədər adamın iştirak etməsi elə bir əhəmiyyət daşımır. Nə qədər seçici iştirak edə bilərsə, iştirak etsin. Bu bizi bir az narahat edir. O mənada ki, seçicilərin məntəqələrə az gəlməsinin izahatı ola bilər. Bunlardan birincisi, bu ola bilər ki, insanlar mövcud durumdan narazıdırlar, ikincisi, onların səsinin heç bir əhəmiyyət daşımadığı fikrində ola bilərlər. Üçüncüsü, onlar düşünə bilərlər ki, kimə səs vermələrindən asılı olmayaraq, kimsə onların əvəzinə son qərarı verəcəkdir. Bizim ölkələrimizdə seçicilərin səsverməyə gəlməsi az olurdu. İndi bu artmaqdadır. İstərdim Siz bu məsələyə toxunasınız.

Heydər Əliyev: Birincisi, sizi əmin edirəm ki, Azərbaycanda seçkilərə İtaliyadakından çox adam gələcəkdir.

Vera Skuarcialupi: Cənab Prezident,bizdə 78–80 faiz seçkiyə gəlir.

Heydər Əliyev: Sizdə elədir?

Vera Skuarcialupi: Bəli, bizdə 80 faiz təşkil edir.

Gillermo Martines Kasan: Bizdə, İspaniyada da 80 faizdir.

Heydər Əliyev: Bizdə neçə faiz olacaq, deyə bilmərəm. Amma mənim bu cavabımın səbəbi nədən ibarətdir? Keçmişdə seçkiyə çox adam gələndə Avropa təşkilatları deyirdilər ki, onları seçkiyə məcburi gətirirlər. SSRİ vaxtı seçkilərə gələnlər 99,99 faiz olurdu. Siz də buna inanmırdınız. İndi sizdə 80 faiz olur, mən necə inanım? Bəlkə siz də zorla gətirirsiniz? Ona görə hesab edirəm ki, Azərbaycanda seçicilər fəal olacaqlar. Amma deyə bilmərəm ki, nə qədər gələcəklər. Hər halda, çox gələcəklər. Çünki nə mən, nə də hakimiyyət orqanları bunu tənzimləmirik. Gəlin sabah axşamı gözləyək. Onda nəticə çıxararıq.

Andreas Qross: Cənab Prezident, sonuncu sözü Azərbaycanla uzun illər əlaqəsi olan və Sizin də yaxşı tanıdığınız Fransanın təmsilçisi cənab Bomelə verirəm.

Heydər Əliyev: Buyursun.

Jak Bomel (Fransa): Cənab Prezident, bağışlayın, mən fransız dilində danışacağam.

Heydər Əliyev: Tərcüməçimiz var.

Jak Bomel: Mən həmkarlarımdan sonra qısa danışacağam. Bildiyiniz kimi, mən həmkarım cənab Klerfayt ilə birlikdə bu ölkə haqqında məruzə etmək missiyasını üzərimə götürəndən sonra buraya tez-tez gəlmişəm. Biz bunu bir daha təsdiq edirik ki, bu müddət ərzində bu ölkədə çox böyük dəyişikliklər olmuşdur. Arzu edirəm və istəyirəm ki, sabahkı seçkilər Azərbaycanın demokratiya yolu ilə gələcəyə inkişafında yeni və mühüm bir mərhələ olsun. Əlbəttə, bu, Azərbaycanda bir tərəfdən həm sabitliyin, həm də qanuniliyin təminatçısı olacaq və gələcəkdə Azərbaycanın sülh şəraitində inkişafına təkan verəcəkdir. Ümid edirəm ki, sabahkı seçkilər Avropa Şurasının qayda-qanunlarına və standartlarına tam uyğun olacaqdır. Beləliklə, Avropa Şurasının Nazirlər Komitəsində Azərbaycanın Avropa Şurasına üzv olmasına kömək edəcəkdir.

Heydər Əliyev: Hörmətli dostum cənab Bomel. Mən sizin son illərdə Azərbaycanda demokratiyanın inkişaf etməsi üçün göstərdiyiniz xidmətləri çox yüksək qiymətləndirirəm və buna görə təşəkkür edirəm. Cənab Bomel, sizinlə bərabər bizim də dostumuz cənab Klerfayt ilə birlikdə həqiqətən çox iş gördünüz ki, Azərbaycanda demokratiyanın inkişaf etməsi daha da sürətlənsin və Azərbaycan Avropa Şurasına daxil ola bilsin. Sizə də, cənab Klerfayta da xüsusi təşəkkür edirəm. İnanıram ki, sizin də, bizim də bir neçə ay gördüyümüz işlər gərək sabah öz müsbət nəticəsini göstərsin və nəhayət, biz Avropa Şurasına qəbul olaq. Mən təşəkkür edirəm ki, Avropa Şurası Parlament Assambleyası Azərbaycanı və Ermənistanı üzv qəbul etmək haqqında hələ iyunun 28-də qərar qəbul edibdir. Çox sağ olun. Amma bunu başa çatdırmaq lazımdır. İnanıram ki, sizin köməyiniz ilə bu, başa çatar və bu günlərdə Avropa Şurasının Nazirlər Komitəsi yəqin ki, öz qərarını çıxarar.

Andreas Qross: Cənab Prezident, çox sağ olun. Doğru dediniz, Avropa Şurasının Nazirlər Komitəsi bu məsələyə yaxın zamalarda baxacaq. Onlar bizim hesabatımızı gözləyirlər. Biz də çalışacağıq ki, yazacağımız hesabat həm sizin ölkənizin, həm də bütün Avropanın maraqlarına cavab vermiş olsun. Bir daha çox sağ olun.

Heydər Əliyev: Hamınıza əvvəlcədən təşəkkür edirəm. Çox sağ olun.