Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Finlandiya Respublikası Prezidenti Marti Ahtisaari ilə görüşdə söhbətindən - Strasburq, Avropa sarayı, 11 oktyabr 1997-ci il


Heydər Əliyev: Hörmətli cənab Finlandiya Prezidenti, Sizinlə görüşdən məmnunluq duyduğumu bildirirəm. ATƏT-in Minsk qrupunun işində Finlandiyanın iştirakına, Dağlıq Qarabağ probleminin həlli sahəsindəki vəziyyətlə maraqlandığınıza görə təşəkkür edirəm. Ümidvaram ki, bu fəaliyyət gələcəkdə də davam edəcəkdir.

Cənab Prezident, ATƏT-in Lissabon Zirvə toplantısında Azərbaycanın mövqeyinin dəstəklənməsinə görə Sizə minnətdarlıq edirəm və bildirirəm ki, Minsk qrupu həmsədrlərinin son təkliflərini də Azərbaycan tərəfi sülh danışıqlarını intensivləşdirmək.üçün əsas kimi qəbul etmişdir. Biz bu münaqişənin Lissabon prinsipləri əsasında sülh yolu ilə aradan qaldırılmasına tərəfdarıq. Biz bu prosesdə Minsk qrupunun üzvü kimi Finlandiyanın yaxından iştirakına ümid bəsləyirik.

Marti Ahtisaari: Ermənistan-Azərbaycan münaqişəsinə tezliklə son qoyulmasını arzu edirəm və bildirirəm ki, bu məsələlərin həllində mənim ölkəm öz köməyini əsirgəməyəcəkdir.

Biz ikitərəfli əlaqələrin, o cümlədən iqtisadi sahədə əməkdaşlıqla məsələlərin həcmini artırmağın tərəfdarıyıq və bundan ötrü imkanların olduğunu vurğulayırıq. Bildirirəm ki, bu imkanları azərbaycanlı həmkarları ilə müəyyən etmək və konkretləşdirmək üçun Finlandiyanın Xarici İqtisadi Əlaqələr Naziri yaxın vaxtlarda Azərbaycana səfər edəcəkdir. Fikrimcə bu səfər iqtisadi əməkdaşlığa dair razılaşmalara gəlməyə və müvafiq hüquqi baza yaratmağa imkan verəcəkdir.

Heydər Əliyev: Cənab Prezident, sizin məlumatlarınızdan razı qaldığımı bildirirəm və bir daha deyirəm ki, Azərbaycan bütün dövlətlərlə bərabər hüquqlu münasibətlər yaratmağa çalışır və bu baxımdan Finlandiya ilə əlaqələrin inkişaf etdirilməsi bizim üçün də əhəmiyyətlidir.

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa