Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı xanım Meri Robinson ilə görüşdə söhbətindən - Nyu-York, BMT-nin Baş qərargahı, 7 sentyabr 2000-ci il


Meri Robinson: Hörmətli cənab Prezident, Sizi səmimiyyətlə salamlayıram. Görkəmli dövlət xadimi Heydər Əliyev ilə görüşməkdən məmnun qaldığımı bildirirəm. Siz "XXI əsrə baxış" adlı bəyannaməyə böyük dəstək vermisiniz. Cənubi Afrika Respublikasının keçmiş prezidenti Nelson Mandela tərəfindən artıq imzalanıbdır. Mən də bu sənədi BMT-nin Baş katibinin təmsilçisi kimi imzalamışam. İndi çoxsaylı dövlət və hökumət başçıları da Sizin kimi bu bəyannaməni imzalayırlar. Hesab edirəm ki, Sizin bu sənədi imzalamağınız müasir dünyamızda dözümlülüyə diqqət göstərilməsində böyük liderlik nümunəsidir.

Cənab Prezident, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının iqamətgahında Sizi bir daha salamlayıram, alqışlayıram və bu sənədi iki nüsxədə imzalamağınızı xahiş edirəm. Həmin sənədin bir nüsxəsi Sizdə, digər nüsxəsi isə bizdə qalacaqdır.

Heydər Əliyev: Səmimi sözlərə görə Sizə təşəkkürümü bildirirəm. Mən bu sənədə çox əhəmiyyət verirəm. Gənc və müstəqil Azərbaycan Respublikası hüquqi, demokratik, dünyəvi dövlət kimi öz həyatını, daxili qanunlarını bu beynəlxalq normalara, qanunlara uyğunlaşdırmağa çalışır. Təbiidir ki, biz beynəlxalq hüquqa, demokratiyaya, insan hüquqlarına aid olan hər bir sənədə qoşulmağa həmişə hazırıq.

Meri Robinson: Cənab Prezident, mən Sizin bu bəyanatınızı çox yüksək qiymətləndirirəm. Hörmətli prezident, mən Sizə bildirmək istəyirəm ki, imzaladığınız bu sənədin bir nüsxəsi məndə qalacaqdır, bütün dövlət başçıları onu imzaladıqdan sonra biz onu kitab şəklində çap edəcəyik. Ümidvaram ki, Siz öz ölkənizdə bu sənədin təbliğinə də diqqət yetirəcəksiniz.

Cənab Prezident, bir daha çox sağ olun, biz bunu çox yüksək qiymətləndiririk. Çox məmnunam ki, Cənubi Afrika Respublikasının prezidenti Tabo Mbeki bu sənədi imzalayıbdır. Bilirsiniz ki, qarşıdakı beynəlxalq konfransda Cənubi Afrika Respublikası ev sahibi olan ölkə kimi çıxış edəcəkdir. Biz həmin beynəlxalq konfransda bu sənədin təqdimat mərasimini keçirəcəyik. Mən cənab Tabo Mbekiyə söz vermişdim ki, beynəlxalq konfransın Cənubi Afrika Respublikasında keçirilməsi nəzərdə tutulduğuna görə, bu sənədi birinci o imzalayacaqdır. Sonra isə digər ölkələrin dövlət başçıları əlifba sırası ilə bu sənədə imza atacaqlar. Cənab Prezident, çox şadam ki, əlifba sırasında Azərbaycanın bəxti yaxşı gətiribdir.

Heydər Əliyev: Bəli, Azərbaycan birinci yerlərdədir. Bu sənədi çoxlu dövlət başçıları imzalayıb?

Meri Robinson: Bəli. Amerika prezidenti Bill Klinton və dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bir çox ölkələrinin dövlət başçıları bu bəyannaməni imzalayıblar. (Azərbaycan prezidenti Heydər Əliyev "XXI əsrə baxış" adlı bəyannaməni imzaladı).

Meri Robinson: Cənab Prezident, çox sağ olun. Bu bəyannaməni imzaladığınıza görə mən Sizə bir daha təşəkkür edirəm.

Heydər Əliyev: Sağ olun, mən də sizi təbrik edirəm.

Meri Robinson: Cənab Prezident, çox sağ olun.

Hörmətli Prezident, əgər imkanınız olsa, biz Cenevrədəki iqamətgahımızda da Sizi görməkdən çox məmnun olardıq. Sizi yaxşı tanıyıram, mən İrlandiyanın prezidenti olarkən biz Sizinlə Davosda görüşmüşdük.

Heydər Əliyev: Bəli, düz deyirsiniz, biz Davosda ziyafətdə sizinlə birgə iştirak edirdik. Ondan sonra mən sizi aradım, öyrəndim ki, siz indi bu vəzifədə işləyirsiniz.

Meri Robinson: Mənə çox ağır vəzifə veriblər.

Heydər Əliyev: Amma çox şərəfli bir vəzifədir.

Meri Robinson: Cənab Prezident, bu bəyannaməyə dəstək verməyiniz bizim işimizi asanlaşdırır. Gələn il bu vaxt biz Cənubi Afrikada insan hüquqlarına dair beynəlxalq konfrans keçirəcəyik. 

Heydər Əliyev: Biz də orada iştirak edəcəyik?

Meri Robinson: Bəli, cənab Prezident.

Heydər Əliyev: Onda görüşəcəyik. Sağ olun. Sizə işlərinizdə uğurlar arzulayıram.

Oçerklər

Azərbaycan - BMT

Ümumi tarixi arayış

Azərbaycan - BMT‎

Tarixi arayış

Azərbaycan - BMT