Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan və Rumıniya prezidentlərinin birgə mətbuat konfransında bəyanatı - Bakı, 29 oktyabr 2002-ci il


Hörmətli cənab prezident!

Hörmətli xanımlar və cənablar!

Hörmətli mətbuat nümayəndələri!

Rumıniyanın prezidenti hörmətli cənab İon İliyeskunun Azərbaycana rəsmi səfəri ölkəmizin həyatında əlamətdar bir hadisədir. Bu, ölkələrimiz arasındakı əlaqələrin ardıcıl inkişaf etməsini göstərir. Dəvətimi qəbul edib Azərbaycana rəsmi səfər etdiyinə görə, mən prezident cənab İliyeskuya təşəkkür edirəm və bugünkü görüşlərimizdən, apardığımız müzakirələrimizdən məmnun olduğumu bildirirəm.

Cəsarət edib deyə bilərəm ki, prezident cənab İliyesku ilə mənim aramda dostluq əlaqələri yaranıbdır. Təxminən 1994-cü ildən indiyə qədər biz dəfələrlə müxtəlif şəraitlərdə görüşmüşük. Ən əhəmiyyətlisi odur ki, prezident İliyesku Azərbaycana artıq ikinci dəfədir səfər edir. Biz bu səfər zamanı çox ətraflı müzakirələr apardıq. Prezident cənab İliyesku ilə mənim təkbətək görüşümdə bir çox məsələlərə toxunduq və bir çox məsələlər haqqında eyni fikirdə olduğumuzu bildirdik. Rumıniya-Azərbaycan əlaqələri və onların gələcək inkişafı, Azərbaycanın ən ağrılı problemi Ermənistan-Azərbaycan münaqişəsi və bunun tezliklə həll olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, suverenliyinin təmin olunması, beynəlxalq terrorizm, onun törətdiyi təhlükələr, terrorizmə qarşı həm Rumıniya, həm də Azərbaycan tərəfindən fəal mübarizənin aparılması, Qafqazda və regionda olan indiki vəziyyət, bir çox beynəlxalq məsələlər və təbiidir ki, əsas məsələ - Rumıniya-Azərbaycan əlaqələri və onların inkişaf etdirilməsi barəsində fikir mübadiləsi apardıq.

Hesab edirəm ki, nümayəndə heyətləri ilə geniş tərkibdəki görüşümüzdə də, xüsusən, Azərbaycan-Rumıniya iqtisadi əlaqələrinin inkişaf etdirilməsi ilə əlaqədar çox dəyərli fikirlər meydana gəldi. Prezident İliyesku və mən yaratdığımız Rumıniya-Azərbaycan müştərək iqtisadi komissiyasının fəaliyyətinə çox böyük əhəmiyyət veririk. Belə fikirdə olduq ki, bu komissiyanın fəaliyyəti sürətləndirilməlidir və bu yolla əlaqələrimizdə daha çox nailiyyətlər əldə etmək mümkündür. Bir çox başqa məsələləri də müzakirə etdik. Nəhayət, bu gün burada imzalanan sənədlər Rumıniya ilə Azərbaycan arasındakı əlaqələrin normativ-hüquqi əsaslarını daha da möhkəmləndirir və genişləndirir.

Prezident cənab İliyesku ilə mənim imzaladığımız bəyannamə, hesab edirəm, xüsusi əhəmiyyət kəsb edir. Bu bəyannamə siyasi məsələlərə həsr olunub və Azərbaycan ilə Rumıniyanın həm beynəlxalq problemlərlə əlaqədar, həm də bölgəmizdə olan problemlərlə əlaqədar eyni fikirdə olduqlarını və bir çox məsələlərdə razılıq əldə etdiklərini göstərir.

1996-cı ilin mart ayında prezident cənab İliyesku Azərbaycana ilk dəfə səfər etdiyi zaman biz Rumıniya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında müqavilə imzalamışdıq. Bu gün imzaladığımız bəyannamə həmin müqavilənin daha da möhkəmlənməsi və onun əsasında işlərimizin gələcəkdə də aparılması üçün şərait yaradır.

Mən prezident cənab İliyeskuya bir daha təşəkkür edirəm. Bir məqamı da qeyd etmək istəyirəm ki, prezident cənab İliyesku səfərə özü ilə Azərbaycana biznesmenlərin böyük bir dəstəsini gətiribdir. Bizim İqtisadi İnkişaf Nazirliyi onlarla lazımi görüşlər keçirir, müzakirələr aparır və güman edirəm ki, məhz bu yolla biz iqtisadi əlaqələrin inkişaf etməsinə nail ola bilərik.

Cənab prezident, təşəkkür edirəm və sözü sizə verirəm.


"Azərbaycan" qəzeti, 30 oktyabr 2002-ci il.