Ukraynanın müstəqillik günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 24 avqust 1998-ci il


scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli cənab səfir!

Xanımlar və cənablar!

Sizi bayram - Ukraynanın müstəqilliyi günü münasibətilə ürəkdən təbrik edirəm.

Biz bu bayramı öz bayramımız kimi qeyd edirik. Ukraynanın dövlət müstəqilliyi əldə etməsinin Azərbaycanın dövlət müstəqilliyi əldə etməsi kimi bizim üçün eyni əhəmiyyəti vardır.

Biz hamımız - keçmiş Sovet İttifaqının respublikaları bir dövlətin tərkibində idi, bir-biri ilə dostluq münasibətləri saxlayır, əməkdaşlığı inkişaf etdirirdilər. Ancaq biz hamımız daha azad, müstəqil olmaq zəruriliyini həmişə hiss edirdik. Bu müstəqilliyi Ukrayna da, Azərbaycan da, keçmişdə Sovet İttifaqının tərkibinə daxil olmuş digər respublikalar da qazandılar.

Milli azadlığın və dövlət müstəqilliyinin nə demək olduğunu ötən yeddi il inandırıcı surətdə göstərir. Bu, Ukraynanın və Azərbaycanın həyat timsalında əyani şəkildə görünür.

Ukrayna Avropanın və bütün dünyanın iri ölkəsidir, onun geniş ərazisi, çoxlu əhalisi, olduqca böyük iqtisadi və intellektual potensialı var. Ukrayna xalqı qədim tarixə, zəngin sivilizasiyaya malikdir, ümumbəşəri sivilizasiyaya böyük töhfə vermişdir. Lakin Azərbaycan kimi Ukraynanın da azadlığı, müstəqilliyi yox idi. Odur ki, Ukrayna müstəqil dövlət, öz taleyinin sahibi olduqdan sonra öz imkanlarından, öz potensialından öz xalqının rifahı üçün və öz dövlətçiliyinin inkişafı üçün daha səmərəli istifadə etməyə başlamışdır.

O unudulmaz gündən, Ukraynanın öz müstəqilliyini bəyan etdiyi gündən keçən yeddi il onun üçün asan olmamışdır. Mürəkkəb ictimai-siyasi proseslər baş vermişdir və bu gün də baş verir. Ukrayna demokratiya yoluna, bazar iqtisadiyyatının inkişaf etdirilməsi, siyasi, iqtisadi və sosial islahatlar aparılması yoluna qədəm qoymuş və böyük uğurlar qazanmışdır. Bununla yanaşı, bütün bu proseslər qarşıya bir çox problemlər, bir çox çətinliklər çıxarmışdır və onları Ukrayna hökuməti azadlıq və müstəqillik şəraitindən istifadə edərək aradan qaldırır.

İndicə deyildi ki, 70 dövlətin Ukraynada öz səfirlikləri və nümayəndəlikləri var. Ukrayna bütün beynəlxalq təşkilatların, cəmiyyətlərin üzvüdür. Birləşmiş Millətlər Təşkilatında, ATƏT-də, digər beynəlxalq təşkilatlarda öz səsinə malikdir. Bütün bunlar - keyfiyyət dəyişiklikləri məhz dövlət müstəqilliyi əldə etdikdən sonra baş vermişdir.

Ukrayna zəngin mədəniyyətə, elmə malikdir. Ukrayna xalqının özünəməxsus mədəniyyəti, Ukraynanın böyük elmi potensialı indi onun xalqına və ölkənin həyatının bütün sahələrinin intensiv inkişafının təmin olunmasına xidmət edir.

Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətləri var və bu münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Biz bir çox beynəlxalq məsələlərdə eyni mövqelərdəyik, bizi bir-birimizə yaxınlaşdıran, mövqelərimizi identik edən ən əvvəl budur ki, Azərbaycan kimi Ukrayna da öz müstəqilliyini möhkəmlətməyə çalışır. Bu amil Ukrayna ilə Azərbaycanın ikitərəfli dövlətlərarası münasibətlərinin inkişafı üçün çox mühümdür.

İndi iqtisadi əməkdaşlıq sahəsində aramızda yaxşı münasibətlər təşəkkül tapmışdır və bu münasibətlər böyük perspektivə malikdir. Ukrayna Xəzər hövzəsinin energetika ehtiyatlarına, TRASEKA proqramına böyük maraq göstərir və onun özü də bu proqramım iştirakçısıdır. Ukrayna Avropa, Qafqaz və Asiyanın inteqrasiya problemlərinə böyük maraq göstərir. Böyük məmnunluqla demək istəyirəm ki, Ukrayna bütün bu proseslərin təşəbbüsçüsü və fəal iştirakçısıdır.

Ölkələrimiz arasında bütün sahələrdə ən xoş və deməliyəm ki, səmimi münasibətlər mövcuddur. Biz Azərbaycanda bunu özümüz üçün, xarici siyasətimiz üçün mühüm hesab edirik ki, Ukrayna ilə Azərbaycan arasında dostluq münasibətləri, strateji tərəfdaşlıq münasibətləri var.

Gənc dövlətlər kimi biz münasibətlərimizi inkişaf etdirmək, əməkdaşlığımızı genişləndirmək və dərinləşdirmək üçün hələ çox imkanlara malikik. Buna Ukrayna da çalışır, biz də çalışırıq. Bu məsələlər dövlətlərarası, hökumətlərarası danışıqlarımızda, görüşlərimizdə diqqət mərkəzində olmuş, çoxsaylı dövlətlərarası, hökumətlərarası sənədlərdə, xüsusən Ukrayna ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında müqavilədə öz əksini tapmışdır.

Bu məsələlər Ukrayna prezidentinin və Azərbaycan prezidentinin görüşləri zamanı diqqət mərkəzində olur. Ukrayna prezidenti Leonid Daniloviç Kuçma ilə mənim aramda yaranmış dostluq, yoldaşlıq münasibətlərini, səmimi münasibətləri bu gün xüsusi qeyd etmək istəyirəm.

Mən bunu yüksək qiymətləndirirəm. Bilirəm ki, buna Leonid Daniloviç Kuçma da böyük əhəmiyyət verir və bu, münasibətlərimizin daha da inkişaf etməsi üçün böyük əhəmiyyətə malikdir. Bütün bunlar, yəni şəxsi münasibətlərimiz Ukrayna ilə Azərbaycan arasında dostluğun və əməkdaşlığın inkişafına büsbütün və tamamilə həsr olunur.

Hesab edirəm ki, Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın böyük perspektivi var. İnanıram ki, biz yeni böyük sazişlərin şahidi olacağıq, başlıcası isə, əməkdaşlığımızın konkret praktiki nəticələrinin şahidi olacağıq və bu nəticələr Ukraynaya da, Azərbaycana da fayda verəcəkdir.

Ukrayna xalqına ürəkdən sülh, əmin-amanlıq, firavanlıq və xoşbəxtlik arzulayıram. İnanıram ki, Ukrayna xalqı öz milli azadlığının və dövlət müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsi keşiyində qətiyyətlə duracaqdır. İnanıram ki, müstəqillik və azadlıq Ukrayna xalqı üçün əbədi, dönməz hallar olacaqdır.

Əziz dostlar, sizi bayram münasibətilə bir daha təbrik edirəm. Hamınıza cansağlığı, firavanlıq və Ukraynanın çiçəklənməsi naminə, Ukrayna-Azərbaycan dostluğunun daha da inkişaf etməsi naminə yeni-yeni uğurlar arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 25 avqust 1998-ci il.