Azərbaycan Prezidenti Heydər Əliyevin Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı - London, 23 fevral 1994-cü il


Xanımlar və cənablar!

Kral Beynəlxalq Münasibətlər İnstitutuna dəvət olunduğuma və belə nüfuzlu auditoriya qarşısında çıxış etmək imkanı verildiyinə görə hədsiz dərəcədə minnətdaram. Mən bunu Azərbaycan haqqında, gənc Azərbaycan dövlətinin necə yaşaması və inkişaf etməsi haqqında geniş informasiya vermək imkanı hesab edirəm. Qeyd etmək istəyirəm ki, Azərbaycan prezidenti kimi, mən Böyük Britaniya Krallığına cənab baş nazir Con Meycor tərəfindən dəvət olunmuşam. Bu müddət ərzində bəzi şirkətlərin prezidentləri ilə görüşlərimiz olmuşdur. Dünən mənə biznesmenlər qarşısında çıxış etmək üçün gözəl imkan yaradılmışdı, bu gün Birləşmiş Krallığın baş naziri cənab Con Meycor ilə rəsmi danışıqlarımız olmuşdur.

Danışıqlar çox əlverişli şəraitdə keçmişdir və mənim fikrimcə, uğurla başa çatmışdır. Böyük Britaniya Birləşmiş Krallığı ilə Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər haqqında ciddi sənədlərin imzalanması buna sübutdur. 8 sənəd imzalanmışdır, onlardan 6-sını cənab Meycor və mən imzalamışıq. Böyük Britaniya Birləşmiş Krallığı ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında bəyannamə bu sənədlərin arasında mühüm yer tutur.

Digər sənədlərin məzmununu sadalamayacağam. Yalnız onu qeyd etmək istəyirəm ki, biz cənab Con Meycorla energetika sahəsində, o cümlədən neft sənayesi sahəsində əməkdaşlıq haqqında memorandum da imzalamışıq. Apardığımız danışıqlar və qəbul edilmiş sazişlər Böyük Britaniya Birləşmiş Krallığı ilə Azərbaycan Respublikası arasında iqtisadi münasibətlərin coşğun inkişafı üçün olduqca əlverişli imkan yaradır.

Bu, müstəqil Azərbaycanın Prezidentinin Böyük Britaniyaya ilk səfəridir. Bizdən ötrü, Azərbaycan Respublikasından ötrü bunun böyük əhəmiyyəti var. Çünki Böyük Britaniyanı dünya siyasətində sanballı, siyasi çəkisi olan ölkə, dünya iqtisadi sistemində çox mühüm yer tutan, zəngin tarixi və gözəl ənənələri olan ölkə, hərtərəfli əməkdaşlıq yaratmaqla ondan çox şey öyrənmək mümkün olan ölkə hesab edirik.

Həmçinin qeyd etmək istəyirəm ki, Böyük Britaniyanın dünəndən bəri görüşdüyümüz bütün dövlət xadimləri bizə son dərəcə qonaqpərvərlik göstərmişlər. Bir sözlə, səfərimizin başlanğıcından məmnunuq və ümid etmək istəyirəm ki, bu səfər beləcə yaxşı səviyyədə başa çatacaqdır.

İnstitutun prezidenti qeyd etdi ki, Zaqafqaziya və Orta Asiya respublikaları haqqında əvvəllər sizin məlumatınız çox az idi. Bu, həqiqətən belədir, lakin deyə bilmərəm ki, siz bu gün çox şey bilirsiniz. Dünəndən bəri burada, Londonda apardığım söhbətlərdən əmin oldum ki, Böyük Britaniyada hər halda Azərbaycan haqqında informasiya çox azdır. Əlbəttə, bu bizim günahımızdır, ölkəmiz, xalqımız, həyatımız, vəziyyətimiz haqqında kifayət qədər informasiya verə bilmirik. Ümidvaram ki, bizim səfərimiz və bugünkü görüş bu boşluğu müəyyən qədər aradan qaldıracaqdır.

Azərbaycan Sovet İttifaqının respublikalarından biri idi - bildiyiniz kimi, onun tərkibinə 15 respublika daxil idi, - və İttifaq dağıldıqdan sonra dövlət istiqlaliyyəti qazanmışdır. Mən belə hesab edirəm ki, Sovet İttifaqının dağılması son onilliklərdə həm Sovet İttifaqının özündə, həm də bütün dünyada baş verən ictimai-tarixi proseslərin qanunauyğun nəticəsidir. İttifaq gec-tez dağılmalı idi, artıq dağılmışdır və ona daxil olan bütün respublikalar dövlət istiqlaliyyəti qazanmışlar. Biz Azərbaycanın müstəqil dövlət olmasından son dərəcə məmnunuq. Çünki xalqımız onilliklər, yüzilliklər ərzində bu müstəqilliyi səbirsizliklə gözləmişdir.

Azərbaycan təqribən 200 il Rusiya imperiyasının, bunun son 70 ilini isə Sovet İttifaqının tərkibində olmuşdur. Doğrudur, Azərbaycan öz tarxixinin qısa bir dövründə müstəqil demokratik dövlətini yaratmışdı. Bu, 1918-1920-ci illərdə olmuşdur. Lakin iki ildən sonra, həm Azərbaycanda, həm də bütün Zaqafqaziyada sovet hakimiyyətinin qurulması ilə bu dövlət öz fəaliyyətini dayandırmışdır.

Sovet İttifaqına daxil olan başqa xalqlar kimi, Azərbaycan xalqı da bu dövlətin mövcud olduğu 70 il ərzində böyük iqtisadi və sosial inkişaf yolu keçmişdir. Həmin dövrdə xalqın təhsil səviyyəsi yüksəlmiş və respublikada kifayət qədər güclü iqtisadi potensial yaranmışdır. Lakin bununla belə Azərbaycanın istiqlaliyyəti, dövlət müstəqilliyi yox idi. Ona görə də Azərbaycan xalqı istiqlaliyyət qazanmaq imkanını tam razılıqla qarşılamışdır. İndi Azərbaycan müstəqil dövlət kimi mövcuddur və mövcud olacaqdır. Öz müstəqilliyini möhkəmləndirmək və onu bu müstəqillikdən məhrum etmək üçün indən belə heç kimə imkan verməmək - Azərbaycan xalqının iradəsi belədir.

Müstəqil dövlət kimi Azərbaycan daxili və xarici siyasətini qurarkən öz mənafeyini əsas tutur. Həm də bu zaman, əlbəttə, Azərbaycan xalqının milli xüsusiyyətləri, tarixi keçmişi və milli ənənələri, eyni zamanda dövlət quruculuğu sahəsində dünya təcrübəsi, beynəlxalq təcrübə nəzərə alınır. Bu ona görə xüsusilə mühümdür ki, siz biləsiniz, indi Azərbaycan hansı yolla gedir. Azərbaycan kommunist ideologiyasından, iqtisadiyyatın, dövlət quruculuğunun sosialist sistemindən imtina etmişdir.

Azərbaycanda, eləcə də keçmiş Sovet İttifaqının başqa respublikalarında sosialist sisteminin, kommunist rejiminin bərpasının mümkünlüyü haqqında söz-söhbətin, mülahizələrin, zənnimcə heç bir əsası yoxdur. Hər halda mən bunu Azərbaycan haqqında deyə bilərəm. Lakin müstəqil Azərbaycan dövlətinin cəmi iki yaşı var və bu iki il çox mürəkkəb şəraitdə keçmişdir.

Sovet İttifaqının dağılması və bir sosial-iqtisadi sistemdən digərinə keçidlə əlaqədar keçmiş İttifaqın bütün respublikaları kimi, Azərbaycanı da bürümüş hərtərəfli, dərin sosial-iqtisadi böhran, şübhəsiz ki, Azərbaycanın həyatını mürəkkəbləşdirir. Azərbaycanda vəziyyəti mürəkkəbləşdirən daha bir səbəb var. Bu, Ermənistan ilə Azərbaycan arasında gedən müharibə, erməni silahlı qüvvələrinin Azərbaycana qarşı təcavüzüdür. Həmin təcavüz nəticəsində Azərbaycan öz ərazisinin 20 faizə qədərini itirmişdir. Başqa sözlə, erməni silahlı birləşmələri Azərbaycanın bu qədər ərazisini işğal etmişdir. Erməni silahlı birləşmələrinin işğal etdikləri həmin bölgələrdə yaşayan bir milyondan çox azərbaycanlı ev-eşiklərini tərk etməyə məcbur olmuşdur və onlar qaçqın kimi çox ağır sosial-iqtisadi vəziyyətdə yaşayırlar.

Bütün bunlar müstəqil təşəkkül tapdığı dövrdə Azərbaycanın həyatını mürəkkəbləşdirən amillərdir. Lakin bütün bu çətinliklərə baxmayaraq, biz Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu yolu ilə gedirik və dövlət quruculuğu məsələləri ilə fəal məşğul oluruq. Azərbaycan öz dövlətçiliyini demokratiya prinsipləri əsasında quraraq, qabaqcıl, inkişaf etmiş, artıq çoxdan demokratiya yolu tutmuş ölkələrin təcrübəsindən bəhrələnməyə çalışır.

Bizim məqsədimiz Azərbaycanda demokratik hüquqi cəmiyyətin bərqərar olunmasıdır. Elə bir cəmiyyət ki, vətəndaşların hamısına bütün azadlıqları: söz azadlığı, vicdan azadlığı, sahibkarlıq azadlığı versin, insan hüquqlarının etibarlı şəkildə müdafiə olunmasını, milli mənsubiyyətindən və siyasi əqidələrindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının hüquq bərabərliyini, siyasi plüralizmi, çoxpartiyalı sistemi, mətbuat azadlığını təmin etsin - Azərbaycanda formalaşmaqda olan demokratik hüquqi cəmiyyətin əsas cəhətləri məhz bunlardır.

Azərbaycan Respublikası çoxmillətli dövlətdir, milli mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları bərabər hüquqlara malikdirlər. Biz Azərbaycanın çoxmillətlı olmasını respublikanın həyatının müsbət cəhəti sayırıq.

Dediyim kimi, bizdə çoxpartiyalı sistem elan edilmiş, 40-dan artıq siyasi partiya və ictimai təşkilat qeydə alınmışdır. Bütün bu partiyaların mətbu orqanları var. Bütövlükdə Azərbaycanda, yeddi milyon əhalisi olan kiçik bir dövlətdə 600-dən yuxarı qəzet və jurnal nəşr etdirilir.

Deyirlər ki, Azərbaycanda 40 partiya və 600 qəzetin nəşr olunması o qədər də inandırıcı deyildir. Bəlkə də, çünki çoxillik demokratik ənənələri olan İngiltərə kimi demokratik bölgədə cəmi bir neçə əsas partiya var və qəzetlər də Azərbaycandakı qədər çox deyildir. Lakin görünür, müstəqillik və demokratik inkişaf yoluna qədəm qoyan gənc müstəqil dövlət üçün bu cür vəziyyəti müəyyən dərəcədə başa düşmək olar.

Azərbaycan Avropa ilə Asiyanın qovşağındadır, lakin həm Avropa, həm Asiya, həm də Qərb ölkələri ilə, dünyanın bütün ölkələri ilə xoş münasibətlər yaratmağa çalışır. Əlbəttə, biz bu zaman onu əsas götürürük ki, bu münasibətlər hər hansı digər dövlət tərəfindən Azərbaycanın daxili işlərinə qarışmamaq prinsipini nəzərdə tutmalı, Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə, sərhədlərimizin toxunulmazlığına xələl gətirməməlidir. Bununla belə Azərbaycan qonşu ölkələrlə daha sıx əlaqələr yaradılmasına böyük əhəmiyyət verir. Şimal qonşumuz Rusiya ilə, habelə bizimlə həmsərhəd olan Türkiyə və İranla aramızda normal münasibətlər var. Biz Gürcüstanla normal münasibətlər yaratmışıq, lakin aramızda böyük sərhəd olan Ermənistanla müharibə vəziyyətindəyik.

Avropa ölkələri ilə əlaqələrimiz, zənnimcə, ləng olsa da inkişaf edir. Dekabrda mən Fransada səfərdə oldum. Biz Fransa Prezudenti cənab Fransua Mitteranla, bu ölkənin dövlət xadimləri ilə görüşdük, danışıqlar apardıq, dostluq və əməkdaşlıq haqqında sənəd imzaladıq. Bu isə iqtisadi, elmi-texniki, mədəni münasibətlərimizi inkişaf etdirmək zəruriliyindən irəli gəlir. Bu baxımdan biz Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə sıx əlaqələr yaradılmasına olduqca böyük əhəmiyyət veririk. Böyük Britaniya ilə Azərbaycan arasında əlaqələrin qədim, çox zəngin tarixi var. Hələ XV-XVI əsrlərdə ingilis sahibkarları, tacirləri, səyyahları Azərbaycana gəlmişlər. XIX əsrin axırlarında - XX əsrin əvvəllərində ingilis kapitalı Azərbaycana fəal daxil olmuş və onun iqtisadiyyatında, xüsusən neft sənayesində möhkəm yer tutmuşdur. Odur ki, biz ölkələrimiz arasında iqtisadi əməkdaşlıq sahəsində təcrübəyə və kifayət qədər sanballı tarixə malikik. İndi biz İngiltərə ilə bütün sahələrdə əməkdaşlıq etməyə hazırıq. Dediyim kimi, bu gün imzaladığımız sənədlər belə əməkdaşlıq üçün geniş meydan açır.

Beynəlxalq miqyasda bizim üçün başlıca problem Ermənistanla müharibəni qurtarmaq , hərbi əməliyyatları dayandırmaq və Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etmək, onun sərhədlərinin toxunulmazlığını təmin etməkdir. Bu problem olduqca kəskinləşmişdir.

Biz Azərbaycanda həmin problemin dinc yolla həll olunması mövqelərində möhkəm dayanmışıq. Bu problemin həllində beynəlxalq təşkilatların iştirakına birinci dərəcəli əhəmiyyət veririk. Beynəlxalq təşkilatlar dedikdə mən, Birləşmiş Millətlər Təşkilatını, onun Təhlkəsizlik Şurasını, ATƏM-i, onun Minsk qrupunu nəzərdə tuturam. Əlbəttə, biz Amerika Birləşmiş Ştatları, Böyük Britaniya Krallığı, Rusiya, Türkiyə kimi dünyanın aparıcı ölkələrinin, digər ölkələrin imkanlarına da böyük əhəmiyyət veririk. Biz istəyirik ki, dünya birliyi vəziyyəti aydın və dəqiq təsəvvür etsin. Azərbaycan müharibə istəmir. Hərbi əməliyyatların davam etdirilməsini istəmir. Biz hərbi əməliyyatların dayandırılmasına tərəfdarıq, amma bir şərtlə: erməni silahlı birləşmələri Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır. Biz sülh danışıqlarının bu əsasda aparılmasına tərəfdarıq. Məlum olduğu kimi, hərbi əməliyyatlar Azərbaycan ərazisində aparılır. Qarşınızda Azərbaycanın xəritəsi asılmışdır. Siz burada Azərbaycanı, onun sərhədlərini, Naxçıvan Muxtar Respublikasını aydın görürsünüz. 1923-cü ildən Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti mövcud olmuşdur. 1987-ci ilin axırlarında - 1988-ci ilin əvvəllərində "Qarabağ münaqişəsi" deyilən süni surətdə yaradılmış münaqişə baş vermişdir.

Dağlıq Qarabağ əhalisinin 70 faizi ermənilər, 30 faizi isə azərbaycanlılar idi. Lakin Dağlıq Qarabağ ərazisində yaşamış bütün azərbaycanlılar, daha doğrusu, 50 min azərbaycanlı təcavüzkar hərbi əməliyyatlar nəticəsində həmin ərazidən qovulmuşdur. Bu bir yana, erməni silahlı birləşmələri hərbi əməliyyatlarını genişləndirərək Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudarından çox kənarlarda da Azərbaycan ərazisinin xeyli hissəsini işğal etmişlər. Dediyim kimi, bütün bu ərazidə bir milyon nəfərdən çox adam daimi yaşayış yerlərini tərk etməyə məcbur olmuş, qaçqına çevrilmiş və indi son dərəcə ağır vəziyyətdədir. Bura isə İrandır - Azərbaycan İranla həmsərhəddir. Lakin Azərbaycanın həmin rayonlarının işğal olunması nəticəsində Azərbaycanın İranla sərhədinin xeyli hissəsinə indi erməni silahlı birləşmələri nəzarət edirlər.

Bu hərbi əməliyyatlar nəticəsində 350 min nəfər əhalisi olan Naxçıvan Muxtar Respublikası tam blokada vəziyyətinə düşmüşdür. Azərbaycanı Naxçıvanla birləşdirən kommunikasiyalar - dəmiryolu, avtomagistral, telefon rabitəsi, energetika xətləri və digər xətlər Ermənistan ərazisindən keçir və onların hamısı kəsilmişdir. Naxçıvan Muxtar Respublikası Azərbaycanın digər bölgələri ilə yalnız hava yolu ilə əlaqə saxlamaq üçün kiçik imkana malikdir.

Bütün bunlar Ermənistan hərbi qruplaşmaları tərəfindən aparılan təcavüzkar əməliyyatların nəticəsidir. Buna görə də tələblərimiz, istədiyimiz ondan ibarətdir ki, bu təcavüzkar hərbi əməliyyatlar dayandırılsın və həmin rayonların sakinlərinə isə öz daimi yaşayış yerlərinə qayıtmağa imkan verilsin. Hərçənd orada artıq çox şey dağıdılmış, talan edilmiş, adamlar öz ev-eşiyindən, neçə-neçə nəslin zəhməti ilə yığılmış sərvətdən, var-dövlətdən məhrum olmuşlar. Bu, əslində, Azərbaycanın dinc əhalisinə qarşı vəhşilikdir, lakin buna baxmayaraq, bu gün biz heç də təcavüzkarlıq və ya barışmazlıq mövqeyində durmuruq. Biz hesab edirik ki, Azərbaycan və Ermənistan qonşu dövlətdir, sülh və barışıq şəraitində yaşamalıdırlar. Biz hesab edirik ki, ömrü boyu bir-biri ilə düşmənçilik, ədavət aparmaq, ömrü boyu müharibə etmək olmaz. Bu yaxın vaxtlaradək mövcud olmuş əlaqələri bərpa etmək lazımdır. Amma Azərbaycanın ərazi bütövlüyü bərpa edilmək şərtilə.

O ki, qaldı Dağlıq Qarabağın və erməni əhalisinin taleyinə və ya problemlərinə, onlar Azərbaycan vətəndaşlarıdır, buna görə də Azərbaycan dövləti Dağlıq Qarabağın erməni millətindən olan bütün sakinlərinin təhlükəsizliyinə təminat verir. Biz Dağlıq Qarabağın müvafiq statusu məsələsinə baxmağa hazırıq, lakin bir şərtlə, erməni silahlı birləşmələri işğal etdikləri ərazilərdən sözsüz, qeyd-şərtsiz çıxarılsın. Bir daha bildirirəm ki, biz bu məsələlərin həllində ən əvvəl beynəlxalq təşkilatların imkanlarına arxalanırıq, habelə dünya siyasətində sanballı siyasi nüfuzu olan Böyük Britaniya kimi böyük ölkə tərəfindən köməyi və həyanlığa, yəni bu problemin həllinə obyektiv münasibət göstərilməsinə ümid bəsləyirik.

Bildiyiniz kimi, Azərbaycan ötən ilin sentyabrında Müstəqil Dövlətlər Birliyinin tərkibinə daxil olmuşdur. Biz Müstəqil Dövlətlər Birliyinin üzvü kimi bu problemin həllində Birlik ölkələrinin yaxından iştirakına ümid bəsləyirik. Dekabrın 24-də Aşqabatda Birliyin dövlət başçılarının görüşü olmuşdur. Orada mən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə əlaqədar rəsmi bəyanat vermişəm və Müstəqil Dövlətlər Birliyinin üzvləri - Azərbaycanla Ermənistanın öz aralarında müharibə vəziyyətində olmasını əsla yolverilməz və qeyri-normal vəziyyət kimi qiymətləndirmişəm. Bir sözlə, biz bu problemin dincliklə həlli yollarını axtarır və dünya birliyinin yaxından köməyinə ümid edirik.

Müstəqil Azərbaycan dövlətinin hazırda məruz qaldığı bütün çətinliklərə baxmayaraq, indi Azərbaycanda daxili-siyasi vəziyyət sabit, normaldır. Odur ki, böyük iqtisadi və sənaye potensialına, yeraltı və yerüstü sərvətlərə, zəngin intellektual potensiala malik Azərbaycan bütün ölkələrlə, o cümlədən də İngiltərə ilə iqtisadi əməkdaşlıq üçün yaxşı ortaq ola bilər.

Dünən mən İngiltərə biznesmenləri qarşısında çıxış edərək onları Azərbaycana dəvət etdim. Mən sizə həmin xahişlə, həmin çağırışla bu gün də müraciət edirəm. Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan ilə əməkdaşlıq heç də təkcə neft sənayesi sahəsi ilə məhdudlaşmır, hərçənd Azərbaycan deyəndə onu ən əvvəl neft ölkəsi kimi təsəvvür edirlər. Əlbəttə, biz "Bi-Pi" və qərbin "AMOKO", "Penzoyl" "Statoyl" kimi neft şirkətləri ilə, Türkiyənin neft şirkəti ilə əməkdaşlığı davam etdirəcəyik. Belə düşünürəm ki, yaxın vaxtlarda kommersiya bağlaşması imzalana bilər.

Bununla belə, dediyim kimi, Azərbaycan iqtisadi əməkdaşlıq üçün bir çox imkanlara da malikdir. Məsələn, götürək, "Kayzer incinirinq" şirkətini. Dünən mən onun prezidenti ilə görüşdüm. Bu gün isə birgə alüminium istehsalı haqqında protokol imzalandı. Bizdə çox güclü neft-kimya kompleksi və böyük imkanlar var. Dünən mən "Con Braun" firmasının prezidenti və digər nümayəndələri ilə görüşdüm. Bu gün biz protokol imzaladıq. Ümidvaram ki, bizim fəal əməkdaşlıq üçün imkanımız var.

Azərbaycanın Rabitə Nazirliyi ilə "Ci-Pi-Ti" şirkəti arasında yaxşı əməkdaşlıq yaradılmışdır. Azərbaycan böyük maşınqayırma kompleksinə malikdir. Bu kompleks neft maşınqayırması, elektrotexnikadan, cihazqayırma və maşınqayırmanın digər sahələrindən ibarətdir. İstehsal qurğularının - indi onlar müxtəlif səbəblərə görə tam gücü ilə işləmir, - olması əlverişli şərait yaradır. Sizi əmin edə bilərəm ki, Azərbaycana gəlib yaxşı iqtisadi münasibətlər yarada bilərsiniz. Bu cür əməkdaşlığın etibarlı olmasına dövlət, o cümlədən də prezident təminat verəcəkdir.