Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Stenli Eskuderonu qəbul edərkən söhbətindən - Prezident sarayı, 25 iyun 1999-cu il


Heydər Əliyev: Son vaxtlar tez-tez görüşürük.

Stenli Eskudero: Çox şadam ki, Sizin səhhətiniz yaxşıdır.

Heydər Əliyev: Çox sag olun. Hesab edirəm ki, cənab Morninqstarla bizim danışıqlarımız çox səmərəli olubdur. Mən bu barədə bir neçə göstəriş vermişəm və danışdığımız məsələlər haqqında müəyyən tədbirlər görəcəyik.

Stenli Eskudero: Mən bu xəbəri cənab Morninqstara və səfir Vulfa çatdıracağam. Hesab edirəm ki, onlar bundan çox şad olacaqlar. Mən də belə hesab edirəm ki, olduqca müsbət görüş keçirilmişdir. Bu danışıqlardan sonra tamamilə aşkar oldu ki, Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında bütün məsələlər barəsində tam anlaşma var. Zənnimcə, bu razılıq böyük tərəqqiyə gətirib çıxaracaqdır.

Heydər Əliyev: Mən də belə hesab edirəm.

Stenli Eskudero: Cənab prezident, mən Sizə Amerika Birləşmiş Ştatlarının dövlət katibi Madlen Olbraytdan məktub gətirmişəm. Birincisi, o, bu məktubunda şəxsi məmnunluğunu bildirir ki, Siz tamamilə sağalmısınız. O əmindir ki, Siz Azərbaycanın liderliyini həmişəki kimi uğurla davam etdirəcək, eyni zamanda regionda sülhün və sabitliyin bərqərar olunması üçün səylərinizi davam etdirəcəksiniz.

Məktubda üç Cənubi Qafqaz dövləti prezidentlərinin Vaşinqtonda Madlen Olbraytın iştirakı ilə keçirilmiş görüşündə əldə edilmiş razılaşmalar haqqında danışılır. O, bu görüşün çox xeyirli olması və simvolik xarakter daşıması barədə Sizin verdiyiniz qiymətlə razıdır. Xanım Olbrayt bildirir ki, Amerika dövləti əldə olunmuş tərəqqini davam etdirmək, razılaşmaları həyata keçirmək istəyir. Bunu deyərkən təkcə üç prezidentin görüşü deyil, ümumiyyətlə Sizin Amerikada keçirdiyiniz bütün görüşlər zamanı əldə olunmuş razılaşmalar nəzərdə tutulur.

Məktubda deyilir ki, bununla əlaqədar hesab edirik bu danışıqlardan sonra infrastruktur layihələrini həyata keçirmək üçün iş görülməlidir. Bu layihələrdən regionun bütün xalqları fayda götürər. Sözsüz ki, biz bu barədə danışarkən mövcud siyasi reallıqların - Azərbaycanın, Gürcüstanın və Ermənistanın problemlərini, bu ölkələrin xalqları arasında olan problemləri də nəzərə alırıq.

Biz bu layihələri avropalı tərəfdaşlarımızla da müzakirə edirik. Onlar da belə layihələrdə iştirak etmək arzusunda olduqlarını bildirmişlər. Ümidvarıq ki, bu məsələlər barəsində yeni görüş keçiriləcək və orada Siz Gürcüstanın prezidenti Şevardnadze və Ermənistanın prezidenti Koçaryan da iştirak edəcəksiniz.

Məktubda başqa bir məsələyə də toxunulur. Bu da inam yaradan tədbirlər barədədir. Onlar da Vaşinqtonda müzakirə olunmuşdur.

Bizim özünəməxsus təkliflərimiz var, bu barədə Vaşinqtonda Sizinlə danışılmışdır. Madlen Olbrayt öz məktubunda bunlara işarə edir. Bizim məqsədimiz təkcə Qafqaz ölkələrini inkişaf etdirmək, onların tərəqqisinə nail olmaq deyil, həm də regionun tərəqqisinə, burada sülh və əmin-amanlıq yaradılmasına səy göstəririk. Biz bu prosesin region ölkələrinin, ələlxüsus Azərbaycanın maraqlarına uyğun olan səpkidə inkişaf etdirilməsinə çalışacağıq və bu sahədə öz səylərimizi əsirgəməyəcəyik.

Heydər Əliyev: Təşəkkür edirəm, cənab səfir. Dövlət katibi xanım Olbraytın mənə xüsusi məktub göndərməsi ilə əlaqədar ona öz təşəkkürümü bildirirəm.

Siz bu məktubda olan bir çox müddəaları artıq bildirdiniz. Mən dərhal demək istəyirəm ki, bunlar hamısı bizim üçün də çox əhəmiyyətlidir. Bu məktub bir daha onu göstərir ki, Amerika Birləşmiş Ştatları, onun hökuməti Qafqazla çox ciddi maraqlanırlar, Qafqaza xüsusi əhəmiyyət verirlər və Cənubi Qafqaz ölkələrinin inkişafını istəyir və buna kömək etməyə çalışırlar.

Mənim sağlamlığımla əlaqədar xanım Olbraytın məktubda yazdığı fikirlərdən məmnunam. Şübhəsiz ki, mən bu məktuba cavab yazacağam. Xahiş edirəm, xanım Olbrayta mənim təşəkkürümü, minnətdarlığımı bildirəsiniz. Mən məktub yazana qədər, siz dostum xanım Olbrayta çatdırın ki, mənim səhhətim yaxşıdır, heç bir narahatlığa əsas yoxdur.

Bu məktubda qaldırılan məsələlərin əksəriyyətini biz Vaşinqtonda üç Cənubi Qafqaz dövlətləri prezidentlərinin xanım Olbraytın və başqa ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçirdiyimiz görüşdə müzakirə etmişik. Bu məsələlərin bir çoxunu xanım Olbraytla mənim görüşüm zamanı da çox ətraflı müzakirə etmişik. Mən bu məktubu Vaşinqtonda apardığımız danışıqlar, keçirdiyimiz görüşlər və müzakirələr nəticəsində əldə etdiyimiz razılığa Amerika Birləşmiş Ştatlarının diqqət yetirməsi və bunların həyata keçirilməsinə maraq göstərməsi kimi qiymətləndirirəm.

Mən bir daha bəyan edirəm ki, Vaşinqtondakı görüşlərimiz, xüsusən prezident cənab Bill Klintonla görüşümüz, xanım Olbraytla geniş görüşlərimiz bizim üçün çox əhəmiyyətlidir. Biz bu görüşlərdən irəli gələn vəzifələri bundan sonra ardıcıl surətdə həyata keçirəcəyik.

Cənubi Qafqaz respublikalarının özlərinin problemləri çoxdur və onların bir-biri ilə münasibətlərində problemlər çoxdur. Bilirsiniz ki, bu məsələlərin bir hissəsi bu günlərdə Lüksemburqda Avropa Birliyinin toplantısında da müzakirə edilmişdir.

Mən bildirmək istəyirəm ki, bu barədə Vaşinqtonda dediyim fikirləri biz ardıcıl surətdə həyata keçirəcəyik. Təbiidir ki, burada çətinliklər də var. Ən böyük çətinlik Ermənistan-Azərbaycan münaqişəsinin indiyə qədər həll olunmamasıdır. Eyni zamanda təsəvvür etmək lazımdır, - əgər bu münaqişə sülh yolu ilə həll olunsa, Ermənistanla Azərbaycan arasında daimi sülh yaransa, Cənubi Qafqaz ölkələrinin iqtisadi əlaqələri, ümumiyyətlə Cənubi Qafqazın iqtisadi inkişafı çox sürətlə irəli gedə bilər. Şübhəsiz ki, çox böyük işlər görmək olar. Məsələn, təsəvvür edin, əgər bu münaqişə sülh yolu ilə həll olunsa, bir neçə dəmir yollarının açılması təkcə Qafqaza yox, Qafqazla əlaqədar olan ölkələrə - Avropa ölkələrinə və başqa ölkələrə nə qədər yeni imkanlar aça bilər.

Eyni zamanda hesab edirəm ki, son vaxtlar Qafqaz respublikaları arasında gedən danışıqlar müəyyən qədər ümidvericidir. Biz isə bu işdə daha da maraqlıyıq. Birincisi, ona görə ki, işğal edilmiş torpaqlar azad olunsun, insanlar öz yerlərinə, yurdlarına qayıtsınlar.

Azərbaycanın istifadə olunmayan çox böyük infrastrukturu, xüsusən nəqliyyat vasitələri işə düşəcək, onlar işləyəcək, insanlar işləyəcəklər. Bunların hamısı böyük nəticələr verəcəkdir.

Bütün bunlara görə mən xanım Olbraytın məktubunu çox yüksək qiymətləndirirəm, onunla diqqətlə tanış olacağam. Bizim üzərimizə düşən vəzifələrin yerinə yetirilməsini təmin edəcəyəm. Şübhəsiz ki, bu barədə cavab məktubu göndərəcəyəm. Bu məktuba görə bir daha təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 26 iyun 1999-cu il.