Səngəçal sahil terminalında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlinin qoyulması münasibətilə keçirilən təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 18 sentyabr 2002-ci il


scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb

Türkiyə Cümhuriyyətinin prezidenti zati-aliləri hörmətli Əhməd Necdət Sezər!

Gürcüstanın prezidenti zati-aliləri hörmətli Eduard Şevardnadze!

Amerika Birləşmiş Ştatlarının energetika naziri hörmətli Spenser Abraham!

Hörmətli xanımlar və cənablar, qonaqlar!

Mən sizin hamınızı Azərbaycanda səmimi qəlbdən salamlayıram və bu böyük əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi münasibətilə bura toplaşanlara təşəkkür edirəm.

Bizim hamımızı, o cümlədən, uzaq ölkələrdən Azərbaycana gəlib bu gün bizimlə birlikdə bu şənliyi bölüşənləri buraya toplayan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşasına başlanması üçün təməl daşının qoyulması mərasimidir. Bu böyük layihə artıq bütün dünyada məşhurdur və dünya ictimaiyyəti bir çox illərdir ki, bu layihəni müzakirə edir.

Bu layihənin əsası 1994-cü ildə Azərbaycanın neft strategiyasının həyata keçirilməsinin başlanğıcında, 1994-cü il sentyabr ayının 20-də Azərbaycanda, Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda olan "Azəri", "Çıraq", "Günəşli" yataqlarının müştərək işlənilməsi üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə dünyanın 11 böyük neft şirkəti arasında müqavilə imzalanarkən qoyulmuşdur. Bu müqavilə dünyaya səs saldı və təsadüfi deyildir ki, ona "Əsrin müqaviləsi" adı verildi. Biz bu müqaviləni imzalayarkən, təbiidir ki, "Azəri-Çıraq-Günəşli" yataqlarından gələcəkdə ildə 50 milyon tondan artıq neft hasil edilməsini nəzərdə tutmuşduq. Ancaq hasil olan neft dünya bazarlarına çıxarılmalıdır. Bunun üçün müxtəlif yollar var idi, müxtəlif marşrutlar var idi. Ancaq biz Azərbaycan olaraq öz dostlarımızla - Türkiyə Cümhuriyyəti ilə, Gürcüstanla və təbiidir ki, bu layihədə iştirak edən şirkətlərlə birlikdə gələcəkdə hasil olunacaq nefti Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyənin Aralıq dənizindəki Ceyhan limanına çatdırmağı qərara aldıq.

Bu qərarın özü də çox mübahisələr doğurdu. Çünki o vaxt həm bizim imzaladığımız müqaviləyə qarşı çıxış edənlər, həm də boru xəttinin məhz Bakı-Tbilisi-Ceyhan marşrutu ilə getməsinin əleyhinə çıxanlar var idi. Bunlar məlumdur. Bizə, yəni birinci növbədə Azərbaycana mane olurdular. Çünki neftin sahibi bizik və nefti də haradan ixrac etmək birinci növbədə bizim hüququmuz idi. Bizə çox təzyiqlər etdilər. O vaxt Azərbaycanda ictimai-siyasi vəziyyət o qədər də sabit deyildi. 1993-cü ildə burada vətəndaş müharibəsi baş vermişdi. Biz onların qarşısını aldıq və müqaviləni imzaladıq. Ancaq müqaviləni imzalayanda hətta bizim daxilimizdə belə yüksək vəzifəli şəxslər var idi ki, onlar müxtəlif xarici xidmət orqanlarına qulluq edirdilər, bu müqavilənin pozulması haqqında öz fikirlərini söyləmişdilər.

Bunu demək sizin üçün maraqlıdır. Çünki 1994-cü il sentyabrın 20-də biz müqaviləni imzaladıq. Ondan bir gün sonra Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından böyük cinayət etmiş 4 nəfəri qaçırdılar. Ondan bir həftə keçdi, Azərbaycan parlamenti sədrinin müavininə terror etdilər, onu öldürdülər. Azərbaycanın əks-kəşfiyyat idarəsinin rəisini, polkovniki öldürdülər. Bu terrorlarla bizi qorxutmaq istədilər. Ancaq biz qorxmadıq. Onlar isə bu işlərini davam etdirirdilər. O vaxt məcburiyyət qarşısında mənimlə burada baş nazir vəzifəsində çalışan Surət Hüseynov kimi bir şəxs oktyabr ayının 4-də Azərbaycanda silahlı dövlət çevrilişi etməyə başladı. Biz bunun qarşısını aldıq. Birinci növbədə, xalqın bizə dəstəyi ilə, xalqın köməyi ilə. 1995-ci ilin mart ayında yenidən silahlı dövlət çevrilişi etmək istədilər, qarşısını aldıq. Ondan sonra bəzi yerlərdə terror aktları törətmək, körpünü partlatmaq, təxribat etmək istədilər. Zərər çəkdik, amma qarşısını aldıq.

Bilirəm ki, məhz o zaman, Bakı-Tbilisi-Ceyhan layihəsi irəliyə sürüləndə mənim dostum Gürcüstan prezidenti Eduard Şevardnadzeyə terror etdilər və o, möcüzə sayəsində sağ-salamat qurtardı.

Bütün bunların hamısı və bizə göstərilən başqa siyasi təzyiqlər, müxtəlif təsirlər ona yönəldilmişdi ki, birincisi, bizim neft müqaviləsini - bu işə Xəzər dənizində ilk dəfə başladıq - qəbul etmək istəmirdilər. İkincisi isə, Bakı-Tbilisi-Ceyhan boru xəttinin çəkilməsinin əleyhinə çıxırdılar. Belə bir şəraitdə biz bunu başladıq, öz iradəmizi ortaya qoyduq və əvvəldən tutduğumuz yol ilə getdik.

1999-cu ildə "Çıraq" yatağından ilk neft aldıq. Biz onu əvvəl Bakı-Novorossiysk kəməri ilə Rusiyanın Qara dənizdəki Novorossiysk limanı vasitəsilə nəql edirdik. Ancaq bununla bərabər, biz Qərb marşrutu ilə Bakı-Supsa neft kəmərini tikirdik və onu tezliklə istifadəyə verdik. İndi o vaxtdan indiyə qədər hasil edilən neft məhz bu kəmərlə - Qərb xətti ilə nəql olunur.

Ancaq bunların hamısı ilkin neftdən ötrü idi. Bizim nəzərdə tutduğumuz böyük neft üçün isə, yenə də deyirəm, Bakı-Tbilisi-Ceyhan lazım idi. Biz ardıcıl surətdə bu layihənin üzərində işləyirdik, çalışırdıq, bütün imkanlarımızdan istifadə edirdik. Türkiyə, Gürcüstan, Azərbaycan burada bərabər idi, birlikdə hərəkət edirdi, bu işlə birlikdə məşğul idi. Ancaq əgər Amerika Birləşmiş Ştatları hökumətinin bizə, Azərbaycana bu barədə köməyi, daimi dəstəyi, məsləhətləri olmasaydı, təbiidir ki, biz buna nail ola bilməzdik.

Təsadüfi deyil ki, 1999-cu ilin noyabr ayında İstanbulda, ATƏT-in zirvə görüşündə biz - Türkiyə, Gürcüstan, Azərbaycan və Qazaxıstan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşasına başlamaq üçün anlaşma imzaladıq. Bundan əlavə, bəyanat imzaladıq və Amerika Birləşmiş Ştatlarının prezidenti Bill Klinton öz dövləti adından bu bəyanata qoşuldu, öz imzasını qoydu. Bu da Bakı-Tbilisi-Ceyhan boru xəttinin tikilməsinin reallığına gətirib çıxartdı.

Mən bu qısa tarixi sizə deməliyəm. Çünki bilməlisiniz ki, burada 8 il müddətində biz nə işlər görmüşük və hansı çətinliklərdən çıxmışıq, hansı müqavimətlərin, maneələrin qarşısını almışıq.

Nəhayət, son dövrdə Bakı-Tbilisi-Ceyhan boru xəttinin inşa edilməsi haqqında bir neçə aydır proseslər gedir. Onun maliyyələşdirilməsi məsələsində də problemlər var idi. Ancaq onlar da həll olundu. İndi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, "Bi-Pi" bu işlərə başçılıq edir. Onlar artıq bütün planları hazırlayıblar. Ona görə də bizi buraya təməl daşının qoyulmasına dəvət ediblər.

Mən sizə bildirmək istəyirəm ki, Bakı-Tbilisi-Ceyhan boru xəttinin əleyhinə çıxanlar çox vaxt belə söyləyirdilər ki, bu, xəyaldır, mümkün deyil, Azərbaycanda o qədər neft yoxdur, olmayacaqdır. Belə danışıqlar çox idi. Zaman çox keçdiyinə görə bəziləri də bu danışıqlara inanırdılar. Ancaq bunların hamısı əsassız oldu, biz öz işimizi gördük.

Bu yaxın vaxtlarda İstanbulda "Üç dənizin əfsanəsi" adlı konfrans keçirildi. Orada əfsanə haqqında söhbət gedirdi. Mən orada nitq söylədim, dedim, siz burada əfsanədən danışırsınız. Amma mən sizə demək istəyirəm ki, bu, xəyal deyil, əfsanə deyil, üç dəniz - Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi birləşəcəkdir. Bunu birləşdirən də Türkiyə, Gürcüstan, Azərbaycan, onların həyata keçirdikləri bu layihə və Amerika Birləşmiş Ştatlarının bu məsələyə daimi dəstəyi olmuşdur. Ona görə indi xəyaldan gerçəkliyə gəlib çatmışıq.

Buraya nə qədər vəsait qoyulacaq, nə işlər görüləcək - bu barədə sizə məlumatlar veriləcəkdir. Mən bunu demək istəmirəm. Ancaq onu demək istəyirəm ki, bütün bu layihələr Azərbaycanın iqtisadiyyatının inkişafına yönəldilibdir. Bu gün burada "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənilməsinin ikinci fazası haqqında da sənəd imzalanacaqdır. Bu, o deməkdir ki, artıq buraya çox böyük investisiya gələcək, işlər sürətlə gedəcəkdir. Çünki biz hesab edirik ki, 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri tamamilə hazır olacaq və biz hamımız birlikdə buradan Türkiyənin Ceyhan limanına gedəcək və orada Azərbaycan neftinin, Xəzər neftinin Ceyhan limanından yola salınmasının şahidi olacağıq.

Dediyim kimi, Bakı-Tbilisi-Ceyhan layihəsinin maliyyələşdirilməsində bəzi problemlər var idi. Azərbaycan bu işə öz payını verdi, biz onun maliyyələşdirilməsinin 25 faizini öz üzərimizə götürdük. Qalan hissəsi ayrı-ayrı şirkətlər arasında bölünübdür. Ancaq maraqlısı budur ki, bu layihəyə 2,5 faizlə "Eni" şirkəti qoşulubdur. Sonra "Total" şirkəti qoşulubdur. Mənə bu gün dedilər ki, 2,5 faizlə Yaponiyanın "İtoçu" şirkəti qoşulubdur və bir də Yaponiyanın "İnpeks" şirkəti məhz dünən 2,5 faizlə buna qoşulubdur. Bu, nə deməkdir? O deməkdir ki, bu boru xəttindən təkcə Azərbaycan yox, hamı istifadə etmək istəyir.

Biz vaxtilə İstanbulda anlaşmanı imzalayanda ona Qazaxıstan prezidenti Nursultan Nazarbayev də imzasını qoyub və bildiribdir ki, Qazaxıstan da bu boru xəttindən istifadə edəcəkdir. İndi mən bilirəm ki, xarici şirkətlər Qazaxıstanda çox işləyirlər. Onların bizim Bakı-Tbilisi-Ceyhan layihəsinə qoşulması və sərmayə qoyması onu göstərir ki, doğrudan da, Xəzərin başqa sektorlarından neft Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac olunacaqdır.

Ancaq mən sizə deyirəm ki, təxminən 2007-2008-ci illərdə "Azəri-Çıraq-Günəşli" yataqlarından 50 milyon ton neft hasil olunacaqdır. Ancaq Xəzər dənizində bizim başqa yataqlarımız da var. Biz bir çox şirkətlərlə əməkdaşlıq edirik. 30 ölkənin şirkətləri ilə 21 müqavilə imzalamışıq, iş aparırıq. Əlbəttə, onlar da neft hasil edəcəklər. Biz onlarla birlikdə çalışırıq. Ona görə gələcəkdə hətta Bakı-Tbilisi-Ceyhanın tutumu çatmayacaqdır. Ya onu genişləndirmək, ya da ikinci boru lazım olacaqdır.

Mənim dediym bu sözlər gələcək üçündür və bu işlər bizim xalqımızın gələcəyi üçündür. Bizim bu işlərimiz yalnız və yalnız Azərbaycanın dövlət müstəqilliyi əldə etməsindən sonra mümkün olubdur. Siz bilirsiniz ki, Azərbaycan qədim neft ölkəsidir. 150 il bundan öncə Azərbaycanda sənaye üsulu ilə neft hasilatına başlanıbdır. Ancaq heç vaxt neft Azərbaycan xalqına məxsus olmayıbdır. Xəzər dənizindəki bütün neft və qaz yataqlarının hamısı Azərbaycan alimləri, geoloqları tərəfindən kəşf edilib, ancaq biz bunun sahibi olmamışıq. İndi isə müstəqil dövlətik. Müstəqil dövlət olaraq öz sərvətlərimizin sahibiyik. İstədiyimiz ölkələr ilə əlaqələr qururuq və belə işlər görürük. Amma ikinci boru da növbədədir. 1 trilyon kubmetr ehtiyatı olan "Şahdəniz" yatağından Bakı-Tbilisi-Ərzurum qaz kəməri də çəkiləcəkdir.

Beləliklə, boru kəmərlərinin sayı artır. Təbiidir ki, bunlar çox böyük iqtisadi xarakter daşıyır. Ancaq təkcə iqtisadi deyil, hesab edirik ki, bizim gördüyümüz işlər, Bakı-Tbilisi-Ceyhan siyasi xarakter daşıyır. Bu layihə və onun həyata keçirilməsi Qafqaz bölgəsində sülhün, əmin-amanlığın, təhlükəsizliyin təminatçısı ola bilər. Bu boru xətti, bu polad boru Azərbaycanı, Gürcüstanı, Türkiyəni bir-biri ilə daha sıx birləşdirəcəkdir.

Biz dost ölkələrik. Türkiyə bizim üçün dost, qardaş ölkədir. Gürcüstan bizim üçün dost, qardaş ölkədir. Eləcə də biz onlar üçün dost, qardaş ölkəyik. Biz çox əlaqələr saxlayırıq. Ancaq bu əlaqələrimizi, necə deyərlər, daha möhkəm tellərlə bağlayırıq. Bu tellərdən biri də Bakı-Tbilisi-Ceyhan kəməri olacaqdır. Mən şübhə etmirəm ki, Amerika Birləşmiş Ştatları bu məsələlərdə bizi bundan sonra da dəstəkləyəcəkdir. Ona görə mən bu mərasimdə Türkiyə Cümhuriyyətinə, onun prezidenti hörmətli Əhməd Necdət Sezərə təşəkkür edirəm. Gürcüstana, onun prezidenti hörmətli Eduard Şevardnadzeyə təşəkkür edirəm. Amerika Birləşmiş Ştatlarına, onun prezidenti cənab Corc Buşa təşəkkür edirəm.

Mən bu yaxınlarda cənab Corc Buşdan antiterror koalisiyasında Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirən çox xoş bir məktub aldım. Biz ötən il sentyabrın 11-də ABŞ-da baş vermiş dəhşətli terror hadisəsindən dərhal sonra antiterror koalisiyasına qoşulmuşuq, bu koalisiyada öz vəzifəmizi yerinə yetiririk və bundan sonra da yerinə yetirəcəyik. Beləliklə, biz bu sahədə də Amerika-Azərbaycan əlaqələrini inkişaf etdirir, daha da yüksəklərə qaldırırıq.

Dünən hörmətli nazir ilə söhbət edəndə o, prezident Buşdan mənə səmimi salamlar, çox xoş sözlər çatdırdı. Bütün bunlara görə, ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan boru xəttinin reallaşmasına dəstəyinə görə Amerika Birləşmiş Ştatlarına, onun xalqına və prezident cənab Buşa təşəkkürümü bildirirəm.

Əziz dostlar!

Əziz qonaqlar!

Mən sizi bir daha ürəkdən salamlayıram, hamınıza can sağlığı arzu edirəm. Bakı-Tbilisi-Ceyhan irəliyə gedəcək, gedəcək, gedəcəkdir!

"Azərbaycan" qəzeti, 19 sentyabr 2002-ci il.