Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistan Respublikasının Prezidenti zati-aliləri cənab İslam Kərimova təbriki - Bakı şəhəri, 31 avqust 2000-ci il


Möhtərəm cənab Prezident!

Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və qardaş Özbəkistanın xalqını ürəkdən təbrik edirəm.

Müstəqil, demokratik və hüquqi dövlət quruculuğu yolunda Özbəkistan qısa müddət ərzində böyük müvəffəqiyyətlər qazanmışdır. Sizin rəhbərliyinizlə elan edilmiş və həyata keçirilməkdə olan müstəqil siyasət, iqtisadi islahatlar Özbəkistanın beynəlxalq nüfuzunun artmasına müsbət təsir göstərmiş, ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşmasına möhkəm zəmin yaratmış, xalqın rifahının yüksəlməsini təmin etmişdir. Fərəhli haldır ki, dövlət quruculuğu prosesində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası strateji partnyorlardır. Əminəm ki, Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlər hər iki ölkənin milli mənafeyinə uyğun surətdə bundan sonra daha da möhkəmlənəcək və inkişaf edəcəkdir. Biz ikitərəfli Azərbaycan - Özbəkistan əməkdaşlığının böyük imkanlarından müvəffəqiyyətlə istifadə edilməsi, beynəlxalq və regional layihələrin gerçəkləşməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik.

Cənab prezident, fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və səadət, məsul dövlət ilərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.