Vitali Jolobov (1937), təyyarəçi-kosmonavt, “Slava ” Ümumukrayna Birliyinin və Ukrayna Aeokosmik Cəmiyyətinin prezidenti (2002-2015)


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Ukraynanın Xerson şəhərində dünyaya göz açan Vitali Mixayloviç ömrünün ən təravətli və coşğun 22 ilini Bakıda yaşamışdır. Burada 164 nömrəli məktəbi, sonra Azərbaycan Neft və Kimya İnstitutunun avtomatika və telemexanika fakültəsini bitirmişdir. İnstitutu qurtarandan sonra kosmik sahə üçün zəruri olan yüksək ixtisaslı mütəxəssis kimi Kapustin Yar raket poliqonuna təyinat almışdı.

O, Bakının qaynar, dolanbac küçələrini, mehriban orta və ali məktəb müəllimlərini, qayğıkeş qonşularını, sədagətli dostlarını həsrətlə xatırlayır. Çoxları ilə bu günədək səmimi əlaqə saxlayır.

Müsahibim 1976-cı ildən şəxsən tanış olduğu Prezident Heydər Əliyev ilə görüşlərindən xüsusi mehribanlıqla və hədsiz ehtiramla danışır:

“Əliyevlərin mehriban ailəsinin qonaqpərvərliyi yaddaşıma həmişəlik həkk olunmuşdur. Xoşbəxtəm ki, mən bu ailənin qonağı olmuşam. Zərifə xanımın da, gözəl övladlarının da ailənin başçısına necə böyük hörmət və ehtiramla yanaşdıqları diqqətimi cəlb etmişdi.

Başqa görüşlər də olurdu. Ukrayna Prezidenti Leonid Kuçmanın 1995-ci ildə Azərbaycana rəsmi səfəri zamanı nümayəndə heyətində mən də vardım. Biz sağollaşıb ayrılarkən Heydər Əliyev mənə yaxınlaşıb bağrına basaraq mehribancasına soruşdu: “Bir de görüm, buraya niyə gəlmirsən?” İnanın, bu sözləri eşitmək mənim üçün son dərəcə xoş idi, bu sözlərdən kövrəldim. Deməli, bir insan və bir kosmonavt kimi məni unutmayıblar.

Mən cənab Heydər Əliyev ilə 1997-ci ildə, onun Ukraynaya tarixi səfəri zamanı da görüşdüm. Amma bu dəfə görüşdə Azərbaycan diasporu nümayəndə heyətinin üzvü kimi iştirak edirdim”.

...Təbii ki, biz söhbətimizdə Dağlıq Qarabağ mövzusuna da toxunduq. Vitali Jolobov dünyanın birinci kosmonavtı Yuri Qaqarinin sözləri ilə cavab verdi: “ Yer kürəsi ixtilaflar və müharibələr üçün çox balacadır, ona görə də insanlar həyatın qədir-qiymətini bilməlidirlər”. Heydər Əliyev öz yüksək nüfuzu və zəngin təcrübəsi ilə qırğını dayandırmağa müvəffəq oldu, indi də Ermənistan-Azərbaycan münaqişəsini ancaq siyasi yolla həll etməyə çalışır.

“Dünyanı heyran qoyan insan” (İdeyanın müəllifi və buraxılışa məsul: Ramiz Mehdiyev) - Azərnəşr, Bakı-2004, səh.317-318