Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Şeyx Şamilin 200 illik yubileyinə həsr edilmiş təntənəli gecədə nitqi - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, 4 noyabr 1997-ci il


Hörmətli xanımlar, cənablar!

Hörmətli qonaqlar!

Sizi və bütün Azərbaycan xalqını, Dağıstan xalqını, bütün Qafqaz xalqlarını Qafqazın qəhrəman oğlu, əfsanəvi şəxsiyyət Şeyx Şamilin 200 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Bütün Qafqaza sülh, əmin-amanlıq arzulayıram. Qafqaz xalqlarının hamısına səadət, xoşbəxtlik diləyirəm.

Şeyx Şamil öz böyük həyat yolu ilə, qəhrəmanlığı ilə, şücaəti ilə Qafqaz xalqları qarşısında əvəzsiz xidmət edibdir və dünyanın məşhur şəxsiyyətlərindən birinə çevrilibdir. Şeyx Şamilin həyatı, azadlıq uğrunda, istiqlal uğrunda mübarizəsi birinci növbədə onun şəxsi iradəsi və fitri istedadı ilə bağlıdır. Şeyx Şamil əsrinin, dövrünün mütəfəkkir insanlarından biri olubdur. Onun zəkası, ağlı, yüksək təhsili, elmi bilikləri, siyasi dünyagörüşü və onun şəxsi qəhrəmanlığı, cəsurluğu, şücaəti Şeyx Şamili böyük sərkərdə, alim, filosof, dövlət xadimi, xalq qəhrəmanı edibdir. Buna görə də Şeyx Şamil bütün Qafqaz xalqlarının tarixində görkəmli yer tutub, bütün dünyada tanınıbdır. Şeyx Şamilin həyatı və fəaliyyəti haqqında bu yubiley tədbirləri zamanı, yubiley günləri və bu gün də bizim görkəmli alimlərimiz, yazıçılarımız dəyərli sözlər deyirlər və ətraflı danışırlar. Verilən bütün bu qiymətlər, deyilən bütün bu sözlərin hamısı Şeyx Şamilin kim olduğunu tam çatdıra bilməsə də, onun kim olduğunu bugünkü nəsil artıq bilir.

Mən hesab edirəm ki, Şeyx Şamil haqqında tarixin müəyyən dövrlərində bəzi qadağanlar qoyulmasına baxmayaraq, xalq Şeyx Şamili heç vaxt unutmayıb. Şeyx Şamil Qafqaz xalqlarının qəlbində daim yaşayıbdır. Onun obrazı həmişə bir qəhrəmanlıq simvolu kimi və müstəqillik, milli azadlıq mübarizəsinin simvolu kimi insanların qəlbində yaşayıbdır. Doğrudur, onun həyatı bir tərəfdən ziddiyyətli olubdur, bir tərəfdən də çox parlaq olubdur, çox nümunəvi olubdur. Ona görə də Şeyx Şamil tarixə daxil olubdur. Amma o, həyatdan gedəndən sonra onun haqqında yazılan tarixi kitablar da ziddiyyətli olubdur, ayrı-ayrı siyasi subyektiv fikirlər nəticəsində onun həyat yolu bəzən təhrif edilibdir. Ancaq bunların heç biri Şeyx Şamil şəxsiyyətini, onun adını tarixdən silə bilməyibdir.

Tarix elə bir şeydir ki, onun müəyyən bir siyasi hakimiyyətin, siyasi fikrin səbəbindən ola bilər ki, tarixin bəzi səhifələri ya unudulsun, ya da təhrif olunsun. Ancaq biz indi, son illər tarixi bir daha vərəqləyərkən açıq-aydın gördük ki, bunlar müvəqqəti xarakter daşıyır. Tarixi təhrif edənlər, tarixi pozmaq istəyənlər çox nahaq cəhdlər göstərirlər. Bunlar əbəsdir, bunlar əhəmiyyətsizdir. Məhz buna görə də indi - XX əsrin sonunda dünyada gedən ictimai-siyasi proseslər içində, Sovetlər İttifaqının dağılması ilə əlaqədar xalqların müstəqillik əldə etməsi nəticəsində, müstəqil dövlətlərin yaranması nəticəsində, azadlığın, demokratiyanın yaranması nəticəsində indi Şeyx Şamilin adı və şəxsiyyəti olduğu kimi bəyan edilir.

Şübhəsiz ki, Şeyx Şamil tarixdə qoyduğu izlə böyük bir dəryadır. Bizim tarixçilərimiz, alimlərimiz onun həyatını, onun mübarizəsini, onun mübarizə tarixini, onun dünyagörüşünü hələ bundan sonra da araşdıracaqlar, təhlil edəcəklər və şübhə etmirəm ki, yeni-yeni kitablar yazılacaqdır. Ancaq bu gün, xüsusən bu yubiley mərasimləri keçirilən dövrdə Dağıstanda, Azərbaycanda, Qafqazın başqa respublikalarında Şeyx Şamil haqqında ictimaiyyətə, xalqa, dünyaya yetərli qədər məlumatlar çatdırılıbdır. Biz Azərbaycanda Şeyx Şamili bütün Qafqaz xalqlarının milli azadlıq uğrunda mübarizəsinin qəhrəmanı hesab edirik. Şeyx Şamil mübarizəsinin ən dəyərli tərəflərindən biri odur ki, o, mübarizəsi ilə Qafqaz xalqlarını birləşdiribdir, həmrəy edibdir və Qafqaz xalqlarını bir-birinə daha doğma edibdir. Dağıstanda da, Azərbaycanda da Şeyx Şamilə, onun qoyduğu zəngin irsə böyük hörmət və ehtiram vardır.

Bu yubiley mərasimləri, o cümlədən bugünkü təntənəli gecə Şeyx Şamilin xidmətlərinə, onun tarixdə tutduğu görkəmli yerə yüksək qiymətdir. Eyni zamanda bu yuibiley mərasimləri hamısı birlikdə Qafqazda sülhün, əmin-amanlığın, həmrəyliyin və birliyin bərqərar olması üçün çox gözəl vasitədir. Bu gün biz Şeyx Şamilin 200 illik yubileyini qeyd edərkən Qafqazda sülhün, əmin-amanlığın, dostluğun, qardaşlığın yaranmasını arzu edirik. Şeyx Şamil bunu istəmişdir, Şeyx Şamil buna görə mübarizə aparmışdır. Biz bu günlər Şeyx Şamilin mübarizəsinin gözəl bəhrələrindən istifadə edirik. Xalqlar azadlığa çıxıblar. Xalqlar, Qafqaz xalqları sərbəst yaşamaq imkanı əldə ediblər. Şeyx Şamil bunu istəyirdi, Şeyx Şamil bundan ötrü mübarizə aparırdı.

Amma eyni zamanda Qafqaz indi çox ağır bir dövr yaşayır. Müsbət nəticələrlə yanaşı, Qafqazda bəzi bölgələrdə hərbi münaqişələr, toqquşmalar, ayrı-ayrı respublikalar arasında mövcud olan gərginlik və başqa çətinliklər Qafqazın vəziyyətini yenə də çətinləşdiribdir. Ona görə də biz Şeyx Şamilin ideyalarına, onun xidmətlərinə yüksək qiymət verərək, onun ideyalarına sadiq olduğumuzu bildirərək, səylərimizi Qafqazda mövcud olan bu çətinliklərin aradan qaldırılmasına yönəltməliyik. Bugünkü yubiley gecəsi, hesab edirəm ki, buna nümunədir.

Şeyx Şamilin yubileyi Dağıstanda qeyd olunarkən, Azərbaycanın nümayəndə heyəti orada iştirak etmişdir. Bu gün buraya Dağıstanın yüksək səviyyəli nümayəndə heyəti gəlibdir. Dağıstanın Xalq Məclisinin sədri, hörmətli Muxu Əliyev çox parlaq və məzmunlu nitq söylədi. Onun nitqi, Azərbaycan alimlərinin, yazıçılarının çıxışlarının hamısı birlikdə eyni məzmundadır. Dağıstan-Azərbaycan dostluğunu daha da möhkəmləndirməklə biz Şeyx Şamilə, onun ideyalarına öz sədaqətimizi bir daha bildirmiş olarıq.

Dağıstan ilə Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Bu dostluq bizim daim bir yerdə olmağımızdan irəli gəlibdir. Təsadüfi deyil ki, Şeyx Şamil həm Dağıstanda, həm də Azərbaycanda olubdur və Qafqazın başqa bölgələrində də olubdur. Şeyx Şamilin qohumları, nəvə-nəticələri Azərbaycanda yaşayıblar. Allaha şükürlər olsun ki, onlardan biri də indi burada bizimlə bir yerdədir, Azərbaycanın Şəki rayonunda yaşayır. Bunların hamısı bizim keçmişdə də əsrlər boyu bir yerdə olduğumuzu sübut edir. Biz bu gün də bir yerdəyik.

Bizi-Azərbaycanı Rusiyadan, Dağıstandan ayıran sərhəd, mən hesab edirəm, çox şərti xarakter daşıyır, sadəcə olaraq ölkələrin ərazilərinin sərhədlərini göstərir. Amma insanların arasında, bizim xalqların arasında heç bir sərhəd yoxdur və heç bir sərhəd də olmamalıdır. Bizim bu gün buradakı görüşümüz bunu əyani surətdə sübut edir. Bu təntənəli gecə bizim xalqlarımızın dostluğunun bayramıdır, bizim milli azadlığımızın bayramıdır. Dağıstanda yaşayan xalqların əksəriyyətinə mənsub olan insanlar Azərbaycanda da yaşayırlar. Onlar hamısı Azərbaycanın bərabər hüquqlu, doğma vətəndaşlarıdır. Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra biz bəyan etmişik ki, respublikamız Azərbaycanda yaşayan bütün vətəndaşların - milliyyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq - doğma vətənidir. Elə də var. Məhz buna görə də Azərbaycan çoxmillətli ölkə kimi, eyni zamanda monolit, vahid bir xalqa malikdir - Azərbaycan xalqına.

Burada bəzən "azsaylı xalqlar" ifadəsi işlənir. Doğrusu, bu söz mənim o qədər də xoşuma gəlmir. Ümumiyyətlə, bu söz dünya terminologiyasına daxil olubdur. Mənim isə xoşuma gəlmir. Xalqın azsaylısı, çoxsaylısı yoxdur. Xalqın hamısı xalqdır. Ona görə də Azərbaycanda yaşayan xalqların hamısı xalqdır, biz heç kəsi azsaylı xalq hesab etmirik, hamısı Azərbaycanın bərabər hüquqlu vətəndaşlarıdır, hamısı da birlikdə vahid Azərbaycan xalqıdır.

Dağıstan Rusiya Federasiyasının tərkibindədir. Rusiya Federasiyası ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq əlaqələri mövcuddur və bu əlaqələri daim inkişaf etdirməyə çalışırıq. Bu il iyul ayının 3-də mən, Azərbaycanın prezidenti kimi, Moskvada rəsmi səfərdə olarkən Rusiya Federasiyasının prezidenti Boris Yeltsinlə bərabər Azərbaycanla Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında böyük bir müqavilə imzaladıq. Bu müqavilə gələcəkdə dostluğumuzu, əməkdaşlığımızı inkişaf etdirmək üşün çox dəyərli bir sənəddir. Hesab edirik ki, bu müqavilədən irəli gələn vəzifələrin hamısını yerinə yetiririk və bundan sonra da yerinə yetirəcəyik. Dağıstan isə Rusiya Federasiyasının tərkibində olaraq, Rusiya Federasiyasının subyekti kimi, respublikası kimi Azərbaycanla Rusiya Federasiyası arasında yerləşən və bizim bu dostluq, əməkdaşlıq əlaqələrimizin yaradılmasında çox böyük imkanlara malik olan bir respublikadır. Ona görə də biz Dağıstanı daim, qədimdən, həmişə tarixi dostumuz kimi qəbul etmişik və qəbul edirik. Dağıstanla Azərbaycan arasında heç vaxt heç bir münaqişə olmayıbdır və bundan sonra da olmayacaq və ola da bilməz. Eyni zamanda Dağıstan Rusiya Federasiyasının tərkib hissəsi kimi, Rusiyanın ən cənubunda Azərbaycana qonşu olan subyekti, respublikası kimi Rusiya ilə Azərbaycan arasında əlaqələrdə mühüm rol oynayır. Mən hesab edirəm ki, burada həm Dağıstanın, həm də Azərbaycanın hələ böyük imkanları var. Bu imkanlardan biz bundan sonra da səmərəli istifadə etməliyik. Azərbaycanın qapıları bütün dağıstanlılar üçün açıqdır. Elə bilirəm ki, Dağıstanın da qapıları Azərbaycan vətəndaşları üçün açıqdır. Biz bir-birimizə rahat gedib-gəlirik və bir-birimizlə həmişə xeyirdə də, şərdə də bir yerdəyik. Bunların hamısı çox gözəl hallardır, çox gözəl əlamətlərdir.

Son vaxtlar bizim bu əlaqələrimiz daha da inkişaf edibdir. Son dövrdə Azərbaycanın dini rəhbəri Şeyxülislam Paşazadənin Dağıstana səfəri və Dağıstanın dini rəhbərinin Azərbaycana gəlməsi, onun bu gün də Dağıstan dövlət nümayəndə heyətinin tərkibində olması bizim bu sahədə də əlaqələrimizin inkişaf etməsini göstərir.

Xalqlarımızın birliyini, dostluğunu təmin edən amillərdən biri də odur ki, bizim adət-ənənələrimiz birdir, mənəvi dəyərlərimiz bir-birinə bənzərdir. Biz bir dinə mənsubuq. İslam dini, onun yaratdığı mənəvi dəyərlər, adət və ənənələr bizim xalqlarımızı əsrlər boyu birləşdiribdir, xalqlarımızın dostluğunun və qardaşlığının daha da möhkəm olmasını təmin edibdir. Bu gün bu vasitə də dostluğumuzun, qardaşlığımızın inkişafına kömək edir və bundan sonra da kömək edəcəkdir.

Beləliklə, bu gün biz həm Qafqazın böyük oğlu Şeyx Şamilin xatirəsini yad edirik, həm də Dağıstan və Azərbaycan xalqları arasında olan dostluq və qardaşlıq əlaqələrinin möhkəmlənməsi üçün yeni addımlar atırıq.

Qafqazın şimalı Rusiya Federasiyasının ərazisindədir. Qafqazın cənubunda yerləşən respublikalar - Azərbaycan, Gürcüstan, Ermənistan isə müstəqil dövlətlərdir. Təəssüflər olsun ki, Ermənistanla Azərbaycan arasında münaqişə mövcuddur. Ermənistan Azərbaycana təcavüz edibdir, respublikamıza çox böyük zərərlər vurubdur. Azərbaycanın ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. Bir milyondan artıq Azərbaycan vətəndaşı yerindən-yurdundan zorla çıxarılıbdır və ağır vəziyyətdə çadırlarda yaşayırlar.

Bunların hamısı Qafqazın birliyinə vurulan zərbələrdir. Gürcüstanda da hələ tam əmin-amanlıq yaranmayıbdır. Orada da münaqişələr var, Şimali Qafqazda da münaqişələr var. Ona görə də Qafqazda sülhü, əmin-amanlığı bərqərar etmək üçün bu münaqişələrə son qoyulmalıdır. Biz bu münaqişələrə son qoyulmasına çalışırıq. Xüsusən, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasına çalışırıq. Biz istəyirik ki, Gürcüstanda da münaqişələrə son qoyulsun. İstəyirik ki, Qafqazın hər bir yerində əmin-amanlıq bərqərar olsun, dostluq bərqərar olsun, xalqlar arasında səmimi münasibətlər yaransın. Bunların hamısı mümkündür. İnanıram ki, biz birgə səylərimizlə bunlara nail ola biləcəyik. Ona görə də burada Ümumqafqaz evi haqqında səslənən ifadələr, sözlər tam əsaslıdır.

Həqiqətən, Gürcüstanın prezidenti Eduard Şevardnadze ilə mənim keçən il imzaladığımız bir bəyanatda Qafqazda sülhün, əmin-amanlığın yaranmsı üçün, Ümumqafqaz evinin yaranması üçün birgə təşəbbüs göstərmişik. Hesab edirəm ki, bu təşəbbüs yaşayır və bundan sonra da yaşayacaqdır. Biz bütün bu münaqişələrə son qoya biləcəyik, bütün bu münaqişələri aradan qaldıracağıq və beləliklə, Qafqazda sülhün, əmin-amanlığın təmin edilməsinə nail olacağıq.

Mən bildirmişəm və bu gün bir daha bildirirəm ki, biz Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə həll etmək istəyirik. Ancaq Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, işğal edilmiş torpaqlarımızın azad olunması, yerindən-yurdundan didərgin düşmüş Azərbaycan vətəndaşlarının öz evlərinə, yerlərinə qayıtması şərti ilə. Bu şərtlərlə biz bu münaqişənin həll edilməsini istəyirik, bu yolda çalışırıq və güman edirəm ki, buna nail olacağıq.

Rusiya Federasiyası ilə Azərbaycan arasındakı dostluq, əməkdaşlıq əlaqələrini inkişaf etdirmək üçün Dağıstanda və ümumiyyətlə Şimali Qafqazda daimi sülhün bərqərar olmasını istəyirik.

Biz Dağıstanda ictimai-siyasi vəziyyətin sabit olmasını arzulayırıq. Dağıstanda ictimai-siyasi vəziyyətin, daxili vəziyyətin sabit olması üçün öz tərəfimizdən səylərimizi göstərməyə hazırıq. Biz Şimali Qafqazdakı münaqişələrin sülh yolu ilə aradan qaldırılmasını istəyirik. Burada tamamilə doğru deyildi ki, zorla, güc işlətməklə, xalqların iradəsini əzmək, yaxud onları məhv etmək mümkün deyil. Şeyx Şamilin mübarizəsi, Şeyx Şamilin həyat yolu və Şeyx Şamilin qəhrəmanlığı hələ XIX əsrdə buna əyani nümunə olmuşdur. İndi gərək bunlardan hamı nəticə çıxarsın və məhz sülh, barışıq yolu və qarşılıqlı anlaşma yolu ilə Qafqazda sülhü, əmin-amanlığı bərqərar etməliyik.

Bizim alimlərimiz burada Şeyx Şamil haqqında danışdılar. Bilirsiniz, bu gün, yubiley gecəsində bir daha demək istəyirəm ki, Şeyx Şamilin həyatını təhlil edənlərin də çoxu Azərbaycan alimləri olublar, onun yolunda çətinliklərlə üzləşənlər də Azərbaycan alimləri və yazıçıları olublar, Şeyx Şamilin yolunda qurban gedən də Azərbaycanın böyük alimi, filosofu Heydər Hüseynov olubdur. Bu onu göstərir ki, Şeyx Şamil Azərbaycan xalqı, Azərbaycan üçün nə qədər qiymətli, nə qədər əziz olubdur ki, onun yolunda, yəni onun ideyaları yolunda, onun haqqında doğru-düzgün, ədalətli sözlər deməyə görə böyük insanlar hətta canını qurban veriblər. Bunun özü də xalqımızın bir-birilə nə qədər sıx bağlı olduğunu göstərir. Bunun özü də xalqlarımızın dostluğunun, qardaşlığının bundan sonra da sarsılmaz olacağını göstərir. Mən buna əminəm.

Mən bu gün, bu bayram günü Azərbaycan xalqı ilə Dağıstan xalqı arasında dostluq, qardaşlıq əlaqələrinin daim möhkəmlənməsini arzu etdiyimizi bir daha bildirirəm. Azərbaycan dövləti, Azərbaycan Respublikası bu sahədə üzərinə düşən bütün məsələlərin hamısını bundan sonra da həll edəcəkdir. Şeyx Şamil və onun qoyduğu irs bizi birləşdirir, bizi möhkəmləndirir və bundan sonra daha da birləşdirəcəkdir.

Eşq olsun Qafqaz xalqlarına! Eşq olsun Dağıstana! Eşq olsun Azərbaycana! Eşq olsun sarsılmaz Dağıstan-Azərbaycan birliyinə! Sağ olun.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - 13 cild Azərnəşr, Bakı - 1998, səh.141

Tarixi arayış