Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Britaniya-Azərbaycan parlament qrupunun əsasının qoyulması münasibətilə təşkil olunmuş rəsmi qəbulda nitqi – London, 22 iyul 1998-ci il


Hörmətli xanımlar və cənablar!

Hörmətli dostlar!

Bugünkü görüş münasibətilə mən sizə təşəkkürümü bildirirəm. Birləşmiş Krallığın parlamenti böyük tarixə, ənənələrə malikdir. Doğrudur, parlamentinizin ənənələrinin bəzilərini siz artıq istəmirsiniz və onlardan xoşunuz gəlmir. Mən bu gün bunu bir daha hiss etdim. Amma eyni zamanda, siz onlardan ayrıla da bilmirsiniz, istifadə edirsiniz.

Mən təşəkkür edirəm ki, siz parlamentin xoşunuza gəlməyən hissələrini bizim həyatımıza tətbiq etməkdən imtina edirsiniz. Heç olmasa, buna görə sağ olun. Çünki bəziləri belə hesab edirlər ki, onların ənənələri universal xarakter daşıyır və hər bir ölkədə bunlar sözsüz qəbul olunmalıdır. Bu, bizim keçmişdə, uzun illər istifadə etdiyimiz kommunist ideologiyasına bəzən bənzəyir. Kommunist ideologiyası tələb edirdi ki, hər yerdə kommunist ideologiyası tətbiq olunmalıdır. Ancaq onlar buna nail olmadılar. İndi dövlətlər, xalqlar bu communist ideologiyasından xilas olandan sonra demokratiya yolu ilə getdikləri zaman, bəzi dövlətlər öz ölkələrində yüz illərlə yaranmış demokratiyanı bu gənc, yeni müstəqil ölkələrə də eyni ilə tətbiq etmək istəyirlər. Mən bu gün hiss etdim ki, siz belə fikirdə deyilsiniz. Ona görə də sizə təşəkkür edirəm. Amma biz eyni zamanda, yaxşı dərk edirik ki, sizin ölkənizin dövlət sistemində və xüsusən parlamentin fəaliyyətində çox dəyərli ənənələr vardır. Bunlar birinci növbədə demokratiyaya aiddir.

Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi aparırıq. Biz demokratiyanı yaradırıq və onu inkişaf etdirmək yolu ilə gedirik. Ancaq demokratiya bizim üçün yeni bir anlayışdır. Biz artıq bunu anlamışıq. Amma vətəndaşlarımızın hamısının bunu anlaması və qəbul etməsi, qavraması, şübhəsiz ki, müəyyən vaxt tələb edir.

Demokratiyanı Azərbaycanda tam yaymaq, bərqərar, əbədi, dönməz etmək üçün bizim sizin köməyinizə ehtiyacımız vardır. Biz sizin təcrübənizdən maksimum istifadə etməyə çalışırıq. Siz isə görsəniz ki, təcrübənizin haradasa mənfi cəhətini götürmək istəyirik, bunun qarşısını alın, bizə deyin ki, bu, lazım deyildir. Hər halda Böyük Britaniyada demokratiyanın daşıyıcısı parlamentdir. Ona görə də bu gün mən parlamentin üzvləri, Britaniya-Azərbaycan parlament dostluq qrupunun və parlamentin başqa üzvləri ilə görüşümdən çox məmnunam. Mən bu fürsətdən istifadə edib, sizi birinci növbədə Azərbaycana, oktyabrın 11-də respublikamızda keçiriləcək seçkilərdə müşahidəçi kimi iştirak etməyə dəvət edirəm. Amma şübhəsiz ki, bizim əməkdaşlığımız təkcə bununla bitməyəcəkdir.

Biz Böyük Britaniya ilə ümumiyyətlə, uzunmüddətli əməkdaşlıq haqqında çox dəyərli qərarlar qəbul etmişik. Əlahəzrət kraliça ilə mənim söhbətim zamanı da biz bu məsələni müzakirə etdik. Xüsusən Baş nazir cənab Toni Bleyr ilə mənim görüşüm, danışıqlarım zamanı bu məsələ çox geniş müzakirə olundu. Biz ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi haqqında tam həmfikir olduq. Böyük Britaniyanın Baş Naziri cənab Toni Bleyr və Azərbaycan prezidenti kimi mən bunun nəticəsi olaraq Birləşmiş Krallıq ilə Azərbaycan arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə bəyannamə imzalamışıq.

Ötən dörd il ərzində ölkələrimiz arasında əlaqələr genişlənib və inkişaf edibdir. Mənim Birləşmiş Krallığa rəsmi səfərim zamanı keçirdiyimiz görüşlər, apardığımız danışıqlar və Baş nazirlə imzaladığım siyasi bəyannamə bizim əlaqələrimizin gələcəyi üçün yeni mərhələ açır. Biz razılaşdıq ki, əlaqələrimizi bütün sahələrdə - siyasi, iqtisadi, elmi, mədəni, humanitar və başqa bütün sahələrdə inkişaf etdirməliyik. Güman edirəm ki, parlamentdə siz də bu əlaqələrin inkişaf etməsinə öz xidmətlərinizi göstə-rəcəksiniz.

Mən sizə cansağlığı, bütün işlərinizdə uğurlar arzulayıram. Birləşmiş Krallığın parlamentinə daha da uğurlu fəaliyyət arzulayıram. Böyük Britaniya ilə Azərbaycan arasıda olan dostluq əlaqələrinin inkişaf etdirilməsinə hər birinizin səy göstərməsini arzulayıram. Sağ olun, təşəkkür edirəm.

Britaniya parlamentinə bizim böyük hədiyyəmiz yoxdur. Amma bu Azərbaycanın milli mədəniyyətinin nümunəsidir. Azərbaycan mədəniyyətinin, incəsənətinin bir hissəsi də xalçaçılıqdır. Azərbaycan xalçaları çox məşhurdur. Onları insanlar, xüsusən qadınlar və gənc qızlar öz əlləri ilə toxuyurlar. Güman edirəm ki, bu xalça Azərbaycan ilə Birləşmiş Krallığın dostluğunun möhkəmləndirilməsinə xidmət edəcəkdir.