"Şahdəniz" yatağında əldə edilmiş nəticələrin təqdimat mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin giriş niqti - 12 iyul 1999-cu il


Hörmətli xanımlar və cənablar!

Bu gün biz çox əlamətdar bir hadisə münasibətilə buraya toplaşmışıq. Azərbaycan dövlətinin yeni neft strategiyası, neft doktrinasının əməli surətdə həyata keçirilməsinin müsbət nəticəsi ilə tanış olmaq və bu məsələni müzakirə etmək məqsədi ilə biz bu gün buradayıq.

Məlumdur ki, 1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir.

Gənc, müstəqil Azərbaycan bu arzularla yaşayaraq, eyni zamanda dərk edirdi ki, bu böyük işləri təkbaşına görə bilməz. Ona görə də bizim zəngin neft, qaz yataqlarının işlənilməsini və xalqın mənafeyi üçün istifadə olunmasını yalnız dünyanın inkişaf etmiş ölkələri ilə, onlara məxsus olan neft şirkətləri ilə, yüksək texnologiya ilə həyata keçirmək mümkündür. Məhz buna görə də 1994-cü ilin sentyabr ayınan 20-də Azərbaycan, Azərbaycanın Dövlət Neft Şirkəti dünyanın bir çox böyük neft şirkətləri ilə ilk böyük müqaviləni imzaladı. Bu müqaviləyə də "Əsrin müqaviləsi" adı verildi. Bu müqavilə ardıcıl surətdə həyata keçirilir, onun müsbət nəticələrini biz artıq bir müddət bundan öncə müşahidə, hiss etmişik və ondan istifadə edirik.

Məlumdur ki, "Azəri", "Çıraq" və "Günəşli" yataqlarından çıxarılan neft ilə əlaqədar olan bu konsorsium çox müvəffəqiyyətlə işləmişdir və 1997-ci ilin noyabr ayının 12-də biz "Çıraq" neft yatağından ilkin nefti almışıq.

Bu münasibətlə Azərbaycanda çox işlər görülübdür. Onlardan biri də ondan ibarətdir ki, biz neftin dünya bazarına ixrac edilməsi üçün neft kəmərləri yarada bilmişik: birinci - Bakı-Novorossiysk, ikinci - Bakı-Supsa. Onlardan hər ikisi Qara dənizdəki limanlara çıxır - biri Rusiyaya, biri Gürcüstana. Təəssüf ki, bizim ilk qurduğumuz neft borusu - Bakı-Novorossiysk neft kəməri normal işləmir, vaxtaşırı orada neftin hərəkəti bağlanır və son üç ayda tamamilə bağlanıbdır. Bu bizə bir çox çətinliklər yaradır.

Mən bu münasibətlə onu deyə bilərəm ki, biz 1994-cü ildə "Əsrin müqaviləsi"ni imzalayanda Rusiya hökuməti bizə vədlər verirdi ki, siz bu hasil olan neftin hamısını Rusiya vasitəsilə ixrac edin və başqa marşrutlara göz dikməyin, biz bunların hamısını təmin edəcəyik.

Biz buna inandıq və ona görə də ilkin neftin ixracı üçün birinci neft kəmərini Rusiyanın ərazisindən Novorossiysk limanına çəkdik. Ancaq təəssüflər olsun ki, Rusiyanın hökuməti verdiyi vədləri yerinə yetirmir və bizim bu boru xətti üzrə neft ixracımız çox çətinliklərlə rastlaşır. Bununla da həm xarici şirkətlər çox şey itirir, həm də Azərbaycan Respublikası çox şey itirir.

Ancaq inşa etdiyimiz və bu ilin aprel ayında istifadəyə verdiyimiz Bakı-Supsa neft kəməri işləyir. Tam gücü ilə işləyir və "Çıraq" neft yatağından hasil olunan neft bu kəmər vasitəsilə dünya bazarına çıxarılır. Yaxşı ki, biz bu neft kəmərini vaxtilə planlaşdırdıq və tikdik.

Bizim böyük nefti ixrac etmək üçün planlaşdırdığımız böyük neft kəməri - Bakı-Ceyhan, Bakı - Gürcüstan - Türkiyə - Ceyhan neft kəməri də mütləq tikilməlidir və məlumdur ki, biz bu sahədə çox işlər görmüşük. Son zamanlar Azərbaycan Dövlət Neft Şirkəti Türkiyə hökuməti ilə, Türkiyənin bu barədə səlahiyyətli şəxsləri ilə danışıqlar aparıbdır. Bildiyimə görə, Türkiyənin Böyük Millət Məclisi bu məsələyə baxıbdır və zəmanət haqqında hökumətə razılıq veribdir. Beləliklə, biz tezliklə Bakı-Ceyhan xəttinin də tikilməsinə başlayacağıq. Bu, mütləq lazımdır. Bizim bu tədbirlərimizi bəyənməyən, yaxud onun əleyhinə çıxanlar artıq görürlər ki, bir müqavilə - "Azəri", "Çıraq", "Günəşli" müqaviləsi işləyir, neft verir. İndi digər bir müqavilə haqqında da biz burada danışacağıq. Burada da artıq böyük imkanlar açılır və beləliklə, Azərbaycan nəzərdə tutduğu kimi, öz neft strategiyasını həyata keçirir. Əvvəldə nəzərdə tutulduğu kimi, Azərbaycanda böyük neft ehtiyatları vardır, böyük qaz ehtiyatları vardır və bunların işlənilməsi, dünya bazarlarına çıxarılması bizim bugünkü və gələcək vəzifələrimizdir. Bunları həyata keçirmək üçün biz bu boru xətlərini mütləq tikməliyik.

1996-cı ilin iyun ayının 4-də Azərbaycan Dövlət Neft Şirkəti dünyanın bir neçə böyük neft şirkətləri ilə yeni bir müqavilə imzalamışdır. Bu müqavilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən çox böyük, zəngin "Şahdəniz" neft yatağının işlənilməsi üçün imzalanmışdır. Müqavilə imzalanandan sonra konsorsium təşkil olunmuşdur. Bu konsorsiuma Böyük Britaniyanı təmsil edən "Bi-Pi AMOKO", Norveçi təmsil edən "Statoyl", Fransanı təmsil edən "Elf akiten", həm Rusiyanı, həm İtaliyanı təmsil edən "LUKoyl-ACİP", Türkiyəni təmsil edən "Türk petrolları şirkəti", İranı təmsil edən OPEK şirkətləri daxildir. Bilmirəm, hamısını dedim, yoxsa yox. Deyəsən çatışmayan olmadı.

Siz bu konsorsiumun tərkibinə fikir verin. Burada Avropanın bir neçə böyük dövlətinin böyük neft şirkətləri vardır. Amerikanın neft şirkəti var, Rusiyanın, Türkiyənin, İranın neft şirkətləri vardır. Görürsünüz, biz nə qədər böyük dairəni əhatə etmişik.

Bu müqavilə 1996-cı ilin oktyabr ayında Azərbaycanın Milli Məclisi tərəfindən təsdiq olunubdur və ondan sonra da yaranmış konsorsium işə başlayıbdır.

"Şahdəniz" yatağı Azərbaycanın Xəzər dənizindəki sektorunda demək olar ki, ən böyük və ən zəngin neft və qaz yataqlarından biridir. Bu, daha çox qaz yatağıdır, nəinki neft yatağıdır. Bu yatağı ilk dəfə Azərbaycanın neftçiləri, neft kəşfiyyatçıları 1954-cü ildə kəşf etmişlər. 1976-cı ildə bu yataqda müəyyən qazma, geoloji işlər aparılıbdır və yatağın zəngin qaz sərvətlərinə malik olduğu müəyyən edilibdir. Ondan sonra 1980-ci illərdə müəyyən işlər aparılıbdır. Hətta mənim xatirimdədir, Xoşbəxt Yusifzadə bir dəfə mənə dedi ki, onlar, - bilmirəm, 1990-cı ildə idi, haçan idi, - orada bir quyu qazıb qaz çıxarmaq istəmişdilər. Ancaq o illər belə böyük yataqları işlətmək şübhəsiz ki, asan məsələ deyildi.

Mən sizə açıq deyim, biz Sovetlər İttifaqının tərkibində olarkən sovet hökuməti də bu yataqların işlənilməsinə o qədər fikir vermirdi və Azərbaycana vəsait ayırmırdı. Ancaq bu, çox yaxşı olubdur. Çünki biz bu yataqları, demək olar, qoruyub saxlamışıq ki, indi, Azərbaycan müstəqil olduğu zaman bu yataqlardan sərbəst, özü istədiyi kimi istifadə etsin. Yəni bu "Şahdəniz" yatağının böyük tarixi vardır. Azərbaycan neftçilərinin, geoloqlarının, kəşfiyyatçılarının bu yatağın kəşf olunmasında və orada qazma işləri aparılmasında, bu yatağın imkanlarının müəyyən edilməsində böyük xidmətləri vardır. Mən bunu həmişə olduğu kimi xüsusi qeyd etmək istəyirəm.

"Şahdəniz" neft yatağında yaranmış konsorsium tərəfindən aparılan işlər bizim, Azərbaycan neftçilərinin ondan əvvəl gördüyü işlərin nə qədər səmərəli və nə qədər dəqiq olduğunu təsdiq edir. Bu müqaviləni imzalayarkən, şübhəsiz ki, biz hamısına çox diqqət veririk və hər bir şeyi ölçüb-biçirik. Bunu imzalayarkən bizim geoloqların, neftçilərin proqnozu belə idi ki, buradan, "Şahdəniz" yatağından 400 milyard kubmetr qaz almaq olar və xeyli miqdarda da kondensat almaq olar. Azərbaycandakı olan bu yataq haqqında materiallarla tanış olan "Bi Pi", "Statoyl" və başqa şirkətlər də bu müqaviləni imzalamaqdan əvvəl bunu bilirdilər və inanaraq bu müqaviləni imzalamağa getmişdilər.

1997-1998-ci illərdə və bu ilin birinci hissəsində konsorsium tərəfindən çox böyük iş görülübdür. Mənə verilən məlumatlara görə, yaxşı nəticələr əldə olunubdur. Bu nəticələri dinləmək üçün mən konsorsiumun üzvlərini və bu məsələ ilə əlaqədar olan başqa şəxsləri, o cümlədən xarici ölkələrin - bu şirkətlərin mənsub olduqları ölkələrin səfirlərini buraya dəvət etmişəm.

Yekun nitqi

 

- Birinci növbədə mən Azərbaycan Dövlət Neft Şirkətini, "Şahdəniz" konsorsiumunu və bu konsorsiuma daxil olan şirkətləri bu böyük nailiyyət münasibətilə ürəkdən təbrik edirəm. "Şahdəniz" konsorsiumunun prezidentinin və başqa natiqlərin burada verdikləri məlumatlar bizi həddən artıq sevindirir və güman edirəm ki, bu, dünya miqyasında böyük bir hadisəyə çevriləcəkdir. Əgər "Şahdəniz" konsorsiumunun prezidenti bu gün bu ilkin məlumatı verərək, eyni zamanda hasil olunacaq qazın dünya bazarlarına ixrac edilməsi haqqında məsələ qoyursa və bunun da müvafiq marşrutunu göstərirsə, bu o deməkdir ki, əldə olunan nailiyyət o qədər əsaslıdır ki, - bu nailiyyət təkcə rəqəmlərlə sayılmır, yəqin ondan da çoxdur, çünki dünyaya qaz ixrac etmək üçün gərək lazımi qədər qaz olsun, - demək, "Şahdəniz" yatağında deyilən qədər və bəlkə də deyiləndən çox qaz var. Bu, ən sevindirici haldır.

Bu gün şəxsən mənim üçün böyük bir bayramdır. Çünki, hörmətli Xoşbəxt Yusifzadə burada xatırlatdı, 1969-cu ildə mən Azərbaycana başçılıq etdiyim zamandan - 70-80-ci illərdə Azərbaycanın neft sənayesinin inkişaf etdirilməsi üçün çox böyük işlər görmüş və böyük xidmətlər göstərmişdim. Xoşbəxt Yusifzadə düz deyir, əgər o illərdə biz Xəzərin dərinliklərində olan neft və qaz yataqlarından istifadə edilməsi üçün lazımi maddi-texniki baza yaratmasaydıq və bu işləri aparmasaydıq, şübhəsiz ki, indiki nailiyyətləri əldə edə bilməzdik.

Mən vaxtilə böyük məmnuniyyətlə "Dədə Qorqud" qurğusunun və "İstiqlal" qazma qurğusunun açılışında iştirak etdim. Ona görə ki, bu qurğular bizim qarşıda duran planlarımızın həyata keçirilməsi üçün ən vacib vasitələrdən biri idi. Amma bir də ona görə ki, bu qurğular yeni deyildir, onlar məhz mənim təşəbbüsümlə 70-ci və 80-ci illərdə Azərbaycana, Xəzər dənizinə gətirilmiş "Şelf-2", "Şelf-3", "Şelf-4", "Şelf-5" qazma qurğularıdır. Onları o vaxt biz gətirdik, mənim təşəbbüsümlə gətirdik. Gətirdik ki, Xəzər dənizində suyun dərinliyi artıq 20 metr yox, 80 metr, 90 metr, 120 metr, 200 metr olan sahələrdə quyu qaza bilək.

Biz bunlara nail olduq. O "Şelf"lər öz işlərini gördülər, çox quyular qazdılar. Doğru deyirsən, əgər o "Şefl" olmasaydı, biz "Günəşli" yatağından neft ala bilməzdik. İndi sən buyurdun ki "Günəşli" yatağı Azərbaycan neftinin 60 faizini verir. Bunları biz etdik. Əgər onu etməsəydik, o qurğuları buraya gətirməsəydik, Sovet İttifaqının, necə deyərlər, əlindən çətinliklə dartıb alıb buraya gətirməsəydik, indi "Günəşli" yatağı yox idi. Azərbaycan neft ölkəsi olaraq neftsiz qalacaqdı.

İndi isə onlar bizim müasir həyatımıza xidmət edirlər. Amma onlardan ikisi modernləşdirilib, gör növbədə neçəsi qalıb! Onların da modernləşdirilməsindən söhbət gedir, elədirmi? Olacaq, çünki biz 20-yə qədər müqavilə imzalamışıq. Bunların hamısını iki qazma qurğusu ilə etmək olmaz. Bunlar da olacaqdır.

Demək, biz bunun əsasını o vaxt yaratmışdıq. Bu da bu gün gördüyümüz işlər üçün çox böyük əhəmiyyət kəsb edir.

"Şahdəniz" Azərbaycan alimləri, neftçiləri, geoloqları tərəfindən kəşf olunan yataqlar içərisində ən böyüklərindən biridir. Burada onun sahəsi haqqında slaydlar da göstərildi və hamıya məlum oldu ki, nə qədər sahəni əhatə edir. Amma bu gün bizim üçün daha da əhəmiyyətli odur ki, "Şahdəniz" konsorsiumunun prezidenti bəyan etdi ki, "Şahdəniz" yatağı dünya əhəmiyyətli yataqdır.

Mən görüşümüzün əvvəlində dedim ki, biz "Şahdəniz" yatağının potensialını bilirdik. Ona görə də bu yatağın əsasında müqavilə imzalamışdıq və bilirdik ki, bundan yaxşı nəticələr əldə edəcəyik. Onlar hamısı proqnozlar idi. Amma indi görünür ki, bu proqnozlar əsaslı olub, düz olubdur. Bu, Azərbaycan neftçilərinin, alimlərinin, Azərbaycan geoloqlarının nə qədər yuksək səviyyəli biliyə malik olduqlarını göstərir ki, belə bir şəraitdə proqnoz verirlər və bu proqnoz da artıqlaması ilə təsdiq olunur.

Bu gün "Şahdəniz" konsorsiumunun prezidenti bəyan etdi ki, 400 milyard kubmetr qaz var, ancaq 700 milyard kubmetrə qədər çata bilər. Bizim çox hörmətli geoloqumuz isə, - demək olar ki, Azərbaycanda Xəzər dənizini Yusifzadə kimi bilən ikinci adam yoxdur, - deyir ki, orada bir trilyon kubmetrə qədər qaz olacaqdır.

Bu gün fürsətdən istifadə edərək, "Şahdəniz" yatağını kəşf edənlərə və Xəzər dənizindəki bütün başqa yataqları kəşf edən bizim alimlərə, neftçilərə, geoloqlara, - dunyasını dəyişənlərə də, bu gün yaşayanlara da, bütün Azərbaycan neftçilərinə bir daha, bir daha təşəkkür edirəm.

Eyni zamanda bugünkü məlumat, dünyaya bəyan etdiyimiz təqdimat bir çox adamlara artıq onların nə qədər yanlış fikirdə olduqlarını, yaxud da qəsdən Azərbaycanın əleyhinə fikir söylədiklərini göstərəcəkdir. 1994-cü ilin sentyabrında biz Azərbaycanda ilk müqaviləni - "Əsrin müqaviləsi"ni imzalayandan sonra başımıza böyük bəlalar gəldi: terror aktları, dövlət çevrilişinə cəhdlər və başqa cinayətlər. Xarici və daxili düşmənlər artıq gördülər ki, Azərbaycan öz iqtisadiyyatının inkişaf yolunu müəyyən edib və bu yolla gedir. Ancaq heç kəs heç bir şeyə nail ola bilmədi, - Azərbaycan dövləti öz iradəsi ilə gedib, getdi və bu gün də gedir. Təəssüf ki, Azərbaycanın daxilində olan Azərbaycan vətəndaşları - müxalifət qrupları da bu müqavilələrin imzalanmasının, bu sahədə görülən işlərin əleyhinə çıxdılar.

Onların bu məsələlər barədə lazımi təsəvvürləri olmadığı halda, sadəcə, "Azərbaycanda hər şey yaxşı yox, pis olsun" mövqeyindən çıxış edirdilər, ona görə də bunun əleyhinə çıxırdılar.

Xatirimdədir, ilk neft müqaviləsi - "Əsrin müqaviləsi" Azərbaycanın Milli Məclisində müzakirə olunarkən müxalifət qüvvələri bunun əleyhinə çıxaraq belə fikirlər söyləyirdilər ki, nə üçün biz öz sərvətlərimizi xarici ölkələrə, şirkətlərə veririk, bu sərvətləri saxlamalıyıq, nefti sonra özümüz çıxarmalıyıq və ondan xalqımız üçün istifadə etməliyik. Ancaq anlaya bilmirdilər ki, özümüz bu işləri hələ 10, 15, 20 il də bundan sonra görə bilmərik. Mən bunu Azərbaycanın və Sovetlər İttifaqının neft sənayesi ilə 30 il məşğul olan bir adam kimi deyirəm. Lakin neft sənayesinin nə olduğunu bilməyən, küçədən gələrək Azərbaycan parlamentinə girən və gündə orada cürbəcür müxalif fikirlər söyləyən adamlar bunu bilmirdilər və bilə də bilməzdilər. Onlara yalnız o lazım idi ki, bu müqavilə müzakirə zamanı qəbul edilməsin.

1996-cı ildə, "Şahdəniz" müqaviləsinin imzalanması ərəfəsində ölkəmizdə bizimlə işləyən bir şəxs bu müqavilənin imzalanmasının tam əleyhinə çıxdı. Həmin adam üç il bundan əvvəl Azərbaycanı tərk edəndən sonra mən onun adını heç vaxt çəkməmişəm. Çünki o, layiq deyil ki, mən onun adını çəkim. Ancaq bu gün həqiqəti bildirmək üçün mən onun adını çəkməliyəm. O, Milli Məclisin həmin dövrdəki sədri Rəsul Quliyev idi.

Bu müqavilə bir neçə ay idi ki, hazırlanırdı, bütün şirkətlərlə razılaşdırılmışdı, artıq imzalanmağa hazır idi. Müqavilənin imzalanmasından bir həftə əvvəl o, mənim yanıma gəlib dedi ki, bu müqaviləni imzalamaq olmaz. Soruşdum ki, nə üçün? Dedi ki, Dövlət Neft Şirkətindən olan adamlar Sizə düzgün məlumat verməyiblər, burada çoxlu səhvlər, bizim üçün zərərli olan çoxlu şeylər var, ona görə də bunu imzalamaq olmaz. Mən soruşdum ki, bəs sən indiyə qədər harada idin? O, Milli Məclisin sədri səlahiyyətini daim aşaraq neft şirkəti ilə həmişə əlaqədə idi və çalışırdı ki, bu şirkətin işlərinə rəhbərlik etsin. O, bu müqavilənin hazırlanması prosesi ilə yaxşı tanış idi. Bilirdi ki, hər şey yaxşıdır.

Biz burada neft-qaz sərgisi keçirirdik. Bu müqavilə həmin gün imzalanmalı idi. O, bu məsələni bir həftə qabaq ortaya atdı ki, işi pozsun. Mən hər fikri nəzərə alıram. Ona görə də onun fikrini nəzərə aldım, Dövlət Neft Şirkətinin bütün rəhbərlərini bax, bu otağa dəvət etdim. Rəsul Quliyev də, Artur Rasizadə də və Dövlət Neft Şirkətinin bütün rəhbərləri də orada idilər. Mən ona dedim, - dur fikrini sübut et ki, bu müqaviləni niyə imzalamaq olmaz. Şübhəsiz ki, o, cəfəngiyyat danışdı, Dövlət Neft Şirkətinin nümayəndələrini təhqir etməyə başladı. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev, bu sahədə ən böyük mütəxəssis Xoşbəxt Yusifzadə, yadımdadır, Valeh Ələsgərov və başqaları bir-bir onun üzünə durub dedilər ki, sənin fikirlərinin heç bir əsası yoxdur. Sən sadəcə, işə mane olmaq istəyirsən. Ümumiyyətlə, sənin bu məsələlərdən başın çıxmır. O, çox pərt oldu. Bəyan etdi ki, mən bu barədə Sizə rəsmi yazacağam. Bildirdim ki, sən nə istəyirdin dedin, cavabını da aldın, yazırsan yaz. Ancaq o heç nə yazmadı, çünki axı, yaza bilməzdi.

Bu adam, əlbəttə, neft sənayesində neftin emalı işini bilirdi. Mən vaxtilə, 1981-ci ildə onu neft emalı zavoduna direktor təyin etmişdim, bu işi bilirdi. Ancaq o, neftdən nə qədər qanunsuz qazanc götürmək işini yaxşı bilirdi. Amma onun neft sənayesindən, qurğulardan, quyulardan, neftçıxarmadan, dənizdən - bütün bu işlərdən xəbəri yox idi. Təkcə ona görə yox ki, onun bu işlərdən xəbəri yox idi, - o, sadəcə, həmin məqamda, işimizi qurduğumuz zaman bizə zərbə vurmaq, təxribat törətmək istəyirdi, ancaq buna nail ola bilmədi. Biz heç vaxt heç kəsə bunu etməyə imkan verməmişik.

Müqavilə imzalandı, oktyabrın 4-də Milli Məclisdə təsdiq edildi və indi həyata keçirilir. İndi biz bunun gözəl nəticələrini görürük. O isə deyirdi ki, bunu nə üçün indi edək, saxlayaq, biz birinci müqavilədən gəlir götürəcəyik, sonra texnika alacağıq, imkanlarımızı yaradacığıq və bütün bu işləri özümüz edəcəyik. Bilirsiniz, bunlar hamısı cəfəngiyyatdır. Birincisi, o gəliri nə vaxt götürəcəyik? İkincisi, o gəliri götürüb neft sənayesinə yönəltsək, onda Azərbaycanın başqa sosial-iqtisadi məsələləri necə olacaq? Aydındır ki, buna heç izahat vermək lazım deyil. O, sadəcə, belə fikirləri irəli sürərək bizim işimizə mane olmağa çalışırdı. Ancaq mane ola bilmədi, ona görə də qaçdı, indi Amerika Birləşmiş Ştatlarında gizlənir. Neft sənayesindən xəbəri olmayan adam guya neft haqqında kitab yazır, özü də rus dilini "yaxşı bilən" adam kimi, rus dilində yazır.

Bizim bu işimizə indi də mane olmağa çalışanlar vardır. Ancaq heç kəs heç bir şeyə nail ola bilməyəcəkdir. Azərbaycan dövlətinin yeni neft strategiyası müəyyənləşdirilibdir. Biz bu strategiyanı bundan sonra da ardıcıl surətdə həyata keçirəcəyik.

"Şahdəniz" neft yatağına qoyulan 367 milyon dollar sərmayə haqqında burada söhbət açıldı. Təsəvvür edin, cəmi 2 il müddətində Azərbaycana 367 milyon sərmayə qoyulubdur. Konsorsiumun prezidenti bəyan etdi ki, onun böyük bir hissəsi işlədiklərinə görə həm Azərbaycanın müxtəlif şirkətlərinə verilib, həm əmək haqqı, həm də vergi ödənilibdir. Demək, bunun əsas hissəsi bu gün Azərbaycana xeyir, gəlir gətirir.

Bizim bu neft müqavilələri hələ son nəticəyə qədər - bu iş başlayandan, iş prosesində həm ölkəmizə sərmayə gətirir, həm də xalqımızın böyük bir hissəsini, Azərbaycan şirkətlərini, gəmilərini, qurğularını, mütəxəssislərini işə cəlb edir, işlə təmin edir, onlara əmək haqqı verir. Demək, hələ son nəticəyə qədər Azərbaycan bu sərmayələrdən bəhrələnir ki, bu da çox əlamətdar bir hadisədir.

"Şahdəniz" konsorsiumunun prezidentinin verdiyi məlumatlar tam aydındır. Ona əlavə etməyə bir şey yoxdur. Mən bir daha deyirəm ki, bu məlumatlar çox sevindiricidir. Ancaq məni daha da sevindirən o oldu ki, konsorsiumun prezidenti məsələ qaldırdı: qazın ixracı üçün artıq bu gün iş görmək lazımdır. Bəli, mən də belə hesab edirəm. Ona görə də mən bu gün Azərbaycan Dövlət Neft Şirkətinə və konsorsiuma göstəriş verirəm ki, onlar inliyə qədər əldə etdikləri nailiyyətlər əsasında yeni quyuların qazılmasını sürətləndirsinlər. Bəlkə də özləri bilirlər. Amma mən tövsiyə edərdim ki, bir geniş plan hazırlayıb onun həyata keçirilməsi ilə məşğul olsunlar. Çünki yeni quyular nə qədər tez qazılarsa, orada olan qazın və neft kondensatının həcmi daha da dəqiq olacaqdır. Bu da qazın ixracı üçün lazımi işlər görməkdə bizə kömək edəcəkdir.

Mən Nazirlər Kabinetinə tapşırıram ki, Dövlət Neft Şirkəti və konsorsiumla birlikdə Azərbaycan Respublikasının qaza olan ehtiyaclarını ödəmək üçün lazımi infrastrukturun yaranmasını təmin etsin, bu infrastrukturun, qurğuların yaranması üçün planlar hazırlasın və mənə təqdim etsin.

Qazı dünya bazarlarına ixrac etmək üçün, şübhəsiz ki, boru kəməri lazımdır. Biz indi bununla bilavasitə məşğul olmalıyıq. Mən konsorsiumun rəhbərinin təklifi ilə tam razıyam ki, bizim üçün ən əlverişli bazar Türkiyədir. Bir müddət bundan əvvəl, Türkiyənin prezidenti hörmətli cənab Süleyman Dəmirəl ilə danışarkən o mənə dedi ki, Türkiyənin gələcəkdə, bəlkə də 2010-cu ilə qədər 40 milyard kubmetr qaza ehtiyacı vardır. Biz bu ehtiyacı təmin edə bilərik.

Güman edirəm, verilən məlumatlar, əldə etdiyimiz yeni nailiyyətlər əsasında demək olar ki, Azərbaycan "Şahdəniz" yatağından 25 il müddətində ildə 16-20 milyard kubmetr qaz ixrac edə bilər. Nazirlər Kabinetinə göstəriş verirəm ki, bu məsələnin kompleks şəklində həll olunması üçün müəyyən təkliflər hazırlayıb mənə təqdim etsinlər.

Demək, beləliklə, biz indi yeni bir mərhələyə keçirik. Neft kəmərləri ilə yanaşı, Azərbaycandan dünya bazarına qaz ixrac etmək üçün də boru kəməri tikməliyik və bu işə başlamalıyıq. Bir daha deyirəm ki, bu kəmər də Bakı-Gürcüstan-Türkiyə istiqamətində olmalıdır. Beləliklə, "Əsrin müqaviləsi"ndən sonra ikinci böyük müqavilədir ki, biz qısa bir müddətdə bunun gözəl nəticələrini görürük.

Azərbaycanın gələcəyinə nəzər salın. İmzalanmış bütün müqavilələr üzrə Azərbaycana 60 milyard dollar sərmayə qoyulacaqdır. Təsəvvür edin, bu sərmayələr birinci növbədə həmin sərmayəçilərə, xarici ölkələrin şirkətlərinə və Azərbaycana nə qədər böyük yeni sərvətlər gətirəcəkdir. Mən buna beş il bundan əvvəl də inanırdım, bu gün də inanıram. Mən bu inamla, bu nikbinliklə də bugünkü toplantını bağlayıram.

"Şahdəniz" konsorsiumunu və Azərbaycan Dövlət Neft Şirkətini bir daha təbrik edirəm.

Sağ olun.

"Azərbaycan" qəzeti, 13 iyul 1999-cu il.

Oçerklər

NEFT STRATEGİYASI

Ümumi tarixi arayış

NEFT STRATEGİYASI

Tarixi arayış

Neft müqavilələri