Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyilə Azərbaycan Respublikası Özbəkistan nümayəndə heyətilə Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov başda olmaqla nümayəndə heyətləri arasında ikitərəfli danışıqlar zamanı çıxışı - Prezident Sarayı, 27 may 1996-cı il


Zati-aliləri! Hörmətli Özbəkistan Respublikasının prezidenti İslam Kərimov cənabları!

Möhtərəm qonaqlar, dostlar!

Mən sizi Azərbaycan xalqı adından Azərbaycan torpağında səmimi salamlayır və ümidvar olduğumu bildirirəm ki, müstəqil Özbəkistan prezidentinin Azərbaycana ilk səfəri Özbəkistan ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərdə mühüm mərhələ, əməkdaşlığımızın, qardaşlıq münasibətlərimizin inkişafı üçün mühüm mərhələ olacaqdır. Hörmətli İslam Kərimov, dəvətimi qəbul edib, Azərbaycana gəldiyinizə görə sizə təşəkkür edirəm və əminəm ki, söhbətlərimiz, danışıqlarımız və sizin səfəriniz səmərəli olacaq, ümumi işimizə fayda gətirəcəkdir. Bu, müstəqil Özbəkistan Respublikası prezidentinin Azərbaycana ilk səfəridir. Biz bunu yüksək qiymətləndiririk.

Özbəkistan və Azərbaycan xalqları arasında, özbək və Azərbaycan xalqları arasında münasibətlərin qədim tarixi var, bütün dövrlərdə xalqlarımız dost olmuş, bir-birinə arxa durmuş, mədəni, mənəvi dəyərlərlə qarşılıqlı faydalanmışlar. Dilimizin, köklərimizin ümumiliyi, islam dininə mənsubiyyətimiz və ənənələrin ümumiliyi qardaşcasına yaxın münasibətlərimizin həmişə əsası olmuşdur. Bu münasibətlər XX əsr ərzində də davam etmişdir. Biz həm elm, həm texnika, həm də təsərrüfat, iqtisadiyyat xadimlərindən ibarət Özbəkistan və Azərbaycan nümayəndə heyətlərinin ölkələrimizə tez-tez səfərlər etdiklərinin şahidi olmuşuq.

Özbəkistan və Azərbaycan müstəqilliyə nail olduqdan sonra münasibətlərimiz istədiyimiz kimi inkişaf etməmişdir. Lakin bunların hamısı indi keçmişdə qalmışdır. Başlıcası budur ki, indi biz, necə deyərlər, belə bir yekdil rəyə gəlmişik ki, əsrlər boyu xalqlarımız - özbək və Azərbaycan xalqları arasında təşəkkül tapmış dostluğun, əməkdaşlığın, qardaşlıq münasibətlərinin bütün zəngin potensialı əsasında bu gün gözəl münasibətlər yaratmaq və həm Özbəkistan xalqı üçün, həm də Azərbaycan xalqı üçün qarşılıqlı faydanı təmin etmək imkanına malikik.

Bununla əlaqədar mən Özbəkistan prezidentinin Azərbaycana səfərini böyük hadisə hesab edirəm. Biz bunu çox yüksək qiymətləndiririk. Mən bu səfərə görə öz minnətdarlığımı, öz təşəkkürümü bir daha bildirirəm. Adamlarımız, ekspertlərimiz işləmiş, çoxlu sənəd və çoxlu saziş hazırlamışlar. Onların sayı kifayət qədər çoxdur. Başlıcası budur ki, biz belə bir fkrə gəldik ki, bu sənədlərin hamısını imzalamaq olar. Lakin bu, Özbəkistan ilə Azərbaycan arasında çoxtərəfli əməkdaşlığı müstəqillik şəraitində yeni əsasda həqiqətən təmin etmək üçün hələlik ilk addım ola bilər. Məndə şübhə yoxdur ki, indiki işimiz istər münasibətlərimizin genişlənməsi və dərinləşməsi üçün, istərsə də, təbii olaraq, uğurlu əməkdaşlığımızı təmin edə biləcək müqavilə-normativ sənədlərinin daha geniş dairəsini yaratmaq üçün əsas olacaqdır.

Özbəkistan Azərbaycan üçün yaxın dost ölkədir. Dediyim kimi, xalqlarımız arasında dostluğun qədim tarixi vardır. Əcdadlarımız bu dostluğun yaşaması və möhkəmlənməsi üçün çox iş görmüşlər. İndi, həm Özbəkistanın dövlət müstəqilliyinə malik olduğu, həm də Azərbaycanın dövlət müstəqilliyinə malik olduğu bir dövrdə bizim nəslə, bizə bu münasibətləri davam etdirmək və genişləndirmək kimi böyük şərəf nəsib olmuşdur və üzərimizə böyük məsuliyyət düşür. Siz əmin ola bilərsiniz ki, Azərbaycanda hamı buna çalışır, hamı bunu istəyir. Mən tam əminəm ki, indi, siz burada olduğunuz zaman biz Özbəkistan ilə Azərbaycan arasında dostluğun çox böyük gələcəyi üçün bünövrə qoyuruq.

Mən sizi bir daha salamlayır və əmin olduğumu bildirirəm ki, buraya səfəriniz səmərəli və xoş olacaqdır. Hər halda, biz öz tərəfimizdən bunun üçün hər şeyi etməyə çalışırıq. Biz sizi əziz dostlar kimi, qardaşlar kimi ən xoş münasibətlərlə, dostluq və qardaşlıq münasibətləri ilə qarşılayır, qəbul edirik.

... Həqiqətən, biz keçmişdə. Sovet İttifaqının tərkibində olduğumuz illərdə Özbəkistanla əlaqələrimiz çox yaxın və sıx idi. Hər il nəinki böyük nümayəndə heyətləri, həm də ayrı-ayrı şəxslər bir-birinə qonaq gedib gəlirdilər. Öz aramızdır, bir-birinə pambıqçı briqadaları göndərmək ənənəsi Özbəkistanda yaranmış və bütün pambıq əkən rayonlara yayılmışdı. Hər il bizim adamlar Özbəkistanda olurdular. Özbəksitandan isə bizə gəlir, bir-birini yoxlayır, bir-birinə kömək edir, məsləhətlər verdilər. Başqa sahələrdə də çox əlaqələr olmuşdur. 80-ci illərin əvvəllərində burada Özbəkistan mədəniyyəti günləri uğurla keçdi. Özbəkistanda isə Azərbaycan mədəniyyəti günləri müvəffəqiyyətli oldu. Biz bir-birimizə mədəniyyət, incəsənət xadimləri göndərirdik. Dövlət xətti ilə çox əlaqələr var idi. Üstəlik, mənimlə rəhmətlik Şərəf Rəşidov arasında çox böyük dostluq var idi. Bizi o vaxtlar bir çox ümumi cəhətlər birləşdirirdi. 69-cu ildə mən respublikaya rəhbərlik etməyə başladıqda aramızda yaxşı, mehriban münasibətlər yarandı və bu münasibətlər inkişaf edərək dostluğa çevrildi. Bizim ailələrimiz də dostluq edirdilər. Əlbəttə, bütün bunlar bir-birimizə arxa - həyan olmaq üçün, bir-birimizə kömək göstərmək, təcrübə mübadiləsi etmək üçün çox böyük rol oynadı.

Biz o illərdə Özbəkistanın təcrübəsindən çox şey götürdük. Lakin təəssüflər olsun ki, müstəqillik illərində bu əlaqələr zəiflədi, bəlkə də sıfıra endi. Dediyim kimi, bütün bunlar keçmişdə qalmışdır. İslam Abduqəniyeviç, mən bunu çox mühüm hesab edirəm ki, biz sizinlə nəinki keçmişdəki ənənəvi əlaqələrimizi bərpa etmək, həm də keçmişdə olan təcrübədən və bu müddət ərzində sizin də, həm bizim də əldə etdiyimiz təcrübədən istifadə edərək bir-birimizə kömək göstərmək və əməkdaşlıq etmək üçün tamamilə yeni şəraitdə, yeni əsaslarla münasibətlər qurmağa başlamaq imkanı tapa bildik.

Bu baxımdan 91-ci ildən etibarən Özbəkistanda baş verən və indi də gedən proseslər haqqında və nail olduğunuz böyük müvəffəqiyyətlər barədə burada dedikləriniz çox böyük təsir bağışlayır. Bütün bunlar bizi, o cümlədən bir dost kimi şəxsən məni çox sevindirir. Bu uğurlar, nailiyyətlər münasibəti ilə, qarşıya çıxan problemləri özünüzə məxsus tərzdə həll etmək təcrübəniz münasibətilə və bütün bunların burada haqqında böyük iftixarla və tam əsasla bizə söylədiyiniz müvəffəqiyyətlərə gətirib çıxarması münasibəti ilə sizi ürəkdən təbrik edirəm. Bu, bizi sevindirir, sizi təbrik edir və yeni, daha böyük uğurlar arzulayıram. Şübhəsiz ki, müstəqillik Özbəkistanda bu nailiyyətlərə ilk növbədə prezidentin, bizim dostumuz İslam Abduqəniyeviçin bacarıqlı rəhbərliyi sayəsində nail olunmuşdur. Əlaqələrimiz kifayət qədər olmasa da, biz bunu bilirik, hər halda informasiya var idi və indi də var, əvvəllər və indi aldığımız informasiya onu göstərir ki, bütün bunlar məhz sizin üslubunuz, biliyiniz, təcrübəniz və siyasi, iqtisadi baxımdan bütn başqa cəhətlərdən müstəqil siyasətiniz sayəsində və hər şeyi Özbəkistanın özünəməxsus şəraitini, xalqınızın mentalitetini, tarixi xüsusiyyətlərini, ənənələrini nəzərə almaqla təşkil etməyiniz və həyata keçirməyiniz sayəsində mümkün olmuşdur. Şübhəsiz ki, bu, sizin qeyd etdiyiniz kimi, qazandığınız böyük nailiyyətlərin əsasını təşkil etmişdir.

Bir daha deyirəm, bütün bu işlərdə dostumuz İslam Abduqəniyeviçin rolu çox böyükdür və ona görə də Azərbaycanda sizin nüfuzunuz yüksəkdir. Şəxsən mən sizin fəaliyyətinizi və edə bildiklərinizi çox yüksək qiymətləndirir və hesab edirəm ki, özbək xalqının həyatının və tarixinin bu məsul mərhələsində onun layqli rəhbəri var. Bütün bunlara görə sizi təbrik edirəm.

O ki qaldı bizə, sizin də məlumatınız olmasına baxmayaraq, müstəqillik illərini necə yaşadığımızı və haraya gəlib çıxdığımızı, nəyə malik olduğumuzu bilmək, şübhəsiz, sizin üçün maraqlı olar.

Özbəkistandan fərqli olaraq, Azərbaycan hələ dövlət müstəqilliyini əldə edənə qədər çox ağır vəziyyətə düşmüşdür. Siz bir iqtisadçı və həm də o illərdə ittifaqın ümumi iqtisadiyyatına yaxşı bələd olan şəxs kimi çox düzgün qeyd etdiniz ki, bəli, biz Sovetlər İttifaqının tərkibində olarkən Azərbaycan özünü tamamilə təmin edən çox az respublikalardan biri idi. Hər halda mərkəzlə qarşılıqlı münasibətlərdə Azərbaycan müsbət saldoya malik idi. Bunu bu işlə məşğul olanların hamısı və Azərbaycana rəhbərlik edən şəxs kimi mən də bilirdim. Hətta sonralar, Siyasi Büronun üzvü və Nazirlər Soveti sədrinin birinci müavini kimi Moskvada işləyəndə də Sovetlər İttifaqının respublikalarında keçmişdə və o zaman nələrin baş verdiyini daha dərindən təhlil etmək imkanım var idi.

Azərbaycanın belə imkanları olmuşdur və indi də var. Mən sizin bu fikrinizlə tamamilə razıyam ki, Özbəkistan olduqca böyük potensiala malik olduğu halda, bir çox mövqelərdə dotasiyalı respublika sayılırdı. Belə çıxırdı ki, Özbəkistanın topladığı beş milyon ton pambığı onun əlindən alır, sonra da hesablamağa başlayırdılar ki, sizə nə qədər yağ verilsin və ya verilməsin, sizə nə qədər ət verilsin və verilməsin, bunu versinlər, onu versinlər, yoxsa verməsinlər. Bütün bunlar keçmiş zamanın reallığıdır. Özbəkistan həqiqətən olduqca böyük imkanlara malik idi. Özbəkistan çox zəngin respublikadır. Amma o illərdə bu zənginlikdən sizin söylədiyiniz kimi istifadə edirdilər.

Sizin toxunduğunuz bir məsələ barəsində öz fikrimi də demək istəyirəm. 83-cü ildən etibarən, Şərəf Rəşidovun vəfatından sonra o illərdə başlanmış hadisələr Özbəkistanın üzərinə təcavüzkar bir hücum idi. Mən sizinlə razıyam ki, bu, soyqırımına bərabər bir hadisə idi. O illərdə mən Moskvada işləyirdim. Həm sizə, həm də burada iştirak edənlərin hamısına açığını deyəcəyəm, bütün bu hallarda hiddətlənirdim, öz etirazımı, Özbəkistan barəsində törədilən əməllərə qarşı etirazımı və bu əməllərlə razı olmadığımı dəfələrlə bildirmişdim.

... Bu barədə həm Qorbaçovla, həm də Liqaçovla bir neçə dəfə çox kəskin söhbətlərim olmuşdur. Hər dəfə xəbər tuturdum ki, müxtəlif vilayətlərdən toplanmış 30-40 və ya 50 adamı katiblik vasitəsilə buraxır və buraya göndərirdilər. Mən hiddətlənir və deyirdim: bəlkə də başqa səbəblərlə yanaşı bunun özü də 87-ci ildə bir səbəb oldu ki, mən kənarlaşmağa məcbur oldum, Siyasi Büronun tərkibindən və bütün vəzifələrdən kənar edildim.

Məni hiddətləndirən bu idi ki, özbək xalqının taleyini Qdlyan həll edirdi. Xatırlayırsınzmı?

İslam Kərimov: Bəli, tanış şəxsdir.

Heydər Əliyev: Tanış şəxs demək azdır, hər şeyi onun vasitəsi ilə edirdilər. Qdlyanı dəfələrlə Qorbaçov, Liqaçov qəbul etmişdi. Qdlyan gəlir, bilavasitə məruzə edirdi. Faciə də bundadır. Bir sözlə, bu, çox böyük tarixdir, indi vaxtımızı almağa ehtiyac yoxdur. Demək istəyirəm ki, o illərdə mən bu qərara qarşı etirazımı bildirdim və hesab edirəm ki, həmin qərar özbək xalqı barəsində tarixi ədalətsizlik idi.

Siz də, bütün özbək xalqı da bilir ki, Şərəf Rəşidoviç vəfat edəndə, o, həyatdan getməzdən əvvəl mən Vyetnama gedərkən Daşkənddə olmuşdum. Geri qayıdarkən Özbəkistanı Şərəf Rəşidoviçsiz gördüm, onun məzarına, ailəsinə baş çəkdim. O zaman öz mülahizələrimi Şərəf Rəşidoviçin yerinə gələn adamlara söylədim. Lakin onlar başqa yolla getdilər. Bunun üzərində dayanmayaq. Lakin elə o zaman Özbəkistandan sonra növbə Azərbaycanın idi. Azərbaycana qarşı belə təzyiq təxminən 85-ci ildən etibarən mən Siyasi Büronun tərkibində olarkən başlanmışdı. Orada baş verən hər şey mənə çox yaxşı məlumdur. 87-ci ilin oktyabrında mən vəzifədən kənar ediləndə, istefaya gedəndə Azərbaycanın həyatında ağır dövr başlandı. Buraya öz adamlarını göndərir, onlar isə yenə də Rusiyanın hər tərəfindən qruplar dəvət edirdilər. Yüz və ya iki yüz adam olardı. Sayını bilmirəm, bunu istintaq qrupu bilir. Burada ikinci "Özbəkistan işi" təşkil etmək istəyirdilər. Bax, elə o zaman xalq artıq bunun əleyhinə qalxdı, 90-cı ilin yanvarında xalq həmin bu binanın qarşısında bir neçə gün dalbadal mitinqlər keçirir və rəhbərliyin dəyişdirilməsini tələb edir, bir tərəfdən Ermənistan ilə Azərbaycan arasında münaqişə probleminə ədalətsiz münasibətlə əlaqədar, ittifaq rəhbərliyinin hərəkətlərinə qarşı, digər tərəfdən isə Azərbaycana göstərilən təzyiqə qarşı etirazını bildirirdi. Bax, elə həmin vaxt buraya qoşun yeridərək günahsız insanları məhv etdilər. Buraya çox böyük - 40 min nəfərlik qoşun yeritmişdilər. Azərbaycanda güclü hərbi qüvvə var idi, lakin bu azlıq etdi, müdafiə naziri Yazov, daxili işlər naziri Bakatin və bütün digərləri başqa olmaqla daha 40 minlik qoşun yeritdilər. Bu gün məzarlarını sizinlə birlikdə ziyarət etdiyimiz həmin insanları həlak etdilər.

Bütün bunlar həm Özbəkistan, həm Azərbaycan tarixinin çox ağır mərhələləridir. Bunları xalqlarımız da xatırlayırlar. Bunları siz də, biz də yaxşı bilirik. Allaha şükür ki, indi biz müstəqil dövlətlər olmuşuq və öz taleyimizi özümüz müəyyənləşdiririk. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ölkədə həyatın necə getdiyi barədə bir-iki kəlmə demək istərdim.

Artıq 88-ci ildən başlayaraq Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz həyata keçirildi və bu təcavüzdən məqsəd Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək idi. 90-cı ildə buraya qoşun yeritdilər ki, Azərbaycan xalqının iradəsini qırsın və ona ziyan vursunlar. 91-ci ildə, Azərbaycan artıq müstəqil dövlət olarkən onun ərazisinin bir hissəsi Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildi. Həmin dövrdə Azərbaycanda, əlbəttə, sabit rəhbərlik yox idi. Təəssüf ki, bu müstəqilik illərində, - sizin kimi, biz də artıq dörd il yarımdır müstəqillik şəraitində yaşayırıq, - Azərbaycanda daxili siyasi mübarizə gedirdi. Bir tərəfdən, Ermənistanın təcavüzü, ardı-arası kəsilməyən hərbi əməliyyatlar, tələfat, Azərbaycan ərazisinin işğalı, digər tərəfdən isə, daxili qeyri-sabitlik, hakimiyyət uğrunda daxili siyasi mübarizə. Bu müstəqillik illəri ərzində Azərbaycanda hakimiyyət üç dəfə dəyişmişdir. Artıq 93-cü ildə, xalq məni buraya, Bakıya dəvət etdikdə, - mən təcrid olunmuşdum, - Azərbaycan vətəndaş müharibəsi həddinə gəlib çıxmışdı və ölkə əslində parçalanmışdı.

Bax, o vaxtdan bəri biz bu vəziyyəti aradan qaldırmaq üçün mübarizə aparırıq. Təəssüf ki, Azərbaycanı daxildən, - əlbəttə, təkcə daxildən yox, - dağıdan bu qüvvələr daxili qüvvələr olsalar da, bir çox hallarda kənar qüvvələr tərəfindən idarə edilirdi, bu yandan da Ermənistanın təcavüzü aman vermirdi. 94-cü ilin oktyabrında yenidən dövlət çevrilişi cəhdi edildi. Biz onun qarşısını bütün xalqımızın qüvvəsi ilə aldıq. Lakin altı aydan sonra, 95-ci ilin martında bir daha dövlət çevrilişi cəhdi göstərildi. Biz onun da qarşısını aldıq. Sonra terror cəhdləri və sair əməllər oldu. Biz onları da dəf etdik. Təbii ki, bütün bunlar Azərbaycanda daxili siyasi vəziyyəti çox güclü şəkildə çətinləşdirir və iqtisadiyyatın vəziyyətinə, islahatlar aparılmasına, müstəqillik şəraitində həyata keçirilə biləcək tədbirlər görülməsinə təsir göstərməyə bilməzdi.

Lakin Azərbaycana çox böyük ziyan vuran ən başlıcası Ermənistan tərəfindən hərbi təcavüzdür. Bilirsiniz ki, bunun nəticəsində Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. Dağlıq Qarabağın ərazisi 4 min kvadratkilometrdir, cəmi isə 16 min kvadratkilometr işğal edilmişdir, yəni Dağlıq Qarabağın hüdudlarından kənarda 12 min kvadratkilometr işğal olunmuşdur. İşğal edilmiş torpaqlardan bir milyon Azərbaycan vətəndaşı didərgin salınmışdır. Onlar olduqca ağır şəraitdə, əksəriyyəti də çadırlarda yaşayırlar. Bilirsinizmi, elə adamlar var ki, dörd ildir, bəli, dörd ildir çadırlarda yaşayırlar. Təsəvvür edirsinizmi, bu necə də ağırdır! Əlbəttə, bütün bu amillər vəziyyətimizi çətinləşdirir. Lakin 93-cü ildə mən burada işləməyə başladıqda biz hərbi əməliyyatların dayandırılması, sülh danışıqları üçün imkan yaranması məqsədi ilə tədbirlər gördük. Nəticədə iki il bundan əvvəl, 94-cü ilin mayında biz Ermənistanla barışıq haqqında saziş imzalanmasına razılıq verdik. Budur, iki ildir nə müharibə gedir, nə də hərbi əməliyyatlar aparılır.

Mən bunu mühüm nailiyyətlər sayıram. Amma bununla bərabər, sülh də yoxdur, ərazimiz işğal altındadır, adamlar öz yaşayış yerlərindən didərgin salınıblar. Bu gün mənə məlumat verdilər ki, torpaqlarımızn işğalı nəticəsində 20 milyard dollardan artıq məbləğdə ziyan vurulmuşdur, işğal altında olan torpaqlarımızda hər şey talan edilmiş, hər şey - şəhərlər, kəndlər, zavodlar, fabriklər, məktəblər, yaşayış evləri dağıdılmış, yerlə-yeksan edilmişdir. Bəs xalqımıza nə kimi mənəvi zərər dəymişdir - bunu heç bir milyardla hesablamaq mümkün deyildir. Əlbəttə, bu amil ümumiyyətlə respublikamızın həyatını çətinləşdirir və bütün sahələrə, o cümlədən də iqtisadi sahəyə təsir göstərir. Lakin əgər bir milyon adam öz yurd-yuvasından qovulubsa, onlar işləmirsə, çadırlarda yaşayırsa, onları təmin etmək, sadəcə olaraq yedizdirib-içizdirmək üçün çox böyük məbləğdə vəsait gərəkdir.

Bundan başqa, daxili siyasi vəziyyət sabit deyildi, xalqımız üçün əsla lazım olmayan, tamamilə zərərli olan daxili siyasi mübarizə, hakimiyyət uğrunda mübarizə gedirdi, silahlı qruplar mövcud idi. Bu yaxın vaxtalaradək burada olduqca böyük miqdarda silahlı quldur dəstələri var idi. OMON adlanan axırıncı belə bir dəstəni biz 95-ci ilin martında ləğv etdik. Bu dəstə bizi devirməyə can atırdı. Sonralar 95-ci il ərzində, hətta 96-cı ildə belə quldur dəstələri aşkara çıxarılmışdır. Təbii ki, bu, xalqın həyatına çox ağır təsir göstərir.

Lakin bütün bu çətinliklərə, əngəllərə baxmayaraq, bütün keçmiş sovet respublikaları üçün səciyyəvi olan keçid dövrünün ümumi çətinliklərinə baxmayaraq, biz həyatın demokratikləşdirilməsi yolu ilə inamla gedirik, dediyiniz kimi, ötən ilin noyabrında konstitusiyamızı qəbul etdik. Biz onu demokratik hüquqi cəmiyyət, demokratik hüquqi dövlət quruculuğu üçün şəraitin təmin olunması baxımından çox yaxşı konstitusiya hesab edirik. Biz parlamentə çoxpartiyalı əsasda demokratik seçkilər keçirdik, ötən ilin noyabrında daimi fəaliyyət göstərən parlament yaratdıq. Bu parlament fəaliyyət göstərir. İslahatlara dair bir sıra qanunlar qəbul etdik, özəlləşdirmə proqramı qəbul etdik. İndi bu proqram həyata keçirilir. Yaxın günlərdə torpaq islahatı haqqında qanuna baxacağıq. Biz, iqtisadi islahatların aparılmasında gecikmişik. Lakin indi bu yolla sürətlə gedirik. Bu, çox çətin şəraitdə xarici təcavüz, daxili qeyri-sağlamlıq şəraitində ən başlıcası budur ki, biz daim demokratiya prinsiplərini, siyasi plüralizm prinsiplərini, şəxsiyyətin azadlığı, insan azadlığı prinsiplərini, bütün insan azadlıqlarını bərqərar etmişik və insan hüquqlarının qorunması üçün şərait yaradırıq.

Söz yox ki, iqtisadi vəziyyətimiz çətindir, mürəkkəbdir və sizin təcrübənizə, belə şəraitdə nailiyyətlər qazanmış digər ölkələrin təcrübəsinə ehtiyacımız var. Buna görə də belə düşünürəm ki, görüşümüz və fikir mübadiləsi, ən başlıcası isə, hazırlanmış olan və imzalayacağımız dövlətlərarası sənədlər Özbəkistan ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişlənməsinə kömək edəcəkdir. Biz respublikamızın iqtisadi inkişafı üçün bu əməkdaşlıqda da böyük potensial imkanlar olduğunu görürük.

Bir daha demək istəyirəm ki, Özbəkistan bizə dost ölkədir və orada baş verən hər bir şey bizdə böyük maraq doğurur. Bu, dostluq münasibətlərimiz baxımından doğan maraqdır. Biz sizin müvəffəqiyyətlərinizə sevinirik, sevinirik ki, indi gələcək əməkdaşlığımız üçün zəmin yaratmaq imkanımız var. Bizə söylədiyiniz bütün bu məlumatlara görə sizə bir daha təşəkkür edirəm.

* * *

Biz sizinlə imzaladığımız sazişi çox qiymətləndiririk. Sizin dediyiniz kimi bu, dördlərin sazişidir və hesab edirəm ki, həm Özbəkistan, həm Türkmənistan, həm Azərbaycan, həm də Gürcüstan üçün, şübhəsiz ki, böyük siyasi əhəmiyyəti də olacaq, iqtisadi əməkdaşlığımızdan ötrü çox yaxşı perspektivlər açır.

Yeri gəlmişkən, bununla əlaqədar demək istəyirəm ki, orada, MDB-də kim dördlər sazişi, kim ikilər sazişi imzalamışdır, - bu məsələlərdə bizim öz, müstəqil fikrimiz var. Biz Azərbaycanda dövlət müstəqilliyimizi xalqımızın tarixi nailiyyəti sayırıq. Biz heç vaxt köhnə quruluşun bərpa olunmasına, keçmişə qayıtmağa yol verə bilmərik. Mayın 17-də Moskvada çıxış edəndə də biz sizinlə yekdil idik ki, Sovetlər İttifaqı məhz qanunauyğun, obyektiv, tarixi, ictimai-siyasi proseslərin nəticəsində dağılmışdır və bir daha ona qayıdıla bilməz. Bir daha təkrar edirəm, dövlət müstəqilliyi bizdən ötrü tarixi nailiyyətdir. Bütün məsələlərdə bizim öz mövqeyimiz, öz rəyimiz var və bunları lazım gələn hər yerdə deyirik. Mən əvvəllər də hiss edirdim və bu gün daha çox hiss etdim ki, biz bu məsələdə sizinlə tam həmrəyik. Biz ölkələrimizi seçdiyimiz yolla inkişaf etdirəcəyik, öz taleyimizin sahibiyik və öz ölkələrimizi heç vaxt hansısa başqa tabeçiliyə, başqa təsir altına verməyəcəyik. Bu məsələdə biz yekdilik.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - VI cild Azərnəşr, Bakı - 1998, səh.322.