Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İordaniya kralı Hüseyn ibn Təlal ilə söhbətindən - 13 dekabr 1994-cü il


... Azərbaycanın üzləşdiyi iqtisadi-siyasi problemlərin əsas səbəbi Ermənistanın təcavüzündən irəli gəlir. Altı ildən çox davam edən bu müharibə Azərbaycanı iqtisadi böhran həddinə, ərazimizin 20 fazindən çoxunun işğalına və qaçqınlar ordusunun yaranmasına gətirib çıxarmışdır.

Lakin çox təəssüf ki, son vaxtlara qədər bu təcavüzə lazımi hüquqi-siyasi qiymət verilməmişdir. Son zamanlar ATƏM xətti ilə görülən diplomatik tədbirlər və eləcə də bir sıra İslam dövlətlərinin bu problemə fəal müdaxiləsi nəticəsində Ermənistanın yaratdığı informasiya blokadasını yarmaq və əsl həqiqətləri dünyaya çatdırmaq mümkün olmuşdur. Bununla belə Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa hələ də böyük ehtiyac vardır. Bu mənada mən İordaniya kralının dünyada olan nüfuzuna və siyasi təcrübəsinə böyük ümid bəsləyirəm. Şübhə yoxdur ki, İordaniya bu problemin sülh yolu ilə həllinə lazımi kömək göstərə bilər. Mübahisəli beynəlxalq məsələlərin həllində kifayət qədər təcrübəsi olan İordaniya kralı Fələstin problemi kimi düyünlü məsələnin açılmasında çox böyük rol oynamışdır. Ona görə də, zənnimizcə Siz Qarabağ münaqişəsinin həll olunmasında da yaxından iştirak edə bilərsiniz.

Mən vəziyyəti öz gözləri ilə görmək, düçar olduğumuz ağır problemlərin həllinə kömək göstərmək üçün hörmətli kral Hüseyn ibn Təlalı Azərbaycana dəvət edirəm.