Bakıda Fransa səfirliyinin yeni binasının açılışı mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 11 oktyabr 1996-cı il


Hörmətli cənab nazir!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Fransanın Azərbaycandakı səfirliyinin gözəl binasının açılışı münasibətilə sizi təbrik edirəm. Bu səfirlik ölkəmizdə 1992-ci ildən fəaliyyət göstərir. Həmin vaxt ərzində Fransanın səfiri, hörmətli Jan Perrən daim Bakıda Fransa səfirliyi üçün layiqli bina axtarırdı və axırda şəhərin mərkəzindəki bu tarixi binanı seçdi. Bu binanı boşaltmaq və Fransa səfirliyinin ixtiyarına vermək üçün çox çətinlikləri aradan qaldırmaq lazım gəldi. Mən bu işə, eləcə də binanın tezliklə səfirliyin tələblərinə uyğun vəziyyətə salınmasına hər cür kömək göstərmişəm. Bu gün şadam ki, bütün bunlar indi arxada qalmışdır.

Şübhəsiz ki, bu işin uzanması həm Fransa hökumətini, həm də Azərbaycan hökumətini narahat edirdi. Lakin bunda müsbət bir əlamət də var. Bu da ondan ibarətdir ki, biz Fransanın xarici işlər naziri cənab Erve de Şarettin Bakıya gəlməsini gözləyirdik ki, səfirliyin binasını onun iştirakı ilə açaq.

Sevinirəm ki, biz Fransa səfirliyinin Bakıda yeni binasını həm Fransada, həm də Azərbaycanda çox hörmət bəslənilən məhz Fransa xarici işlər naziri ilə birlikdə açırıq. Bu, Fransa Azərbaycan münasibətləri üçün tarixi hadisədir. İllər, onilliklər ötəcək, münasibətlərimiz şübhəsiz ki, genişlənəcək və inkişaf edəcəkdir. Lakin xarici işlər naziri cənab Erve de Şarettin iştirakı ilə Fransanın Azərbaycandakı səfirliyinin yeni binasının açıldığı bu gün tarixə həmişəlik daxil olacaqdır.

Fransa səfirliyinin əməkdaşlarına bu yeni binada uğurla işləməyi arzulayıram. Bina həqiqətən də səfirliyin tələblərinə tam cavab verir, xüsusən də ona görə ki, Fransada memarlıq abidələri sayılan tarixi binaları sevirlər.

Bu bina Bakının tarixi mərkəzində yerləşir. Deməli, indi Fransa hökumətinin və Xarici İşlər Nazirliyinin öz səfirliyindən daha yüksək səviyyədə işləməyi tələb etməyə əsası var.

Bu binanın məhz indi açılması Fransanın Azərbaycandakı yeni səfirinə müəyyən dərəcədə hədiyyədir. İndi biz ona deyə bilərik - bir halda ki, sizə belə gözəl bina vermişik və onun açılışında Fransanın xarici işlər naziri ilə birlikdə Azərbaycan prezidenti də iştirak edir, onda, buyurun, işdə yaxşı nəticələr göstərin. Bu nəticələr isə ölkələrimiz arasında dostluq və əməkdaşlığın genişləndirilməsindən, Fransada Azərbaycan, onun xalqı haqqında obyektiv rəy yaradılmasından ibarət olmalıdır. Fransızları inandırmaq lazımdır ki, Azərbaycan Fransanın dostudur.

Bizim Azərbaycanda Fransanı təbliğ etməyimizə elə bir ehtiyac yoxdur. Bu ölkəni, onun zəngin tarixini, fransızların Dünya Birliyindəki xidmətlərini yaxşı bilirik. Hesab edirəm ki, Fransa səfirliyi fransızların və azərbaycanlıların görüş yeri olacaq, Fransa-Azərbaycan dostluğunun daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Fransa xalqına xoşbəxtlik və tərəqqi arzulayıram.

Yaşasın Fransa, yaşasın Fransa Respublikası!


"Azərbaycan" qəzeti, 12 oktyabr 1996-cı il.