Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ-ın Bakıdakı səfiri Ross Uilson ilə görüşdəki söhbətindən - Prezident sarayı, 14 yanvar 2002-ci il


Ross Uilson: Cənab prezident, çox sağ olun. Mən çox yaxşı istirahət etdim. Üç həftə yarım istirahətdə oldum. Birləşmiş Ştatlarda, Vaşinqtonda oldum və Amerika Birləşmiş Ştatlarının rəsmiləri ilə görüşdüm, Azərbaycan haqqında söhbətlər etdim. Elə bilirəm ki, həmin söhbətlər Sizin üçün də maraqlı olacaqdır. Bir qədər sonra bu söhbətlərə qayıda bilərik.

Cənab prezident, çox sağ olun ki, Amerika Birləşmiş Ştatlarından qayıdan kimi məni belə tezliklə qəbul edirsiniz. Sizə və bütün Azərbaycan xalqına ən xoş yeni il arzularımı yetirirəm. Eyni zamanda Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Buşdan, dövlət katibi Pauelldən və cənab Armitacdan Sizə salamlar yetirirəm.

Cənab prezident, mən keçən həftənin üçüncü günü ABŞ prezidenti cənab Buş ilə görüşdüm. O, Azərbaycana çox böyük maraq göstərir və eləcə də çox istəyir ki, Sizinlə və Ermənistan prezidenti Koçaryanla işi davam etdirsin. Çox arzu edir ki, bu ilin sonunadək Qarabağ məsələsinin həlli tapılsın. O, həm də Sizin səhhətinizlə maraqlandı və Sizə ən xoş arzularını yetirdi.

Dövlət katibi Pauell isə mənə dedi ki, Azərbaycanla bundan sonra da işləmək əzmindədir və bütün imkanlardan istifadə olunacaq ki, sentyabrın 11-də baş vermiş faciəli hadisədən sonra terrorizmin qarşısı hər bir sahədə, hər bir məqamda alınsın. Eləcə də Azərbaycanla birgə işləyib Dağlıq Qarabağ məsələsini sona çatdırmaq əzmindədir.

Çox şadam ki, yenidən Azərbaycana qayıtmışam və onların tapşırığı ilə Azərbaycanda öz işimi davam etdirirəm. Ümid edirəm ki, bizim əməkdaşlığımız 2002-ci ildə uğurlu olacaqdır. İnanıram ki, bu, keyfiyyət baxımından indiyə qədər olan əməkdaşlıqdan fərqlənəcəkdir.

Cənab prezident, Sizə məlum olduğu kimi, 907-ci düzəliş barəsində də irəliləyiş əldə olunmuşdur. Artıq həftənin dördüncü günü sənədlər lazımi qaydaya salınmışdır və prezidentin imzalaması üçün hazırdır.

Sizə onu da bildirmək istəyirəm ki, üzümüzə gələn iki ay müddətində Amerika Birləşmiş Ştatlarının bir neçə rəsmi nümayəndə heyəti Azərbaycana səfər edəcəkdir. Bu səfərlərin əsas məqsədi Sizin rəsmi şəxslərlə, nazirlərlə görüşmək və müvafiq sahələrdə işimizi irəli aparmaqdır, əməkdaşlığı genişləndirməkdir. Sizə məlum olduğu kimi, məhz 907-ci düzəlişə görə bu əməkdaşlıq belə geniş aparıla bilmirdi. Azərbaycana 10 gün müddətində Amerika Birləşmiş Ştatlarından bir qrup gələcəkdir. Həmin qrup Azərbaycanla iqtisadi sahədə əməkdaşlıq etmək haqqında fikir mübadiləsi aparacaq, görüşlər keçirəcəkdir. Daha sonra, 10-11 həftə müddətində Amerika Birləşmiş Ştatlarının hərbi ekspertlərindən ibarət bir qrup Azərbaycana gələcək və hərbi əməkdaşlıq haqqında danışıqlar aparacaqdır.

Cənab prezident, təkrarlamaq istəyirəm ki, Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Buşun və eləcə də Sizin liderliyiniz, rəhbərliyiniz altında bizi çox gərgin, çox maraqlı il gözləyir. Çox xoşbəxtəm ki, yenidən Azərbaycana qayıtmışam və Sizi yeni ildə bir daha görürəm.

Heydər Əliyev: Sağ olun. Sizin verdiyiniz məlumatlara görə təşəkkür edirəm. Prezident cənab Buşdan, cənab Pauelldən, cənab Armitacdan mənə gətirdiyiniz salamlara görə də təşəkkür edirəm. Onlara mənim salamlarımı, ən xoş arzularımı çatdırmağınızı xahiş edirəm. Ümidvaram ki, 2002-ci ildə onlar ölkələrinin inkişafında daha da yeni nailiyyətlər əldə edəcəklər.

Məmnunam ki, cənab Buş mənim səhhətimlə maraqlanıbdır. Mənim səhhətim yaxşıdır. Amma mən eşitdim ki, prezident Buş peşenye yeyəndə nəsə onun böğazında qalıbdır. İndi necədir, yaxşıdır?

Ross Uilson: Mən bu barədə səhər qəzetdən oxumuşam.

Heydər Əliyev: Mən də bunu bir saat bundan öncə oxudum.

Ross Uilson: Məqalədən belə məlum olur ki, o, huşunu bir anlığa itirmişdir və hazırda yaxşıdır. Amma eyni zamanda, əlbəttə, Sizin narahatlığınızı ona çatdıraram.

Heydər Əliyev: Xahiş edirəm, çatdırasınız. Çünki mən bunu bir saat bundan öncə eşitdim.

Bizim 2002-ci ildə müştərək görəcəyimiz işlər haqqında verdiyiniz məlumata görə də məmnunluğumu bildirirəm. Təbiidir ki, biz gərək bu barədə geniş danışıqlar aparaq. Güman edirəm ki, sizinlə, ölkənizin nümayəndələri ilə bu danışıqları aparacağıq. Biz sentyabr ayının 11-dən sonra mənim verdiyim bəyanata bu gün də sadiqik. Beynəlxalq terrorizmə qarşı mübarizədə sizinlə, Amerika Birləşmiş Ştatları ilə bir koalisiyada, bir alyansdayıq və öz tərəfimizdən nə mümkündürsə edəcəyik. Bu, qlobal məsələdir. Bununla təkcə Amerika Birləşmiş Ştatları yox, başqa böyük ölkələr də məşğuldur və biz də məşğuluq. Ancaq bizim üçün başqa bir məsələ də var ki, o, bəlkə də dünya miqyasında qlobal xarakter daşımır. Amma bizim üçün qlobal xarakter daşıyır. Bu da Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ münaqişəsidir.

Mən çox məmnunam, siz mənə çatdırdınız ki, prezident cənab Buş çox nikbindir və hesab edir ki, bu ilin sonuna qədər bu məsələni həll etmək lazımdır. Mən də nikbinəm. Biz bu məsələnin həll olunmasını hamıdan çox istəyirik. Amma mən çox arzu edərdim ki, prezident cənab Buşun bu nikbinliyi və bu arzuları real tədbirlərlə həyata keçirilsin. Təbiidir, biz, - mən Azərbaycan prezidentini və Ermənistan prezidentini nəzərdə tuturam, - görüşləri davam etdirəcəyik. Ancaq bu məsələnin həll olunması üçün bizə lazımi yardım da lazımdır. Mən bilirəm ki, məsələ ədalətli həll olunmalıdır. Biz də bunun tərəfdarıyıq. Bunun üçün də Minsk qrupunun həmsədrləri və xüsusən, Amerika Birləşmiş Ştatları öz səylərini artırmalıdır. Bu, bizim əsas problemimizdir, qarşımızda duran əsas vəzifədir.

Artıq indi, 907-ci düzəliş götürüləndən sonra və bizim əməkdaşlığımız üçün yeni imkanlar açıldıqdan sonra, güman edirəm ki, bu problemi də birlikdə həll etməliyik. Güman edirəm, bu yaxın günlərdə gərək 907-ci düzəlişlə əlaqədar olan prosedur da sona çatacaqdır. Doğrudur, indi siz də, biz də məsələni həll olunmuş kimi hesab edirik. Ancaq lazımdır ki, son imza atılsın. Güman edirəm, bu da olacaqdır. Bir daha deyirəm, siz də bunu dəfələrlə demisiniz, bu gün də dediniz, bu, bizim əməkdaşlığımız üçün yeni böyük imkanlar yaradacaqdır. Təbiidir ki, biz öz tərəfimizdən bu əməkdaşlığın həyata keçirilməsi üçün üzərimizə düşən vəzifələri yerinə yetirəcəyik.